|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Əlirza   SAYILOV

BİR   DÜNYALIQ   AY   İŞIĞI

Idrakın məşəqqətli yolunda ümumbəşəri ideyaların səciyyəvi inikası kimi gerçəkləşərək, millətin siyasi, iqtisadi müstəqilliyi ilə onun hər bir üzvünün taleyini qırılmaz vəhdət kimi bağlamaq, azad insana layiq azad cəmiyyət qurmaq uğrunda başladığımız qanlı-qadalı istiqlal mübarizəsində, heç şübhəsiz, bizim ziyalılarımızın da məxsusi payı var. Belə ziyalılardan birisi, şair Məmməd Araz haqqında mən bir neçə kəlmə söz demək istərdim. Bizlər idarəvi və əfəndi bir millət olduğumuz üçün dövlətsiz və bayraqsız yaşaya bilmərik. Bizim üçün dövlət onsuz olmayan, onsuz yaşanılmayacaq çörək kimi, su kimi, hətta onlardan da zəruri bir varlıqdır. Bütün bunlar mahiyyət etibarilə millətin min illik tarixini, milli qürur və heysiyyətini təcəssüm etdirən elə atributlardır ki, xalqın ən dəyanətli oğulları bütün bunları öz varlığında qəhredilməz bir amal kimi yaşadır. Vaxtilə şairlərimizdən biri deyib:
            Sabir olmaq çətindir
            Şair olmağa nə var?
Bu mənada mən də belə deyirəm ki, təpədən dırnağadək Məmməd Araz olmaq çətindir, yoxsa ki, şair olmağa nə var?
Məmməd Arazı mən on ildən çoxdur ki, tanıyıram.  Bizim aramızda zarafatımız var. Mən ona böyük qardaş deyirəm, o mənə kiçik qardaş deyir. Təbiətindəki ağır ləngərlikdən doğan xüsusiyyət onu rəhbərlik etdiyi kollektivin gözündə də həmişə eyni siqlətdə saxlayır. Işçilər ona idarə rəhbəri kimi yox, bir ata kimi ehtiram edirlər. Onu da qeyd edim ki, on ildən artıq bir yerdə işlədiyimiz  müddətdə mən hələ indiyədək onun qeybət qırdığını, kiminsə kölgəsini qılıncladığını, məkrli hissiyyatla bir kimsəyə yanaşdığını görməmişəm.
Məmməd müəllimin dostları çoxdur. Amma öz sabitqədəmliyində axıradək vəfalı olan dostlarını qeyd etməmək olmaz. Məsələn, Cəfər Quliyev – Cəfər həkim. Elə həftə olmaz ki, o, Məmməd müəllimlə əlaqə saxlamasın, onun könül ağrılarına diqqət kəsilməsin. Cəfər həkim öz bağında Məmməd Araz guşəsi yaradıb. Əgər Məmməd Araz özü ora gəlməsə, heç kimin orada oturub meyvələrdən bircə dənə də dərməyə haqqı yoxdur.
Onu da deyim ki, indiyədək ona hörmət edənlər içində  Arif Mansurovun məxsusi sədaqətini qeyd etməmək olmaz. O, özü dəfələrlə redaksiyamızda olub, həmişə Məmməd müəllimin hər bir qayğısına müstəsna  həssaslıqla yanaşıb.
Günlərin bir günü qərara gəldik ki, gedək Neftçalaya. O, əvvəllər Neftçalaya bircə dəfə gələrək, İmamverdi Əbilovun qonağı olmuşdu. İmamverdi müəllim dedi ki, vaxtilə S. Vurğun da bura gəlib, amma imkan tapıb Kürlə dənizin birləşdiyi yerə gedə bilməyib. O gün hava elə tufanlı idi ki, Kürlə dənizin qovuşduğu yerə getmək olmazdı. Amma birdən-birə hava elə dəyişdi, birdən-birə elə qəribə gün çıxdı ki, gəmiyə minib seyrə çıxaraq bir dünya ləzzət aldıq, amma bu da qəribə idi ki, oradan qayıdandan sonra yenə aləm bir-birinə qarışdı. Qayıdandan sonra İlyas Pənəliyev onun ayağının altında qurban kəsdi. Daha sonra biz Səlyanda redaksiyada olduq, qız gəlinlər onun başına yığışdı. Maraqlıdır ki, xəstəliyinə baxmayaraq, o, bu dəfə özünü çox sərbəst, əvvəlki vaxtlarda olduğu kimi çox gümrah hiss edirdi. Onda mən zarafatla dedim ki, Məmməd müəllim, deyəsən, buranın havası sizə düşür, vallah, sizi evləndirib elə buradaca saxlayacağam. Onun vəfalı ömür yoldaşı o saat dedi: “Bilsəm əvvəlki ruhu üstünə qayıdacaq, qolumu çırmayıb elə özüm onu evləndirərəm”.
Bayaq qeyd elədim ki, Məmməd müəllimin dostları da çoxdur, həqiqi pərəstişkarları da. Amma neyləyəsən ki, riyakar insanlardan da xali deyil bu dünya. Məsələn, Etibar Məmmədovun prezidentlik ehtimalı olan vaxtlarda bir nəfər (rayon prokurorlarından biri) onun yanına çox gəlib getdi ki, ay səni Türkiyəyə göndərib müalicə etdirəcəyəm, filan şey edəcəyəm və s. və s.  Elə ki, o seçilmədi, həmin adam birdəfəlik yoxa çıxdı.
Jurnalımızın nəzdində “Təbiət ekoloji mətbuat mərkəzi” yaratmışıq. Onun da sədri mən idim. Günlərin bir günü 60 illiyi ərəfəsində mən dəfələrlə xahiş elədim ki, gəlin Məmməd Araz şirkəti açıb, maarifçiliklə, kitab nəşriylə məşğul olaq. Uzun müddət razı olmadı. Sonra razılaşdı. Biz ilk dəfə şairin sağlığında onun adına şirkət təşkil elədik.
Bayaq qeyd elədim ki, şairin nüfuzuna təmənna ilə yanaşan, öz karyerası naminə onun kölgəsində daldalananlar da mövcuddur. Amma çox şükürlər ki,  Məmməd Araz müqəddəsliyinə iman gətirənlərin də sayı az deyil. Bu mənada mən sizə səciyyəvi olan kiçik bir əhvalat danışmaq istəyirəm. Bir dəfə Bakının Nizami rayonunda bir qrup şer divanələri mənə müraciət elədilər ki, onları Məmməd Arazla görüşdürüm. Dedim, mən bu görüşü təşkil edə bilərəm – təşkil elədim də. Onlar sözün həqiqi mənasında Məmməd müəllimin şərəfinə banket verdilər – bu həm şer gecəsi idi, həm də xudmani bir ziyafət. Onlar böyük sevinc və heyrət içində idilər – doğrudanmı biz Məmməd Arazla bir yerdə oturmuşuq!.. Görüşdə Tofiq Abdin də iştirak edirdi. O təklif elədi ki, qoy görüş iştirakçıları içdikləri çay stəkanını Məmməd Arazın stəkanına vurub, sonra onu əziz suvenir kimi  özləri ilə aparsınlar. Təklif hamının ürəyindən oldu. Öz sağlığında tədricən əfsanəyə çevrilən Məmməd Araz sevgisini yəqin ki, bundan da gözəl şəkildə ifadə eləmək mümkün deyil.

1993




 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws