|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
QOCA  ARIÇI  İLƏ  SÖHBƏT


Qoca, yaxşı qoru bu dərələri!
Qalsa, bizə bu dərələr qalacaq,
Bu selablar, bu dərinlər qalacaq,
Bu arılar, bu pətəklər qalacaq,
Ballı, südlü biçənəklər qalacaq.
Burda çayın sel ədası görünməz,
Qarışqanın fil ədası görünməz.
Ardıc kolu sığallansa azacıq
Acı şivdən şirin şərbət sızacaq.
Burda rəngi, boyası var hər səsin,
Qayalarda buynuz yeri, tur səsi...
Burda ala buğanındır boz inək,
Kəpənəyi qovan yalnız kəpənək...
Sürçək döşdə yox ayağı sürüşkən,
Sərçələr də qırğı kimi döyüşkən.
Bu dərədə yaşmaqlı quş görürəm,
O tay-bu tay qayanı tuş görürəm,
Yeri-göyü bacı-qardaş görürəm.
Yatağana burda arsız deyərlər,
Kasıb deməz, arısızdı - deyərlər,
Qonaqsız ev divarsızdı, - deyərlər.
Söz qapıdır, söz sərhəddir burada
İt də mərddir,
Qurd da mərddir burada,
Yad dərənin sümüyünə sümsüməz,
Yad sürünün çəhlimini imsəməz.
Qoca, yaxşı qoru bu dərələri,
Bir də yurd yerimiz düz olmayacaq
Dərələr də qoşalığı sevəndi,
Dərələr də qonşuluğu sevəndi
Bir dərəlik haqq qorusan bəsindi,
Doğru yoldan əyri yolu kəs indi.
Tələ qurmaz, cələ qurmaz qış yaza
Dağın dağa badalağı olmasa.
“Mənəm”liyə çox əlləşir zirvələr;
Dağlar axa -
Dağ döyüşü başlaya;
Qayaların tank döyüşü başlaya;
Düzənlərin düz ahəngi pozula,
Əyri-düzlük,
Düz əyrilik yozula,
Torpaq göyü, göy torpağı sümürə.
Alov qona hər ota, hər sünbülə,
Dəli şimşək su odlaya, daş kəsə,
Azan bulud sığınmağa yer gəzə,
Gizlənməyə göz tapmaya bulaqlar;
Bu dərələr dibək daşda su saxlar,
İtən səsi, batan səsi hifz elər,
Daş kahalar Ağ evlərə görk üçün,
Bir-birini didənlərə görk üçün.
Bu dərədə ayı, əlik qonşudur,
Nurla zülmət əbədilik qonşudur.
Silahlara görk üçündür pətəklər,
Hər arı da bir gözətçi, bir əsgər.
İlk baxışda kürsü kimi hər qaya,
Ahıl qaya!
Gəlin qaya!
Nər qaya!..
Bu kürsüdə çəkişmə yox, bölgü yox;
Haqq udmağa tərəzi yox,
Ülgü yox.
Burda qədim nağıldan da qədimlik,
“Mənəm” - desə noxtalanar “mənəmlik”
Bu kürsüdə qova bilməz səs səsi,
Yıxa bilməz,
Boğa bilməz səs səsi.
Kəklikdisə nəğməsini oxuyar,
Maraldısa mamırları qoxlayar,
Boz qayaya bir boz çadır söykəli.
O çadırda sən məhəbbət heykəli
Səksən yaşda, beş yaşında uşağın -
Hikmətidir bu dərənin, bu dağın:
Baldırğanı, ballı dərən var olsun,
Ballı dilin, ballı süfrən var olsun.
Bu oxusuz, bu yazısız arılar
Yox olsalar “Göydələnlər” yarılar,
Bu dağların sərinliyi çəkilsə,
Çaylar daha dərinliyə çəkilsə,
Ağılların səsi batar, - deyirəm;
Bu dərələr nə yaxşı var, - deyirəm.
Ey sürücü, arabanı uzaq sür,
Bu dərələr sənsiz gözəl görünür -
At kişnəyir,
Kəl fınxırır,
Quş uçur...
Bir hənir də hənirlərə qoruqçu...
Qoca, yaxşı qoru bu dərələri...
Qoca, yaxşı qorun bu dərələrdə...

iyul-oktyabr, 1987
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws