|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 

 Aybəniz   ƏHƏDOVA

XALQ  ÜÇÜN  YANAN  MƏŞƏL
                                                  
Hər adama sənətkar adını daşımaq nəsib olmur. O kəsə sənətkar deyirik ki, bağlı olduğu sənəti zirvələrə qaldırsın.
Məmməd Araz belə sənətkardır. Söz sənətkarı... Məmməd Arazı sənətkar edən öz sənət dünyasıdır, öz ahəngi, öz axarı, öz düzümüdür.
Məmməd Arazın şerlərini oxuyarkən nədənsə adam təsirlənir, özündən narazılıq hissi yaranır. Həyatda atdığın səhv addımlar düşür yadına. Istər-istəməz öz-özünə haqq-hesab verirsən. Şerlərinin təsiri güclüdür onun.
Mövzu qıtlığı yoxdur Məmməd Arazda. Şerləri qədər mövzuları var onun. Amma bütün şerlərində bir qəlbin döyüntüsü eşidilir: Vətəni sevən, onun hər qarışına vurğun olan bir şairin qəlbinin döyüntüsü.
Məmməd Arazın qüdrəti ondadır ki, az sözlə çox fikir ifadə edə bilir. Sözünün səhəddi bilinmir. Şer qurtarır, amma hələ də düşünürsən:
            Bir qayaya söykənmişəm, deyirəm kaş,
            Bax beləcə daşa dönəm yavaş-yavaş.
            Taleyimi qayaların taleyinə bağlayım mən,
            Bircə insan düşüncəmi saxlayım mən.
            Daş ayaqlı, daş əlli bir insan kimi
            Enib daşdan-daşa düşəm,
            Qayaların lal dilini başa düşəm.
Şerdəki istək adi istək deyil. Babalarımızın, nər igidlərimizin taleyi ilə, ana yurdumuzun tarixi ilə bağlı istəkdir. Neçə-neçə qəhrəmanlar Vətən yolunda öldükləri üçün yaşayırlar, sağdırlar. Vətənə xidmət edənlər heç vaxt ölmürlər. Onlar  yaşayırlar.
Məmməd Araz ana yurdunu sevir. Ona şöhrət gətirənlərlə fəxr edir, ona yük olanlara acıyır.
            Ana yurdum, hər daşına üz qoyum,
            Hər dərəndə çaldığım saz yaşayır.
            Kimi sənin çiynində, sən kiminin...
            Şöhrətini yaşadan az yaşayır.
Məmməd Arazın nəğmələri “Vətənsiz dil açmır”. Şairin sevinci də, kədəri də Vətənə bağlıdır.
Şairin bədii təsviri o qədər güclüdür ki, adamın gözü önündə istər-istəməz canlı mənzərə yaranır. Təəccüb edirsən, oxuyursan, eşidirsən, yoxsa görürsən, seyr edirsən?     
            Günəş elə bil ki, zirvədə yatır,
            Baxıb bu lövhəyə heyran qalmışam.
            Dağın zirvəsində gün günortadır,
            Dərənin dibini haqlayıb axşam.
Məmməd Arazın şerlərində böyük hikmət var. “Qar” şerində şair insanların zahiri gözəlliyə, zahiri təmizliyə, ağlığa aldanmasına, hissə qapılmasına təəssüflənir.
            Uzaqdan baxıram, ağappaq, təmiz,
            Yaxına gəlirəm, qurd düşüb qara.
            Yadıma düşür ki, bəzən hissimiz,
            Nə qədər aldanır bu ağlıqlara. –
deyir və hər şeydə məzmun, forma vəhdəti axtarır.
Dünyanın narahatlığı şairi də narahat edir. Əminamanlıq istəyən şair, müharibəyə nifrət edir:
            Yer min illik barını
                          Bircə gündə yetirər.
                  Alim ayı, ulduzu
            Dartıb yerə gətirər, -
            Müharibə olmasa!- deyir.
Məmməd Araz lirizmi o qədər həlim, o qədər axıcıdır ki, adamın damarlarına keçir, qanına hopur. Bəlkə də bu həlimliyinə, axıcılığına görə “Araz” təxəllüsünü götürüb. Amma şair bir xalqı iki yerə ayıran “Araz” olmaq istəmir. Onun üçün “o tay”, “bu tay” yoxdur. Bir Arazın iki yerə ayırdığı xalqı o biri Araz birləşdirmək istəyir. Bu mövzuda şerləri çoxdur onun. “Araz üstə çinar gördüm”, “Məndən ötdü, qardaşıma dəydi”, “Bu gecə yuxumda Arazı gördüm” şerləri bu qəbildəndir.
            Bu gecə yuxumda Arazı gördüm,
            Arazı belə tox görməmişdim heç.
            Arazı bəxtindən çox razı gördüm,
            Üstündən yol atdı: “Cəsarətlə keç!”
Məmməd Araz bu günü həyatda da görmək istəyir. Şair inanır ki, yuxusu bir vaxt çin olacaq, bir-birinə “ögey” olan “əkiz qardaşlar” birləşəcəklər.
Başqa bir şerində şair özünə qarşı tələbkardır. Özünün nəyə qadir olduğunu bilmək istəyir:
            Durmuşam özümlə bu gün üz-üzə,
            Niyə doğulmuşam, nə üçün varam?
            Dünyanın ən adil məhkəməsi də
            Məni bağışlasa,
            Mən özüm-özümü bağışlamıram.
Şerlərinin birində şair “Vətən oğlu” adını almaq istəyir, bu istəklə hər çətinliyə razıdır:
            Vətən mənə oğul desə nə dərdim,
            Mamır olub qayasında bitərdim.
            Bu torpaqsız harda, nə vaxt, nə dərdim,
            Xəzanımdır, xəzanımdır, xəzanım.
Şairin qayğısı, fikri, dərdi çoxdur: “Şərəf kürsüsündə əyləşən şərəfsizlər” də, öz xeyrini güdən mənfəətpərəstlər də, rüşvətxorlar da, təbiətin gözəlliyini pozanlar da narahat edir şairi, insanların dincliyini pozanlar da, başqa xalqların köləsi olan müstəmləkələr də...
Bəli, “Vətən borcu” da ağırdır, vətən oğlu olmaq da çətin...
Məmməd Araz Vətənə borcunu verib. Elə indidən klassikdir o. Yüz illər gələcək, nəsillər dəyişəcək, əminik ki, Məmməd Araz fikri solmayacaq, daha da təravətlənəcək, qol-budaq atacaq, şerləri kimi özü də yaşayacaq şair.
Bəli, haqqın var, Məmməd Araz, haqqın var yaşamağa. Xalqın da haqqı var desin: deyək:
Sən əsl Vətən oğlusan! Xalq üçün yanan məşəlsən!

1988






 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws