|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Şahmar   ƏKBƏRZADƏ
                      
VƏTƏN   SƏNƏ   OĞUL  DEYİR
Xalq  şairi Məmməd Araza  sevgilərlə

Əzizim  Məmməd! Dünən nəvənlə qarşılaşdım. Yerə-göyə sığmırdı. Səni soruşdum. – Təbrizdən bu gün qayıtmışıq, – dedi. Fərəhim ərşə bülənd oldu.
            Gözümə bir Araz şırımı dəydi,
            Yüz Araz töküldü gözümdən mənim.
Yüz il yüz ilə qala, inanmazdıq ki, Təbriz həsrətlərimizin paytaxtından  vüsallarımızın mərkəzinə çevrilə bilər.
Heyf ki, ustad Şəhriyar görmədi bunu!
Təpəmizdən tüstü çıxan vaxtları xatırladım. Vaqifin yubileyinə gəlməliydi “Heydərbabaya salam”ımızın ulu şairi. Təyyarə limanında gözlərimizin kökü saraldı. “Şəhriyar gəlmədi”, qardaş. Bu dərd sənin həmişəyaşar  poeziyanda salnamələşdi:
            O Vaqifdi odasına od düşən,
            O Zakirdi sədasına od düşən,
            O Arazdı səmasına od düşən.
            Durnaları gəlməz oldu dağların!
Hardan damdı ürəyinə “O Vaqifdi odasına od düşən” misrası? Qulağına kim pıçıldamışdı ki, vaxt gələcək, yağılar Şuşanı zəbt edəcək, Vaqif mavzoleyinə od qoyacaq.
            Dağ ömrümü qış əritdi, yaz çıxdı,
            Dərdim keçən yollar yazıq-yazıqdı.
            Desən dilim yanar, dilim yazıqdı,
            Deməsəm duymazlar üzümdən mənim.
Duymadıq xeyrimizi-şərimizi, tanımadıq dost-düşmənimizi. Günahın çoxu özümüzdə oldu. Çox vaxt başımızı bədənimizdən öz baltamız ayırdı.
            “Mən- mən” dedi bir ölkədə
            nə qədər bəy, nə qədər xan.
            Onlar “mən-mən” deyən yerdə
            Sən olmadın Azərbaycan!
Bir zaman sənin başına nə oyunlar açmadılar. Çünki o vaxt da, indi də:
            “Bir ağılın budağından sallanıb,
            Neçə-neçə ağlıdayaz yaşayır”.
Heç yadımdan çıxmaz. Günlərin bir günü səni dövlət mükafatına təqdim eləmişdilər. “İribuynuzlu”lardan biri sən adda şair tanımadığını söyləmişdi.
            Bu torpaq əsrlər qaranlığında,
            Qəfil nur dağları dikəldib axı.
            Bu torpaq qədimlər toranlığında
            Nadan sürüsü də kökəldib axı.
R. Rza yuxarıdakı bəndini nümunə gətirib yazmışdı: “Bu həqiqətə cild-cild kitablar bağlamaq olar”.
Əslində haqq-ədalətin üzünə dik baxmağın Məmməd Araz elədi səni. Həmişə həqiqətin keşiyində namusla dayandın, Məmmədim! “Milyonçuların qəpik davasını”, yaltaqların “çəpik davasıni”, abırsızların “sümük davasını” dilə-dişə saldın:
            Plan bu qədərdi, alan bu qədər,
            Talan bu qədərdi, qalan bu qədər.
            Oynayan bu qədər, çalan bu qədər,
            Ismətli bu qədər, filan bu qədər...
            ...Dişimiz qalmadı söz çeynəməkdən,
            Bol məhsul olarmı, balam, bu qədər?
“Nobel mükafatı”, “Professor Gülə məktub”, “İnsan qayalar”, “Haqqın yoxdur, haqqın var”, “Məndən ötdü”, “Yaşadım”, “Nə günah”, “Atamın kitabı”, “Tanrım, məni məndən qoru!” kimi şerlərin poeziyamızda ömürlük qalmağına zəmanət verən incilərdir.  
Ilhamına min bərəkət! Gör-götür dünyamızın ilahi nəğməsini nə gözəl yaratmısan:
            Bu get-gəllər bazarına dəvədi dünya,
            Bu ömür-gün naxışına həvədi dünya.
            Əbədiyə qəh-qəh çəkər əbədi dünya,
            Dünya sənin, dünya mənim, dünya heç kimin...
Heç vaxt əyilmədin. Əyilməzlik Məmməd Araz elədi səni. Dünyaya şax baxdın: “Ondan inciyənin beləsi belə, mən belə dünyanın nəyindən küsüm,” – dedin.
Ömür yoluna nəzər salanda böyük alimimiz Xudu Məmmədovun fikri pardaqlanır xəyalımda: “Şəxsiyyəti ilə yaradıcılığı arasında zərrəcə fərq olmayan sənətkarlar barədə düşünəndə ağlıma Məmməd Araz gəlir”, - deyərdi Xudumuz.
Heç vaxt haqqı nahaqqa vermədin. Lazım gələndə, hətta göylərə üz tutub üsyan səsini ucaltdın: “Ya rəbbim, bu dünya sən quran deyil”, - dedin. Bu harayın ruhaniləri də silkələdi. Təsadüfi deyil ki, həmin şerin Türkiyədə birinci mükafata layiq görüldü.
Xoşbəxtliyin mənası mükafat almaqdadırmı? Əsla!  Belə düşünmək günahdır. Səni “Çox tozanaq atlını təmkin atınla keçən”, titullara, ənamlara gözünün quyruğu ilə baxmayan görmüşük. Əsl xoşbəxtliyin şerlərinlə böyüyən, şerlərinlə nəfəs alan oxucuların – məmmədarazçıların sayında-sambalındadır. Onların arasında akademik də var, şair də, fəhlə də var, kəndli də. Heyranlarının içində fədai də görmüşəm. Belələrindən biri Füzuli rayonunun Əhmədalılar kəndindən Kamil Abbasov idi. Kamilə bənzər məmmədarazçı tanımıram. Məmməd Araz deyə-deyə Vətən yolunda şəhid oldu. Qəbri nurla dolsun!
Xoşbəxtsən ki, 20-ci yüzilliyin sonunda şer qalamızın bürclərindən birinə çevrilmisən. Bir vaxtlar “Vətən mənə oğul desə, nə dərdim”, -  deyirdin.
Xoşbəxtsən, Məmməd Araz, xoşbəxtsən ki, Vətən sənə oğul deyir. Özü də lap çoxdan! 60 yaşın mübarək, qardaş!

1993.






 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws