|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Aytək    ABDULLAYEVA

MƏMMƏD  ARAZ  POEZİYASINDA   FOLKLOR

  XALQIN  həyatını, məişətini, işini onun bədii yaradıcılığından ayrı təsəvvür etmək olmur. Insan dünyaya gələndən dünyadan köçənədək layladan tutmuş ağıyadək xalq şeri ilə mənəvi bağlanır, bu tükənməz xəzinədən qidalanır. Əgər bu insan yaradıcı şəxsiyyət olarsa, öz əsərlərində şifahi xalq ədəbiyyatına münasibətini bildirmədən keçinə bilmir. Xalq sənətindən yaradıcı surətdə bəhrələnən, bu həmişəsərin bulaqdan su içən müasir şairlərdən biri Məmməd Arazdır. Azərbaycanı bayatısız, dastansız təsəvvür etməyən Məmməd Araz “Bir adam var” şerində yurdunun qəlbini bir adaya bənzədərək yazır:
            Orda nənəmin
            Fağır cəhrəsi
            Nağıl danışar,
            Nəğmə oxuyar.
            Orda babamın
            Dəli qılıncı
            Hava doğrayar...
Şair şer oxuyub əzbərləməyə, yazıb-yaratmağa olan həvəsinin ilk mənbəyini uşaqlıqdan eşitdiyi nağıl-dastanlarda görür: “Evimizin taxça-boxçasında hara əl atsan – bir dastan, bir nağıl, “Aşıq şerləri” kitabı çıxardı. “Aşıq Ələsgər” elə həmişə kürsünün üstündə idi. Anam bu kitabları bizə oxudar, bircə oxudan hamısını yığışdırar, əlçimin ucunu iyə ilişdirər, cəhrənin tutacağını tovlayaraq dastan dünyasının qapısı cəhrənin səsinə uyğun cırhacırla açılardı... Belə, belə qəlbimdə sözə həvəs göyərirdi”.
Bu sözlərin müəllifinin ana torpağa necə möhkəm tellərlə bağlı olduğunu duymaq və bağlılığın, bu marağın poeziyada necə əks olunduğunu anlamaq baxımından onun Azərbaycanın ayrı-ayrı rayonlarına həsr etdiyi publisistik məqalələri xüsusilə diqqətəlayiqdir. “Naxçıvan albomu”, “Kür qovuşur Salyana...”, “Masallının baharı” məqalələrindən aydın olur ki, Məmməd Araz Azərbaycanın hansı qarışında olursa-olsun, ilk növbədə xalq təfəkkürü ilə, bu və ya digər anlayışın, sözün etimologiyası ilə maraqlanır.  (“Qızılağac” sözünün etimologiyası ilə bağlı mülahizələr), eşitdiyi əfsanə və rəvayətləri (Dağ Yünis haqqında əfsanə, Vəlican dastanı) müasir dövrlə əlaqələndirir.
Məmməd Araz əsərlərinin bəzilərini bilavasitə folklor motivlərində  yazmışdır. “Ərimgəldi qayası” və “Yeddibulaq əfsanəsi” belələrindəndir. Hər iki şerində müəllif təsvir etdiyi əhvalatları bu günlə müqayisə edir, müasir oxucunu düşündürən nəticələr çıxarır. Ümumiyyətlə, bu şerlərdə xalqımızın bugünündən dünəninə baxış çox güclüdür.
Məmməd Araz poeziyasında xalq hikmətinin, xalq biliyinin qısa tezisləri adlandıra biləcəyimiz atalar sözü və zərb-məsəllərə tez-tez rast gəlirik. Onların, əsasən, iki formada işləndiyini görürük: 1) atalar sözləri və məsəllər öz məzmununu saxlayır; 2) onların məzmunu və mənası dəyişikliyə uğrayır..
Birinci halda misal bu və ya digər surətin dilindən verilir, ya da bu və ya digər hadisənin açılmasına xidmət edir. Bu zaman onlar ya olduğu kimi, ya da müəyyən dəyişikliklə - qısaltma və ya əlavə ilə işlədilir. Bunu aydın görmək üçün onlardan bəzilərini nəzərdən keçirək:
            Xalqda:   
        Yaxşılıq eylə, minnət qoyma!
        Sizə güvəndiyim dağlar, sizə də qar yağarmış.
        Hər enişin bir yoxuşu var.
        Özü yıxılan ağlamaz.
        Qurd ağız-ağıza yatar.
        Hər başıpapaqlıya kişi deməzlər.
           Məmməd  Arazda:
        Fəqət yaxşılığı başa çaxana
        Kişi deməmişdir babalarımız!
        Sənə də qar yağdı, güvəndiyim dağ!
        Sən də örənidin, a yaşıl yamac!   
        Bil ki, hər yoxuşun bir enişi var.
        Sanma vəzifələr şöhrət üçündür.
        Özüm yıxılmışam, duraram özüm,
        Uçan həyatımı quraram özüm.
        Qurdlar yatışırlar ağız-ağıza.
        Qurdlar bir-birinin gözündə yatar.
        Çiçəyindən alağı çox,
        Kişisindən papağı çox.
        Köpəyindən yalağı çox,
        Bu üzün olmaya, dünya!
Məmməd Araz xalqın hikmətini, düşüncə tərzini, adət-ənənəsini əks edən bu sözləri ustalıqla, yerli-yerində, əsərdəki hadisələrin gedişi ilə təmasda verir, bununla da çatdırmaq istədiyi fikrin gücünü daha da artırır.
Ikinci halda şair atalar sözlərinin məzmunu ilə polemikaya girir, onun mənasının tərəfdarı olur. Məs: “Mənim də yaşım az deyil” şerində Məmməd Araz “Dünya beş gündür, beşi də qara” atalar sözünün müqabilində deyir:
        Bu boynu əyri dünyanın
        Bir üzü ağdı həmişə,
        Vüqarı şaxdı həmişə...
Yaxud, “Məndən ötdü, qardaşıma dəydi” şerində şair qəlb ağrısı, ürək sızıltısı ilə “daşlaşan, torpaqlaşan” ulu babalarımıza üz tutub soruşur:
        Bu məsəli kimdi yazan?
        Hansı soysuz ata idi
        Ataların imzasını
        Çəkib ona möhür basan?!
Xudpəsəndliyin, laqeydliyin şüarı olan bu məsəlin nəticələrini çox fəna görən şair demək istəyir ki, xətanın sənə yox, qardaşına, yoldaşına, qonşuna dəyməsindən sevinmə! Çünki onlar da vətən övladıdırlar. Əgər sən onlara, onlar sənə dayaq, arxa olsa vətən basılmaz.
        Qatar gedir sürətlə,
        Dərə keçir, düz keçir.
        Dolayları qıvrılır,
        Tunelləri düz keçir.
parçası nağıllarımızdakı “az getdim, üz getdim, dərə-təpə düz getdim” ifadəsini xatırladır. “Üfüq” şerində də buna oxşar ifadə var.
“Mən də insan oldum” poemasında fəhlənin dilindən eşitdiyimiz:
       
               Mənim dəvə kinim, mənim sel gücüm,
        Mənim gürşad səsim, mənim el güçüm.
beytinin qafiyəsi məşhur atalar sözü “el gücü, sel gücü” üzərində qurulmuşdur. Aşağıdakı parça haqqında da  eyni mülahizəni yeritmək olar:
        Elə bil ki, mən də vardım
        Axıb gedən el içində.
        Bu qaynayan sel içində.
“Yeddibulaq əfsanəsi” poemasının bir hissəsinə diqqət yetirsək, nağıllarımızdakı “dərələrdən yel kimi, təpələrdən sel kimi” ifadəsi yadımıza düşür:
        Bir sahilsiz selə döndüm,
        Bir qanadlı yelə döndüm.
Xalq arasında çox yayılmış “Araz aşığından, Kür topuğundan” məsəlinin həm mənaca, həm formaca bu beytə təsiri duyulur.
        Bu qədər ucalıq nəyə gərəkmiş?
        Meşə qurşağından, çay topuğundan.
Şair öz əsərlərində tez-tez hər hansı bir surəti və ya hadisəni nağıllarımızın, dastanlarımızın qəhrəmanları ilə müqayisə edir. Məsələn: Arazın axar-baxarından, nəğməli sularından söhbət açan müəllif yazır:
        Səsin Koroğludan, hirsin Tomrisdən,
        Qəmin də Dilqəmdən, Abbasdan qalıb.
“Azəri qızı”nda müəllif vəsf etdiyi qızı məşhur dastan qəhrəmanlarımızla bir sıraya qoyur, onu “Koroğlu Misrinin Nigar dəstəyi”, “Nəbi Aynalının Həcər səngəri” adlandırır. “Müğanda Kür nəğməsi” əsərində şair səssizliyi anlamaq üçün sirli üzük sayəsində bütün heyvanların, quşların dilini başa düşən ovçu Pirimi köməyə çağırır.
Şifahi xalq ədəbiyyatından gələn bu məlum bənzətmələr, müqayisələr, obrazlar Məmməd Araz şerlərini necə də doğmalaşdırır, “nağıllaşdırır”, “dastanlaşdırır”.
Şer dilini daha da gözəlləşdirən. bədiiləşdirən vasitələrdən biri olan qafiyənin müxtəlif növləri Məmməd Araz poeziyasında geniş işlənir. Eyni cür səslənən, lakin ayrı mənaları bildirən sözlərin rədif kimi səsləndirilməsi ənənəsi hələ şifahi xalq yaradıcılığından mövcuddur. Istedadlı şairin heç kimə bənzəməyən, poeziyamız üçün yeni səslənən bu cür qafiyələri çoxdur, lakin şifahi xalq ədəbiyyatından hazır gələn qafiyə formaları da az deyil. Məsələn məşhur bayatıda “qala” sözü iki mənada – qala və qalmaq mənasında işlədilərək şerə xüsusi ahəng, musiqilik gətirir.
Məmməd Arazın aşağıdakı bəndində də bu sözlər eyni vəzifəni yerinə yetirir:
        Qürurlu qayalar, səs eşidin ki... 
        Bir az da şux dursun heykəl qalalar.
        Xəndəklər, yarğanlar dərinləşin ki,
        Qorxuram qorxaqlar evsiz qalalar.
Milli adət-ənənələrimiz istedadlı şairin poeziyasında tez-tez əks olunur. Məsələn, uşaqlıqdan hamımız bilirik ki, yol böyüyün, su kiçiyindir. “Kəhər at” şerində bu haqda oxuyuruq:
        Mən yola çıxsam da dördqanadlıtək,
        Babalardan qalma bir adət idi:
        Özündən böyükdən qabağa keçmək
        Ədəb qaydasında qəbahət idi.
Qədim dünyagörüşünə görə, pis yuxunu başqasına danışmadan suya danışsan, əfsundan düşər. Şair bu barədə eşitdiklərinin geniş təsvirini verərək deyir:
        Nənəm deyib, babam deyib bu misalı:
        “Axar suya yuxunu de sübh çağı...”.
Od qədimdən müqəddəs hesab olunduğuna görə, odla bağlı bir sıra əqidə və inamlar vardır. Oda and içərlər:
        Burda neçə nəsil baş əyib oda,
        Nənələr əl basıb ocaq daşına.
Məlumdur ki, evə, ocaq başına pənah gətirən heyvanı, quşu yırtıcı olsa belə yenə öldürməzlər:
        Burda dəyməyib ilanlara da
        Pənah gətirəndə ocaq başına.
Məmməd Araz öz əsərlərində adət-ənənələrimizlə yanaşı, Azərbaycan milli geyimlərinin də təsvirini vermişdir. “Göy arxalıq” şerində şair xalqının dünənini bəyənməyənlərə deyir ki, mən dünənki “çəmbər çarıqdan, göy arxalıqdan” utanmıram, “nənnimizi, nənəmizi, nəmimizi”, “çubuğumuzu, çətənimizi” danmıram. Şair göstərir ki, bizim nənə-babalarımız “külək geyib, hava yeməyiblər” Əksinə:
        ..Sarı büzmə,
        yaşıl kürdü,
              göy nimtənə,
                        geyən nənəm.
        Birnəfəsə
               neçə dastan
               varaqlardı,
               deyəmmənəm.
Şair millətimizin keçmişi ilə, sinəsi nağılla, dastanla dolu olan nənə-babalarımızla, milli geyimlərimizlə fəxr edir. Milli adət-ənənələrimizi, etnoqrafiyamızı yaşadan bu misralarin böyük əhəmiyyəti var. Bununla şair xalqımızın keçmişi ilə gələcəyi arasında qırılmaz körpü salmaq məqsədilə xalqın ən yaxşı, müsbət keyfiyyətlərini, mütərəqqi ənənələrini bü günkü gənc nəslə çatdırır.
Məmməd Arazın əsərlərində bol-bol frazeoloji ifadələrin, xalq ifadə və idiomlarının işlədildiyinin şahidi oluruq. Misal üçün “Maşallah ki, hərəsi bir od parçasıdır. Yaş ölçməklə aram yoxdur əzəldən bəri. Nə isə, qocanı fikir götürdü. Bir ana ürəyi yandı aramsız.  Dedim: gülüm, qəm yemə... Rəmziyyənin ürəyi yumşalmışdı deyəsən. Düşünür: “Xamırım belə yoğruldu...”  Mən itmiş başımı, uçuram tapam!
Belə misalların sayı çoxdur. Özü də belə ifadələri müəllif məqamında, yeri gələndə işlədir. Bu xüsusiyyət, yəni xalqın dilində daşlaşmış söz birləşmələrindən, ifadələrdən bacarıqla istifadə etmək tükənməz söz xəzinəsindən ehtiyat yığmaq bacarığı Məmməd Araz şerinin başlıca üstünlüklərindən biridir.
Hələ qədimdən xalqımız ayrı-ayrı rənglərə öz münasibətini bildirmiş, onları bu və ya digər hadisənin, anlayışın rəmzi hesab etmişdir. Məmməd Araz poeziyasında da rənglərin bir-biri ilə qarşılaşdırılması və bununla bağlı poetik fikrin ifadəsinə rast gəlirik. Məlumdur ki, qara rəng hüzn, kədər, yas rəmzidir.
“Əsgər qəbri balladası”nda müəllif müharibələri, dava-qırğınları qara külək adlandırır. Şair qara geyinib oğlunun qəbri üstünə gələn ananın dərdi fonunda öz balladasını da, quzeyi də, güneyi də qara verir.
Ağ-qara təzadı həmişə xalqın dilində işlək olmuşdur: ülvi, işıqlı, gələcəyə ümidlə baxan arzulara ağ don, xəbis, pis niyyətlərə, xəbərlərə qara don geyindirərmişlər. Ağ və qara rənglər gözəlliyin təsvirinə də xidmət etmişdir. “Ağ buxaqda qara xal”, “qara göz”, “qara qaş”, “qara kirpik” gözəlliyin rəmzi sayılmışdır. Şair “Vəsiyyət” şerində qara rəngin məcazi mənasının bütün çalarlarından ustalıqla istifadə edərək füsunkar tablo yaratmışdır.
 Ustad şair bütün yaradıcılığı boyu Azərbaycan şifahi xalq poeziyasının şəkillərinə maraq göstərmiş, Azərbaycan xalq təfəkkürünün məzmun gözəlliyi ilə yanaşı, forma gözəlliyi də diqqətindən yayınmamışdır; bayatı, holavar, qoşma, gəraylıda qələmini sınayaraq, xalqımızın özü kimi ulu olan bu janrlara yeni nəfəs gətirmişdir.
Məmməd Araz poeziyasında bayatı və holavarlara yalnız bir əsərində - “Atamın kitabı” poemasında rast gəlirik. Bu poema torpağa bağlı olan yüz yaşlı qocadan bəhs edir. Iş üstündə oxunan holavarlar “ömrü boyu toxum səpən, bərəkət səpən, ömrü boyu sellərə bənd, yellərə çəpər” qocanın mənəvi ehtiyacını ödəyir, zəhmətini yüngülləşdirir, eyni zamanda, əkinçinin arzu və istəyini, sevinc və kədərini əks etdirir. Holavarlarda torpağa məhəbbət göz qabağındadır. Kəndli “torpağın qadasını alır”, ala öküzü “bərəkətim” deyə əzizləyir.
“Atamın kitabı” poemasındakı bayatılar iki şəxsin: qoca əkinçinin və onun çoxdan dünyadan köçmüş arvadı Mahmudqızının dilindən verilir. Poemada təsvir edilir ki, ata yüz yaşının tamam olmağı münasibətilə oğlundan təbriknamə alır. Oğul-qızı uzaqdan-uzağa atalarını yada salsalar da, gəlib-getmir, doğma obalarına baş çəkmirlər. Bir təbriknaməylə isə qocanın ürəyi sakitləşmir. Məhz oğul-qız həsrəti, təklik ağrısı atanı bayatı deməyə vadar edir:
Mahmudqızı nə demişdi son nəfəsdə xatırladı:
        “Dağlar, mənə qar göndər,
        Əsirgəmə, bar göndər.
        Oğul, oğul, ay oğul, -
        Ya gəl – qurtarsın canım,
        Ya dərmanın var – göndər...”
Müəllif birinci iki misradan sonra “Oğul, oğul, ay oğul” xitabını artırmaqla övlad həsrəti ilə yanan ata-ana dərdinin oxuculara təsirini gücləndirir, emosionallığı qüvvətləndirir.
Məmməd Arazın qoşmalarının sayı otuzdan artıqdır. Onlardan beşi beşlik qoşmadır. Istedadlı şairin qoşmalarını ənənəvi qoşmadan fərqləndirən bəzi cəhətlər var. Məsələn, bütün qoşmaların sonuncu bəndində müəllifin adı olur. Məmməd Arazda dörd qoşmadan (“Telefon”, “Nə günah”, “Durnaları dönməz oldu”, “Nə bilim”) başqa, heç birində müəllifin adı yoxdur.          
Qoşma janrının bütün ənənələrinə sadiq qalan, bu janrın tələblərinə cavab verən ən bariz nümunə      “Nə bilim” şeridir.
Məmməd Arazın səkkiz gəraylısı var. Bunların heç birində möhürbəndi yoxdur. Bəzi gəraylılar ənənəvi növdən fərqlənir. Məsələn, “Mənim də yaşım az deyil” gəraylısında birinci, üçüncü, beşinci bəndlərin son misralarının qafiyəsi, ikinci, dördüncü bəndlərin son misralarının qafiyəsindən fərqlənir. Sonuncu altıncı bənd isə əvvəlkilərdən tamamilə fərqlənir və bir misrası artıqdır.
“Təklənmə” gəraylısı da ənənəvi gəraylılardan seçilərək, sonuncu misrası səkkiz hecalı deyil, beş hecalıdır:
        Öz dərdinə ortaq da ol,
        Öz içində dustaq da ol.
        Dön özünə bıçaq da ol,
        Təklənmə, könül!
Məmməd Araz poeziyasında qafiyə quruluşuna görə qoşmaya bənzəyən, hecaların sayına görə ondan fərqlənən şerlərə də rast gəlinir. “Bağışla məni” və “Haqqın yoxdur, haqqın var” şerləri belələrindəndir; birində hecaların sayı on üç, ikincisində on dörddür.
Bayatı, qoşma və gəraylılarındakı bu fərqlər onu göstərir ki, Məmməd Araz xalqımızın əsrlərlə qoşduğu, yaratdığı bədii nümunələrin tarixi ənənəsinə nə qədər bağlıdırsa, bir o qədər də novatordur, bir o qədər də yenilik tərəfdarıdır. Məmməd Araz daim dünənlə sabahın vəhdətini axtarır, onu bugündə görür:
        Könül, bu gün nağıl danış,
        Dünənimə qaytar məni.
        Ələnməmiş, üyünməmiş
        Öz mənimə qaytar məni.
Bənddən də göründüyü kimi şair bu günü də, gələcəyi də yad təsirlərdən, “mən”imizə zidd olan meyllərdən qurtarmaq üçün dünənə, “nənələrimizin nağılına” qayıtmaq istəyir. Lakin bunu keçmişdə qapanıb qalmaq üçün deyil, keçmişin ən yaxşı, mütərəqqi cəhətlərini bu günə gətirmək, bu gündən də sabaha aparıb çıxarmaq üçün edir. Məmməd Araz poeziyasının Azərbaycan folkloru ilə sıx əlaqəsini göstərən misallar, parçalar, nümunələr yuxarıda dediklərimizə, eləcə də şairin dərin xəlqiliyinə və yüksək vətəndaşlığına sübutdur. Xalq hikmətinə hörmət və məhəbbət bəsləyən şair xalq tərəfindən dərin məhəbbətlə sevilir.

1989
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws