|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Məmməd   ASLAN

BU  DA  BELƏ  BİR  ÖMÜRDÜ

 Bir şerində “Gündoğandan Günbatana mənzilim”, - deyir Məmməd Araz. Gündoğanla Günbatan arasını, yəni bütün kainatı doğmaca mənzili bilir. Əsrin əvvəllərində böyük türk şairi Tofiq Fikrət də “ Torpaq – Vətənim, növi-bəşər millətim – insan!” -  deyə zirvədən səslənirdi. Görünür, dünyanı hər insan övladının vətəni; sözün böyük mənasında da İnsanı hər kəsin milləti görmək şairli, şairsiz hər türkün xislətində varmış. Dünyanın hansı qitəsində yaşayır-yaşasın, dünyaya canavar ehtirası ilə baxanlar qarşısında belə gülürəkli olmaq, əlbəttə, xeyirdən çox məhrumiyyətlər gətirib. Elə yenə gətirməyindədir...
Kəlbəcərdə işlədiyim zamanlar heç olmasa yaxından bircə dəfə görmək arzusunda olduğum bu böyük şairimizlə həyat elə gətirdi ki, sonralar qardaş olduq və bir iş şəraitində düz on iki il bir yerdə işlədik. Bax, sizə deyəcəyim söz-savım o yaxınlıqda gördüyüm, duyduğum, ağrı-acılarına üzüldüyüm, sonra da buna adət etdiyim, həmişə qibtəsində qaldığım Məmməd Arazın gah şəxsi ovqatından, gah şerlərində hiss etdiyim oxucunu söküb-tikən, dənizə daldıran, zirvələrə yüksəldən təsir gücündən su içən bir söz-savdır. Burada xatirə də var, şerləri barədə incələmələr də... Nə olar ey, qoy bir dəfə də yönünə adət etmədiyimiz bir yazı yazaq.
“Ədəbiyyat və incəsənət” qəzetində işləyirdik. Zevin küçəsində yerləşən redaksiyadan hər günorta qalxıb dənizin gözünə girmiş “Sadko” qəhvəxanasına yollanardıq.
Bir dəfə Məmməd dedi:
-- Sabah günorta özgə bir işin yoxdursa, birlikdə fabrik-zavod məktəblərinin klubuna gedərik, tələbələrlə mənim görüşümü keçirmək istəyirlər.
Novruz bayramı ərəfəsiydi. O zamanlar xalqımız bu bayramı dövlətdən, məmurlardan gizli keçirirdi. Bayramın səhərisi az qala adamın ağzına baxırdılar ki, “aş yeyib, yeməyib”. Tonqalların başına ancaq uşaqlar düzülərdi.
Yasaq – istəkləri alovlandırır. Ona görə də uşaqlar elə indi aşkarda keçirdiyimiz bayramdan daha çox ehtirasla bu bayrama hazırlaşır, məktəbi-zadı buraxıb bayramlaşmağa gedərdilər.
 Görüş keçiriləsi klubda Məmmədi bu qayğıdan doğan bir “xoşagəlməzlik” gözləyirdi, yalan olmasın, cəmi-cümlətanı ya beş uşaq vardı, ya altı. Görüşü təşkil edənlər yamanca pərt olmuşdular. “Bir az da gözləyək” deyə qapı-pəncərədən yollara boylanırdılar. Amma nə qədər... zor deyil ha, uşaq gəlmirdi... Hardaydı ki, gələ! Hamı çıxıb rayonlara getmişdi.
Mən də pərtliklə Məmmədin qoluna girdim:
-  Gedək, əmi.
-  Hara?
-- Belə oldu da...
Məmməd çox böyük təhkizlə üzümə baxdı, sakitcə oturub gözləyən bu beş-altı günahsız körpəni göstərdi:
-- Onların təqsiri nədi? Gəlməyənlərin yerinə bunlaramı cəza verək?!
Sonra da dolu salonlarda kürsüdən çıxış edirmiş kimi çox böyük həvəs  və maraqla ən seçmə əsərlərini söyləməyə başladı. Özü də necə. Bu uşaqların ətrafında dolana-dolana, onların boynunu-başını sığallaya-sığallaya.
Indi mən onun səsini eşitməkdən daha çox bu ürəyinə heyranlıqdan özümə qapılmışdım.
Tribunalardan salonlara naz satan, aləmdən özünü yüksəkdə görən, dahilik iddiası ilə hər kəsi özünə borclu bilən qələmdaşlarımız üçün, elə bilirəm, ibrətli misaldır.
Məmməd Arazla işləmək qədər asan və yenə onunla işləmək qədər çətin bir şey yoxdu. Asandı, ona görə ki, bu adam sənin ixtiyarını özünə verib durur kənarda, işə gəlmədiyinə, işdən qaçdığına göz yumur. Eləcə əlinə düşdüyün zaman “Yallah-yallah!” deyib hal-xatır soruşar, öz müstəsna rəftarı ilə sənin pərtliyini də götürər. Çətindi, ona görə ki, bu rəftar qarşısında qanan adam özünü balaca, çox balaca görür.
Məmməd Arazı Dövlət mükafatına  təqdim eləmişdilər. Özü eləməmişdi, bizim bir növ təzyiqimizlə razı olmuşdu.
-- Mən bildiyimi bilirəm, – deyə ümidsizliklə bizi təhnizləyirdi. Guya siz bilmirsiniz? Kimdi mənə mükafat verən? Vəzifəliləri tərifləyən dilim yox, “Sənə qurban olum, Oktyabr!” deyən şerim yox. Təkcə yaxşı şer yazmaq şərt deyil... – Sonra da birdən-birə sanki bu mükafat söhbəti yoxmuş kimi ədəbiyyat qayğıları ilə bağlı yarıciddi-yarızarafat duzlu-məzəli söhbətlərə keçərdi. Məsələn, belə: “Ədəbiyyat və ədəbiyyatşünaslığı inkişaf etdirmək, tənqidi günün səviyyəsinə qaldırmaq üçün yuxarıdakı yoldaşlar bu qədər ki, qərar qəbul eləyir, artıqdandı; ondansa Mirzə Müştaq və Əbülfəz  Abbasquliyevə yalvarmaq lazımdı ki, zəhmət çəkib roman yazsınlar... Tənqid dərhal bu dayısız, əmisiz, vəzifəsiz nasirlərin üstünə siyirməqılınc düşəcək... və belə-belə tənqid də inkişaf edib lazımı səviyyəyə çata biləcəkdir...”.
Belə-belə o, mükafat söhbətini özündən qovardı.
Bir gün ondan əvvəl eşitdim ki, növbəti turdan keçməyib. Niyə? Dövlət komissiyası üzvlərindən birisi, tanınmış bir bəstəkar çiyin çəkib ki, mən bu adda şair tanımıram...
Komissiyanın üzvləri bu xalqın irəli getmiş bəstəkarını təhnizləyib həddini ona tanıtmaq əvəzinə, onun mövqeyi ilə razılaşmışlar. Guya Məmməd Arazı tanımamaq bir fəzilətmiş kimi sonralar da bəstəkar heç istivini də pozmadı. Heç birimiz də dərsini verməyə girişmədik . Yazıqlar olsun ki, beləyik.
Məmmədlə bir avtobusda Sumqayıta gedirdik, yolda onsuz da bu kövrək şairimizi o bəd xəbəri alacağı məqama hazırlamaq istədim.
-- Məmməd, - dedim, şər deməsən, xeyir gəlməz, birdən sənə qarşı haqsızlıq eləyərlər, çalış ki, içindəkiləri büruzə verməyəsən.
 -- İçimdə nə var ki? Arxayın ol, işimi təqdim etdiyim gündən özümü o dediyin söhbətə hazırlamışam. Onsuz da allah da şahiddir ki, mənim saqqızımı oğurladınız... belə iş tutmazdım.
 Sabah da səssiz-küysüz bu gəraylını onun yazı masasının üstünə qoydum:
   
              Qəm eləmə, Məmməd Araz.
            Dünya belə qurulubdu.
            Əyriləri kimsə qırmaz,
            Düz ağaclar qırılıbdı.

            Baxma ağlın sığmaz ərzə,
            Çəm tapmadın yola-irzə.
            Asta tərpən, neçə gürzə,
            Sağ-solunda qıvrılıbdı.

            Astar çıxıb üz yerinə,
            Söz qoyulmur söz yerinə,
            Əyri keçib düz yerinə,
            Düzün boynu vurulubdu.

            Ilham – sənin asimanın!
            Sənət – qiblən, öz imanın!
            Sənin böyük söz ümmanın
            Qətrə-qətrə durulubdu.

            Görüşünə ellər axdı!
            Sevin, səni sevən xalqdı.
            Nəfəsindən alov qalxdı,
            Qəlbin qəmlə qovrulubdu.
 
            Insaf gəzmə, insaf hanı?!
            Insan atıb insafını .
            Sözlərinin ən safını,
            Görəsi göz kor olubdu.

            Asan bilmə bu həyatı:
            Dünya – köhnə bir bayatı.
            Ədalətin köhlən atı
            Yarı yolda yorulubdu.
Bu bəstəkar eşitdim ki, gözəl şair və həkim olan Paşa Qəlbinurun yanına gözünü müalicə etdirməyə gedir. Həkim qardaşla bir “ssenari” tərtiblədik.
Növbəti gəlişində həkim ciddi tərzlə xəstəsindən soruşur:
-  Siz poeziyanı sevirsinizmi? Bilirsiniz, bunun sizin xəstəliyinizə dəxli var.
-- Sevirəm, əlbəttə, bəstəkar axı sözlə işləyir.
-- Çox gözəl! Sevdiyiniz şair kimdir?
Bəstəkar da səviyyəsinin yüksəkliyini nümayiş etdirmək üçün dünyanın böyük şairlərindən eşitdiklərinin adlarını sadalamağa başlayır. Həkim ha gözləyir ki, bu xanə-xərab heç olmazsa, bircə şairimizin adını dilinə gətirər. Yox ey... Axırda həkim dillənəsi olur:
-- Onları tanımağı gözəl eləyirsiniz. Amma milli poeziyada elə xislət var ki, gözün nurunu artırır. Bunu dünya həkimləri dəfələrlə sınaqdan çıxarıblar.
Həkimin çox ciddi danışığına inanan bəstəkar soruşur:
-- Sizcə kimi oxuyum?
-- Çağdaş poeziyamızı, hər kəsdən öncə də Məmməd Arazı...
Yesentukiyə arvad-uşağı ilə dincəlməyə, istirahətə getmişdi. O zaman “Ədəbiyyat və incəsənət” qəzetinin redaktor müavini idi. Bu dəfə onsuz darıxmaqdan daha çox gələndə onsuz qopmuş tufanı necə qarşılayacağı sorğusu bizi rahatsız eləyirdi. Növbəti bir nömrədən sonra dünya, aləm bir-birinə qarışmışdı; biri buydu ki, Nərimanov heykəlinin şəkli abidə hələ açılmamışdan əvvəl qəzetdə getmişdi, biri də bəs deməyəsən, bir qəzet məqaləsindən başa düşmək olarmış ki, ermənilər bizi on səkkizinci ildə də qırıblar və Şaumyan da, əslində, bu qırğına şərait yaradıb... Bu nə ehtiyatsızlıqdı: erməni istər min dəfə qırsın, bu qardaş və qonşu olan xalqı elə qırsın, heç biri də qalmasın, nə olarmış, bu nədi ki, bunun söhbəti dilə gətirilsin və oxucu da elə bilsin bu fürsətkeşlər zaman-zaman imkan tapdıqca bizi qətli-ama yetiriblər. İndiyəcən qərinələr keçib, biz dilimizin bəndinə qoyub  düymüşük bu acı həqiqəti, görən gözə “görməmisən” tövbələtməsi vermişik; eşidib-bilənə “eşitməmisən, bilməmisən” dərsi keçmişik. Halbu ki elə bu vaxt Ermənistanda Yazıçılar İttifaqının orqanı olan “Qrakan tert” qəzetində birinci səhifədəncə sütun ayırıb guya birinci dünya müharibəsi illərində və inqilabın əvvəllərində türklər tərəfindən öldürülmüş ermənilərin siyahısını dərc edir və oxucuları o dövrün qurbanlarıni axtarıb tapmağa, bunları qəzetin redaksiyasına göndərməyə şirnikləndirirlər. O zaman bizi xilas eləməyə gələn  Nuru Paşanın xatirələrini gizli oxuyardıq. On səkkizin sentyabrında Paşa, erməni baltasının ağzından bizi çəkib almağa gələndə Bakıdakı qanlı hadisələri necə böyük ürək ağrısı ilə təsvir edir. Deyir ki, biz Bakıya girəndə tarixin görmədiyi dəhşətlərlə qarşılaşdıq; qətlə yetirilmiş kişilərin cəsədi hara gəldi tökülüb qalmışdı, uşaqların və gənclərin başlarından orda-burda təpəciklər hörüb qaldırmışdılar; qadınların qarnına süngü soxub öldürmüşdülər. Artıq meyitlər iylənmişdi, epidemiya təhlükəsi vardı.
Bu dəhşətləri gözüylə görən, indi yaşamaqda olan neçə-neçə soydaşımız da buna şəhadət gətirir. Nə olsun ki? Susmaq lazımdı. Unutmaq lazımdı: həm özümüz kin-küdurətlə böyüməyək, həm də qapıbir qonşularımız onilliklər ərzində müftəcə verdiyimiz od-ocağımızdan, çörəyimizdən-suyumuzdan utanmasınlar... İndi respublikanı bu qəzet məqaləsi yamanca işə salmışdı. Kimdədi bu cürət? Çıxsın irəli! Qəzetin başı üstündə bir qılınc hərlənirdi: bu qılınc ya kiminsə başını bədənindən ayıracaq, ya vəzifəsini... Elə bu ikinci də birincisi qədər fəlakət sayılardı. Qılınc fırlandı, fırlandı... soydaşlarımız, qələmdaşlarımız yaxasını bu qılıncdan qurtarmağa yollar aradılar. Axtaran tapar demişlər. Demə, bunun çarəsi lap yaxındaymış: üstlərindən atdılar ki, bunun səbəbkarı istirahətdə ikən bunlardan xəbərsiz olan Məmməd Arazmış. Bir andaca toplandılar, qarasına qılınc çaldılar, müavinlikdən çıxarıb atdılar. Hələ partiya töhməti...
... Səhərin xoş vaxtlarında qəzetin keçən nömrəsini müzakirə etmək üçün beşdəqiqəliyə toplaşmışdıq. Bilmirəm, nə üçünsə icazə alıb, şöbəyə iş otağına girdim. Elə bu an göydən yerə enmiş kimi Məmməd Arazın gümrah səsi gurladı: “yallah... , yallah”. Allah necə də yüksək əhval-ruhiyyədə idi! Arvad-uşaq hələ orda. Özü darıxıb bir-iki günlüyə ev-eşiyə, şəhərinə baş çəkməyə gəlibdi. Indi də “beşdəqiqəlik” günü olduğunu bildiyindən bu səhər toplantıda iştirak etmək, sözünü, təklifini vermək keçib ürəyindən, dəmiryol vağzalından birbaşa işə gəlib...
-- Əmi, sənin də işin qurtarıb. Elə köhnə hamam, köhnə tasdı. Nə olacaqmış ki? Gedək “Sadko”ya, bir qəhvədən-zaddan içib kefə baxaq...
Çox dil tökəndən sonra bir təhər ki, razı saldım. Başına çəkəcəyi zəhəri kiçik dozalarla içirtmək istədim. Haqsızlıq düşmənin də başına gəlməsin, heç cürə sakitləşdirə bilmədim.
Allah istədi ki, heç nədən xəbərsiz vəzifəli bir adam kimi o iclasa girmədi. Daha böyük sarsıntı alardı yəqin...
Bir gün də redaktor məni çağırdı ki, eşitdiyimə görə sən Məmməd Arazgilə gedib-gəlirsən...
-- Canım, yaxşı eləyirsən. Sözüm onda deyil. Kabinetin açarını al gətir.
          Axşamı Məmmədi aldım, nə aldım:
-- Sən o boyda poema yazırsan, qəhrəmanlarını həyatın dolanbac yollarından keçirirsən, onları ən ağır sınaqlarda müdafiə edirsən... El-aləmə əriştə kəsirsən, bə nə təhər özünə umac da ova bilmirsən! Niyə dərdini yuxarılara yazmırsan?..
Bir xeyli üzümə baxa-baxa qaldı. Elə bu lal baxışdan yumşaldım. Yoxsa möhkəm coşmuşdum. Yox, baxışı lal da deyildi, intəhası belə zəngin daxili dünyası olan bir şairin qəlbində baş qaldıran qiyamları üzündən oxumaq çətindi.
Birdən açıldı. Özü də məndən daha qızğın bir səslə, məndən daha acıqlı:
-- Məndən nə istəyirsən? İndi mən şer yazım, ya ərizəbazlığa qurşanım! Müavin olmaq üçün dünyaya gəlməmişdim ki?
O toxtaqlığına baxmayın... Bu qurğudan içi burxuldu. Onun dünyası elə o vaxtdan çökdü. Əllərinin əsməcəsi elə o günlərdəcə gözümüzün qarşısında başladı...
Dünya bizi aldatmaqda ustadır. Adi adamı da, qeyri-adi şairi də.
            Uzaqdan baxırsan: ağappaq, təmiz,
            Yaxına gəlirsən: qurd düşüb qara...
Bir şair ömründə bu gözaldatmalar, “kabab iyinə gedib... dağlama” ilə qarşılaşanlar neçə yol, nə qədər üzüntü gətirər? Birdirmi, beşdirmi? Şairi bu aldanmalar üçün qınamağa dəyərmi? Əvvəla, hamıdan ziyada şair aldanar da. Bir də bu dünya elə mahir qumarbazdır ki, qurduğu tora düşməyə bilmirsən ki?
            Aldatmaq da aldanılmaq deyilmi?!
            Zəhər satmaq, zəhər almaq deyilmi?!
            Yaxşı quyu tərs badalaq deyilmi?! –
                         Elə birdir: yıxılıb get, yıxıb get.
Sevgilər də ötəri, onlar da aldadıcı... Ötəri olmayan, həmişəlik qalan bu aldadıcı ülvi hisslərin səni yaxıb qovurduğu anda sənətə mal olan, əbədiləşdirilən bəşəri yanğılardır. Qalan hər şey, hər şey müvəqqəti özünüaldatmalar, müvəqqəti başqatmalardır. Bu ilahi aldanışların zirvədən təsvirləri bir başqa insan oğlunun növbəti aldanma çağında ona –o təzə aldanmışa əbədiyyət ömürlü görünür, harasa bir uyumuş dənizin təlatümü başlayır, bir sönmüş ocaq birdən alovlanır:
           
                         Bizim faciəmiz – qəhqəhəli qəm,
            Bizim komediyamız – qəm dolu gülüş.
            Məhəbbət korpümüz, deyə bilmərəm,
            Necə tikilmişdir, necə sökülmüş?!
Gör gündə nə qədər yada düşürsən, Məmməd Araz! Sənin dilincə, sənin ürəyincə sevişən, bu sevgidən doğan burulğanlarda fəryad qoparan nə qədər insanların dərdinə dilmanclıq eləyirsən sirli-soraqlı poeziyanla.
“Səndən o tərəfə sonsuzluq yaşar” – üzü sonsuzluğa gedən yolda xurcununda bir şey varsa, ona ehtiyac duyub əl uzadan tapılar.
Bu yalan dünyada şair olmağın özü də şərtiymiş: şairlik yalanmış. Çılğın alqışından göylər silkələnən odlu kürsülərə haçansa həsrət qalmaq da varmış taledə, bir zaman şöhrət, qibtə zirvəsində unudulmaq da səni gözləyirmiş... Başqaları bir yana, özün-özünə yad gözlə baxacağın, şair olduğun günlərə bəxtəvərlik verəcəyin günlər də varmış irəlidə. Sən bu ötən ömrünün naxışlarını göynəyə-göynəyə xatırlayacaqsanmış: “Bir zamanlar mən də şair olmuşam”. Dağladın bizi, Məmməd Araz, bu necə kövrəlmədir ki! Sən köhnələn şairsənmi?
            Ağır bir sənətə könül bağladım,
            Bəxtimə də dərdin ağırı düşdü.
Bəs nə bilmişdin, şairim! Böyuk şairsənsə, böyuk sarsıntını da sən keçirməlisən! İlahi qüvvə həm alovlu ilhamı sənə versin; həm də rahatlığı, dincliyi, gəlhagəlli ömrü, aləmi? Bir bəxtəvərə iki gözəlliyi qıymayıb dünya. Döz, Məmməd Araz, döz! Dözməyib neyləyəcəksən?
            Zirvədəki əl çatmayan qala mən,
            Ətəkdəki sinə, cığır, tala mən.
            Xudafərin harayından qalan mən,
            Bu da belə bir ömürdü yaşadım.   
Bu nədi, son illərdə elə hey özünə hesabat verirsən, Məmməd Araz. “Mən belə dünyanın nəyindən küsüm?!” demisən, bəsindi də, bundan artıq bu arsız dünyanı necə söymək, tənələmək olar ki?!
Bilirəm, bilirik, bu ömür-gün hesabatları üstünü almış qara buludlardan doğan hissiyata bağlıdır. Amma, şair qardaş, sən bu xəstəlik afəti qarşısında da özünü məğrur tutdun.
Kiçik bir fiziki qüsurunu, tapdığı xəstəliyi sanki bir fəxarətmiş kimi bayraq eləyib, onun kölgəsində hər rəzaləti özünə rəva görənləri çox görmüşük.
Sən, sənsə... Ay aman, bu yöndə nə qədər zəhmli, nə qədər vüqarlısan!
            Ölə-ölə yazmıram,
            Yaza-yaza ölürəm.
Bu, ölmək deyil: yaza-yaza əbədiyyət ömrü qazanmaqdır! Başqa bir şerində bu müqəddəs yolda çəkdiklərini elə gözəl dilə gətirmisən ki!
            Mən yollarda öləcəyəm, özüm bilirəm –
            Bu ölümü ən şərəfli ölüm sayıram.
“Yaş ötəndə yada düşür günahlar” deyirsən, Məmməd Araz. Sonra da bir etirafla qarşımıza çıxırsan:
            Boğazına sarınan ilanı tumarladın,
            Qazancın bu oldu ki, mülayim oldu adın.
            Haqq yolu göstərdiyin haqqını qamarladı.
            Haqqın yox, Məmməd Araz,
            Haqqın yox yaşamağa!
Nizami “Çox iti zehinlər yatan oldular, axırda saxsı qab satan oldular” deyir. Məmməd Araz bir sənətkar olaraq hər zaman həssas, kəskin zehin sahibi, nəfəsinin odu-alovu ilə seçilən söz sərrafıdır. Müasir Azərbaycan şerinin çox-çox uzaqlardan bütün əzəməti ilə görünən sənət bürcüdür.
Məmməd Araz bədii sözün qüdrətli ustasıdır. Bildiyimiz sözlərə, bəzən də gözdən saldığımız sözlərə heyrətləndirici bir ustalıqla əfsun oxuyur, min ilin köhnəsini təzələyir, kərpici qızıl urvatına mindirir. Elə, əslində şairlik də budur. Böyük şairlərin hər birisi ilə dilimizin bir budağı, bir yeni ”dili” yaranır. Füzuli dili, Sabir dili, Səməd Vurğun dili... bir də Məmməd Araz dilimiz var.
            Buyruqlara sığışmayan inaddım,
            Çox qanadlar yorub salan qanaddım,
            Ulduzlara barmaq silkib daş atdım,
            Nizamlara baş əymədi nizamım.
Bu şair bir ömürdə kimsənin buyruğuna qol qoymadı, kimsənin tuşladığı barmağın istiqamətini qəbul etmədi... eləcə ürəyinin hökmünə katiblik məsləkini seçdi:
            Dünənimi döşdən asan deyiləm,
            Dünənimə qəbir qazan deyiləm.
            Ürəyimsiz kəlmə yazan deyiləm,    
            Nə qədər ki, öz əlimdi yazanım.
Həqiqi sənətə ancaq bu düşüncə ilə varılır. Məmməd Araz bu sənət yolunun cəfakəşidir. Onun təkbaşına zirvələrdə keçid araması var, alov saçan səhraları bələdçisiz keçmək inadı var. Onun ilhamından nə ki, cücərib qalxsa, özünündür. Demək istəyirəm ki, bu sairin şərikli malı yoxdur. Ona görə də bu şair bizi yormur, qarşımızdakı çeşmədən içdikcə içmək istəyirsən.
Ulu şairlərin vüqarını yaşatmaq qeyrəti var bu misraların canında. Elə şairlərin xisləti ki, gözləri oyulanda da, dərisi diri-diri soyulanda da bir dəfə kirpik qırpıb “of” deməyiblər. Ədəbiyyatda itirdiklərimizi tapıb yerinə qoymaq üçün bir ömür çırpınış... Şair həyatda duruluq, təmizlik timsalı olub – yoxsa onun sözünün doğruluğuna inanmazdılar. Şair idealı uğrunda başından keçən, ölümdən qorxmayan qəhrəmandır.
            Çox adlar itirib söz meydanları
            İzini-tozunu xəyal da bilmir.
            Şöhrət azarına tutulanları,
            Şöhrətin özü də sağalda bilmir.
Alqış sənətkarı öz gözündə yüksəldən, ona mənəvi yaşama haqqı verən sərvət kimi bir şeydir. Oxucu imzası olmayan bu saxta şöhrətlərin xalqın nəzərində, əlbəttə, dəyəri yoxdur.
            İstəsən şairi əyəsən, onun
            Ömrünün nə yazı, nə qışını al.
            İstəsən şairi əyəsən, onun
            Əlindən xalqının alqışını al.
Söz sənətinin çətin yoxuşlarından birnəfəsə çıxan, dönümlərdən-döngələrdən qorxmadan ilham atını səyirdib keçən bu şair müxtəlif nəslə məxsus oxucuların hafizələrinə sözlərini yaza-yaza irəliləməkdədir:
            Bir gün həyatımda yellər qopacaq:
            Həyat öz tağından salacaq məni.
            Üstündə gəzdiyim bu ana torpaq
            Bir gün də qoynuna alacaq məni.
Varlıq... Yoxluq... Zaman-zaman şairlər bu qütblər arasında ilham atını səyirtmişlər. Bu da ölümün və həyatın bəşəriliyindən, bunların əbədiyyətə qədər baş götürüb gedən xislətindən irəli gələn haldır.
Məmməd Arazın qəribə xasiyyəti var. Çox, lap çox vaxt ən zəif şairin bir nəsnəyə dəyməz şerini “avans” olaraq tərifləyir, cücəni şişirdib fil eləyir...
Mənim yazdıqlarıma gəlincə, bu təriflər o sənət zirvəsinin əl-ətəyi olmağa belə yaramazlar. Bir arzuydu: hiss məni çulğaladı, mənə qulaq tutmuşlara bir-iki kəlmə söz dedim. Mənim tanıdığım Məmməd Arazdırsa, xoş görməsə də qaşqabaq tökməz.

 1991
                                                                                 
 
 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws