|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Fərəməz   MAQSUDOV

QILINCDAN   GÖYƏRMİŞ   QƏLƏM

Ədəbiyyatı  bir çaya bənzətsək, böyük sənətkarlar onun kükrəyən, köpüklənən, şahə qalxan dalğalarıdır. Ümumi axında öz görkəmləri ilə, öz səsləri, melodiyaları ilə fərqlənən də onlardır. Ədəbiyyatda məktəb, ədəbi istiqamət yaradan da bu cür sənətkarlardır.   
Əsrarəngiz  60-cı illərin poeziyamıza gətirdiyi novator şairlərdən biri də Məmməd Araz oldu. Şerə Səməd Vurğun cazibəsi ilə gəlsə də, tez bir zamanda bu cazibənin sehrindən çıxa bildi; öz yolunu, öz istiqamətini qərarlaşdırdı. Bu yolu obrazlı şəkildə izah etsək, Məmməd Araz Səməd Vurğun sadəliyi ilə Füzuli dərinliyini heyrətamiz şəkildə birləşdirdi, deyə bilərik. Bu iki zirvə arasında öz zirvəsini ucaltdı və təvazökarlıqla bu zirvəyə “Məmməd Araz qayası” adını verdi.
Füzuli – bayatı, ustadnamə dərinliyini, müdrikliyini, fəlsəfəsini, obrazlılığını qəzələ köçürdüsə, Məmməd Araz bütün bu xüsusiyyətləri yenidən qoşmaya, hecaya qaytardı. Bu baxımdan Məmməd Araz yaradıcılığının əsas sanbalını, siqlətini məhəbbət lirikasının təşkil etməsi təsadüfi sayılmasın gərək.
Nə vaxtsa bir qıyqacı baxışdan tutuşmuş Məmməd Araz məhəbbəti get-gedə böyüdü, Nursu boyda, Naxçıvan boyda, Azərbaycan boyda bir alova çevrildi. Vətən panteizmi – ilahi eşqi Məmməd Arazda panvətənizm şəklində üzə çıxır. Elə buna görədir ki, Füzuli üçün “yarın səri-kuyi” olan Vətən Məmməd Araz üçün yarın özüdür. Füzulidə Tanrı və Yar məfhumları qovuşduğu kimi, Məmməd Arazda da Vətən və Yar məfhumları qovuşur. Özü də Məmməd Araz üçün Vətən – mücərrəd və donmuş bir şey deyil; tarixi prosesdə və inkişaf-geriləmə  dialektikasından götürülüb təqdim edilən bir anlayışdır. “Məndən ötdü...”, “Azərbaycan deyiləndə”, “Ayağa dur, Azərbaycan” və onlarla başqa şerlər, sanki Azərbaycan adlı bir ölkənin, bir millətin poetik tarixidir.       
Məmməd Araz qələmi işlədikcə itiləşir, kəsərdən düşmür. Bunun səbəbini şair özü çox gözəl izah edib:
            Xətainin qılıncını suvardım,
            Məmməd Araz karandaşı göyərdi.
Böyük Füzuli kimi Məmməd Araz da burada poetik sözün çoxmənalılığından istifadə edib. “Suvarmaq” sözü həm ağacı suvarmaq, həm də polad suvarmaq mənasında işlənib. Xətainin suvarılmış polad qılıncından Məmməd Araz karandaşı möhkəmlik, sərtlik, kəsər alıb. Cünki suvarılmış polad -  ən bərk poladdır.
Qırx ildən artıq qələm çalan Məmməd Araz ilhamı, Məmməd Araz məhəbbəti, Məmməd Araz təbi köhnəlmir, qocalmır, tükənmir, dəbdən düşmür, alovunu, istisini itirmir.  Sanki şairin poetik ilhamında  Günəş kimi nüvə reaksiyası gedir; Məmməd Araz ilhamının hər şeyi əhatə edən alovu da Günəş kimi ancaq isitməyə, qızdırmağa xidmət edir;  Məmməd Araz poetik məktəbinin  özəlliyi də elə bundadır.

1999
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws