 |
|
|
ƏSGƏR QƏBRİ HAQQINDA BALLADA
1 Gördüm Lvov şəhərində o qəbri mən, Ukraynanın uzaq, uzaq bir yerində o qəbri mən qucaqladım. Nə sevindim, nə ağladım: Dondum bir az. Sağlığıyla məzarlığı Görüşən heç olar, olmaz – düşünmədim. Yox, bu mənəm, mənəm - dedim. Elə bil ki, bir cazibə qüvvəsindən qaçammadım, Yoxluğuma yaxınlaşdım addım-addım. Dünənimin qəhrəmanlıq muzeyinə addım atdımg Bura əsl Məzarıstan adlı şəhər. Burda sükut nəqliyyatdır. Sürücüsü –dilsiz qəbir abidələr Öz yerində hərəkətdə, Öz yerində səyahətdə. Bura- bütün evlərinin Odu itmiş daş şəhərcik. Sakinləri tarixlərə Qonaq getmiş daş şəhərcik. Bu şəhərdə sakinlərin söhbətləri daş dilində. Sevgiləri, nifrətləri daş dilində. Daş dilinin elə ağır havası var, Daş dilinin hələ susmaz davası var, Sanki burda Hər məzar bir söz kürsüsü; Hər başdaşı bir tribun! Daş dilinin nidaları Tufan olur burum-burum, Bizə deyir: ayıq durun, sayıq durun! Bura Lvov şəhərinin uca yeri, Üstü hamar, yaşıl təpə, O, günəşi ilkin görər. Günəş onu ilkin öpər. Günəş öpər, onlar duymaz; Onlar üçün nə qış, nə yaz! Çiçək fəsli, xəzan fəsli!.. Onlar üçün yaşar ancaq məzar fəsli. Günəşləri, baharları, Mövsümləri qəhr olunub, Gözlərində dəfn olunub. Bəli, «Xolm Slavı»dır qəbristanın əsl adı. Çox çalışdım, Öz dilimdə tərcüməsi alınmadı. Eh, bir də ki, nə fərqi var, Tərcüməsiz anlaşılır Nədir ölüm, Nədir məzar. Əbədilik dost eləyib ölüm burda neçə adı. Burda məzar qonşusudur Neçə xalqın mərd övladı. Neçə vüsal təbəssümü – Donub, məzar qonşusudur. Neçə nişan mərasimi – Sönüb, Məzar qonşusudur. Şöhrətindən xəbər yox, Neçə şöhrət yaxınları. Nakamlığın, ölməzliyin, Yer üzünə övladları gəlməzliyin, Anaları gülməzliyin Əbədiyyət yaxınları. Bir-birindən əhval tutub, Məclis qurub şad olmağın Əbədiyyət uzaqları. Dolaşıram qəbristanı. Ukraynalı, rus, azərbaycanlı, gürcü, özbəkg Min illərlə belə yaxın, Belə uzaq qonşuluqda ömr edəcək. Dolaşıram qəbristanı. Duruxuram birdən-birə: Bu ki, mənəm! – İbrahimov familiyalı Bir nakamın önündəyəm. «İbrahimov»- Bircə bu söz Yazılıbdır başdaşında. Nə yaxşı ki, bu daşların yaddaşında Bu söz qalıb, bu söz durur! Adı nədir, kim oğludur? Təvəllüdü, Doğulduğu kənd, ya şəhər? yoxdu bunlar. Neyləyəsən, yoxdu bunlar, Bu varlığın əbədi bir yoxluğu var. 2 Ey balladam, dindir onu, qəbir dinər. Ey balladam, dilsiz yatmaz qəbirdə nər. Alışar o, danışar o, od dilində. Göyərər o, söz deyər o, ot dilində. Ey balladam! bir nəğmə de; həzin-həzin Kəndimizin çaylarının, quşlarının səsi gəlsin. Bir nəğmə de: bu nəğmədə Ağ hörüklü bulaqlardan bir içim su, Bir az qartal qıyıltısı, Bir azacıq qar qoxusu, Bir ananın dodağından- yanmış ağı, Bir gəlinin gözlərindən - bir sarımtıl həsrət dağı, Bir ərgənin duruşundan Toy eşqini, nidasını gətir, gətir! Bir məktəbin arxivindən Qırx ikidə itən dərslik sədasını gətir, gətir! Bizim kənddən doxsan igid qayıtmadı. Doxsan ana yola baxdı, doxsan ümid qayıtmadı. Doxsan cığırda ot bitdi, Neçə doxsan oraq-çəkic, Dəryaz itdi, qələm itdi. Anamız Yer kürəsinə Hər insan bir peykdi məncə; Doxsan peyk yüz səksən dərəcə; Məhvərindən dönüb getdi. Doxsan işıq sönüb getdi. Bizim kənddən doxsan igid qayıtmadı. Kəndimizi sevindirrəm tapanda bir itmiş adı. İndi ona ad qoyacaq atam mənim, Kişnəyəcək qaşqa, kəhər atım mənim, Xallı toplan ayağına dolaşacaq, Kənd qızları təzə xəbər danışacaq. Bulaqların sənəkləri çoxalacaq. Gözəlləri, qəşəngləri çoxalacaq. Xoş xəbərlər Çevriləcək tərs üzünə sonra birdən. Bəd xəbərlər dinlənəcək neçə yerdən; Xoş xəbərə inanmayın! O, adını axtarırdı, Ad alıban gedəcəkdir. Od alıban gedəcəkdir. O, bir getmiş zamandı ki, Getmiş zaman qayıdarmı? O, bir itmiş zamandı ki, İtmiş zaman qayıdarmı? Qayıdar o – məkanı var, Zamanı yox otağına, Odunu var, tüstüsü yox ocağına. 3 - Mən ki sənəm, mən ki, sənəm, tanımadın? Dəfn olunmuş bir hissənəm, tanımadın? Aclıq döyən, şaxta kəsən, illərinəm! Atalılar təkəbbürü döyüb əzən illərinəm! Diri-diri Dəfn olunmaq təhlükəli illərinəm! Ana yurdu, ana dili Tapdalanıb, qəhr olunmaq təhlükəli illərinəm! Tarixiylə, əcdadıyla Əbədilik məhv olunmaq təhlükəli illərinəm! Səndən qopub sənin üçün çarpışanam! Qollarını itirəndə, dişləriylə tüfəngindən yapışanam. Hər dağılan bina ilə yaralanıb, Hər quruyan ağac ilə quruyanam. Şevçenkonu Sabir kimi, Dnepri Araz kimi qoruyanam. And içmişdim: hər atəşin olub ilkin qoru, yanam! Vətənimin sərhəd xətti sinəmdəydi - ölənəcən quruyub bir sərhəd daşı olanacan. Vətənimin dağlarından qopan sivri çarpanaqdım, nifrətimi düşmənin son yuvasına çırpacaqdım. Dava vaxtı yüksək arzu: öldürməkdir, Ali arzu: qalibiyyət! Hər qorxunun, səksəkənin ilk cərrahı – qalib niyyət Yarı yolda qoydu məni. Dedi bəlkə bu ölümlə iki qarış İrəliyə aparacaqsan vətəni. Bəzən elə Bir əsgərin ölümüylə Bir əsgərin boyu qədər İrəliyə atdıq qədəm. Bu ölümlə irəlidə Neçə yağı öldürmüşəm. Geridəsə neçə arzu, Neçə istək Neçə qayğı öldürmüşəm. Son mənzilə yetişmədi son diləyimg Vətən üçün indi nəyəm, İndi nəyəm? Nəyəm? – bir baş qutu dolu Qara torpaq. Nə yaxşı ki, Səsim səndə yaşayacaq, nə yaxşı ki, izim səndə yaşayacaq. Hər ölən hər yaşayandan Nəyi isə alıb gedir, Özüylə bir Əbədilik dəfn eləyir. Hər yaşayan hər öləndən Nəyi isə qapıb alır. Məncə Yoxdur yer üzündə mütləq ölən, Haradasa gizli-gizli Ömürlərə səpələnən ömür qalır. 4 - Səsin nədir, arzun mənəm, Özün mənəm. Mən dəfn olan dünənimdən üzülmərəm. İstəyirsən yerimizi dəyişək bir! Famildaşım İbrahimov, ayağa dur, dil aç görək! Şərəf ilə ölməkdən çox, çox çətindir Şərəf ilə ömr eləmək. Məhəbbət də bir dövlətdir. Onun da öz sərhəd xətti, Onun da öz davası var, düşməni var. Onun vaxtsız vurulanı, onun əsir düşəni var. Məhəbbətin faşist idə xəyanətdir, Evlər yıxar onun qəflət hücumları. Bir il olur, beş il olur – dava nədir?! Tükənməzdir xəyanətin davaları, Tikilməzdir xəyanətin üçrumları. Etibar da, sədaqət də bir ordudur. Hünər – onu bir əsgəri intizamla qorumaqdır. Bax bu nizam, Bu intizam – Lazım gəlsə generaltək əmr verib, Lazım gəlsə qurumaqdır. Görürsənmi, mən də sənəm! Yer üzündə yaşayıram. Arzu istək qatarımda Gah məhəbbət, Gah sədaqət, Gah da nifrət daşıyıram. Sənin qalib niyyətinəm, yaşayıram. Yaşamağa nə var, qardaş, Hünər odur yaşadasan! Neçə düşmən hücumundan Bir taleyə yönəldilmiş badalaqlar təkanını yumşaldasan. Hansı qəlbin gözünəsə Bir azacıq nur atasan. Hansı fikrin gözünüsə Arıtlayıb duruldasan. Düşünəsən gərək bunu; Kimsə sual cümləsidir, Sənsə nida cümləsisən – «Niyə»lərin, «nədən»lərin «Çünki»sini, «görə»sini bilməlisən. Bəzən olur: Öz əbədi xoş anının, Xoş gününün dalısınca Əbədilik daş atırsan. Kimi isə qoruyursan, Kimi isə yaşadırsan, Yaşamağın qanunu da bəlkə budur: Hər dəfn olan özü deyil, Başqası tək dəfn olunur. Kimsə səni yaşadıbdır, yaşamısan. İndi sən də başqasının Taleyini yaşayırsan, yaşadırsan. Yaşayıram, dedim sənə. Dünən, bilsən, Neçə yerdən Yaralandım Dodağımda döyüş andım, Düzlər keçdim, Qəzəbimin qanadında Dağlar aşdım. Mən yenidən silahlanıb Sən olmağa hazırlaşdım. İndi sənin qəzəbinəm, əldə silah, Hara desə Vətən bizə Sən-mən ora yollanacaq. «Yaşayırsan, yaşadırsan» dedim ona, Məzar susdu, dili batdı. Elə bil ki, ağ mərmərdə Ara-sıra gözə dəyən nazik, qara xətlər artdı. 5 Bu nədəndir: Qara torpaq bitirməyir qara çiçək. Yəqin elə torpaq bilir: İnsan özü bu çiçəyi bitirəcək. İnsanlardan insanlara Bir əbədi töhfə olan Qara hüzn, qara kədər, Qara çiçək deyil məgər? Ağlım deyir: İnsan ağlı çəkilməyə, Ölçülməyə çox möhtacdır. İndi bizə belə cihaz Ən ümdə bir ehtiyacdır. Qara fikrin tutumunu Çəkə bilək ağlımızda. Fikrimizə gedən nifrət, yalan-böhtan, Qurğu-qisas cığırını Tapa bilək alnımızda, Sözün, səsin rəngini biz Baxışların, dodaqların Rənglərində görə Bilək. Görək əsrin havasını; Hardan əsir, Necə əsir, qara külək. O küləyin Ağzı nə vaxt yumulacaq, Səsi nə vaxt kəsiləcək? Hansı Üzeyir o notları Əsrimizin son musiqi dərsliyindən çıxardacaq. Hansı Səttar Bəhlulzadə O rəngləri qızardacaq, ağardacaq? Anaların taleyində Qara günlər o qədər kig Bundan sonra neçə-neçə bəstəkarın notlarına, Neçə-neçə sənətkarın fırçasına ana dərdi bəs edər kig Ey balladam, Bir ananı yadına sal, Bir anlığa tünd qara gey, Dövrələsin o məzarı Qara quzey, Qara güney. Buludunu çək o yana, qara gün, ey! Qoşa hörük – İki qara çay dolansın başdaşına. Bir qaragöz ulduz qonub. Bir qaraqaş ay dolansın başdaşına. Bir qara qız açıb qara örpəyini, Qucaqlasın bu ağ mərmər ürəyini. Bəlkə onun sinəsində İki qara göz dəfn olub. Hələ yanan, hələ yanan, Deyən: hələ, hələ sağdır, sağdır anan – Bir ocaq köz, köz dəfn olubg 6 Qalibliyin məğrurluğu nə don geyir Son zərbənin nəşəsinə bürünəndə?! Qəlbim deyir, fikrim deyir, Deyim mən də: Qırmızıda çimib çıxan dümağ, dümağ! Bəs o yumaq məğlubluğun suçu necə? Bəli o da öləzimiş torf boyalı, görkəm alır! Bəs bu görüş məqamında Davasını qurtarmamış Nifrət, qəzəb Nə geyimdə, olur, əcəb?! İstəyirəm ulu Günəş Bütün rənglər birliyinə Yenidən bir qələm qata. Bütün rənglər birliyində seçilən bir rəng yarada. Rəngli buludlar biçilə, rəngli naxışlar əkilə, rəngli pərdələr çəkil Ekiz-ekiz ölüm doğan Ölkələrin üfüqünə, səmasına, Sədaqətlər, Etibarlar arasına Soxulan xəyanətə, yıxılan ədavətə O rəngli paltar biçilə, hamı görə, seçə bilə. Bütün silah yasliləri, Bütün raket bağçaları Boyadılsın bu rəng ilə. Hələ nifrət «bayrağı» da Yaradılsın bu rəng ilə. Davalara ilk hazırlar Bu bayraqla «təltif»lənsin. Nifrət donlu qabaqcıllar Nifrət dolu şüarlarla «tərif»lənsin. Nifrət, qəzəb! Bu gördüyüm qəbirlərin İntiqamı bu dondadır, ittihamı bu dondadır. 7 Ey balladam, mavi geyin bir anlığa, Sən bir mavi işıq apar o qranit qaranlığa. Ağ lələkli, mavi qumru Üçsün yaşıl kol üstündən. Yaşıl, mavi uşaqlığı Əl eləsin yol üstündən. Mavi ləpə bağışlasın Göygöl ona, Xəzər ona. Onu burda ağlayıbdır, Yarasını bağlayıbdır, Əbədi də keşik çəkir İndi mavi gözlər ona. Mavi gözə baxa-baxa Bir parça od keçib gedib, Mavi gözlər dünyasından İki qara göz karvanı köçüb gedib. Şevçenkonun «Vəsiyyət»i yada düşüb, O son anda bəlkə qeyri-ixtiyari Göz yaşına çatıb yalnız Son görüşün, son vidanın iqtidarı. Var olun ki, ukraynalı dostlarım, siz Bu gün məni öz qəbrimin görüşünə gətirdiniz. Sevindim ki, Vətənimin Ukraynası düşmənlərlə vuruşanda, Mən də onun oğlu kimi Bu torpaqda vuruşmuşam. Mən bir ovuc Azərbaycan torpağıtək Ukrayna torpağına qarışmışam. Məzarımdan nar ağacı bir də söyüd bitsə, ancaq Meyvələri salxım-salxım, Şar-şar yanan od olacaq. 8 Ey balladam , qırmızı gey, qan-qırmızı! Bir qırmızı bayraq olub, yan qırmızı! Yaralanmış bir pələngin Baxışlarından qırmızı! Qırmızı gey, qan-qırmızı! Bu oğullar Həyatının son anını Ot üstünə, qar üstünə həkk eləmiş bu rəng ilə. Çox torpağın çox yerində Qırmızılıq qalır hələ. Solub gedən bənizlərə qırmızı tül çəkilmişdi, hara getdi? Biz qırmızı cığırlarla Addımladıq Berlinəcən. O qırmızı atəşlərlə, O qırmızı tüfənglərlə, O qırmızı fişənglərlə Biz Berlinə Təzə həyat aparmışıq. Qara üzlü bir dünyadan Ağ üzlü bir Almaniya qoparmışıq. Ey balladam, bəlkə onlar çıxıb yaddan? Bu gün Hitler göbələyi baş qaldırır torpaq altdan. Bu gün onun yuxusunu sayıqlayan generallar Ayağına yenə Hitler nalı nallar. Avropanı bu qədəmlə Gəzmək istər yenə onlar. Ey balladam, qırmızı gey, qırmızı qan – axsın onun məzarına hər misradan. Bilsin onun axan qanı Nə bitirib, bu torpaqda Nəyə dönüb, nələr olub. Hansı düzdə çay nəğməsi, Hansı çayda bəndlər olub, Yurdumuza səpələnən Nəsil-nəsil Gülüş olub, Həsrətlilər saçlarında gümüş olub. Öz canını həsr etdiyin Lvova bax! Ukraynanın qərb Kiyevi, Təkcə qərib qonağı yox, Hətta qərib quşu sevir, O quşlar da yaralanıb Bu torpaqda, Balasını itiribdir. Tank şumlayan həyətlərin Kərdisində Öz yemini, Külə dönmüş pərdəsində Yuvasını itiribdir. Ey balladam, Sən bir vida marşına dön. Uyut onu- o əsgəri, Aram-aram başına dön. Bir də qara kirpiyini, Gözünü sıx dərin-dərin. Anamın buz məzarından Bilirəm ki, neçə dəfə Torpaq alıb kirpiklərin. Damız, damız qəbrinə sən, O torpağın tozunun bir zərrəsini, yenə torpaq isindirər Onun torpaq sinəsini. Qoy o qəbrin başdaşında Azərbaycan gülü bitsin, Qoy o qəbrin başdaşında Azərbaycan dili bitsin. 1966-68 Lvov-Bakı
|
|
|
 |
|
 |
|  |  | Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub. Əsl sənət «söz oxuna meylli» deyil Başqa cür desək, sənətkar insan da dağlar kimidir. Şair doğmalığı, şair yadlığı! Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Niyyətimiz haradır, Mənzilimiz?... Ucalıq, mərdlik və dostluq poeziyası
|  | |  | |  |
|
 |