|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Oqtay SALAMZADƏ

NAXÇIVANIN  ÜÇ   MÖCÜZƏSİ

Vaxt su kimi axır. Allah, gör necə sürətlə axır ki, Məmməd Arazın ömür qayığı zərif ilham ləpələrinin çətirində 60 illik mövqeyini ötür!  Vaxt o vaxtdır ki, o yaşda Rəsul əbədiyyətə qovuşub, Nizami dünyasını dəyişib, Füzulinin gözləri qapanıb... Bəlkə, Rəsulun tövsiyyələrini kitabları ilə qəlblərə yeridən, Nizamini vəsf edən “Əsrlərin sirri”, Füzulini vəsf edən “Sevgi iztirabları” romanlarını yaradan Oqtay Salamzadəni də yaradan öz dərgahına çəkdi, qoy çəksin, amma yerdə qalan ömrünün yaşamadığı illəri Məmməd Arazın ömrünə calasın!
Vaxt su kimi axır, Allah, gör necə sürətlə axır ki,  Yalan dünyamızın dağıldığını da gördük və yalnız Doğru Dünyanın astanasında sədaqətlərlə qidalanmış ömrümüzün acılığına tanrı mükafatlarının şirinliyi qarışdı. Iki dəfə...
Dayan, vaxt, bu iki məqam şəxsən öz ömrümə yazılan məqamdı. Heç vaxt özümdən danışmamışam, mükafat, ad davası eləməmişəm. Indi qoy iki-üç kəlmə özümdən deyim.
Birinci məqam ömrün 61-nə təsadüf etdi. Rəsulumuz Həzrəti-Məhəmməd peyğəmbərin ilahi möcüzəsi olan Qurani-Kərimin Azərbaycanca açıqlanıb nəşr edilməsi sahəsində fəaliyyətimə görə Qafqaz müsəlmanlarının şeyxülislamı Hacı Allahşükür Paşazadənin qiyməti-dəyəri ölçülməyən mükafatı – Əcri-xeyrini aldım. Uşaq kimi qəhərləndim, o dəm boğazım qurudu, danışa bilmədim, demək istədim ki, yetim böyümüşəm, Allahın və onun mənə himayədar göndərdiyi insanların köməyi sayəsində içimdə olan pak əqidə-inamın müqabilində Allah Eşqini vəsf edən yaşıma gəlib çıxmışam – amma, deyə bilmədim, qəlbimin döyüntüsünü basan sükut içində Allahımıza dua edə-edə özümdən xeyli cavan olan şeyxin əlindən öpdüm. Sarsılan şeyx başımı qaldırıb məhəbbətlə bağrına basdı. Belə an bir dəfə olur. Lakin gör niyyətim nə qədər saf imiş ki, Allah bir ildən sonra – ömrümün altmış ikisində ikinci məqamı da mənə qismət gördü. “Rəsulumuzun töhfələrini insanların qəlbinə yeritmək sahəsində səmərəli fəaliyyətimə görə” “Tusi” İran mədəniyyəti Mərkəzinin peyğəmbərimizin mövludu münasibətilə keçirdiyi birinci respublika yaradıcılıq müsabiqəsində adım “Peyğəmbər” əsərinin yaradıcısı cəfakeş dahi Hüseyn Cavidlə, gözəl islami biliklər təbliğatçısı professor Vasim Məmmədəliyelə, tanrının səslər dünyasını əlindən alıb, gözlərinə rəng çələnginin nurunu çiləmiş olduğu rəssam Azad Əliyevlə yanaşı ilk laureatların cərgəsində çəkildi və biz Xüsusi mükafata, deməli, ilahi mükafata layiq görüldük. Azərbaycanda İranın fövqəladə və səlahiyyətli səfiri ağayi Nəhavandian cənabları məni bağrına basıb Fəxri diplom və qiymətli hədiyyə təqdim edəndə, yenə içimdə baş qaldıran insani sevinc və Allaha minnətdarlıq hissi boğazımı qurutdu, danışa bilmədim, deyə bilmədim ki, bir neçə gün bundan əvvəl sentyabrın 1-də, o gün ki xalqımızın böyük oğlu, Hacı Zeynalabdin  Tağıyev 1924-cü ildə dünyasını dəyişmiş, 30-da isə mən anadan olmuşam, bax, həmin gün mən, Azərbaycan Jurnalistləri Həmkarlar İttifaqının sədri kimi, böyük mesenatın şərəfinə təsis edilmiş Fəxriyyə Diplomu 51 nəfər sponsor – laureatın cərgəsində birinci olaraq Rəsulumuzun şərəfli adını daşımaq şərəfini 60 ildən bəri göz bəbəyi kimi qoruyub saxlayan Araz təxəllüslü Məmmədimizə təqdim edəndə  haradan bilərdim ki, belə yüksək mükafata layiq görüləcəyəm?  İlahi, Məmməd Arazın necə yüngül ayağı varmış! Və mən hörmətli İran səfirinin öpüşünə cavab olaraq onun allanmış gözəl yanaqlarından öpdüm. Bu da Allah eşqinin emosional təzahürü idi.
Ilahi, vaxt necə sürətlə ötüb!
Səhər isə açılmaq bilmir. Bakı mürgü vurur, yuxu görür. Yuxusunda Şuşanı, Laçını, Xocalını, Kəlbəcəri, Qubadlını, Cəbrayılı, Füzulini görür. Qurcalanır. Ancaq 3 milyonluq şəhər insan deyil ki, qalxıb masa arxasına keçsin və mənim kimi, mükafat eşqinə yazı yazsın. Yaza-yaza düşünsün ki, görəsən niyə Arazın pak suları bu qədər bulanıqdır? – Cavab verirəm: Arazın içi (batini) safdır, o qədər safdır ki, brilyant belə onun zərrəsi yanında tutqun görünür. Arazın suları bulanıq deyil, bu sular duru, durnagözlü bulaqlardan axan həmin o sulardır ki, Allah allahlığı ilə yanğı hiss etsəydi əyilib Nuh babamın izi qalmış qaynayan çeşmələrin gözündən su içərdi. Arazın suyu adi su deyil, yanğılı sudur. Arazın suları öz yanğısını qayaların torpağını yalamaqla söndürür, bu suyun torpaq eşqi gör nə qədər güclüdür ki, tanrı, milyon-milyon illərdir nə Araz torpaqdan duyur, nə də torpağın ehtiyatı tükənir!
Vaxt isə ötür, ötür!
Yadıma müqəddəs mükafatlar üçün şeyxin əlindən, səfirin üzündən öpməyim düşür. Ağzım nədənsə torpaq dadır. Gül-çiçəyin kökündən qoxu çəkmiş qəribə bir dad var torpaqda. Su zərrəciklərdən, torpaq isə tozcuqlardan yaranır. Biz hamımız torpağı sevirik, nə az, nə çox. Ondan yaranmışıq, ona görə də ona dönməliyik, ya gec, ya tez. Kim bilir, Nizaminin, Füzulinin tozu kimin başına, kimin ayağına qonur?
O kimdir ki, ayağı həyatın tozlu yollarında kəpənək kimi yüngülcə süzür, torpağa elə bir zəriflikə toxunur ki, heç kəpənək də gül-çiçəyə beləcə zərifliklə toxunmur?!
O, Məmməd Arazdı, torpağa çəkisi ilə deyil, dühası ilə təmas edir və hər dəfə addımını atanda elə uçunur ki, heç baba da öz nəvəsi üstündə belə uçunnamaz.
Məmməd Araz ona görə torpağa xəfifcə ayaq basmır ki, Allah ona dərd verib, dərdlə imtahana çəkib, təkcə bu deyil, Məmməd Araz bilir ki, bu torpaq Arazın buxar – havası ilə göylərə qalxıb fəzalar dolaşan həmin o tozlardır ki, yağışla, qarla yerə qayıdıb, torpaqda qat-qat qalanır və ayaq basanda yenə tozlanıb havaya qalxır. Bu toz həyat tozudur. O tozlardır ki, suya, o cümlədən Arazın sularına bulanıq rəng və bərəkət verən. O sulara ki, Məmməd Arazın ayağı altından axır, o torpağa ki, Məmməd Arazın kəpənək qanadları kimi titrək ayaqlarından öpüb, ona boy verib, can verib.
Tez ol, vaxt, tez öt. Məmməd Arazın 60 illik bayramını yetir, qoy onun əzab, əziyyət və zillət illərinin cəfası o məqamda bitsin və ömrünün qaranlıqları ilahi nura qərq olsun, ona can sağlığı və sarsılmaz səhhət verilsin. Allah o günü görməyi hamıya qismət eləsin. Mənə isə ömrümün 63-cü ilində, üstəlik üçüncü ilahi mükafatı yetirsin – bu dəfə Məhəmməd ümməti Məmməd Arazın adını daşıyan mükafatı.
Mən, Hacı Zeynalabdin Tağıyev adına Fəxriyyə Diplomunu təntənəli təqdimat mərasimi iştirakçılarının gözləri qabağında hədsiz bir sevinclə yerindən qalxmağa qoymayıb, demək olar ki, önündə diz çökərək, Məmməd Araza təqdim edəndə, onunla öpüşdük. Ürəyimdə dedim: “Allah, sənin əlində nicat və şəfa nə böyük şeydir, güc ver Məmməd Arazın ayaqlarına, qoy sıçrayıb yerindən qalxsın, mənimlə qurşaq yapışsın, basıb altına salsın, kürəyimi yerə vursun, ayağını sinəmə qoyub desin: öp qalibin ayağından!
Öpərəm, vallah! Məmməd Araz kimi şairin ayağına qonmuş toz qanan hər bir adama məlhəmdir. O tozda torpaq ətri var: Torpaqda isə Nizami, Füzuli ətri var. Və mübaliğə etmədən deyirəm: Məmməd Arazın, sizin – hörmətli oxucu, mənim ətrimiz var.
Həyat belədir. Təki ləyaqətlə yaşayaq, kiminsə əlini, kiminsə üzünü, kiminsə ayağını səmimi öpmək. Bu hər kəsə qismət olan səadət deyil. Bunun üçün İlahi eşq yolunda səmərəli fəaliyyət göstərib mükafat almaq gərəkdir.
Ey Allah, mənim ömrümdən kəs, Məmməd Arazın ömrünə cala!
Əvəzində... bu esseyə görə mənə Məhəmməd ümməti Məmməd Arazın adını daşıyan üçüncü ilahi mükafatı qismət elə!
Allah, sən özün üçdən demisən, axı!
Məmməd Arazla mənim aramızda da üçcə yaş fərqi var.
Qoy ötüşək Məmməd Arazla, mən qaçım, o çatsın. Allah mənə güc, ona – böyük şairimizə ümid və təpər versin! Amin!
- Amin! – qışqırıb öz səsimə ayıldım. Sən demə yazı masası arxasında yuxulamış imişəm. Önümdə yazılı vərəqlər vardı. Qələm əlimdən düşmüşdü. Məmməd Arazın “Dünya düzəlmir...” şerlər kitabçası qarşımda açıq dururdu. Şair ilk vərəqə həkk olunmuş şəklindən gülə-gülə mənə baxırdı. Öz kitablarımdan birini açıb şəkillərimizi tutuşdurdum. 3 yaş fərqimiz olsa da xarici görünüşündən mənə uduzurdu. “Di yaxşı, - sanki Məmməd Arazın könlünü almaq istədim, - bilirsən ki, cavanlıqda səndən şuluq olmuşam... İndi mənə gözəl sima lazım deyil, surətimi sənə verirəm... Guya indi ona lazımmış! Şairin vərəqdəki şəkli gülməkdə davam etdi. Ya da ki, hələ yuxulu idim... Mənə elə göründü.
-- Münsiflər heyətindən xahiş et, mənə mükafat versinlər, - tapşırdım. Şəkildəki Məmməd Araz üzünün gülüşü ifadəsini dəyişmədi. – Allah üçdən deyib, - sözümə davam etdim. – Mən üçüncü mükafatımı tələb edirəm. Allaha, onun rəsuluna olan məhəbbətimdən sonra səni, sən Məmməd Arazı, Araz kimi coşqun, dolu əbədi torpağa, ürəyi yerləşən yerdə Naxçıvana bağlı olan Şairi, Alimi, Jurnalist-Redaktoru sevdiyim üçün niyə mənə üc mükafatdan biri düşmür? Qeyri-kafi, qeyri-kafi, qeyrisindən də qeyri-kafiyə layiq deyilmi? Yenəmi sübut tələb olunur? – Yaxşı, – qələmi alıb yazmağa davam etdim, - Hörmətli Məmməd Araz, Naxçıvan üç möcüzə yurdudur. Naxçıvan dünyaya böyük memar Əcəmi bəxş edib. Hə? Utanıb eləmə, təvazökarlıq bir şey deyil, ikinci böyük bəxşiş sənsən. Bəs heç bilirsən üçüncü kimdir? Bəli, odur, - Heydər Əliyevdir, xalqın Atası, Azərbaycan respublikasının üçüncü prezidenti! Allah üçdən deyib, vallah  əvvəldən də elə gərək o olaydı, indi də gec deyil. Yoxsa sənin əlin yüngüldür, Heydər Əliyevin də ayağı xalqa düşür, bax yenə deyirəm: sənin 60 illiyinin ərəfəsində Heydər Əliyev prezident seçiləcək, Heydər Əliyevin prezidentliyi dövründə isə sənin 60 illiyin təntənə ilə qeyd ediləcək. Indi 70 yaşlı Heydər Əliyevlə uzunömürlülükdə yarış. Mükafata gəlincə... Bu balaca esse üçün... Allah göydən baxır...
Vallah,  dünya düzələcək.

23    sentyabr  1993
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws