|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Şəkər   ASLAN

“ ÜÇ  OĞUL ANASI  “

   Məmməd İbrahimin  “ Üç oğul anası “ kitabçasında gənc şairin bir neçə  şeri və  “Üç oğul anası “  adlı poeması verilmişdir.
Şerləri oxuyanda ürəyimdə doğma yurdumuza sonsuz  bir məhəbbət  coşur, müharibə tərəfdarlarına isə nifrətim  qat-qat artır.
  Sənətkarlıqla yazılmış, yeni fikirlərlə dolu olan  “Köçəri quşlar“ şerində Azərbaycanın həmişəbahar  guşəsi, rus şairi Aleksandr Smerdovun  dediyi kimi “Ətirli  Xəzər çiçəyi“  olan Lənkəranın gözəlliyi bu yerlərin özünəməxsus bir təravətlə verilmişdir. Şair qışda quşların qatar-qatar axıb Lənkərana gəlməsini çox gözəl mənalandırmışdır:
                              Qışı baharla keçən
                              Bu  yerimi sevirlər.
                              Nə xoşbəxtəm quşlar da
                              Xəzərimi sevirlər !
 Ən çox xoşuma gələn şerlərdən biri də “Muğanın  şikayəti”dir. Azərbaycan  ceyranlar oylağıdır. Azərbaycana həsr olunan ən gözəl  şerlərdə təsadüfi deyil ki, ceyran ilhamla tərənnüm olunmuşdur. Ancaq çox təəssüf ki, son zamanlar doğma yurdumuzda, xüsusilə Muğanda ceyran xeyli azalmışdır. Mənim  25 yaşım olmasına  baxmayaraq,  kinofilmlərdən və muzeylərdən başqa  heç yerdə yaxından ceyran görməmişəm. Əlbəttə , ovçuların insafı olsaydı, düzlərimizdən əli tüfəngsiz, səssiz-küysüz keçsəydilər, “o çöllər qızı “ da bizdən uzaqlaşmazdı. Nə qədər ki, gec deyil , bu barədə düşünmək lazımdır!  Qoy, bizim doğma düzlərimizdə həmişə “ ceyran qaçsın, cüyür mələsin”,  qoy, bu sözləri heç kəs unutmasın:
                            Belə gedərsə ancaq,
                            Gələn nəsillər sabah
                            Ceyranı çöldə deyil,
                            Muzeydə axtaracaq.
                                     Ceyran azalıb,
                                     Yaman azalıb!
     Kitabçada “ Həzi burda doğulub” şeri başqa şerlərə nisbətən xeyli zəifdir. Bu şerdə gənc şairin obrazlı dili yoxdur,  Azərbaycanın igid oğlu  Həzi Aslanov haqqında o, yeni söz deyə bilməmişdir. Görünür, buna şerin forması mane olmuşdur.
   “Üç oğul anası” adlı poema  bütün sovet poeziyasında müharibə əleyhinə yazılmış ən gözəl əsərlərlə yanaşı dayana bilər. Poemanın qəhrəmanı Gülsənəm qarı üç oğul anasıdır, ərini çox ərkən itirmişdir.Uşaqları üçün həm ata, həm ana  olmuşdur. Yç çinar qamətli, dərin məhəbbətli, dərin nifrətli, biləklərinin gücündən köklü qayalar qopan oğul böyütmüşdür. Gülsənəm xala oğullarının toyunu görmək həvəsilə  gecə-gündüz çırpınır. Böyük oğlunun toyundan üç gün keçmiş müharıbə başlanır. Ana oğullarını yola salır:
                           --Gedin, tez qayıdın ! – söylədi ana –
                              Gedin qapımızı yağı döyməsin ,
                              Ancaq unutmayın: “ İgid olana
                              Gərək arxasından güllə dəyməsin !”
    Oğullarının üçü də  müharibədə qəhrəmanlıqla həlak olur. Gülsənəm xalanın evində üç gün vüsal, on üç il  hicran görmüş gəlin: “ Mənə də ev,  uşaq gərəkdir.”—deyib ərə gedir. Kəndin camaatı , kolxoz Gülsənəmə öz oğulları qədər qayğı göstərir. Ancaq ana üc oğulun dərdinə dözə bilmir. Dərd onu yıxır.
                              Üstündə yüz cavan baş əydi azı,
                              Ürəklər yenə də duydu bu dərdi:
                              Üç aslan biləkli oğul anası
                              Özgələr çiynində gora gedirdi...
   
 Əziz gənc şair, sən müharibəyə qarşı əsil nifrət dastanı yaratmısan. Buna görə mən sənin  kitabını yerə qoya bilmirəm. Gülsənəm xalalar onu  dəfələrlə mənə oxutdurur, bu gün odla oynayanlara nifrət yağdırırlar. Dostlarım bu kitabı tez-tez məndən alır,  ayrı-ayrı yerlərini əzbərləyirlər. Onu özümlə gəzdirməkdən cildi əzik-üzük olubdur. Ayrı-ayrı vərəqlər saralmışdır. Mənə elə gəlir ki, sən bundan inciməzsən. Bu, sənin yaradıcılıq müvəffəqiyyətindir. Bu , sənin mükafatındır. Axı ancaq zəif şerlərlə dolu kitablar rəflərdə səliqə ilə qala bilərlər. Sənin sözlərin isə vərəqlərdən beyinlərə, ürəklərə köçür. Arzu edirəm ki, gələcək  kitabların  da əllərdə bu sayaq gəzsin.

1961

 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws