|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 

Yaşar   QARAYEV

ÖN  SÖZ  ƏVƏZİ

DEYİRLƏR, Günəşin işığı və istisi kimi insanın əsəbi və ağrısı da mənəvi zərrələrə çevrilib Planete, Efirə yayılır. Ən etibarlı mənəvi yaddaşda – Kosmosda bütün dövrlərin ağrı və əsəb impulsları – dalğaları yaşayır. Odur ki, sənətkar bütün dövrlərin ağrısını qəbul edə və bizə göstərə bilir... böyük sənət əsəri də sənətkar dünyaya yayılan o ağrını  və  əsəbi səhvsiz   əbədi dalğada tutan zaman və poetik haraya çevriləndə yaranır...  
Məmməd Araz ədəbi yaradıcılığa  1952-ci ildə  “İnqilab və mədəniyyət” jurnalında dərc olunan “Yanın işıqlarım” adlı ilk şerlə başlamışdır. “Vətən torpağı”, “Şerə gətir”, “Necə unudum səni”, “Mən Araz şairiyəm” – “ Məmməd İbrahim” imzası ilə nəşr etdirdiyi bu şerlər hələ ənənəvi məhəbbət, vətən və təbiət lirikasının tanış nümunələri idilər.
“Mən də insan oldum”, “Əsgər qəbri haqqında ballada”, “Atamın kitabı” artıq epik formada, lakin eyni fəlsəfi-psixoloji səpkidə yazılmış poemalardır.
Fərariliyin ən bədnam çeşidi - əcdaddan üz çevirməkdir, kökdən, mənşədən, “mən”dən fərar eləməkdir, milli hafizədə, mənəvi yaddaşda ( yəni əsəbdə, qanda, kökdə) “skleroz” olmaqdır. Yaddaşı olmayan ədəbiyyat yalnız yaddaşı olmayan xalqın nəsibidir, siması olmayanın tarixi taleyi, zatı və nəsli, əsli və nəcabəti olmayanın alın yazısıdır. Üfüq, səma, göy daş saxlamadığı kimi, mənəvi və əxlaqi boşluq da yaddaş saxlamır.
Millət – genetik səviyyədə, yaddaş – ağrı səviyyəsində dərk olunmuş vəhdətdən və bütövlükdən başqa bir şey deyildir. Yalnız yaddaş olan yerdə sabitlik və tamlıq var, nəsillər və əsrlər, ilahi və bəşəri dəyərlər və sərvətlər arasında əlaqə və estafet var. Əslində nəinki təbiət və insan, ekologiya və poeziya da yaddaşdır. Şəhid – ölümü ilə, şair ağrısı ilə yaddaşa qaynayıb-qarışır. Və yaddaşın ömrü bir vicdana və haqqa xidməti qədərindən, bir də qədir-qiymətə, qeyrətə çevrilən anların cəmindən yaranır. Artıq gör neçənci əsrdir ki, İsa da və Məhəmməd də, Qorqud da və Şekspir də bir haqqın, bir də yaddaşın dərgahında yaşayır. Daha doğrusu, tarix, zaman hər yerdən axıb, sürüşüb gedir, bir yaddaşa ilişəndə iz qoyur, qeyrətdə əbədiləşir və abidələşir.
Əsl, həqiqi, böyük Poeziya isə ümumbəşəri yaddaşdır. Və məncə, Məmməd Arazın şeri də düşüncədə, əxlaqda və qeyrətdə belə yaddaşın şerdə ifadəsidir.
Poeziyanın dumduru, şəffaf bulağı başına o, Arazın bulanıq və paralı sahilindən ayrılıb gəldi, özü ilə poeziyaya Arazın dərdini, ağrısını da gətirdi. Özü də tarixdən və təbiətdən, ana dilindən, bayatıdan, folklordan axan bir Araza döndü – Məmməd Araz!
O, hələ yeniyetmə ikən ilk dəfə Arazı və Şahbuzu “Anamın nəğməsi” kimi dinlədi, torpağı və təbiəti “Atamın kitabı” kimi oxudu. Dərslik yox, dağ-daş özü ekoloğiya - əlifba kitabı oldu. Lap uşaqlıqdan mehrini və meylini nəbatət elminə saldı, qələmi də bir pöhrə kimi çəməndən, çöldən, meşədən göyərdi, ədəbiyyat yox, coğrafiya fakültəsinə daxil oldu. “Azərbaycan” yox, “Azərbaycan təbiəti” dərgisinə redaktor oldu! Poeziyada yeni təbii iqlimin – çağdaş ekoloji təfəkkürün ilk təməl daşlarını qoyanlardan biri Məmməd Araz oldu.
Belə ki, Məmməd Arazın hələ “Atamın kitabı” poemasında, həmçinin, “Babək qılıncı” və “Qarabağ düzü” şerlərində təbiət xəyala dalır, düşünür, dil açır və danışır. Vətənin tarixi və taleyi kimi, əbədi, müqəddəs ana kimi, insanlığın özü və rəmzi kimi təhlil və tərənnüm olunur. Xüsusən, “Atamın kitabı” yalnız sərlövhəsi ilə yox, məzmununun müəyyən məqamları ilə də məşhur bir əsərin adını yadımıza salır. “Anamın kitabı”nda (Cəlil Məmmədquluzadə) təhlil olunan milli və ictimai ideallar təbii, gur işıq axarı kimi burada məhz “təbiət” adlanan aynada “sınır” və eyni vaxtda həm də təbiətdən “qayıdan” şüa kimi müştərək, qoşa “yaddaş yükü”nü özündə cəm edir:
Mən uca dağlara babam demişəm.
Çünki şairə görə, məhz:
                               Çaylar Bethovenə, Üzeyir bəyə,
                               Dağlar babalara vüqar veribdi,
                               Simfoniya veribdi,
                               Qatar veribdi.
“Vətən torpağı”, “Şerə gətir”, “Necə unudum səni”, “Mən Araz şairiyəm” – hələ “Məmməd İbrahim” imzası ilə nəşr etdirdiyi bu şerlərdə də ədəbiyyatın “bioloji gücü” artıq hiss olunurdu. Ənənəvi məhəbbət, vətənpərvərlik lirikasına ekoloji mentalitet, dağ-daş simvolikası getdikcə daha artıq nüfuz edirdi. Lakin bu duru poeziya bulağının daha gürşad və bol axara – Araza çevrildiyi ərəfə - “Məmməd Araz” dövrü isə yetmişinci illərin lap əvvəlindən başlayır.  “Vətən və dünya” silsiləsindən lirik və epik nümunələri, xüsusilə, bədii proqram, fəlsəfi-əxlaqi leytmotiv səciyyəli “Məndən ötdü...” şerini misal gətirmək olar:
Səndən ötən mənə dəydi,
Məndən ötən sənə dəydi,
Məndən, səndən ötən zərbə
Vətən, vətən, sənə dəydi...
“Eyfel qülləsində”, “Araz yadıma düşdü”, “Qoruyun dünyanı”, “Nobel mükafatı”, “Azərbaycanım mənim” – həm şairin, həm də Azərbaycan poeziyasının təkamülündə yeni mənəvi iqlimin və tarixi mərhələnin, “hava və qan dəyişiminin” əbədi məqamları və bədii sənədləri olan şerlər idilər. Bu şerlərdə şair bir ənənənin yox, min illik əxlaq, fəlsəfə, hünər və poeziya irsinin (yaddaşının!) varisi kimi çıxış edirdi: insan, təbiət, tarix, tale – bir assosiasiyada qovuşub kəsişirdi:
Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da qoşa düşmərik.
Bir zərrənin işığına milyonlar şərik –
Dünya sənin,
dünya mənim,
dünya heç kəsin!   
“Gəlimli- gedimli dünya, son ucu ölümlü dünya” – bu kəlamı və ovqatı Qorquddan sonra bu qədər tutarlı şəkildə  ifadə edən uğurlu bədii misralara çox az nümunə gətirmək olar...
... Həqiqətən, yaddaş – ağrı səviyyəsində dərk olunmuş vəhdət və bütövlüyün özüdür. Yalnız yaddaş olan yerdə tamlıq var, əsrlər və nəsillər arasında bağlılıq var.
Əsl, həqiqi, böyük Poeziya olan  Məmməd Araz sözü də düşüncədə, əxlaqda və qeyrətdə belə yaddaşın şerdə ifadəsidir.

2002
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws