|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Sabir  RÜSTƏMXANLI

MƏMMƏD  ARAZ  SÖZÜNÜN  SEHRİ

Torpağa atılan toxumun cücərdiyini,  yerdən ilan dili kimi sıyrılıb çıxdığını,  beş-on günün içində yaşıl tonqala döndüyünü də,  yerə sancılan qələmənin ilk baharın nəfəsiylə oyanıb dörd yana qanadlandığını da çox görmüşük!
Vədəsi yetişəndə baharın qayğıkeş əli altında daş-torpaq da göyərir, qayalar da çiçək açır.
Mənə elə gəlir ki, sözün də toxuma bənzər, torpağa sancılan qələməyə bənzər bir ömür yolu var.
Hər bir insan özüylə dünyaya bir ad gətirir. Bu adı ocağa, şöhrət bayrağına çevirənlər də olur, nifrət, lənət hədəfinə döndərənlər də!..
Məmməd Arazın otuz illik yaradıcılığından seçmələrin toplandığı və həyəcanla vərəqlədiyim bu kitaba ön söz yazarkən fikrimə bu müqayisə hardan gəldi və nəyə görə gəldi?  Bəlkə ona görə ki, mən Məmməd Araz adının yaranan gündən necə qol-qanad atdığını, saysız-hesabsız oxucu duyğusuna çətir tutduğunu yaxşı bilirəm? Bəlkə ona görə ki, Məmməd Arazın qələmindən çıxan sözün sacda qovrulan qovurğa kimi çırta-çırtla kağızdan oxucu dilinə tullandığının, beş gün, on gün sonra yurdun ən ucqarında da dalğın bir kənd uşağının, bir məktəbli – “çobanın” dili ilə “qanadlı qayaların”, “vətən daşının”, “əli qaşında buludların”, “div ədalı ildırımların”, “quzu bulaqların” qulağına oxunduğunun şahidi olmuşam?
Hər halda Məmməd Araz şeri haqqında düşünərkən sözdən – bu sarayın kərpicindən başlamağımın öz-özlüyündə bir mənası var. Çünki çürük kərpiclə  gözəl imarət ucaltmaq mümkün olmadığı kimi cansız, nəfəssiz, tutumsuz sözlə bu günün böyük poeziyasını yaratmaq ağlasığmazdır.
Söz də paltar kimidir. Sənətkarın boyuna biçilir, naşı adamın əynində özgə paltarı kimi asılıb qalır. Məmməd Araz üçün – Azərbaycan dili taleyin əli ilə ölçülüb-biçilib. Ana dili onun şerində diridir, qanadlıdır, qalxıb-qabarır, ümman kimi ləngər vurur. Qüdrətli bir müğənni üçün pərdələrdə gəzişmək nə qədər adi bir işdirsə, Məmməd Araz üçün də dilin zilinə qalxmaq, bəminə enmək o qədər asandır.
Tutumlu poetik söz haqqında düşünərkən yadıma tez-tez ulduz dünyaları, planetlər düşür. Kənardan hamısı eyni işıqla göz vursalar da, hansı planetin ətrafında həyat üçün münasib hava mühiti yoxdursa, o planet ölüdür.
Yer öz İnsan adlı böyük sərvətinə görə atmosfer fəcrinə borcludur. O sözün ki başında belə sehrli həyat haləsi yoxdur, o söz ki ədəbiyyat kəhkəşanına çılpaq çıxır, o – cansızdır, ölüdür. Sözlər də dən kimi üzdən bir-birinə bənzəyir, torpağa atılmayınca, oxucu ürəyinə yetişməyincə hansının dolu, hansının isə mayasız, puç olduğunu ayırmaq çətindir. Məmməd Araz sözü seçmə dən kimi ürəkdə yüz faizli çıxış, cücərti verən şerdir; bu baxımdan indi poeziyamızda onunla müqayisə olunan müəlliflər azdır.  
Sözü bəsitləşdirmək, onun sehrini dağıtmaq, klassiklərimizin tanrı vergisi saydıqları ilhamlı bədii sözü – adi danışıq səviyyəsinə endirmək, əslində, istedadsızlıq əlamətidir və bu cəhət müəyyən vaxtlarda şerimizin inkişafına çox mane olub. Məmməd Araz deyəndə ki:
            Çox gözlü var torpağına kor baxır,
            Dan yerinə bəbəyində tor baxır.
            Yüz də çevir, min də ələ torpağı
            Namərdinən mərd yanaşı göyərdi.

            Mən Arazda şaxələnən çinardım,
            Ömrü boyu tufan əydim, su yardım,
            Xətainin qılıncını suvardım –
            Məmməd Araz karandaşı göyərdi...
Bir yandan “Məmməd Araz karandaşı”nın Xətai qılıncının varisi olmaq gücü təsdiq olunursa, onun şair amalı görünürsə, bir yandan da bu misralara mərmər kimi hörülmüş kəlmələrin hər birinin ağırlığı duyulur, misraların hər birindən qopan işıq Xətai qılıncı kimi göz qamaşdırır.
Mənim üçün Məmməd Araz şeri – sözün ictimai gücə çevrilmək nümunəsidir. Yolu şair ürəyindən oxucu dodağına qədər olan söz də var...
Məmməd Arazın şeri isə təzə qan kimi oxucunun damarına vurulur. Söz sözlükdən çıxıb maddiləşir, ürək təpərinə, ümidə, təsəlliyə, göz yaşına çevrilir. Məmməd Araz şeri qüvvədir, xalq mənəviyyatının çəki daşlarından, gəncliyin baş tərbiyəçilərindən biridir.
Həm də bu, Məmməd Arazın ovcuna göydən düşən səadət payı deyil, sözlə otuzillik silahdaşlığın, dostluğun və qarşılıqlı anlaşmanın bəhrəsidir.
Ilkinlik həmişə şirinlik, əzizlik, əvəzolunmazlıq duyğusu oyadır. Yəni ilk sevgi kimi, ilk müəllim də, ilk şer də, ilk kitab da, ilk övlad da tayı olmayan bir sevincdir və onun oyatdığı hisslər heç vaxt unudulmur.
M. Arazın “Mən səni taparam” kitabı evimə müəllif avtoqrafı ilə gələn ilk kitabdır. O vaxt başdan-başa əzbər bildiyim bu kitab neçə illik məsafənin bu üzündən baxanda da öz parlaq poetik rəngləri ilə məni heyrətləndirir və indi də mən ordakı bir çox şeri poeziyamızın gözəl nümunələri hesab edirəm.
Şairin təxminən otuzillik yaradıcılığından seçmələrin toplandığı bu kitabda da “Mən səni taparam”dan qanadlanan bəzi şerlərlə rastlaşırıq.
Məmməd Arazı şəxsən tanımağım, onu bir şer pərvanəsi, gözəl bir insan, etibarlı, qayğıkeş yoldaş, bütün varlığı ilə Azərbaycan torpağına, onun keçmişinə, gələcəyinə bağlı olan bir vətəndaş, el adamı, el ağsaqqalı kimi sevməyimin yaşı da həmin illərdən və həmin kitabdan başlanır.
Məmməd Arazın ilk kitabları “Sevgi nəğməsi” də (1959), “Üç oğul anası” da (1961) onun şer nəfəsinin təravətini, poetik dünyasının bənzərsizliyini göstərirdi. Xüsusən, “Üç oğul anası” poeması o vaxtlar cavan şer həvəskarlarının dilinin əzbəri idi. Lakin mənə elə gəlir ki, o vaxt Məmməd Araz şeri yazıçı yolunun başlanğıcı üçün çox təbii olan bir şəkildə, yalnız bu kitabların və ədəbiyyat həvəskarlarının yaddaş orbitində fırlanan söz idi. “Mən səni taparam”la  bu orbit qat-qat böyüdü və kitabdan-kitaba Məmməd Araz sözünün sərhədləri genişləndi. İndi bu sözün meydanı bütöv Azərbaycandır və onun hüdudlarından kənarda da min-min oxucunun ürəyidir.
Bu bir cildlikdə toplanan şerlərin çoxunu qəzet və jurnal səhifələrində, əvvəlki kitablarında oxusam da, küll halında gözdən keçirəndə Məmməd Araz sözünün sehri məni bir daha valeh etdi. Mən bu kitabda “müasirlik”, təzəlik deyilən anlayışların mahiyyətini bir daha dərk etdim.
Bu kitabın müasirliyinin başlıca sirrlərindən biri, məncə, onun oxucu ürəyinə köklənə bilməsindədir. Bilirik ki, təbiətdə elə zəif və elə güclü səslər var ki, insan qulağı onu tuta bilmir; insanın eşitmə orqanı yalnız müəyyən tezlikli səsləri qəbul edir. Bədii söz iddiası ilə meydana çıxan bir çox yazılar da bizim duyğularımızın, zövqümüzün ölçüləri ilə uyuşmadığına görə yan keçir, ürəyimizdə heç bir əks-səda doğurmur.
Məmməd Araz şeri isə həm mövzuca, həm də ifadə tərzinə görə elə bir səviyyədədir ki, həmişə duyğu hədəflərinə düz və sərrast yetir.
Şerimizdə forma, ifadə tərzi mübahisələri gedən, arada intellekt, qeyri-intellekt sərhədləri çəkilən vaxtlarda da Məmməd Araz şeri bu ayrı-seçkiliyə meydan oxuyan bir ucalıqda dayanıb.
O, poeziyamızın ənənələrinə çox möhkəm şəkildə bağlıdır; eyni zamanda bu ənənəvilik heç vaxt onu intellektuallıq tələblərindən uzaqlaşdıra bilməyib, onun yaradıcılığında müasir azərbaycanlının bədii, poetik, yüksək obrazlarla ifadəsini tapan düşüncəsi ənənəvi formalara yeni qanad, güc gətirir. Bu baxımdan, məsələn, Məmməd Araz qoşmaları haqqında xüsusi bir söhbət açmaq olar.
Min illər şerin baş mövzularından olan həyat və ölüm problemi, insanın gəlişi ilə gedişi arasındakı məsafənin azlığı və bundan doğan kədər, dramatizm və nəhayət onsuz da qısa olan ömürdə mənalı yaşamağın yeganə düz yol olmasına inam, bu ömrü yüksək ideallara, Vətənə xidmətə çağırış – Məmməd Araz yaradıcılığının səciyyəvi cəhətləridir.
Məmməd Araz kədəri Füzuli kədərinin varisidir və öz zərifliyi, insaniliyi ilə oxucunu ilkinliyə, kökə, təmizliyə, etibara, yüksək sevgiyə, torpağa bağlayır, onu ucaldır; mahiyyət etibarilə bu kədər düşündürən və gözəl yaşamağa çağıran kədərdir.
Söz yox ki, Məmməd Araz şerinə böyük oxucu məhəbbətinin başlıca səbəbi bu şerin bədii parlaqlığı və yüksək vətəndaşlıq qeyrətidir. Əslində vətəndaşlıq anlayışı istedad ölçüsüdür. Yəni şair istedadı nə qədər böyük və kamildirsə, müəllif bir xarakter kimi nə qədər yetkin və bütövdürsə, onun vətəndaşlıq mövqeyi də bir o qədər aydın və barışmaz olacaq.
Məmməd Araz şeri bütün ruhu ilə Azərbaycan torpağına bağlıdır, onunla nəfəs alır. Adama elə gəlir ki, onun lirik qəhrəmanı üçün “Azərbaycan dünyasında” gizli nöqtə, açılmamış sirr yoxdur. Ona görə də onun səsi gur, inamlı, cəsarətli, sərrastdır.
Araz haqqında çox yazılıb və yazılır. Lakin “Araz şairi” olmaq Məmmədə qismət olub. O, bu adı çox böyük bir ləyaqətlə daşıyır və Araz dərdinin şerimizdə ən gözəl ifadəçilərindən biridir.
M. Araz üçün həyat problemləri bir üzlü deyil. O, Azərbaycanın ayrılığını həmişə xalqımızın mənəvi problemləri ilə yanaşı götürür. Yəni xalqın siyasi bütövlüyü arzusu onun gözündə həmişə mənəvi bütövlük, kamillik arzusu ilə qoşadır. Siyasi zorakılıqların, qoluzorluluğun, imperiya hegemonluqlarının nəticəsi olan Araz sərhədləri ilə yanaşı, mənəvi kütlük və korluqdan, xırda duyğulardan irəli gələn hallar, yerlipərəstlik, duyğusuzluq, ürəyini el dərdinə qapamaq, əyrilik, harınlıq və s. elə problemlər də var ki, balaca çirkab arxları kimi aramızdan axıb Araza qol-qanad olur, ona körpü salmağımıza imkan vermir.
Məmməd Araz sözü mahiyyətcə üsyankar, hər cür siyasi və mənəvi əsarətə qarşı cəsarətlə çıxan, qəhrəman ruhlu bir sözdür.
            Vətən mənə oğul desə nə dərdim,
            Mamır olub qayasında bitərdim...
Vətənə layiqli oğul olmaq istəyi onun bütün yaradıcılığına gur işıq salır...
Kitabda toplanan şerləri səciyyələndirən başlıca cəhətlərdən biri də burada poetik aləmin zənginliyi və əlvanlığıdır.
“Misra qurtarır, fikir isə sərhədsizdir...”  Heroqliflə yazılan qədim çin şerı haqqında işlədilən bu gözəl ifadə Məmməd Araz şerinə çox yaraşır. Bu kitabın fikir sərhədləri son dərəcə genişdir.
Böyük rus şairi Blokun gözəl bir sözü var: Şairə hər şeyi bağışlamaq olar, zamanın ruhunu təhrifdən başqa!..
Doğrudan da, öz dövrünün havasını yaşatmayan, dövrünün vicdanlı əks-sədası olmayan, gələcək yüz illərə bu günün həqiqətlərini yetirə bilməyən ədəbiyyatın heç bir dəyəri yoxdur.
 Bu baxımdan əlimizdəki kitab təxminən otuz illik bir dövr üçün bizim mənəvi həyatımızın saf, gözəl, canlı aynasıdır; bu dövrdə azərbaycanlı ruhu üçün səciyyəvi olan ən başlıca keyfiyyətləri özündə cəmləşdirib. Yəni bu kitab şairlə zamanın elə bir dialoqudur ki, nəticə etibarilə oxucunu öyrədir, təsirləndirir, hərəkətə gətirir və onu əsl həqiqətə doğru istiqamətləndirir.
Məmməd Araz haqqında yazılarımın birində onun şerinin gücünü təbii ilham və istedadla bağlamışdım. Həmin fikri təkrar etmək istəyirəm. O, öz evinə ilhamı su kimi nasosla çəkmir; onun ilhamı təbii bir axarla, gur dağ çayı kimi gəlir, saysız-hesabsız saf duyğu çeşməsinə bağlı olduğuna görə bu axar qurumazdır, susmazdır.
Bu kitab şairin “Sevgi nəğməsi”, “Üç oğul anası”, “Araz axır”, “Anamdan yadigar nəğmələr”, “Ömür karvanı”, “Mən səni taparam”, “İllərdən biri”, “Qanadlı qayalar”, “Atamın kitabı”, “Oxucuya məktub”, “Aylarım, illərim”, eləcə də Moskvada, Bakıda rusca buraxılmış kitabların işlək magistrala çevirdiyi bir şer yolunun uğurlu yekunu, hesabatıdır. Inanırıq ki, oxuculara sevinc bəxş edəcək.
Şair şerlərinin birində yazır:
            Bir qayaya söykənmişəm, deyirəm kaş:
            Bax beləcə daşa dönəm yavaş-yavaş...
Məmməd Araz yaradıcılığına böyük ümumxalq sevgisi bizə imkan verir deyək ki, o, yavaş-yavaş daşa dönmür, onun şer qartalı yavaş-yavaş qanadlarını daha geniş açır; o, yavaş-yavaş heykəlləşir.
Bu kitab, əslində bir şair tərcümeyi-halı, bir ömrün poetik salnaməsidir və bizə haqq verir ki, onun müəllifinin müasir sovet şerinin ən qüdrətli yaradıcıları ilə bir sırada dayandığını bir daha təsdiq edək.

1986




 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws