BİR OTAQDA
Bəlkə də bu günahımdır: Qələm aldım, şer yazdım... Sən olmasan mən bu qədər Bir otağa qapanmazdım... Sən olmasan bəlkə elə Bir çobandım dağda-daşda. Umu-küsü bilməzdi heç Qohum-qardaş, dost-tanış da. Kimisinin köynəkliyi, Kimisinin əlcəkliyi, Kimisinin bulaması, Kimisinin dələməsi Gələrdi də... Atam - anam Göz yorğunu olmazdılar. Məktubların, soraqların Ümidinə qalmazdılar. Sən olmasan bu titrəyən, Bu ağrıyan ürək nəydi? Bəlkə şair olmamağım Olmağımdan gərəkliydi?! Bəzisinə ürək qazıb Söz ələmək asan gəlir, Düyün düşən fikirləri Çözələmək asan gəlir, Göz görməyən duyğuları, Məhəbbəti, ehtirası, kefi, yası cilalayıb Söz eləmək asan gəlir. Bəzən olur: saatlarla Danışıram ölü kimi. Bəzən olur: saatlarla Öz-özümə danışıram dəli kimi. Kiminləsə vuruşuram, Kiminləsə barışıram, Kiminləsə yarışıram, Oda, közə qarışıram; Elə bil ki, meteorlar yağışını Dəf edirəm bir otaqda. Mən özümü neçə dəfə Dəfn edirəm bir otaqda. Vəsf etdiyim gözəlliyə Pəncərədən baxıram mən, Neçə qızın sevgisinin Orbitindən çıxıram mən; Gözlərimin şirin yüxü Damarını kəsirəm mən Sevgilimin saçlarının Tumarını kəsirəm mən. Həyatımdan bezəndə də Gəlib şer yazıram mən. Bir dostumdan küsəndə də Gəlib şer yazıram mən. Ömrü boyu körpə olan körpəm sənsən. Könüllərdə daşqınım sən, körpüm sənsən. Neçə böhtan məclisinin Şahmatında itsəm belə fiqur kimi, Sən varsan, mən əyilmərəm, Əyilmərəm qürur kimi. Sən olmasan bu dünyada nəyəm, kiməm? Sən olmasan sonsuz ata, Sən olmasan bir yetiməm. Sən əzabım, sən havarım, Sən fırtınam, sən avarım... Ya səninlə bu sevdamın Dalğasında batasıyam, Ya səninlə öz arzumun Sahilinə çatasıyam... 1965
|