|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Akif    MƏDƏTOV

DÜNYANIN  TALEYİ, DÜNYANIN  SƏSİ

“Yazıçı” nəşriyyatı sənətə qədəm qoyduğu ilk günlərdən öz poetik nəfəsi ilə seçilən şair Məmməd Arazın “Dünya sənin, dünya mənim” şerlər kitabını nəfis şəkildə nəşr edib oxucuların mühakiməsinə vermişdir.
Məmməd Araz poeziyamızda özünəməxsus axtarışları, fikir və qafiyələri, məcaz və təşbehləri ilə diqqəti cəlb edən novator şairdir. Bu ona görə mümkün olmuşdur ki, şair poeziyanın çətin yolunda həmişə klassik irsə güvənmiş, bu günkü yeniliyi də , müasirliyi də şerin yiyəsi, əsl varisi kimi axtarmışdır.
Şair hansı mövzudan yazırsa-yazsın, o mövzuya poeziyanın saf prizmasından baxmış, qələmə aldığı mövzuları ürəyinin odundan keçirdikdən sonra şerə, nəğməyə çevirmişdir.
            Dünənimi döşdən asan deyiləm,
            Dünənimə qəbir qazan deyiləm.
            Ürəyimsiz kəlmə yazan deyiləm,
            Nə qədər ki, öz əlimdi yazanım.
Bu, bir növ şairin poetik andıdır. Bəs oxucu fikri necə?
Məmməd Araz yaradıcılığında “ürəksiz yazılmış yazılarla” xalqının, torpağının dünənində bu gününü, bu günündə isə dünənini əks etdirməyən, fikirdən, hissdən uzaq, şer yazmaq naminə boş qafiyələrlə dolu olan poeziya nümunələrinə rast gəlmirik.
Fikrimizi daha ətraflı şərh etmək üçün qeyd etməliyik ki, həyat, insan və zaman mövzusu Məmməd Araz poeziyasının əsas problemlərindən biridir. Hər dəfə bu problemlərin həllində şairin axtarışlarında bir cəhət, bir motiv diqqəti cəlb edir. O da xalqımızın Nizami dövründən bu günkü tarixinə qədər yaşatdığı böyük hissləri duymaq və bu hissləri daha da uca tutmaq cəhdidir. Şairin Bəxtiyar Vahabzadəyə həsr etdiyi “Məndən ötdü, qardaşıma dəydi” şeri bu cəhətdən xüsusilə maraqlıdır.
            Ey daşlaşan, torpaqlaşan, ulu babam,
            Bu günümdən dünənimə uzaqlaşan, ulu babam.
            Qədim tarix dərəsindən
            Səs ver mənim səsimə sən.
            Sənə gələn, səndən ötən nəydi belə? –
            Səndən ötüb qardaşına dəydi belə?
            Bununlamı neçə dəfə
            Ata, oğul, qardaş hissi haçalandı,
            Bir şəhərin, beş qardaşın xanlığına parçalandı?
            O zamanmı bitdi bizim dilimizin
            “Sənin”, “mənim” qabarı da?
            O zamanmı bitdi bizim
                    dilimizin haralısan damarı da?  
Yəqin ki, oxucu şairin nəzərdə tutduğu XV111 əsr Azərbaycanını yada salır.
O, Azərbaycan ki, bir ovuc torpağında Qarabağ, Şəki, Naxçıvan, Quba xanlığı ayrıca dövlət kimi fəaliyyət göstərir və xarici istilalara təklikdə sinə gərir, qəza ötən kimi sevinir, zərbələri qardaşına ötürdükcə “mən, mən” deyirdi.  
            Qulağımdan getmir bu səs,
            Zərbələri qardaşına, sirdaşına
                ötürən kəs.
            Elə bil ki, bax bu gecə   
                       Qulağımın dibindəcə
            Xətainin sükutuna qəh-qəh çəkdi.
            Sonra, sonra
            Səhərəcən başına yüz qədəh çəkdi.
            O qəh-qəhin dalğasından
            O məstliyin baş fırladan
            Havasından qopan daşdı –
            Azərbaycan torpağında
                      Araz boyda şırım açdı.
Ümumiyyətlə, “Dünya sənin, dünya mənim” kitabını vərəqlədikcə şairin nəinki vətən torpağına qaya kimi, bulaq kimi, dəniz kimi bağlılığını görürük, həm də vətən torpağı ilə fəxr etdiyini, bu torpağa güvəndiyini, şimallı, cənublu Azərbaycan torpağının vətəndaşlıq yükünü çəkmək qüdrətini duyuruq.
Xalqımız bir neçə il bundan qabaq M.P.Vaqifin yubileyinə Cənubi Azərbaycanın ustad şairi M.H. Şəhriyarı da dəvət etmişdi. Lakin o vaxt şahlıq üsul-idarəsi Sovet Azərbaycanının bu günkü böyük nailiyyətlərini görməyə şairə imkan verməmiş və onun Bakıya gəlməsinə mane olmuşdu. Bununla əlaqədar olaraq Məmməd Araz “Şəhriyar gəlmədi” şerini yazdı:
            Səndən soruşuram: Beqdeli cənab,
            Səndən soruşuram: Tahiri Söhrab,
            Səndən soruşuram: yoldaş Hüseyni,
            Təbriz oğulları orda neyləyir?
            Şəhriyar gəlmədi,
            O gəlsə başa-baş Azərbaycanı
            Geyimli-kecimli qürur görərdi,
            Qaragöz, qaraqaş Azərbaycanı
            Qızıl nur görərdi, ağ nur görərdi.
Kitabda toplanan şerlər içərisində şairin müxtəlif dövrlərdə təbiətə həsr etdiyi şerlər oxucu diqqətindən yayınmır. “Dağlar küsüb”, “Göy göl”, “Bulaq daşında yazı”, “Dağlar məni tanımadı”, “Qanadlı qayalar”, “Muğanın şikayəti” və sair şerlər bu səpkidə yazılmışdır.
Qeyd etmək vacibdir ki, təbiət şerlərində Məmməd Araz o qədər doğma, o qədər təbii görünür ki, biz bu şerləri yazan adamın daşın, torpağın dilini bilməsinə, dağlarımızın, göllərimizin “tərcümeyi-halına” bələd olmasına, təbiətin səsini yaddaşına yazıb oxucuya çatdırmaq istedadına heyrət etməyə bilmirik.
Məsələn, məlumdur ki, Göy göl haqlı olaraq bir çox şairlərimizin ilhamını qanadlandırmış və Azərbaycanın bu dilbər guşəsi, xüsusilə Əhməd Cavadın yazdığı “Göy göl” şerində daha çox gözəlliyi ilə oxucu diqqətini cəlb etmişdir. Məmməd Araz isə Göy gölü qovulan ceyrana bənzədərək yazır:
            Bir səhər gördüm ki, durulub yatır,
            Kəpəzin dibində burulub yatır;
            Qovulan ceyran tək yorulub yatır,
            Daş atdım, diksinib oyandı Göy göl.
“Dünya sənin, dünya mənim” kitabında şairin məhəbbət mövzusunda yazdığı şerlər əsasən “Məhəbbət körpümüz” adlı bölmədə toplanıbdı.
Məmməd Araz yaradıcılığının bu günkü müdrikləşən zirvəyə çatmasında onun məhəbbət mövzusunda yazdığı şerlərin də böyük rolu olmuşdur. Bu mövzuda yazılmış və kitabda toplanmış “Vədəsiz çiçək”, “Sən məni sevsəydin”, “Məhəbbət körpümüz”, “Olarmış”, “O bir gün”, “O gözlərə baxmaram” şerləri tək Məmməd Araz yaradıcılığının deyil, ümumən poeziyamızın son illər məhəbbət mövzusunda qazandığı uğurlardan hesab edilir. Ona görə ki, şairin məhəbbət dünyasındakı etibarı, sədaqəti, həssaslığı bizi də ömrümüzün hansı anınasa qaytarmağa, fikrimizi ötən xatirələrin nuruna boyamağa  səsləyir. Bu şerlər sanki insan mənəviyyatının daha da saflaşması üçün oxunan əbədi və sonsuz bir nəğmədir.  
Məmmədin bu mövzuda yazdığı şerlərini oxuduqca  böyük rus şairi M.Y. Lermontovun “Bir insanın bir gündə çəkdiyini yazmaq, bir xalqın min illik tarixini yazmaqdan çətindir” ifadəsi yada düşür. Ona görə ki, ayrı-ayrı insanların taleyi qələmə alınmazsa, xalqın tarixi də kamil yazılmaz. Deməli, sənətkar qələmi insan taleyini elə qələmə almalıdır ki, bu taleyə heç kim biganə qalmasın, əksinə,heyrətlənsin, duysun bu taleyi.
            Iki çırpı bir ocaqda gün ağlar,
            Od səngiyər, köz sızıldar, kül ağlar.
            Yaş ötəndə yada düşər günahlar,
            Kim yıxıldı, kim haqlayan olmadı,
            Kimdən kimə gün ağlayan olmadı.
Biz əminik ki, bu günkü poeziyamızda  ürəyinin dili ilə danışan, böyük səmimiyyəti və müdrikliyi ilə seçilən Məmməd Araz poeziyası ilə oxucular yenidən görüşdükdə onlar özləri bir çox suallara daha ətraflı cavab tapacaqlar.

1983
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws