|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
HAQQIN  VAR,  MƏMMƏD  ARAZ,
HAQQIN  VAR   YAŞAMAĞA!

Respublika  prezidenti  Heydər  Əliyev xalq şairinin yaradıcılıq gecəsində iştirak etmişdir
(Heydər Əliyevin çıxışından ixtisarla)
                                    
Xalq şairi Məmməd Araz 40 ildən çoxdur ki, millətimizin mənəvi təkamülündə, gənclərimizin estetik tərbiyəsi yolunda yorulmadan çalışaraq qədim və zəngin ənənələrə malik milli poeziyamıza gözəl töhfələr verir. Şairin dərin fəlsəfi məzmunlu lirikası çağdaş Azərbaycan poeziyasını daha da zənginləşdirmiş, Məmməd Araz istedadının, təfəkkürünün bəhrələri olan yüzlərlə şer milyonların qəlbinə yol taparaq əbədi məskən salmışdır. Təkcə rəsmi təltifləri – xalq şairi, əməkdar incəsənət xadimi fəxri adları, Dövlət mükafatı deyil, bənzərsiz sənətindəki millilik, xəlqilik, ənənəyə sədaqət və novatorluq ona xalq məhəbbəti qazandırmışdır.
Aprelin 16-da M. Maqomayev adına Dövlət Filarmoniyasında keçirilən və Məmməd Araz poeziyasına həsr olunmuş “Azərbaycan – dünyam mənim” ədəbi-musiqili məclisi də müasir şerimizin möhtəşəm, uca və məğrur “vətən daşı” olan böyük sənətkarın yaşamağa, yaratmağa mənəvi haqqını bir daha təsdiqlədi. Məclisdə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev iştirak edirdi.
Dörd saata yaxın davam edən və tanınmış incəsənət xadimlərinin, aktyorların, müğənnilərin, gənc istedadların çıxış etdiyi, gözəl şerlərlə, nəğmələrlə, səhnəciklərlə zəngin olan ədəbi-musiqili məclisin ana xətti bundan ibarət idi ki, öz əsərləri ilə yüksək bədii sənətkarlıq və əsl vətəndaşlıq qeyrəti aşılayan, doğma Vətəni sonsuz məhəbbətlə sevən, qüdrətli qələmilə xalqımıza sədaqətlə xidmət edən Məmməd Arazın poeziyasını Azərbaycan torpağından, tariximizdən, el-obadan ayrı təsəvvür etmək çətindir.
Məclis iştirakçıları Məmməd Arazın  Almaniyada müalicə olunmasına böyük diqqət və qayğı göstərdiyinə görə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevə minnətdarlıqlarını bildirdilər.
Məclisdən sonra respublika prezidenti Heydər Əliyev Məmməd Arazla və ədəbi-musiqili gecənin iştirakçısı olan bir qrup ziyalılarla görüşüb söhbət etdi.
Dövlət başçısı ədəbi-musiqili məclisin çox gözəl keçdiyini, xüsusən “Dünyam mənim...” mahnısının sözlərini də, musiqisini də bəyəndiyini söyləyərək dedi ki, o mahnını həyəcansız dinləmək mümkün deyil.
Söhbət zamanı fəxri adların verilməsi məsələsindən söz düşdü. Prezident görkəmli ziyalılara müraciətlə dedi ki, mən istəyirəm bir qərara gələsiniz, görüm bundan sonra fəxri adlar vermək olar, ya olmaz. Ona görə də özüm qərar qəbul etmək istəmirəm. Ancaq bizim adət-ənənəmiz var. Indi belə çıxır ki, keçmişdə ad verilmiş bəzi şairlərimiz xalq şairidir, ondan sonra gələnlər isə xalq şairi deyil. Və yaxud, bəzisi xalq artistidir, ondan sonra gələnlər xalq artisti deyil.
Heydər Əliyev sözünə davam edərək dedi:  Ona görə mən baş nazirin müavini Elçin Əfəndiyevə dedim ki, yazıçılar, bəstəkarlar, rəssamlar, elm adamları yığışıb, məsləhətləşin. Əgər bu adət-ənənə davam edəcəksə, onda siz bir təklif verin, mən də fərman verim, bunu davam etdirək. Yaxud da müəyyən qədər məhdudlaşdırmaq olar. Yox, əgər davam etməyəcəksə, onda yığışaq, ümumxalq fikrini ifadə edib bir qərar qəbul edək ki, daha bundan sonra olmayacaqdır. Mən bir prezident kimi istəmirəm müstəqil qərar qəbul eləyəm. Istəyirəm xalqın fikrini biləm, siz ziyalıların fikrini biləm. 
Prezident xalq şairi Bəxtiyar Vahabzadənin, Yazıçılar Birliyinin sədri Anarın, xalq artisti Mikayıl Mirzənin və başqa ziyalıların rəylərini dinlədikdən sonra dedi:
-- Ancaq bu günkü görüşümüzün əsas məqsədi bu mövzu deyil. O mövzudur ki, bu gün biz bir daha Məmməd Arazın  Azərbaycan xalqının mədəniyyətinə, ədəbiyyatına verdiyi töhfələri gördük, eşitdik və bunların xalqımız üçün nə qədər faydalı, gərəkli olduğunu bir daha bildik, bir daha dərk etdik ki, Azərbaycan xalqının həyatında Məmməd Arazın yaradıcılığının nə qədər böyük əhəmiyyəti var. Həqiqətən belədir. Dünən mən Bəxtiyar Vahabzadə ilə görüşüb söhbət edirdim. Bir neçə ay ərzində mən çox fikirləşirəm ki, bizim ziyalıların, mədəniyyət xadimlərinin, elm xadimlərinin cəmiyyətdə hörmətini qaldırmaq lazımdır. Çünki xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır. Şübhəsiz ki, xalqın tarixində sərkərdələrin də, siyasətçilərin də böyük rolu var. Ancaq xalq həmişə mədəniyyəti ilə, elmi ilə tanınıb və keçmiş tariximiz də bunu sübut edir. Buna heç kəsin də şübhəsi yoxdur.
Son illər bizim mədəniyyətimizə, elmimizə, şerə, ədəbiyyata diqqət azalıb, qayğı azalıb. Bilirsiniz, bu axşam bizim üçün nə qədər böyük bir mənəviyyat axşamı oldu! Indi hardasa nə qədər danışasan, əylənmək istəyəsən, ürəyini açmaq istəyəsən – bu cür zövq ala bilməzsən, nə qədər ki, bu gün biz zövq aldıq. Mənəviyyatı bu qədər dərindən dərk edə bilməzsən. Çünki bu gün mədəniyyətimizin, ədəbiyyatımızın böyük nümunələri səsləndi, canlandı, gözümüz önünə gəldi və biz özümüz-özümüzü bir daha qiymətləndirdik, tanıdıq.
Belə şer gecələri, ədəbiyyat gecələri, belə görüşlər mənə elə gəlir ki, xalqımızın həyatının, tarixinin bu dövründə xüsusilə lazımdır. Çünki mənəviyyat bəzi yerlərdə çox tapdalanıb, unudulubdur, əxlaq pozulubdur. Bir tərəfdən bunun obyektiv səbəbləri var – həyat çətindir, ağırdır, müharibə şəraitində yaşayırıq. Ikinci tərəfdən də cürbəcür ictimai-siyasi proseslər, iqtisadi çətinliklər buna müəyyən şərait yaradıbdır. Ancaq biz bunların qarşısında təslim ola bilmərik, geriyə çəkilə bilmərik. Biz əksinə, çətinliklərə qarşı yeni addımlar atmalıyıq. Bu addımlarla mədəniyyətimizi, ədəbiyyatımızı, incəsənətimizi nə qədər yüksəltsək, onun hörmətini, ziyalının hörmətini nə qədər qaldırsaq, o qədər də bu bəlalardan, çətinliklərdən, cəmiyyətimizdə olan bu mənfi cəhətlərdən tez xilas ola bilərik. Buna görə də mən hesab edirəm ki, belə görüşlərə, belə gecələrin keçirilməsinə böyük ehtiyac var və Məmməd Araz poeziyasının bu günkü məclisi mənə elə gəlir ki, Azərbaycanın mədəniyyət tarixində, mədəni həyatında, ictimai həyatında böyük, görkəmli bir hadisədir. Təbrik edirəm səni, Məmməd Araz! Bu gün sənin yaradıcılığının hamısını yox, bir qismini nəzərdən keçirdik, gördük.
Sizə səmimi deyirəm, mən həyəcansız otura bilmirdim. Hər adam belə şeylərə bir cür reaksiya verir. Mən şerə də, mahnıya da çox hissiyyatlı adamam. O misraları, o sözləri, o musiqini həyəcansız dinləyə bilmirdim. Bizim mədəniyyətimizin nə qədər dərinliyi var, yüksəkliyi var! Biz nə qədər zənginik! Biz özümüz-özümüzü çox vaxt qiymətləndirə bilmirik. Xalqımızın zəngin mədəniyyəti keçmişdə də olub, bu gün də var, ümidvaram ki, gələcəkdə də olacaqdır. Mənim buna heç bir şübhəm yoxdur.
Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Xəlil Rzanın – bu üç şəxsin adını mən fərəhlə çəkirəm. Dünən mən üç fərman vermişəm. Bildiyiniz kimi, müstəqil Azərbaycanın ən yüksək ordeni “İstiqlal” ordenidir. İndiyə qədər bu ordenlə heç bir vətəndaş, heç kəs təltif olunmayıbdır. Dünən isə mən fərman verərək Məmməd Arazı, Bəxtyar Vahabzadəni, mərhum Xəlil Rzanı “İstiqlal” ordeni ilə təltif etmişəm. Bu bir təsadüf, yaxud da ki, birdən meydana çıxmış, mənim tərəfimdən birdən qəbul olunmuş qərar deyil. Bu haqda mən çox düşünürdüm. O mənada ki, biz milli azadlığımız uğrunda çalışmışıq, vuruşmuşuq, mübarizə aparmışıq. Amma bu mübarizə bəzən açıq getməyibdir, bəzən qəlblərdə gedibdir, bəzən o üstüörtülü yazılarda gedibdir.
Bilirsiniz, milli azadlığa nail olmaq üçün, xüsusən bizim xalqımızda milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır. Bu da asan bir proses deyildir. Çox vaxt tələb eləyən prosesdir. Yaşadığımız o rejim dövründə bu prosesə açıq təkan vermək də çətin idi. Ancaq Məmməd Araz, Bəxtiyar Vahabzadə, Xəlil Rza kimi insanlar öz yaradıcılığı ilə bu sahədə çox işlər görüblər. Ona görə mən düşündüm: biz müstəqillik qazanmışıq, respublikamız müstəqil dövlətdir, xalqımız milli azadlığını əldə edibdir. Bu milli azadlığın, müstəqilliyin əldə edilməsində şübhəsiz ki, xalqımızın hamısının – hərənin öz yeri, hərənin öz payı, hərənin öz xidməti var. Ancaq elə şəxsiyyətlər var ki, onlar bu işin, bu prosesin yaranmasında, formalaşmasında, inkişaf etməsində xüsusi xidmət göstəriblər. Və bunlar, mən hesab edirəm ki, yenə də mədəniyyətimizin, ədəbiyyatımızın, şerimizin içində olubdur.
Şübhəsiz ki, insanları şer qədər, ədəbiyyat qədər, mədəniyyət nümunələri qədər güclü təsir edən, yəni insanların mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur. Bu vasitədən xalqımız keçmişdə də istifadə edibdir. Bizim mütəfəkkir insanlarımız, şəxsiyyətlərimiz, böyük adamlarımız, yazıçılarımız məhz bununla fəxr edirlər ki, onlar xalqın içindən çıxaraq, böyük mədəniyyət, ədəbiyyat, şer nümunələri yaradaraq xalqı oyadıblar, qaldırıblar, ruhlandırıblar, mübarizəyə dəvət ediblər.
Keçmiş tariximiz bundan ibarətdir. Bu dövrdə də, – məsələn, mən götürürəm 50-ci, 60-cı, 70-ci illəri. Ondan qabaqkı dövrün də özünəməxsus xüsusiyyətləri var, – burada mən hesab edirəm ki, çoxlarının xidməti var. Guman edirəm, indi mən dünənki fərmanlarda bu yolu açmışam. Biz bu yolu, cığırı daha da genişləndirəcəyik. Ancaq bütün bu proseslərin ən qabağında gedən, insanların ürəyinə, qəlbinə təsir edə bilən bizim ədəbiyyatımız olubdur, şerimiz olubdur və həmin şerlər, həmin sözlər, doğrudan da, xalqımızda, millətimizdə milli ruhu oyadıbdır, milli əhval-ruhiyyəni canlandırıbdır, milli dirçəliş prosesini gücləndiribdir. Məhz bunların nəticəsində bizdə milli psixologiya, milli ideologiya formalaşmağa başlayıbdır.
Bəlkə bu milli psixologiya, milli ideologiya indi böyük bir sistem şəklində deyil, yəni bir sənəd, bir kitab, bir proqram yoxdur. Amma bu olmalıdır və biz bunun uzərində işləyirik. Şəxsən mən buna xüsusi fikir verirəm. Ancaq indi bunları toplayıb, sistemləşdirib formalaşdırmaq üçün bizim böyük bir sərvətimiz var.  O sərvət də bizim mədəniyyətimizdə, ədəbiyyatımızda, xüsusən şerimizdə olan, bax bu fikirlər, bu çox dəyərli sözlərdir. Bu sözlərin sahibləri çoxdur. Ancaq bu gün mən Bəxtiyar Vahabzadənin adını çəkirəm, Məmməd Arazın adını çəkirəm, mərhum Xəlil Rzanın adını çəkirəm.
Dövlətimiz müstəqil dövlətdir, formalaşır. Onun özünün yüksək mükafatları var. Ən yüksək mükafat təsis olunub – bu, “İstiqlal” ordenidir. Kimə birinci çatmalıdır bu orden? Mən bir neçə aydır bu haqda  düşünürəm, çox götür-qoy eləmişəm və xeyli müddət bundan qabaq belə qərara gəlmişəm ki, bu orden bax, bizim şəxsiyyətlərimizə çatmalıdır. Şəxsiyyətlərimiz birinci növbədə buna layiq görülməlidirlər. Buna görə də dünən mən fərmanlar verdim. Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsində xüsusi xidmətlərinə görə hörmətli şairimiz Bəxtiyar Vahabzadə, hörmətli şairimiz Məmməd Araz və çox hörmətli şairimiz, mərhum Xəlil Rza bu ordenlə təltif edildilər. Güman edirəm ki, mən doğru addım atmışam və hesab edirəm ki, xalqımız, ictimaiyyətimiz bunu yaxşı qarşılayacaq. Mən artıq bu gün aldığım  məlumatlardan hiss eləyirəm ki, bunu yaxşı qarşılayacaqlar. Ona görə də sizi təbrik eləyirəm. Məmməd Araz, səni təbrik eləyirəm. Bəxtiyar, səni təbrik eləyirəm. Sizin uzun illər həqiqətən xırda-xırda, misra-misra, damcı-damcı yaratdığınız əhval-ruhiyyə Azərbaycan xalqını gətirib bu günkü vəziyyətə çıxartdı.
Doğrudur, bəzən bu yazılarınıza görə siz sıxılmısınız da, təqib olunmusunuz da, sizi incidiblər də, sizə kəm baxıblar da, sizi açıq və ya gizli tənqid də eləyiblər. Ancaq mənə belə gəlir ki, Məmməd Arazın, Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın qəhrəmanlığı (mən bu sözü tam cəsarətlə deyirəm) elə ondan ibarətdir ki,  onları heç bir şey qorxutmayıbdır. Onların qarşısını heç bir şey kəsməyibdir. Onlar öz işlərini görüblər. Xırda-xırda, çox incə, çox zərif görüblər və məhz bu incəliyə, zərifliyə, nazikliyə görə də sizin bu fikirləriniz bizim vətənpərvər insanlarımızın, xalqımızın ürəyinə yol tapıbdır.
Məmməd Arazın şerini nə üçün bu qədər sevir insanlar? Axı, şeri insanlara zorla sevdirmək olmaz. Nə üçün sevirlər? Mən keçmişdə də bunu hiss edirdim. Uzun müddət Azərbaycanda olmadıqdan sonra, 90-cı ildə Azərbaycana qayıtdıqdan sonra, hara gedirəm – Məmməd Arazın şerləridir. O vaxt bizdə çox coşqun ictimai-siyasi vəziyyət yaranmışdı. Insanlar 20 Yanvar hadisələrindən sonra çox coşmuşdular. Çox inciklik var idi cəmiyyətdə. Eyni zamanda milli azadlıq ruhunda fikirlər daha açıq deyilirdi. Hər yerdə Məmməd Arazın, Bəxtiyar Vahabzadənin şerləri oxunurdu. Başqalarının da. Şübhəsiz ki, indi mən şəxsiyyətlər haqqında danışıram. Bu şəxsiyyətlər artıq bizim Azərbaycanın hər bir guşəsində təqdir olunublar və ona görə də deyirəm ki, sizin keçmişdə olan bütün o əzab-əziyyətləriniz, çəkdiyiniz zəhmətlər hədər getməyib, öz nəticəsini veribdir. Nəticə odur ki, Azərbaycan öz müstəqilliyini əldə edibdir, milli azadlığına nail olubdur. Azərbaycan müstəqil dövlətdir.
Burada olanların çoxu keçmişdə də ordenlər, medallar alıbdır. Mən hesab edirəm ki, bütün dövlətlərin, bütün dövrlərin ordenlərinə, medallarına, mükafatlarına hörmət etmək lazımdır. Heç bir şeyi qaralamaq olmaz. Mən belə fikirdəyəm. Hörmət etmək lazımdır və kim keçmişdə hansı ad alıbsa – mən ona hörmət edirəm. Kim keçmişdə hansı orden alıbsa – mən ona hörmət edirəm. Nə cür ola bilər ki, biz bunları unudaq? Unuda bilmərik. Ancaq bunula yanaşı, müstəqil Azərbaycan dövlətinin bu mükafatı, şübhəsiz ki, bütün mükafatlardan əziz, onların hamısından üstündür. Onları da qiymətdən salmaq olmaz, onları da unutmaq olmaz. Hərəsinin öz yeri var. Hər tarixi mərhələnin öz yeri var. Mən ümidvaram ki, müstəqil Azərbaycan yaşayacaq, mən ümidvaram ki, Azərbaycan xalqı daim müstəqilliyini qoruyub saxlayacaq və müstəqil Azərbaycanın ilk “İstiqlal” ordeninə layiq görülmüş şəxsiyyətlər Azərbaycan xalqının tarixində indi olduğu kimi, gələcəkdə də öz yerlərini tutacaqlar. Mən sizi bir daha ürəkdən təbrik edirəm.
Fürsətdən istifadə edib ziyalının cəmiyyətdə rolu barədə bir neçə kəlmə də demək istəyirəm. Son illər bu proseslər o qədər gərgin keçib, qarmaqarışıq olubdur ki, ziyalı adamın cəmiyyətdə rolu aşağı düşüb. Ziyalıya hörmətsizlik halları çoxalıb. Məsələn, bizim Azərbaycan xalqının ən yüksək adət-ənənələrindən biri odur ki, həmişə ağsaqqala, böyüyə hörmət olub. Mən o vaxtlar burada, Azərbaycanda işləyən zaman, keçmiş dövrdə Moskvadan bəzi nümayəndələr gəlirdilər, gedirdilər bizim rayonlara, şəhərlərə, kəndlərə, sonra gəlib mənə öz təəssüratlarını söyləyirdilər, çox şeyə heyran olduqlarını deyirdilər. Onları ən çox heyran edən nə idi? Deyirdilər “burada böyüyə hörmət var. Məsələn, kənddə,  yaxud şəhərin bir qırağında cavan adamlar oturublar, biz gələn kimi hamısı ayağa durur”. Mənə deyirdilər ki, Rusiyada belə şey yoxdur. Böyük gəldi, kiçik gəldi – heç kəs ayağa durmur. Amma sizdə böyüyün ayağına dururlar. Bunu Rusiyadan, Moskvadan gəlmiş adamlar böyük bir hadisə kimi qeyd edirdilər. Biz isə           adət-ənənələrimizə o qədər öyrəşmişik ki, bunu adi bir şey hesab edirik.
Amma biz bunları unuduruq. Indi görürsən küçədə cavan bir adam – heç bir xidməti, heç bir haqqı olmayan gənc ağsaqqal bir adamı təhqir edir, ziyalıya ağır söz deyir. Son illərdə bax bu proseslər zamanı bizim ziyalılarımız nə qədər təhqir olunublar.
Bunları mən o vaxtlar kənardan da, uzaqdan da görürdüm, ürək ağrısı ilə hiss eləyirdim. Cəmiyyət böyükdür, xalq böyükdür. Indi bizdə yeddi milyon əhali var. Bunların hamısı bizim cəmiyyətdir. Amma xalqın içərisindən çıxan bu ziyalılar tək-təkdir. Bunlar kütləvi deyil axı! Ziyalı kütləvi ola bilməz. Alimdir, şairdir, bəstəkardır, rəssamdır, yazıçıdır, artistdir – bunlar fitri istedada malik olan nadir adamlardır və öz mədəniyyəti, yaradıcılığı, fəaliyyəti ilə bizim cəmiyyətin mədəni səviyyəsini qaldırırlar. Bu adamları təhqir etmək, onlara hörmət etməmək son illərdə cəmiyyətimizdə olan əcaiblikdir. Biz bunlara son qoymalıyıq.
Ziyalının hörməti qalxmalıdır, müəllimin hörməti qalxmalıdır, şairin, yazıçının, alimin hörməti qalxmalıdır. Onlar hörmətli olmalıdırlar həmişə. Bu məsələ məni narahat edir. Bu, şübhəsiz ki, sizdən asılı deyil – siz hamınız ziyalı adamlarsınız. Bu, bizim cəmiyyətdən asılıdır, bizdən asılıdır. Biz öz hərəkətlərimizlə, öz münasibətlərimizlə, öz tədbirlərimizlə gərək ziyalıların cəmiyyətdə hörmətini  qaldıraq.
Sizdən gizlətmirəm, mənim işim çoxdur. Mən buradan işə qayıdacağam. Sabah xaricə gedəcəyəm, orada bir neçə görüşüm olacaqdır. Amma buna baxmayaraq – mən heç də minnət qoymuram – böyük məmnuniyyət hissi ilə buraya gəlmişəm və gəldiyimdən də çox razıyam. Ona görə ki, birincisi sizinlə bir yerdəyəm, ikincisi də Məmməd Arazın şerlərini götürüb oxuyursan, amma Mikayıl Mirzə kimi oxuya bilməzsən axı. Mikayıl Mirzə oxuyanda sənə daha güclü təsir edir.  Və yaxud Zəlimxan Yaqub dediyi kimi, bunu sən özün qavraya bilməzsən.
Ona görə də bu gün mən buradan böyük mənəvi qida aldım. Məmməd Arazın yaradıcılığı ilə,  bizim mədəniyyət xadimləri ilə təmasda olmaq, görüşmək, söhbət etmək dövlət adamı kimi mənim üçün böyük bir hadisədir. Belə tədbirləri gələcəkdə də keçirmək lazımdır. Bizim Prezident Aparatındakı işçilərə də bunu tapşırmışam və güman edirəm ki, yaradıcılıq təşkilatlarımız da soyumamalı, geri çəkilməməli, çətinliklərə görə ruhdan düşməməlidirlər. Bunlar hamısı keçib gedəcəkdir. Bizim mədəniyyətimiz də qalxacaq, yazıçılarımız da yenə yazacaq, jurnallar da çıxacaq, yaxşı-yaxşı romanlar da, şerlər də dərc ediləcək – hamısı olacaqdır. Dünən mənə Bəxtiyar Vahabzadə deyir ki, dörd ədəbiyyat jurnalı var, biri də çıxmır. Indi gör dünya nə günə gəlib düşübdür, “Ədəbiyyat və incəsənət” qəzetini mən həmişə çox böyük hörmətlə oxuyardım. Xatirimdədir, Moskvada yaşadığım vaxt Azərbaycan qəzetlərinə abunə yazılmışdım, göndərirdilər. Hamısına baxmağa vaxtım yox idi. Amma “Ədəbiyyat və incəsənət” qəzetini  mütləq oxuyurdum, tamamilə oxuyurdum. Indi bu “Ədəbiyyat” qəzeti çıxmır. Amma di gəl, elə adamlar peyda olublar ki, hərəsi bir qəzet çıxarır, ağızlarına gələni də yazırlar. Bu da bizim cəmiyyətə heç lazım deyil.
Şübhəsiz ki, bu, bizə də haqq qazandırmır, bəraət vermir. Ancaq eyni zamanda, Yazıçılar İttifaqı da, bizim ziyalılar da çalışmalıdırlar, çarpışmalıdırlar. Mən belə hesab edirəm ki, məsələn, “Ədəbiyyat qəzeti” əgər normal əvvəlki qaydada çıxsa, orada dərc olunan yazılar, şerlər, məqalələr, hekayələr bu ağır dövrdə insanların həyatına çox kömək edə bilər.
Prezident müğənni Niyaməddin Musayevə müraciətlə  dedi ki, Məmməd Arazın şerləri şübhəsiz ki, çoxdur. Amma “Dünya sənin, dünya mənim...” kimisi yoxdur. Sən də böyük bir sənətkarsan. Niyaməddin, başqalarına bənzəməyən, özünəməxsus sənətkardır. Sənə Azərbaycan  xalq artisti adını verəcəyəm.
Heydər Əliyev əlavə etdi ki, sənin başqa xidmətlərin öz yerində, amma bu mahnını çox gözəl yazmısan, çox gözəl də oxuyursan. Bunu səndən savayı heç kəs oxuya bilməz. Məmməd Araz fəlsəfəsini musiqi tutubdur. Bu fəlsəfə şerdə də var, musiqidə də var. Elmimiz, mədəniyyətimiz, ədəbiyyatımız xalqımızı tanıdır, xalqımızı yaşadır. Mən bir daha elmimizə, ədəbiyyatımıza, mənəviyyatımıza, mədəniyyətimizə hörmət və ehtiramımı bildirirəm. Bir daha sizi təbrik edirəm.
Prezident xalq şairi Məmməd Araza müraciətlə dedi: – Sənə yaxşı yol arzulayıram. Sağ-salamat gedəsən, gümrah qayıdıb gələsən!

1995
 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws