Bəxtiyar VAHABZADƏ
ƏZİZİM MƏMMƏD ARAZ!
12 oktyabr (2001) tarixli “Ədəbiyyat qəzeti”ndə bir silsilə yeni şerlərini oxudum. Şükürlər olsun ki, Allahın sənə bəxş etdiyi böyük istedad zamanın sənə nəsib etdiyi xəstəliyin kürəyini yerə vurur və sən 20-30 il əvvəlki qüdrətlə yaradıcılığını davam etdirirsən. Bir də məni sevindirən odur ki, həmişəki kimi bu gün də bizim mübarizə hədəfimiz əksər hallarda üst-üstə düşür.
Oxuduğum bu şerləri mən məhz bu günün təzahürü, bu günün sözü adlandırardım.
Beləcə qulaqlar doldu yalanla;
Yerini dəyişdi satan alanla,
Yerini dəyişdi alan satanla.
... Ağızdan, kağızdan göyərir yalan;
... Daha öz-özünə hönkürür yalan.
Kimdi yalanı əkib-biçənlər?
Dərin müşahidədən doğan bu şerlər bizi özümüz və içində yaşadığımız mühit haqqında düşünməyə, həm də dərindən düşünməyə vadar edir. Nədir şahidi olduğumuz bu təzadlar? Və biz bu təzadlar içində hara gedirik? Hər bir namuslu adam indi bu haqda düşünür.
Əziz dost, sən ədəbiyyata gəldiyin gündən mən səni sevmiş və həmişə izləmişəm. Bu müddət ərzində sən özün açdığın öz yolunla getmiş, tutuquşu kimi ağızdan söz qapmamış, yalnız öz ürəyinin sözünü demisən. Odur ki, “Avtobioqrafiyama əlavə” şeri sənin öz həqiqi xarakterinin bir mühüm cizgisini təsdiq edir:
Xəyanət nə, badalaq nə - tanımadım,
Qibtələr nə, həsədlər nə - uzaq, uzaq.
Paxır nədi, paxıllar nə - heç görmədim –
Və bunların hamısına qoşul deyən
Təriflərə yem olmadım.
Haqlısan, əziz dost! Elə buna görə də biz səni çox sevirik.
2001