|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 

Məmməd RAHİM


ÜÇ    KİTAB    HAQQINDA

Azərbaycan sovet şerinin sıralarına ildən-ilə ümid verən, ürəkləri fərəh hissi ilə dolduran gənc qüvvələr gəlir. Belələrindən biri Məmməd İbrahimdir. Onun “Üç oğul anası” (Uşaqgəncnəşr, 1961) kitabına nəşriyyat balaca bir müqəddəmə vermişdir. Burada deyilir ki, “Məmməd İbrahim Azərbaycanın istedadlı gənc şairlərindəndir”. Kitabdakı şerləri oxuyanlar nəşriyyatın bu qeydinə haqq verərlər. Məmməd İbrahimin şerləri yığcam, fikirləri aydındır. O, yazmaq istədiyi mövzulara ciddi yanaşmaq istəyir.  “İlk eşqim, ilk əsərim” şerində Məmməd İbrahim deyir:
            Deməyin ki, biganəsən
            Sən məhəbbət dünyasına.
            Məhəbbətlə ilk dəfə mən
            Gəldim sənət dünyasına.
Bu sətirlər gənc şairin həyata məhəbbətlə yanaşmaq istədiyini, duyub- yaratmağa çalışdığını xəbər verir. M. İbrahim lirik şairdir. Insanların sağlam məhəbbətini ifadə etməkdə, saf duyğuların tərənnümündə o daha çox müvəffəq olur. “Necə unudum səni” şerində M. İbrahim sevişənlərin gözəl hisslərini, sədaqət və məhəbbətlərini səmimi ifadə edərək yazır:
            Səyyah oluramsa – göz işlədikcə
            Əvvəli, sonu yox bir düz olursan.
            Mən səni gecələr unutsam – gecə,
            Gündüzlər unutsam, - gündüz olursan.

            Qoy bir an ürəyim rahat döyünsün,
            Bu qədər insafsız olmaz ki, adam!
            Yox, səni bir an unutmaq üçün,
            Özümü bir yolluq unutmalıyam...
Bu sətirlər tükənməz bir eşqlə, sonsuz bir hərarətlə sevənlərin ürək çırpıntısının ifadəsidir. “Muğanın şikayəti”, “Yeddi bulaq əfsanəsi”, “Günahsız müqəssir” kimi şerlər onun kitabının qiymətini daha da artırır. Məmməd İbrahim Vətən torpağını, onun dağlarını, çaylarını hərarətlə təsvir edir. Azərbaycanın gözəl təbiətindən məhəbbətlə danışır. “Araz yadıma düşüb” şerində oxuyuruq:
    
                    Sahilində küləklər
            Gəzməyib mənim qədər.
            Sularında ördəklər
              Üzməyib mənim qədər.
            Qayasına baş qoyum,
            Saçımı dalğa yusun.
            Körpə kimi uyuyum
            Səsilə dalğasının.
            Araz yadıma düşüb
            Hər teli min havalı,
            O saz yadıma düşüb.
“Üç oğul anası” kitabında “Müharibə olmasa” adlı şerdə Məmməd İbrahim insanların ürəyindən gələn duyğuları, arzuları ifadə edərək yazır:
               Bəşərin qapısından
                    Vaxtsız ölüm gen düşər.
                  Insanın saçlarına
                    Yüz yaşında dən düşər, -
            Müharibə olmasa!
Rəssam dili ilə desək, bu, ciddi və geniş bir tablo üçün işlənilən yaxşı eskizdir. Məmməd İbrahimin kitabında müharibə əleyhinə “Üç oğul anası” adlı poema vardır. Bu əsərdə şair, sözün müsbət mənasında, qənaətcildir. O, yerli-yersiz baş alıb getmir, dörd misrada deyiləcək fikri on iki misra etmir, ciddi boyalarla ananın surətini yaratmağa çalışır. Bu ana bütün sovet adamları kimi, Vətən torpağını hədsiz məhəbbətlə sevir. Fəlakətlər törədən müharibənin dəhşətləri onu sarsıdır. Övladlarını itirməkdən vahiməyə düşsə də, Vətənin taleyini düşünəndə daha yüksəkdə durur. M. İbrahim “Üç oğul anası” poemasında Vətən məfhumunu geniş götürür. Onun qəhrəmanları ideal uğrunda vuruşur, Vətənin azadlığını qoruyur, gələcək nəsillərin səadətini mühafizə üçün döyüşür:
            Yazdı,mən ölürəm, yaşasın Vətən,
            Şərəfli ölümü alqışlayıram!
            Yazdı, öz ömrümü, öz canımı mən
            Gələn nəsillərə bağışlayıram.
Onun qəhrəmanları xalqlar dostluğu uğrunda vuruşurlar, böyük Sovetlər İttifaqını qoruyurlar:
            Araz sahilində dünyaya gələn,
            Dunay sahilində getdi dünyadan.
Belə oğulların anası alicənab və riqqətlidir, həssas qəlbə malikdir. Şair onun müharibə günlərindəki əhval-ruhiyyəsini belə təsvir edir:
            Lampa işığına çörək bişirdi
            Dedi: “əkin qalır, dağa qar düşüb”,




            Isti otağında əsdi, üşüdü, -
             Eşitdi şimala soyuqlar düşüb.
Döyüşdəki oğullarımızı belə təmiz ürəklə düşünən ananın qəlbi müharibə törədənlərə qarşı nifrətlə doludur.

1963 

 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws