|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
 Qulu     XƏLİLOV

XALQ    VƏ TORPAQ NƏFƏSLİ

Nədənsə Məmməd Araz şerinin təhlilinə cəsarətlə girişməyə həmişə ehtiyat etmişəm. Çünki bu şairin poetik dünyası bənzərsizdir. Bu özünəməxsusluq, orijinallıq əlinə qələm götürən hər bir tənqidçini məsuliyyətə çağırır. Ürəyə nüfuz etmək, ayıltmaq, düşündürmək  M. Araz şerinin ətinə-qanına hopmuşdur. Şairin poetik ilhamı xalqın və torpağın taleyi ilə bağlı olan dərin mətləbləri elə incə,  orijinal boyalarla canlandırır ki, heyran qalırsan. O, xalqdan süzülüb gələn, qatı açılmamış sözlərlə, obrazlı təfəkkürün gücü ilə elə çələnglər hörür ki, onun çiçəklərinin ətri, rəngi, gözəlliyi bizi əfsunlayır. Misralar, sözlər ürəyimizin qatlarına, qanımıza işləyir və torpağın, xalqın, vətənin taleyilə bağlı elə incə, dərin mətləblər, aforistik kəlamlar kəşf edir ki, bunlar xalqın varlığından, şüur və təfəkküründən süzülüb gələn akt kimi səslənir. Bu cəhət M. Araz poeziyasına bitib-tükənməyən xəlqi ruh, torpaq ətri, xalq nəfəsi aşılayır.
Inamla demək olar ki, M. Araz torpaq yüklü, torpaq ilhamlı, torpaq bərəkətli-səxavətli şairdir. Onun nəfəsində nə isə bir qeyri-adilik var və xalq nəfəsi kimi sehrlidir. M. Araz poeziyasını Vətənimizin, torpağımızın hansı gözəlliyinə bənzədim? Xəyalıma bir neçə təşbeh gəldi. Zaman keçdikcə rəngini, gözəlliyini itirməyən nadir sənət fırçasından çıxmış tabloyamı, saçlarını dağların sərin sularında yuyub çəmənlərimizin sinəsinə yaymaq eşqilə çırpınan ərköyün şəlaləyəmi, az qala qayaları caynaqlarında qaldırmaq qüdrətinə malik məğrur qartalamı, meşəyəmi, tarlayamı, taxıl zəmisinəmi, adi çeşməyəmi bənzədim bu sənəti. Fikirləşdim ki, bu poeziya elə bunların cəmi deyilmi? Dağların qoynundan axıb gələn duru bir çay fikrimi əyləndirdi, yaxınlaşıb dumduru sərin suyu ilə yuyunub sərinlədim. Doyunca içdim. Bütün bədənimə, ruhuma bir yüngüllük axıb töküldü. Dibindəki rəngarəng, parlaq, şölə saçan daşları görüb heyrətləndim. Ağı da var, qarası da , alı da var sarısı da, bütövü də var, parası da, sığallısı da var, kələ-kötürü də... Bu daşların rənglər sehrinə düşüb əl atıb bir ovuc götürdüm. Elə bil ki, hansı mahir əlsə torpağımızın təbii sərvətlərimizin külçəsindən bu axar güzgünün altında nadir daşlar çələngi, rənglər toplusu hörmüşdür. M. Araz şeri də belədir!
Şair şerlərinin birində özündən sonra əsərlərinin qara cilddə çap olunmasını vəsiyyət edir. Bu kədər insani və bəşəridir. Ən kədərli anlarında belə onun yaratdığı bədii nümunələr qəlbimizdə torpağı, təbiəti gözəlləşdirən, zənginləşdirən, saf duyğularla yaşayan məsləkli adamlara rəğbət doğurur, onu daha həssas, humanist olmağa səsləyir. O yerdə ki, haqsızlıq var, insan ruhu tapdalanır, insan ləyaqəti təhrif edilir, insan insanlıqdan çıxıb yırtıcıya çevrilir, M. Araz şeri orada qılınca dönüb mənfilikləri biçmək istəyir.
M. Araz poeziyasında hər predmetin, əşyanın, dağın, qayanın, küləyin öz poetik adı, xassəsi var, söz tutumu və çəkisi var. Şair bunları məharətlə ipə-sapa düzür, ustalıqla poetik qəliblərə salıb insanın müxtəlif əməlləri, hərəkətləri, istək və arzuları ilə bağlayır. Fikrin siqləti, ağırlığı ilə yüklənmiş ən prozaik söz M. Araz şerinə həvəslə gəlir. Çünki burada hər sözün öz yeri, məqamı, duruşu, yürüşü, hücumu var. Biz az qala sözün-fikrin dadını, ətrini, acı və şirinini hiss edirik. Quru, şirəsiz, yönsüz və yersiz söz bu poeziyanın zəncirdən də möhkəm hörülmüş sırasına çətin girə bilsin. Şair hər fikrə sözdən pak və gözəl poetik libaslar biçir, onları ağlın, zəkanın gücü ilə insanın mənəvi dünyasına, torpağın, vətənin taleyinə istiqamətləndirir. Insan ayağı altındakı torpaqla, söykəndiyi dağla, böyütdüyü igidlərlə arxalıdır. M. Araz bu insanda torpaq sədaqəti, qaya, dağ dəyanəti, çay səxavəti görmək istəyir.
M. Araz tarixi varaqlamağı, oxumağı xoşlayır. Çünki tarix onun dayağı, dünənidir, bu günün söykəndiyi ən etibarlı qaladır. O, bu qalanın sirlərini öyrənmək üçün ən çox Kürə, Araza, tarixi abidələrə müraciət edir. Onlara nəfəs verib dilləndirir. O, başa düşür ki, bu çaylar, dağ və qayalar dilsiz olsalar da, tarixdə baş vermiş hadisələrin şahididirlər. Araz bəlkə də “ neçə dərdli ananın göz yaşlarından yaranmışdır”. “Sinələrdən qopan qəmi, kədəri, torpağa, daşa yazan” bu çay nərə çəkməyi Koroğludan, hirsi Tomrisdən, qəmi Dilqəmdən almışdır. Qışda günahkar adam kimi susan, yazda qılınc çəkib qeyzə gələn, dağlarda pələngə, düzlərdə quzuya dönən bu çayın sularında bəlkə də Leylinin, Məcnunun arzusu qalıb? Şair Arazı tarixlərin şahidi kimi canlandırıb danışdırır. Bu şerlərdə M. Arazın dumduru şəxsiyyəti, könül toxluğu, torpağa, xalqa bağlılığı, “əyilməz ata adını” mərdliklə saxlaması da aydın görünür. O, ən böyük mükafatı “kürəyini ana torpağa söykəməkdə” görür. Fəxr edir ki, vətəni Azərbaycan “biləklərində Kür gəzdirən, atəşlərilə gözəlləri əridən, bəbəklərində  qütb ulduzu yandıran, qılınclarının ağzıyla tarixləri yazdıran”, “sərhədlərdə küləkdən də ayıq dayanmış oğulların” vətənidir.   
M. Arazın  “Kəndim, balacasan, çox balacasan” adlı bir şeri var. Bu şeri hər kəs doğma kəndinin tarixi adlandıra bilər. O, bu balaca kəndi o qədər dərin  məhəbbətlə, həyəcan və vurğunluqla  təsvir edir ki, şairin poetik boyalarına, romantik düşüncələrinə, fikir və ağlının zənginliyinə məftun olmaya bilmirsən. Burada nə yoxdur?
Bu kəndin gecəsinin işıqlı ulduzları, ayıq itləri, dərədə işləyən su dəyirmanı, göz-göz bulaqları, bəhərli bağları, gur çayları, kəhər atı, kotanı, qayaları, bərəkətli torpaqları var... Adı coğrafiya kitablarına, xəritələrinə düşməyən bu kənd “çaylı, baldırğanlı, dağ-dərəsində “ gözlərdən uzaq yerdə qalsa da həyat durmadan qaynayır. Burada “bir əli dükçədə, bir əli yunda” olan nənələrin qazanları ocaq üstə asılıdır, süfrələri açıqdır. Dünyanın hər işində payı olan bu kəndin indi “bulud dağıdan, ildırım səsini batıran atlarının kişnərtisi” eşidilmir. Bu quş qanadlılar hara qeyb olmuşlar? Nəhəng gəmilərə zəhər yükləndiyi, siyasət çaylarının lilləndiyi, ölümlərin rütbələndiyi bir vaxtda balaca kəndlərin səsini kim eşidəcək?! Bu kəndin döyüşçüləri qırxımçı və suçulardır, əsgəri torpağa toxum səpən əkinçidir. Aylı gecələrin, tozlu küçələrin, faşist yanğısında sevgisi yanan qarıların,  qayaların, ballı pətəklərin, sağmal inəklərin sayına görə “bəlkə də dünyada birinci” olan bu kəndin tarixi dəqiq yazılmalıdır. O, başqa bir şerində tarixçi alimlərə üz tutub saxtakarlığa əl atanları ifşa məqsədilə yazır:
            Dilimin ətrindən dili kallaşan,
            Təzə dil axtaran dillərdən qorun.
            Dünənki tarixi, bugünkü daşa
            Yamayıb, basdıran əllərdən qorun.
Bəzən elə olub ki, qalaça küncünə qısılan şahın “xalqı palçıq kimi tapdalanıbdır”. O adamlar ki, vətən nemətlərini acgözlüklə qarmalayıb yeyir, yığır, amma heç bir xeyir vermir, onlar dərin nifrətə layiqdirlər. Bu baxımdan “Məndən ötdü, qardaşıma dəydi” şeri nə qədər mənalıdır. Şair xalqı, vətəni yüz illərlə “üyüdüb” yeyənləri damğalayır, deyir ki, səndən ötən mənə, məndən ötən sənə, səndən, məndən ötən zərbə vətənə dəyir.
            Çox gözlü var torpağına kor baxır,
            Dan yerinə bəbəyində tor baxır,
            Yüz də çevir, min də ələ torpağı.
            Namərdinən mərd yanaşı göyərdi.
Vətən torpağının hər parçasını qəlbinin məlhəmi sayan şair onu ilhamla tərənnüm edir. Onun Qarabağ, Şuşa barədəki şerləri ümumən poeziyamızda ən təravətli yerlərdən birini tutur. “Qarabağ düzü”ndə şair onu sahilsiz dəniz, sözü düzümlü, çörəyi-duzu halal, süfrəsi açıq, ən qədim tarixli, dostluq-qardaşlıq diyarı kimi səciyyələndirir. Burada qayalar da aləmə “qartal gözlərilə baxır”. Şair bu yerlərin havasını ciyərlərinə çəkdikcə dağların, gədiklərin boynunu qucub, küləkdən qanad taxıb zirvələri dolanmaq istəyir. O, ayaq gəmisini geyinib daş qələmini buluda batırıb yamaclara yağışlı nəğmə yazmaq, qayaların sinəsinə həkk edib torpağın qulaqlarına pıçıldamaq istəyir. Burada zirvələrə qalxdıqca Günəş adamı “nur damarlarında yuyundurur”. Şair bu zirvələrdə, “qayalarda göyərmək” istəyir.
Onun bu qəbildən olan şerləri müşahidə təzəliyi, fikir dərinliyi, boyaların zənginliyilə seçilir. Bu şerlərdə Qarabağ elmin, mədəniyyətin tükənməz ocağı, Azərbaycan üzüyünün əvəzsiz qaşı, xalqımızın qəhrəmanlıqlarla dolu tarixinin yadigarı kimi mənalandırılır. “Ərim gəldi” qayasının tarixindən maraqlı söhbətlər açıb “daş nənələrin, daş bacıların, daş xalaların” faciələrini çözələyir, onların vaxtilə “arzu əkib ələm dərmələrini” incə poetik boyalarla bu günün oxucusuna çatdırır. Şair mərdliyi, qəhrəmanlığı, səxavəti də bu yerlərin havasına, suyuna hopmuş ali bir keyfiyyət hesab edir.
Ən fərasətsiz rəssam belə bu şerlər əsasında gözəl tablo yarada bilər. Bunlar şerdən daha artıq poetik tablolardır, sözün qüdrətilə çəkilmiş əbədi yadigarlarıdır! Burada şimşək də dağlar başında şırım-şırım “nəğmə toxuyur”, bu torpaqda ağlayan da ruhdan düşmür, yeri gələndə “ayaqda tüfəngə, balası vurulan pələngə” dönür, “dil susanda əllər, əllər bağlananda dillər, dillər bağlananda əllər danışır”. Fəxr edir ki, vətənimiz mərd insanların, bəxtini öz əli ilə yaradanların diyarıdır, torpağa nur tökənlərin, nur biçənlərin məkanıdır. Burada yanan hər ocaq yadigardır.
            Babalardan qalıbdır bu ocaq bizə,
            Bir ocaq sönəndə bir tifaq itir.
            Bir ocaq söngüsü qeyrətimizə
            Bir düşmən nəslinin  qəhqəhəsidir.
Mən şəxsən hər şairin yerli-yersiz vətən, xalq sözlərini şerə doldurmasını təqdir etmirəm. Yalançının dilində həqiqət öz bərəkətini itirdiyi kimi, torpaq adından yalnız mənəvi haqqı olanlar danışa bilərlər. “Ana yurdum, hər daşına üz qoyum” – adi sözlərdir. Amma M. Araz şerində tutumlu, biçimli poeziyadır, şairin ürək səsidir. “Kimi sənin çiynində, sən kiminin...”. Bu bircə misrada bütöv bir aləm var. Torpaq üstə yaşayıb sərvətini talan edənlər, “təriflənib yallananlar, bir ağılın budağından sallanıb yaşayan neçə-neçə ağlı dayazlar” torpağa yük deyillərmi?! Şair oxucunu lap zilə çəkir, əlindən tutub hər şeyi göstərir, torpağı tanıdır, sevdirir, yanıqlı bir ahla, dərin bir səmimiyyətlə deyir ki, “hansı daşda su yansa, o daş altda Məmməd Araz yaşayır”. M. Araz ən çox qayaya, dağa söykənmək istəyir ki, tarixi yaxşı oxusun, əsrlərin, nəsillərin hünərini daş maqnetofonuna əbədi həkk eləsin. Bu adicə qaya deyil, vətən övladlarının daşlaşmış abidələridir. Adam “daş ayaqlı, daş əlli, daş qulaqlı, amma insan ürəkli, insan düşüncəli” qayaya dönüb tarixləri oxumaq istəyir. Qobustanın daş kitabələri, tariximizin müxtəlif səhifələri yaddaşımızda canlanır.   
M. Araz şerində daşa dönmək ən şərəfli, ən poetik və çətin bir işdir. Bu daşlar məqamında yumruq olub, ox olub, qalxan olub, səngər olub. Bu igidlərsiz vətən, torpaq, xalq yoxdur. Sən demə torpaqdakı qayaların çoxluğu igidlərin çoxluğu demək imiş! “Danış görüm, a daş qardaş – siz nənəmin bacılığı, siz babamın qardaşlığı – görüm bu torpağın başına nələr gəlmişdir?” – misralarında nə qədər təbiilik vardır! Şairə görə nə zamansa “bu daşlarla dil tapılacaq, onların keçmişi oyanacaq” və görəcəklər ki, bunlar ordu-ordu qayalar – insanlarmış!
            Onda Vətən sanar məni
            Bir balaca vətən daşı,
            Vətən daşı olmayandan
            Olmaz ölkə vətəndaşı...
Qeydlərimi vaxtilə şair barədə yazdığım mülahizələrlə tamamlamaq istəyirəm. M. Araz xoşbəxt şairlərdəndir. Ona bu səadəti zəhməti, ağlı, poetik istedadı gətirmişdir! Oxucular onun istedadına nəinki hörmət edir, həm də böyük etimad bəsləyirlər. Çünki, M. Araz torpaq ətirli, vətəndaş qeyrətli şairdir. Bu şairin yaradıcılığı, şer və poemaları, publisist məqalələri, tənqidi qeydləri, oçerkləri bütünlükdə ədəbiyyatımıza möhkəm daxil olmuşdur. O, “sənət odasında” Azərbaycan xalqının ən saf duyğularını toplamışdır. Bu odada Nizami nəfəsi, Vaqif saflığı, Sabir atəşi, Üzeyir havası, Vurğun müdrikliyi, Müşfiq həzinliyi, Cavid romantikliyi var. Bu şerlər axar-baxarlı, doyumsuz bir şairin sinəsindən süzülüb gələn çeşməni xatırladır. Bu şerin hünər meydanı geniş və zəngindir. Onun qəzəb silahı çox ovxarlıdır, fəhlə gürzüdür, kolxozçu dəryazıdır, əsgər süngüsüdür. Onun şer odası hər cür ərazi və əyalət məhdudluğundan uzaqdır.
            Heç bir mükafatın yetmədi mənə,
            Bircə sağolun da bəsimdi, Vətən.
            Bəsimdir hər səhər təltif yerinə
            Qapımda küləyin əsibdi, Vətən.

            Qol verdin boynunu qucaqlamağa,
            Göyünə baxmağa göz verdin, bəsim...
            Kürək söykəyənin ana torpağa
            Haqqı yox ayrı bir təltif istəsin.
Sənin haqqın var, Məmməd Araz, Dövlət mükafatı almağa. Bu mükafat ananın südü kimi sənə halaldır! Əminik ki, bu mükafatı verənlər bizi eşidəcəklər!

1988
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws