|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
   İnayət   BƏKTAŞİ


 “ DÜNYA SƏNİN, DÜNYA MƏNİM”

“Yazıçı” nəşriyyatı bu günlərdə şair Məmməd Arazın “Dünya sənin, dünya mənim” adlı kitabını çapdan buraxmışdır. “Dünya sənin, dünya mənim” kitabına müəllif tərəfindən yazılmış  “Söz haqqında söz”lə başlamaq istəyirəm:
“İllər qalıb uca dağlar dalında. Əl çatmazdı, ün yetməzdi ötən günlər, ötən çağlar. Yaxşı ki xatirələr ekranında ayları-illəri olduğu kimi olmasa da, ona yaxın şəkildə görmək mümkündür...”
Bu sözlər “Yanın işıqlarım” adlı şerilə ədəbiyyata gələn, 50 illərdə mətbuata qədəm qoyan, xalqımızın sevimli oğlu, söz sənətində özünə layiqli çələng hörmüş şair Məmməd Araz dilindən deyilmişdir.
Məmməd Araz sözü qənaətlə, özü də yerində sənətkarcasına işlətməyi bacaran şairdir. Onun söz, sənət dünyasının qaynaqları, özünün etiraf etdiyi kimi, Vətən ilə, böyüyüb boya-başa çatdığı el ilə, oba ilə bağlı olmuşdur. Dağların qoynunda yerləşən doğma Nurs kəndinin min bir çiçəyinin ətrini çəkmiş, göz yaşı qədər şəffaf, mərcan bulaqların nur suyundan içmiş və yazıb-yaratdığı nadir incilərdə özünəməxsus bir üslubda təbiətin bu füsunkar gözəlliklərini əks etdirmişdir.
Məmməd Araz yaradıcılığının mövzu dairəsi geniş və rəngarəngdir. “Dünya sənin, dünya mənim” şerlər kitabında  “İsti ocaqlar”, “Dünya sənin, dünya mənim”, “Bir ömür yolunda”, “Od kimi, su kimi”, “Məhəbbət körpümüz” başlıqları altında toplanmış şerlər fikrimizi bir daha təsdiq edir. Kitaba şairin müxtəlif illərdə yazılmış  218 şeri salınmışdır. Şair “Vətən qayaları, Vətən daşları” silsilə şerlərini “İnsan qayalar” şerilə açır. Şair öz fikir və məqsədini, duyğularını vermək üçün təbiət təsvirlərini bir vəsilə, vasitə kimi almış, ona ictimai məzmun və ideya vermişdir. Təbiətin yaratdığı füsunkar gözəlliklərin sirlərini öyrənmək məqsədilə bir qayaya söykənmiş şair əsrin və qərinələrin ənginliklərinə çıxır. Öz taleyini qayaların taleyi ilə bağlayır. Insani düşüncəsini saxlamaq şərti ilə yavaş-yavaş daşa dönüb, qayaların lal dilini başa düşüb onun tarixini dilə gətirmək istəyir. Bu daşların, qayaların keçmişini oyatmaqla onda, daha doğrusu, oxucusunda Vətənə məhəbbət, vətəndaş qüruru aşılayır:
            Qayaların keçmişini
                qayalara yazdım, deyə
            Onda Vətən sanar məni
                bir balaca Vətən daşı,
            Vətən daşı olmayandan
                olmaz ölkə vətəndaşı... –
deyir.
Məmməd Arazın “İnsan qayalar”ının bu son misralarını “İnsan ocaqlar” başlığı altında toplanmış şerlər silsiləsinin epiqrafı hesab etmək olar. Bir şair vətəndaş kimi o, yalnız Vətənimizin, obamızın mənzərəsini, abi-havasını sadəcə olaraq təsvir və tərənnüm etməklə kifayətlənmir. Hamıya adi görünən kiçicik bir detalı belə vəsf edərkən onda böyük bir hikmət axtarır, tapır və ona ictimai məna verir. Gördüyü və seyrinə daldığı hər daşın, hər qayanın min bir tarixini xəyal süzgəcindən keçirib ona bu günümüz baxımından ictimai məna verir. Şerlərin hər birində, daha doğrusu, hər misrasında Vətən eşqilə yaşayan, insani hissini, fikrini, daxili ürək çırpıntılarını büruzə verən şair düşüncələrini görmək mümkündür. Şairin Vətənə - Azərbaycana olan sonsuz və tükənməz məhəbbətini onun “Azərbaycan – dünyam mənim” adlı şerindən açıq şəkildə görmək olar:
            Azərbaycan – qayalarda bitən bir çiçək,
            Azərbaycan – çiçəklərin içində qaya.
            Mənim könlüm bu torpağı vəsf eləyərək,
            Azərbaycan dünyasından baxar dünyaya.
            Azərbaycan – mayası nur, qayəsi nur ki...
            Hər daşından alov dilli ox ola bilər.
            “Azərbaycan”... deyiləndə ayağa dur ki,
            Ana yurdun ürəyinə toxuna bilər.
Xalqımızın qayalara həkk olunmuş tarixi şairi düşündürdüyü kimi, “Anamdan yadigar nəğmələr” də Məmməd Arazın şer dünyasını bəzəyir. Şairin “Bacım Gülsümə məktub”, “Son anında”, “Ana yaşı”, “Cümə günləri”, “Dağlar məni tanımadı”, “Göy göl”, “Dərə”, “Bulaq daşında yazı”, “Komsomola keçdiyim gün”, “Dağlar küsüb”, “Yoxdur özgə umacağım”, “Ata ocağı” və s. şerləri öz təbiiliyi, səmimiliyi, real həyat həqiqətlərinin bədii əksi ilə diqqəti cəlb edir.
Məmməd Arazın “Yoxdur özgə umacağım” şeri sanki körpəsinə laylay deyən ana nəğməsini dilə gətirir. Vətənin, elin-obanın təbii gözəlliklərinin onda oyatdığı hiss və həyəcanları poetik dillə, lirik bir şəkildə ifadə edə bilir. Təbiətin füsunkar gözəlliklərindən zövq alan şair Şahbulağın ətəyinə toplaşıb ocaq qurub, pay bölən, müxtəlif rayihələrin ətrindən məst olan, şaqraq gülüşlü insanları, dağ döşündə boz dumanı, boz qayadan seçilməyən boz quşu, minbir rəng verən tər çiçəkləri, vüqarla dayanan qartal zirvələri, gah lal axan, gah ildırım haraylı dağ çaylarını görüb vəcdə gəlir və deyir:
            Qayalara həkk olmayan söz itər,
            Bu bahardan o bahara iz itər,
            Könlüm dedi: bu rənglərdən
                           pay istə,
            Yoxdu özgə umacağım.
            Bu torpağın daşı olub qalaydım...
            Yoxdu özgə umacağım.
Sənət əsərləri fərdlər üçün yazılmır. Hər bir sənət əsəri janrından asılı olmayaraq milyonların arzu və istəklərini ümumiləşdirməli və əks etdirməlidir. Məmməd Araz poeziyasının əsas devizi də bu olmuşdur. “Dünya sənin, dünya mənim” fəsli də bu məziyyətlərinə görə diqqəti cəlb edir. “Dünya sənin, dünya mənim” nədən danışır? sualını şair bir neçə cümlədə belə izah edir: “Adından da məlum olduğu kimi, hamının dünyasından, hamının əlindən tutan, hamının əlindən çıxmaq qorxusu olan dünyadan. Hamıya məlum və naməlum dünyadan”. Bu cümlələrdən göründüyü kimi, Məmməd Araz müasir düşüncələr şairidir. Müasirlik onun yaradıcılığının əsas qayəsini təşkil edir. Şair yaradıcılığına da bu günün tələbindən yanaşmaq lazımdır. Dünya hadisələri, bəşəriyyəti sarsıdan fəlakətli müharibə qorxusu, imperialist soyğunçularının apardığı dünya mənim müstəmləkəçilik siyasəti və s. bu kimi mühüm müasir həyati problemlər şairi daim düşündürmüşdür.
Kitabın “Bir ömür yolunda”  bölməsi şairin real həyat baxışlarını əks etdirir. Bu şerlər öz məzmun və ideyasına görə bir növ şairin keçmiş günlərinin həzin xatirələrini dilə gətirib özündə cəmləşdirmişdir.  “Xatirə bitəndi ürəklə əksən” deyən şair ötən günləri ötmüş sayıb yeni, gələcək günlər haqqında düşünməyi tövsiyə edir. Bir otaq küncünə sığınıb, eldən-obadan, əkindən-biçindən uzaq düşüb, öz qınına girib mövzu axtaran, hər şeydən yazan, heç şeyə yaramayan, gərəksiz əsərləri vəfasız dostlara bənzədir. Məmməd Araz bir şey yazmayan, giley-güzar edən, xalqın boynuna minnət qoyan bəzi şairlərdən fərqli olaraq tərif axtarıb, şöhrət gəzməmişdir. O öz tərifini xalqa, Vətənə, elə-obaya xidmətdə görmüşdür. Mövzuları tükənməmişdir. Ona görə ki, onun rişələri Vətən torpağının qoynundan qida almışdır. Şair tərəfindən lirik şerlərə verilmiş adlar da oxucunun diqqətini özünə cəlb edir. Oxucu şairin nə demək istəyəcəyini bir növ adlardan çıxış edərək səbirsizliklə izləyir. Ona, daha doğrusu, şair düşüncələrinə şərik olmağa can atır. Məsələn: şairin “Yaşadım”, “Ölüm qorxur qələmdən”, “Əl dəydi çaxmaq daşıyam”, “Deyirlər şer oxunmur”, “Durnaları dönməz oldu”, “Mən yollarda öləcəyəm”, “Mən bir zaman şair idim”, “Təklənmə”, “Sizə yetim deyən olsa”, “Ya baxtım”, “Vətənsiz məhəbbət”, “Sən məni sevsəydin” və s. şerləri öz təbiiliyi, sadə, anlaşıqlı dili və poetik tapıntılarına görə təqdirəlayiq əsərlərdir. Şairin qənaətləri bəşəridir.  Qələmi əlində yol yoldaşı, təklikdə çaxmaq daşı, qocaya, cavana, körpəyə həmsirdaş olan şair qələminin qüdrətini, ağlın hikmətini Vətən sevgisilə birləşdirir. Qələm oxum, nizəm, söz qardaşım, mübarizəm deyən şair Vətən nəğmələrini dilə gətirir:
            Vətən nəğmələri olmasa bir an
            Könüldə gül açıb yaz ola bilməz.
            Nəğməsi olmayan, şeri olmayan
            Bir xalqın tarixi yazıla bilməz! – deyir.
Məmməd Araz lirikasından bəhs edərkən sadəcə olaraq onu lirik lövhələr yaradan şair kimi qeyd etmək olmaz. Ona görə ki, o, lirik şair kimi yalnız lirik lövhələr yaratmaqla kifayətlənmir. Bu lirik ricətlərdən bir vəsilə kimi istifadə edərək, ictimai-siyasi və real, həyati problemləri daha qabarıq şəkildə əks etdirmək, oxucusuna çatdırmaq üçün bir vasitə olaraq alır və yaradıcılıq süzgəcindən keçirir. Bu həyati hadisələrin təfəkkürdə oyatdığı təsir hiss və duyğular süzgəcindən keçirilərək, bədii şəkildə ümumiləşmiş formada öz əksini tapır, lal duyğulara həyat verir.

 1984


 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws