|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Budaq   BUDAQOV
                   
MƏMMƏD  ARAZIN  SÖZ  QÜDRƏTİ

1970-ci illərdə Azərbaycan poeziya üfüqündə parlaq yaradıcılığı olacaq bir şair görünürdü. Özü də o, ixtisasca filoloq yox, coğrafiyaçı idi.
Məmmədi bir şair kimi qəbul etmək istəməyənlər, haqqında müxtəlif söz-söhbət yayanlar bilmirdilər ki, nə vaxtsa Məmməd Araz onlara üz tutub deyəcək:
                     Şairlər, sözləri buxovlamayın,
                     Gəlin yığışdıraq qafiyələri!..
                     Təzə fikirlərə yaxın qoymayın,
                     Üzülmüş, süzülmüş qafiyələri.
Bu, şairin poeziya sənətinə yeni üsulla yanaşmaq çağırışı idi.
Lakin elə bir məqam gəldi ki, yalan ayaq da tutdu, müvəqqəti olsa da, yeriməyə başladı. M. Araz “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktor müavini vəzifəsində çalışarkən (1970) redaktor məzuniyyətdə olduğu müddətdə qəzetin bir nömrəsini  Nəriman Nərimanovun anadan olmasının yüz illiyinə (1972) həsr etmişdi.
Beləliklə, şairə qarşı olanların əlinə böyük bir “fakt” keçdi. Hay-küy saldılar ki, qəzet heç vaxt V.İ. Leninə tam bir nömrə həsr etməmişdi, necə ola bilər ki, bütöv bir nömrə N.Nərimanova həsr olunsun. Iş o yerə çatdı ki, bu boş qovaq üfülərək qısa müddətdə yuxarılara çatdırıldı və nəticədə M. Araz işdən çıxarılaraq  9 ay işsiz qaldı.
Bir kimsə Məmmədin qolundan tutmaq arzusunda olmadı...
M. Araz “Azərbaycan təbiəti” məcmuəsinə redaktor təyin olunandan bir neçə ay sonra onun haqqında boş söhbətlərə son qoyuldu. Bununla elə bil qurbağanın gözünə daş atdılar. N. Nərimanovu cəsarətlə təbliğ edən M. Araz tədricən Arazlaşdı, onun əleyhidarları su kimi buxarlanaraq havada qeyb oldular.
Məmmədin xainliyini çəkənlər, onun şairliyinə qısqananlar belə düşünürdülər ki,  Məmməd Araz təbiətlə məşğul olmağa başlamaqla poeziyadan ayrıldı.
Deməli, M. Araz “Azərbaycan təbiəti”nə redaktor keçməklə, o, sözün əsil mənasında, şərlərdən, atmacalardan, dedi-qodudan xilas oldu. Eyni zamanda, o, sərbəst düşünməyə, öz poetik yaradıcılığını inkişaf etdirməyə, onu cilalamağa, düşüncələrini daha da dərinləşdirməyə vaxt və imkan tapdı.
M. Arazın taleyindən bəhs edərkən Nizami Gəncəvi yaradıcılığının çiçəkləndiyi dövrdə ona həcv yazanlar, böhtan atanlar, şerlərini oğurlayıb öz adlarına çıxanlar yada düşür. Nizami Gəncəvi dövrünün alaq otlarından, gəldi-gedərlərdən ürək yanğısı ilə danışırdı. Lakin tarix təsadüfi adamların adını tarixdə batırdı. Nizaminin adı isə əsrlərdən əsrlərə addımlayaraq parladı.
Məmmədin işsizliyi ilə əlaqədar mən akademik Həsən Əliyevə müraciət edərək dedim ki, çox istedadlı bir şair işsizdir. Bu, ədalətdən kənardır. Vaxt keçdi, Məmməd harasa işə düzəldi. Ancaq təəssüf ki, onun ətrafında gedən dedi-qodu səngimək bilmirdi.
Akademik H. Əliyev “Azərbaycan təbiəti” məcmuəsini nəşr etdirmək fikrinə düşdü və onu 1974-cü ildə həyata keçirdi. Mən çalışırdım ki, redaktor mənim inandığım şəxs olsun və bu inadımdan əl cəkmədim.  Həsən müəllim Məmmədlə söhbətdən sonra onu məcmuəyə redaktor təyin etdi.
M. Arazın bəzi opponentləri tez-tez təkrar edirdilər ki, Məmməd ədəbiyyaçı deyil, coğrafiyaçıdır.
Bəli, Məmməd cöğrafiya ixtisası üzrə ali təhsil alıb. Mən isə coğrafiyadan başqa elə bir ixtisas tanımıram ki, o, Yer kürəsinin bütün sferalarını – litosferin, hidrosferin, atmosferin, biosferin (o cümlədən noosferin), kosmosferin sintezini özündə cəmləşdirsin. Savadlı coğrafiyaçının təfəkküründə Yer kürəsinin dağları qatarlanıb gedir, okeanlar dalğalanır, atmosfer prosesləri cövlan edir, təbiətin kortəbii hadisələri ətraf mühiti dağıdır, demoqrafik problemlər, dünyanın siyasi durumu, əhalinin coğrafi yerləşməsi, artımı bir-birinin ardına qoşulur. Coğrafiyaçının təfəkkürü tutumludur, dəqiqdir, genişhəcmlidir, çoxşaxəlidir. Bu səbəbdən də M. Araz yaradıcılığında  təbiət-cəmiyyət problemi diqqətəlayiq yer tutur. M. Araz ayrı-ayrı təbii proseslərin və təbii komplekslərin əmələ gəlməsini, inkişafını, qarşılıqlı əlaqəsini son həddə ictimai-siyasi proseslərlə qovuşduraraq, onları böyük ustalıqla şerə gətirir.
Məmməd vətənimizin dağ yamaclarında müxtəlif səbəblərdən yaranmış qayalarının hər birini vətən keşiyini çəkən qəhrəman əsgərə, qayaları bütövlükdə vətəni qoruyan güclü orduya bənzədir. O, müdrik bir şair, görkəmli mütəfəkkir səviyyəsinə qalxaraq deyir ki, Vətənin daşı olmayandan olmaz ölkə vətəndaşı. M. Arazı bu fikrə gətirən təbiətin bir parçasıdır, başqalarına adi materiya kimi görünən daşdır.
Mən şairi oxuyarkən orada elə bir fikir ümumiləşməsinə, poetik vurğuya rast gəlirəm ki, o fikirləri ancaq təbiəti, demoqrafik prosesləri, siyasi xəritəni yaxşı bilənlər şerə gətirə bilər.
M. Araz çox böyük şair ustalığı ilə təbiəti ürəyə qoşur və bununla ürəyin böyüklüyünü, davamlılığını və tutumluq dərəcəsini poetik ustalıqla tərənnüm edir:
                       Ürəkdə Ay doğar, Günəş də batır,
                       Göy qopur, ildırım çaxır ürəkdə.
                Tufan da hayqırır, günəş də yatır.
                       Alov da, gürşad da yanır ürəkdə.
Yaxud: “Bir parça buludda bir dəniz yükü... “ deməklə şair dənizlərin buludlardan yağış və qarla qidalandığını və ya dəniz yükünü buludların özlərinin də bir məkandan başqa məkana daşıdığını açıqlayır.
Məmməd Arazın fikrincə:
                       Təbiət özü də bir kitabxana,
                       Hər dərə məktəbdir, hər dağ müəllim.
Təbiətin kitabı əsrlər boyu müdriklər tərəfindən oxunmuş, oxunur və oxunacaqdır da. Insan təbiətdən dərs ala-ala onun qanunlarını da aşkarlayır.
Şair deyir ki:
                       Dağlar təbiətin ağsaqqalıdır
                       Nəfəsi gələndə meşələr əsir...
M. Arazın qənaətinə görə, şairin öz yaradıcılıq yolu olmalı, onun yazdıqları orijinal mövzulara həsr edilməlidir. Onun fikrincə, əgər sən səndən öncə yazılmış hər hansı bir şerin mövzusunda  yazmaq istəyirsənsə, deməli, həmin şerin ruhunu bir kənara qoyub, əsla o şerə bənzəri olmayan şer və ya poema yazmalısan. Bu fikri təsdiqləmək üçün mənimlə söhbət əsnasında  Məmməd (1956) Səməd Vurğunun “Azərbaycan” şerini misal çəkdi.
Şübhəsiz ki, Cabbarlının “Ölkəm”, Vurğunun “Azərbaycan” şerlərinin baş qəhrəmanına – Azərbaycana öz məhəbbətini izhar edən bir çox şairlər olub və olacaqdır. Vətənə aid şer yazmaq şair vətənpərvərliyinin ən ali formalarından biridir.
Illər ötdü və nəhayət, 1970-ci ildə M. Araz “Azərbaycan – dünyam mənim” şerində yeni poetik yol axtarıb tapmaqla yenidən Azərbaycanı Azərbaycan səviyyəsinə layiqincə yüksəldə bildi.
                       Azərbaycan – qayalarda bitən bir çiçək,
                       Azərbaycan – cicəklərin içində qaya...
deməklə şair vətənin tərənnümü üçün yeni poetik forma və məzmun kəşf etdi.
                      Azərbaycan – mayası nur, qayəsi nur ki...
                      Hər daşından alov dilli ox ola bilər.
                      “Azərbaycan” deyiləndə ayağa dur ki,
                      Füzulinin ürəyinə toxuna bilər....
Vətənin mayası da, qayəsi də nur adlandırılan bu misralar xoş bir potik tapıntıdır.
Məmməd Arazın:
                      Vətən mənə oğul desə nə dərdim,
                      Mamır olub qayasında bitərdim.
müraciətinə cavab olaraq deyək ki, şair, vətən qarşısında böyük xidmətlərinə görə, Vətən sənə oğul deyir və sənə onun qayasında mamır olub bitmək üçün tam haqq verir...
Məmməd Araz XX əsrin ikinci yarısında  Azərbaycan poeziyasına qaranquş kimi daxil olmuş, orada özünəməxsus ədəbi poeziya yuvası quraraq vətənimizin sayılıb-seçilən klassik şairlərindən birinə çevrilmişdir. M. Araz Azərbaycan poeziyasında əsl vətənpərvər kimi mamırlaşdı və onun vətəndaşına çevriləsi oldu.
1956-ci il iyul ayının 5-də “Böyük Qafqazın şərq hissəsinin müasir və qədim buzlaşması”nı öyrənən ekspedisiyanın işçisi kimi Məmmədlə birgə Şah dağının gündoğan hissəsinə - 3600 metrlik mütləq yüksəkliyinə qalxdıq. Ayaqlarımız altında təzə görünən balıqqulaqlarından (dəniz faunası) bir kisə nümunə götürdük. Topladığımız faunanın yaşını paleontoloq, professor Qədir Sultanov Üst Sarmat dövrünün dəniz faunasının olduğunu təyin etdi. Bizə qədər Qafqazda heç kim 3600 metr yüksəklikdə bu yaşda faunanı tapmamışdı. Yalnız akademik Qambay Əlizadə eyni yaşda dəniz faunasını 2600 metr yüksəklikdə  (Qızılqaya yastanının şimal-şərq yamacında) aşkar etmişdi.
Bu unikal faunanın tapıntısı və onun əhəmiyyəti haqda mətbuatda, o cümlədən SSRİ EA “Məruzələri”ndə (1964,-li sayı)  məlumat dərc etdirdim. Bu məqaləyə M. İbrahimovun da (M. Arazın) soyadı daxil edilmişdi.
Bu nadir tapıntıdan məlum oldu ki, Böyük Qafqazın şərq hissəsi son 13 milyon il ərzində 2600 metr deyil, ondan min metr artıq yeni tektonik qalxmaya (3600) məruz qalmışdı. Qafqazı tədqiq edən bütün geoloqlar, o cümlədən tektonistlər elmimizin bu yeniliyindən istifadə etməkdə davam edirlər.
Məmməd Arazla tapdığımız bu dəniz faunası Qafqaz geologiyasında  sensasiya yaratdı. Bizim tapıntımız indi və gələcəkdə də Qafqaz geoloqları  və geomorfoloqlarının əlində inkaredilməz elmi sənədə çevrilmişdi. Əfsuslar olsun ki, səpinti halında tapılan Üst Sarmat çöküntülərinin yayıldığı bu kiçik ərazi dövlət qoruğu elan edilməyib.
Məmməd yeni yazdığı şerlərini mənə oxuyur, həmin şer haqqında fikrimi bildikdən sonra sanki şair həyəcanının köpü alınırdı.
Bir gün Məmməd mənə zəng çalaraq dedi ki,  “Qaranquş” adlı şer yazmışam. Mən Məmmədə şeri oxumağa macal vermədən dedim ki, şair, atalar deyib ki, “Can verirsən sərçəyə ver, qaranquş gəldi-gedərdi”.
Məmməd dedi ki, mənim ataların bu sözündən xəbərim olsaydı, heç “Qaranquş” şerini yazmazdım.
Biz azərbaycanlıların sərçə və qaranquşa göstərdiyimiz münasibətin kökündə ataların dərin fəlsəfi fikirləri durur.
Onlardan biri bizim vətənin daimi sakinlərinə - millətimizdən olan əhaliyə arxalanmağımız və onları qiymətləndirmək fikridir. Müxtəlif ekoloji mühiti olan sərçə və qaranquşa həsr edilmiş atalar sözünün kökündə sərçəyə doğmalıq, qaranquşa isə ögeylik hiss olunur.
Lakin vətənimizə qaranquş kimi gələn və xaricən çox gözəl görünən, əslində isə burada sanki iynə üstündə oturubmuş kimi yaşayanlara biz ikinci dərəcəli münasibət bəsləməliyik.
Biz azərbaycanlılar isə köçəri quş kimi (qaranquş) gələnlərə xoş münasibət bəsləyir və onları çox zaman daimi sakinlərdən də üstün tuturuq.
Ikincisi, sərçə və qaranquş haqqında atalar kəlamının kökündə oğlanlarımızı gəldi-gedərlərin qızına evləndirmək və ya qızlarımızı yadellilərə vermək ənənəsindən əl çəkmək durur.
Biz ataların bütün kəlamlarının mənəvi dünyasına ciddi fikir verməli, eləcə də ona bir qanun kimi riayət etməliyik.
1988-ci il erməni-Azərbaycan münaqişəsi öz çılpaqlığı ilə biz azərbaycanlılara həyati dərs verərək göstərdi ki, yadellilərlə, o cümlədən də erməni qızları ilə evlənmək necə də dəhşətli səhv imiş. Biz başqa millətlərin qızlarına  evlənməklə xalqımızın  birliyini içəridən güvə kimi parçalayır və çürüdürük.
Odur ki, vətənimizin daimi sakinləri – azərbaycanlılar zahiri bəzək-düzəyə oymamalı, bəzi hallarda müqəddəsləşdirilən qaranquşlara – milli kökümüzdən uzaq olanlara  öz neqativ münasibətimizi bildirməliyik.
Deməli, ilin bütün fəsilləri bizimlə birgə olan – qışda soyuqdan əsən, yayda istidən çətin nəfəs alan, biz ac olanda ac, tox olanda tox olan sərçələrin qədrini bilməliyik. Bizim vətəndə özünə müvəqqəti məskən salmış insanlara “yüz ölçüb, bir biçmə” prinsipi ilə yanaşmalıyıq.
1993-cü ildə Məmməd Arazın anadan olmasının 60 illiyi yüksək səviyyədə qeyd ediləndə bəzi iş adamları şairin seçilmiş əsərlərinin nəşrinə söz verdilər. Onlardan biri isə şairin Mikayıl Abdullayev tərəfindən çəkiləcək portretini maliyələşdirəcəyini vəd etdi.
Azərbaycanın görkəmli xalq rəssamı, “Cəvahirəl Nehru” mükafatı laureatı Mikayıl Abdullayev Məmmədin portretini Araz çayı sahilində, qayanın üstündə oturmuş görkəmdə çəkdi. Əsərdə Məmməd nəzərlərini Araz çayının sağ sahilindəki dağlara yönəldərək dərin fikrə getmişdi. Lakin rəssamın çəkdiyi həmin portreti sifarişçi maliyələşdirməkdən imtina etdi.
Burada Məmməd Arazın şerindən bir bənd yadıma düşdü:
                      Çox yaxşılar yamanlaşdı gözümdə,
                      Çox vədələr dumanlaşdı gözümdə.
                      Düz  əhd-ilqar yarğanlaşdı gözümdə,
                      Bir insana inamımı itirdim...
Məmməd Araz şerlərinin birində deyilir ki:
                      Mən Arazda şaxələnən çinardım
                      Ömrü boyu tufan əydim, su yardım,
                      Xətainin qılıncını suvardım –
                      Məmməd Araz karandaşı göyərdi.
Bu şerin birinci iki misrasında şaxələnən çinara çevrilmiş Məmməd Araz ömrü boyu yorulmadan Araz çayının suyunu yarıb, tufanları dəf edib, bir atanın iki övladının (şimal, cənub) vahid oğluna çevrilib.
Bu bəndin sonuncu iki misrasında şair deyir ki, Xətainin qılıncını suvardım, başqa sözlə, bir daha o qılıncı polad kimi möhkəmlətdim, itilədim. Vətənin birləşməsi uğrunda Xətai qılınc çalmış, bu məqsəd üçün isə Məmməd Araz qılınc kimi qələm işlətmişdir.
Sakit təbiətli Məmməd Araz vətənin dar günündə qəddini düzəldir, sərtləşir və millətini ayağa qalxmağa, oğullarını alov dilli ox olmağa səsləyir. Məmməd Araz qələmi gah qəhrəman olub Vətən uğrunda qılınca, gah da ruhları oxşayan lirik duyğulara çevrilir. M. Araz bir əlində od, digər əlində su tutmaqla deyir ki, ölkəmizi qorumalı və onu yağı düşməndən azad etdikdən sonra  xalqımıza su ilə gözaydınlığı verməliyik.
M. Araz karandaşının göyərməsi Azərbaycan poeziyasına ilahi bəxşeyişidir.
Məmməd Araz şerlərində belə bir fikir səslənir ki, “Sözümə tən qələm yoxdu” M. Araz öz qələminə müraciətlə deyir ki:
                       Qələmim, Nizami hikmətlərinin
                       Tənə daşlarından qoru sən məni!..
Məmməd Araz X11 əsrin poeziya dahisinin günəşə köçdüyünü söyləməklə, eyni zamanda, Nizamidən umur ki, onun üçün də günəşdə bir qarış yer saxlatdırsın:
                      Nizami göz yumub köçdü günəşə,
                      Mənə də bir qarış yer saxlatdırar...
Bu ifadə Məmməd Araz poeziyasının Nizami Gəncəvi poeziyasına yaxınlaşmasına səmimi işarədir.
Məmməd Araz Məhəmməd Füzulini ürəkdən sevir və onu Allah Təalənin diqqət mərkəzində olan müqəddəs bir şair hesab edir.
M. Araz yazır:
                       Açın qapıları səba yelinə,
                       Açın, Füzulinin nəfəsidir o...
Həyatda daim mövcud olan səba yeli həmişəyaşar Füzulinin əbədi nəfəsiymiş. Həzin və sərin səba yelinin nəfəsi ürəklərə aramsız axır.
M. Araz Azərbaycan klassik poeziyası bulağından saf su içməklə,  onun ən ali ənənələrini öz poeziyasına hopdurmaqla kökünü daha da dərinlərə işlətməkdədir.
M. Araz öz poetik yaradıcılığı ilə dahi Nizami Gəncəvinin söz qüdrəti qarşısında xəcalətli qalmamış, Məhəmməd Füzulinin söz qüdrətinə söykənərək ucalmışdı.
Məmməd Araz H. Cavid, M.Ə. Sabir, S. Vurğun məktəbinin  layiqli öyrəncisi olmuşdu. Bir sözlə, dahilərimizin məktəbləri və müasir ictimai- siyasi həyatımızda  baş verən hadisələr, o cümlədən erməni qaniçənlərinin ölkəmizə qarşı işğalçılıq siyasəti Məmməd Arazı ana torpağa daha çox bağlamış, onu xalqa vətənpərvər bir şair kimi tanıtmışdır.
Məmməd Arazın poeziya yaradıcılığını  şərti olaraq üç mərhələdə birləşdirmək olar.
Şair yaradıcılığının birinci mənbəyi onun ilk şerindən “Yanın işıqlarım”, ikinci mənbəyi “Qanadlı qayalar”dan, üçüncü mənbəyi isə “Dünya sənin, dünya mənim...” adlı şerindən götürülür.
Şairin şerlərini, poemalarını  oxuduqca onun müdrikliyi bir daha qabarıq şəkildə nəzərə çarpır.
Seçimlərdən bir neçəsini oxucuların  diqqətinə çatdırmağı vacib bilirəm:
                        Istedad elə bir toxuma bənzər,
                        Göyərər bir qara daş üstündə də...
                      
                        Çırağı anaymış ata yurdunun...

                        Vəzifə başında ağsaqqal olmaq
                        Hər saçı ağlara müyəssər olmur.

                        Tamah var daşkəsən mişardan iti,
                        Gödən var – bir qara yarğandan dərin...
            
                        Özüm yük çəkənəm, özüm də yükəm...

Məmməd Arazın bu kəlamları çox halda babalarımızın atalar sözü səviyyəsinə qədər yüksəlir. Bu müdrik sözlər düzümünü M. Arazın poetik yaradıcılığı qədər uzatmaq olar. Çünki onun şerlərinin hər bir bəndində şair təfəkküründə cilalanmış misralardan ibarət poetik vurğu vardır. M. Araz şer qartalının uzaq gələcəyə uçuşunu təmin edən qanadların biri klassik poeziya ənənəsinə, ikincisi isə XX əsrin poeziya irsinə məxsus olmaqla onların qarşılıqlı  bioqaynağından yaranmışdır. Araz poeziyasının ürəyi  Məmmədin özüdür.

2003
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws