|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Şamil   SALMANOV
 
VƏTƏNDAŞLIQ  POEZİYASI

Eşidəndə ki, Məmməd Arazın yetmiş yaşı tamam olur və mən onun haqqında öz düşüncələrimi yazmalıyam, etiraf edim ki, içimdən qeyri-ixtiyarı olaraq sevinc hissi keçdi, kövrəldim. Düşündüm: İlahi, illər nə tez keçdi; hələ yarım əsr bundan qabaq biz hamımız təzəcə yazmağa  başlamışdıq, çap olunmaq həsrəti ilə yaşayırdıq. Yazıçılar İttifaqında keçirilən “Gənclər günü”nə həvəslə toplaşır, şer oxuyur, bu şerlər haqqında  böyük, görkəmli söz ustalarının rəyini, fikrini səbirsizliklə dinləyərdik. Əgər bizlərdən kiminsə şeri bəyənilir, təqdir edilirdisə, çap üçün seçilirdisə, bu bizim hamımızın ümumi sevinci olurdu. Mənim o illərdən bəri tanıdığım, şerlərinə, kitablarına, bütövlükdə bütün yaradıcılığına dərin rəğbət bəslədiyim şairlərdən biri də Məmməd Araz olmuşdur və bu münasibətim şair dostuma  heç vaxt dəyişməmişdir. Mən həmişə M. Arazın şerlərinə dərin və fəal maraq bəsləmişəm, bu şerləri adi ədəbi fakt yox, poeziyanın yaxşı meyllərini ifadə edən ədəbi hadisələrdən hesab etmişəm. Nəyə görə? Bunun səbəbi nədir?  Əlbəttə, bu suala mənim üçün bir məqalənin həcmi və imkanları daxilində cavab vermək çətindir. lakin şair dostumuzun yubiley günündə,  ömrünün, poeziyasının təkrarolunmaz məqamında  mən bu sual ətrafında bəzi düşüncələrimi, Məmməd Araz poeziyası haqqında  bütün bu illər ərzində məndə yaranmış qənaətlərimi ifadə etməliyəm. Mənim iki qənaətimə görə, M. Araz müasir poeziyamızın ən görkəmli şəxsiyyətidir. Mən yaza bilərdim ki, “Ən görkəmli şəxsiyyətlərindən biridir”. Lakin belə yazmıram. Çünki əgər şair şəxsiyyətdirsə, o, “şəxsiyyətlərdən biri” ola bilməz. M. Araz öz dövrün poeziyasında ancaq özü olan , ancaq özümlü olaraq qalan şairdir. O, poeziyaya ötən əsrin 50-ci illərində gəlmişdir. Bu o vaxt idi ki, milli poeziyamızda yeni mərhələ başlamaq üzrə idi. Ilk çağlarda  bu, hələ hiss olunmurdu. Lakin həqiqət olan bu idi ki, poeziyaya yeni qüvvələr gəlirdi. Bir qədər əvvəl belə şairlərdən biri, məsələn, Əli Kərim idi. C. Novruzun şerləri çıxırdı. Məhz 50-ci illərin əvvəllərində M. Arazın şerləri də dərc olunurdu. Bu vaxt şerlərini o, hələ  “M. Araz” imzası ilə yox, “Məmməd İbrahimov” imzası ilə çap etdirirdi. Ilk şeri 1952-ci ildə “İnqilab və mədəniyyət” (indiki “Azərbaycan”) jurnalının beşinci sayında çıxmışdı. Bu şerin adı “Yanın işıqlarım” adlanırdı. Sonradan M. Araz “Dünya sənin, dünya mənim” kitabında bu fikri xatırlayır və nədənsə bu ilk şerini kitablarına daxil etmədiyini yazır. Mənim M. Araz şerləri ilə tanışlığım elə bu ilk şerdən başlandı və indiyə qədər davam edir. Bu yazını başlayanda dostum Bəkir  Nəbiyevdən şairin yenicə çapdan çıxmış  dördcildlik “Seçilmiş əsərləri”nin birinci cildini aldım, dərhal varaqladım və orada təxminən əlli il bundan əvvəl oxuduğum şerlərini bir də oxudum. Etiraf edim ki, bu poetik nümunələr, məsələn, “Nənəmin kitabı”, “Səni axtarıram” şerləri yenə də xoş təsir bağışladı. M. Araz poeziyasının başlanğıcı, mənbəyi xalq yaddaşındadır, nənə və babalarımız kitabındadır.    
M. Arazın qəlbinə ilk poeziya qığılcımı da elə bu xalq nağıllarından, bu müdrik, səmimi nənə kitabından, dədə dastanlarından közərmişdir. Bütün sonrakı illərdə bu hiss, bu başlanğıc onun poeziyasını tərk etməmiş, bəlkə daha da qüvvətlənmiş, dərinləşmişdir, onun poetikasının əsas xüsusiyyətinə çevrilmişdir. Müdrik xalq tarixi yaddaşdan süzülüb gələn fikir, obraz, kədər, nisgil, arzu, xəyal şairin poeziyasının dərin alt qatına çöküb qalmışdır, başqa sözlə desək, tarixi yaddaş poeziyasının fikir-hiss kontekstini təşkil etmişdir. Hələ ilk şerində şair etiraf və bəyan edirdi:
            Sinəmə el sazı olsun bu kitab,
            Sinəmə çox kitab yazdı bu kitab.
Və oxucu da şairin bu etirafına, bu etirafın səmimiyyətinə və həqiqətinə inanırdı. Başqa bir cəhət də vardı. O da hələ ilk şerlərindən etibarən M. Arazın yeni bir poetik mərhələnin şairi olduğu duyulurdu. Burada, əlbəttə, o vaxtkı tarixi prosesin də rolu vardı. Etiraf etməliyik ki, ötən əsrin 50-ci illərinin axırlarından etibarən keçmiş sovet ədəbiyyatında yeni meyllər formalaşırdı. Sonradan 60-cı illər ədəbi qüvvələri kimi meydana çıxacaq və özünü təsdiq edəcək yeni ədəbi nəsil məhz bu vaxt poeziyada ilk addımlarını atırdı. Olsun ki, bu addımlar ilk çağlarda hələ bir qədər kövrək idi. Lakin hiss olunurdu ki, yeni ədəbi nəsil, yeni ədəbi proses başlanır və M. Arazın elə ilk yaradıcılığı dövründən bu prosesə mənsub olduğu aydın duyulurdu, sezilirdi. Ə. Kərim, C. Novruz,  T. Bayram, F. Mehdi və başqa şairlərlə yanaşı M. Araz da şerdə yeni hiss, yeni obrazlı biçim axtarır, hər hansı predmetin, yaxud hadisənin təsirindən, təsvirindən çox, özünü ifadə edir, poeziyada öz fərdi-poetik “mən”ini axtarırdı. Belə ki, artıq bir neçə il keçəndən sonra  M. Arazın “Sevgi nəğməsi” (1959) adlı ilk kitabı, onun ardınca “Üç oğul anası”, “Araz axır”, “Anamdan yadigar nəğmələr”, “Ömür karvanı”, “İllərdən biri” kimi şer kitabları çapdan çıxır. Bu şer kitablarında o, sürətlə poetik fikir axtaran bir şair kimi meydana çıxır, şerlərinin səmimiliyi ilə oxucu etibarını qazanırdı. Bu kitablar yalnız şairin yox, bütövlükdə yeni şerin – 60-cı illər poeziyasının yolunu, məramnaməsini, mənəvi aləmini əks etdirirdi. Elə ilk şerlərindən etibarən M. Araz hər şeydən əvvəl, lirik şair idi. Lirika onun şerlərinin əsasını, mahiyyətini təşkil edirdi və mənim qəti qənaətimə görə, M. Araz daha çox lirikdir. Bununla onun poemalarının əhəmiyyətini qətiyyən azaltmaq niyyətində deyiləm. M. Arazın bu tipli əsərlərində də böyük, ciddi mətləblərə toxunulur. Lakin əsas məziyyət odur ki, M. Araz bütün hallarda öz lirik təbiətini qoruyub saxlayır. Və bir lirik kimi M. Arazın bir özünəməxsusluğu da vardır. O, lirikada da fikir və hissləri etibarilə epik vüsətli şairdir. Poeziyada ifrat fərdi, şəxsi hissləri yox, böyük, ciddi vətəndaş qayələrini əks etmək – onun lirikasının vüsətliliyinin və fikri hiss epizminin əsasıdır, yaradıcılıq fərdiliyidir.
M. Arazın lirikasına həqiqətən bir ümman genişliyi, nəhayətsizliyi və cuşqunluğu xasdır. Mən artıq bu lirikanın mövzu, fikir genişliyini qeyd etdim. Lakin burada bir mövzuya ayrıca toxunmaq istəyirəm. Bu, Məmməd Araz lirikasında, bütövlükdə poeziyasında Vətən, daha konkret desək, Azərbaycan mövzusunun əsas, aparıcı olmasıdır. “Vətən mənə oğul desə, nə dərdim” – məşhur misrası da bu yaradıcılıq həqiqətinin təsdiqi və ifadəsidir. Şair bir qayaya söykənib düşüncələrə dalır. Nələr keçir içindən? İnsan və Vətən tarixi. Bu qayalar adi daş deyil, bunlar insan yaddaşıdır, nəsillərin yaddaşıdır, şair Vətən daşlarında onun tarixini oxuyur, tarixin səsini eşidir. Qayalarla ünsiyyətdən şair poeziyada keçmişin, tarixi yaddaşın dərinliyinə yollar axtarır, bu axtarış hissi onu yeni fikrə gətirib çıxarır:   
            Nə zamansa bu daşlara
                                bir dil tapan tapılacaq, –
            Bu daşların, qayaların
                                keçmişini oyadacaq.
            Ordu-ordu qayalıqlar
                                insanlığa qayıdacaq.
Belə düşüncələrdən isə M. Araz öz poetik həqiqətinə gəlib çıxırdı; o həqiqətə ki, onun obrazın-poetik fikri aşagıdakı misralardan ibarət idi:
            Onda Vətən sanar məni
                                     bir balaca Vətən daşı.
            Vətən daşı olmayandan
                                     olmaz ölkə vətəndaşı.
Məhz bu hisslə də M. Arazın poeziyasında başqa bir mövzu – Azərbaycan mövzusu öz yeni, dərindən duyulmuş və dərc olunmuş həllini tapırdı. Mən bu məqalədə şairin “Azərbaycan – dünyam mənim” şerini xatırlamaya bilmərəm. M. Arazın bu şerinin altında onun yazılma tarixi “1970-ci il” göstərilir. Bu fakt tarixi olaraq mənə çox mənalı görünür. Həmin il – 60-cı illər poetik prosesin həqiqətən  XX əsr poeziyasında məzmunca, təfəkkürcə, poetik sistemcə yeni bir mərhələ olduğunu sübut etdi. M. Arazın “Azərbaycan – dünyam mənim” şeri poeziyanın bu meylini əks etdirirdi. Bir də Azərbaycan sadəcə, vəsf olunmurdu. Azərbaycan tarix, yaddaş, mənəvi dəyərlər kontekstində, dünən və gələcək qovuşmasında  dərk olunurdu. Böyük S. Vurğunun məşhur, proqram xarakterli “Azərbaycan” şerindən sonra  M. Arazın bu şeri milli poeziyamızın bu təməl, bu ana mövzusuna  yeni qayıdış idi. Mənim şəxsən həmin şer haqqında qənaətim belədir.  Bu şerdə əsas obraz Azərbaycan idi – “qayalarda bitən çiçək”, “çiçəklərin içində qaya” bu obrazın kövrək, duyumlu, həzin cizgiləri idi: Lakin bu obraz şerin bütün mətni boyunca dəyişməz qalmamışdı, dəyişir, zənginləşir, böyük və həm də əzəmətli Vətən obrazı səviyyəsinə yüksəlirdi, özü də ritorik publisist planda yox, şairin bütün qəlbinin hissləri və düşüncələri ilə:
            Mənim könlüm bu torpağı vəsf eləyərək,
            Azərbaycan dünyasından baxar dünyaya.
M. Araz şerinin yeniliyi də ilk növbədə məhz bu etiraf idi. Şair dünyaya Azərbaycan dünyasından, onun mənəvi dəyərləri zirvəsindən baxırdı və bu baxış miqyasında Azərbaycan böyük, nəhəng, möhtəşəm görünürdü:   
              Azərbaycan – mayası nur, qayəsi nur ki...
            Hər daşından alov dilli ox ola bilər.
            “Azərbaycan” deyiləndə ayağa dur ki,
            Füzulinin ürəyinə toxuna bilər.    
Sənətkarın lirik qəhrəmanı, lirik “Mən”i bu şerdə tarixi yaddaşın, vətən tarixinin daşıyıcısı və şəxsiyyətin simasında yüksəlirdi. Onun lirik qəhrəmanının fikir və hiss genişliyi də, lirikasının epizmi də bunda idi...
Məncə, bu şer təkcə M. Arazın yaradıcılığında yox, onun mənsub olduğu nəslin poeziyasında çox mühüm bir ədəbi faktdır. Bu şerin xüsusi ilə müstəqillik qazandığımız dövrdə daha mənalı səsləndiyini də burada qeyd etmək yerinə düşərdi. Həqiqətən də şerin əsas ruhu, əsas ideyası, ondakı milli müstəqillik hissində və düşüncəsindədir. M. Araz poeziyasında bu hisslə yanaşı, başqa bir motiv də vardır ki, o da onun lirikasına xas vətəndaşlığın, vətən və tarixi hissinin tərkib hissəsidir. O da şairin tariximizə baxışının ciddiliyi və dərinliyidir. Mən bu baxımdan M. Arazın bir çox şerlərini yada sala bilərəm. Lakin hələlik həmin şerlərdən yalnız birini – “Məndən ötdü, qardaşıma dəydi” şerini qeyd etməklə kifayətlənirəm. Birinci şerdən fərqli olaraq, burada şair tariximizin, milli xarakterimizin bir çox düşündürücü tərəfləri üzərində düşünür, öz oxucusunu da buna dəvət edir. Hansıdır bu tərəflər?  Bəla məndən ötdü, fəlakət məndən ötdü, bəzən buna sevinirik. Şair belə xüsusiyyətin tarixi mənbələrini araşdırır, bir çox milli bəlalarımızın, torpaq itkilərimizin səbəbini milli xarakterin bu ünsüründə axtarır və şerdə onun ciddi, sərt poetik təhlilini verir.
M. Araz lirikasının bu kimi tərəflərini – vətəndaşlıq təfəkkürünün bu lirikanın əsas xüsusiyyəti olması ilə izah edə bilərik və etməliyik. Bununla yanaşı, M. Araz lirikasının həm də fəlsəfi-poetik bir mahiyyət daşıdığını da deməliyik və bütövlükdə onu dəyərləndirərkən bu xüsusiyyətlərindən sərf-nəzər etməməliyik. Mən bu tipli şerləri sırasında  “Dünya sənin, dünya mənim”, “Əlvida, dağlar”, “Qoruyun dünyanı”, “Belə dünyanın nəyindən küsüm”, “Dünya düzəlmir” kimi şerlərini ayrıca fərqləndirirəm. Bu şerlərin hüsnü, poetik ləyaqəti nədədir? Yəqin ki, ilk növbədə dünyaya fəlsəfi baxışın, arifanə və müdrik baxışın şairanəliyində, sanki yenidən kəşf edilməsindədir.
Bütün bunlardan başqa M. Araz poeziyası həm də öz sevgi lirikası ilə diqqətəlayiqdir. Bu məhəbbət şerləri onun lirikasında xüsusi bir silsilədir; bu silsilənin mərkəzində isə şairin fərdi “mən”idir. O, məhəbbətdə yüksək, işıqlı ədəbi dəyərlərə oxşayır, yaxud bu yolun əzəmət və həsrətinə dözür. Beləliklə, mən bütün bu düşüncələrimdən M. Araz poeziyası haqqında bir yekun fikrə gəlirəm: bu poeziya yeni bir mərhələnin sənətidir, yaradıcılıq hadisəsidir. M. Araza bütöv bir poetik prosesdə iştirak etmək və bu prosesi yeni əsrdə - XX1 əsrdə də təmsil etmək  səadəti nəsib olmuşdur. Məncə, bu, şair və sənətkar səadətidir. 
M. Araz haqqında bu düşüncələrimdə bir ədəbi faktı da xatırlamaya, ona qayıtmaya bilmirəm. M. Araz da, mən də ömrümüzün yetmişinci məqamına çatmışıq. Özü də çətin, mürəkkəb bir mərhələni keçib gəlmişik. Bu yolun sevincləri də var, müəyyən çətin, mürəkkəb anları da. Mən bu məqamda 1967-ci ildə M. Araz haqqında, daha dəqiqi şair dostumun “Ömür karvanı” kitabı haqqında yazımı xatırlayıram. Bəlkə də heç buna ehtiyac yoxdur. Lakin mən bu faktın üstündən keçə bilmirəm. Uzun illər keçəndən sonra etiraf edirəm ki, mən bu yazını M. Araz şerinin müasir poeziyasının hadisəsi hesab edərək qələmə almışam. O vaxt poeziya yeni mərhələsini keçirirdi. Poeziya 20-50-ci illər yasaqlardan xilas olurdu. Lakin bu proses həm də poeziya ətrafında qızğın mübahisələr doğururdu. Mən indi düşünürən ki, əgər bu mübahisələrdə M. Araz şeri də kənarda qalmırdısa, bu, onun poeziyasının ləyaqəti olmuşdur. Biz mübahisə edirdik və mübahisələrimizdə də səmimi idik. Çünki bizi poeziyanın yeni yolları, yeni vəzifələri düşündürürdü. Mən əgər bu məqamda şair dostumun kitabına müraciət edirdimsə, bu, o demək idi ki, M. Araz poeziyası yeni poetik prosesin meyllərini və problemlərini özündə təmsil edən poeziya olmuşdur. Məncə, bu da həqiqi şair üçün çox mühüm və zəruri məziyyətdir. Və əgər yazımda o vaxt dostumun qəlbinə toxunan nəsə olmuşsa, mən otuz ildən çox bir müddət keçəndən sonra bunu o vaxtkı çılğınlığımızla, poeziyada, tənqiddə özümüzü, mənliyimizi axtarmaq ehtirasımızla izah etmək istərdim. Mən bütün sonrakı yazılarımda, poeziya icmallarımda həmişə M. Araz yaradıcılığına, M. Araz qələmindən çıxmış poeziya incilərinə dərin maraqla yanaşmışam və etiraf edim ki, mən bu poeziyada həmişə öz poeziya anlayışıma yaxın özəlliklər tapmışam. Buna görə də şair dostumuzun bu əziz, təkrarsız günündə onu təbrik edir, ona can sağlığı arzulayır və poeziyasının daha böyük gələcəyinə inamla da bu yazını tamamlayıram.

2003
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws