|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 

Tofiq    MAHMUD


ŞAİR AXTARIR

Məmməd İbrahim bir geoloq kimi daim narahatdır, gününü otaq küncünə çəkilib öz aləminə qapılmaqla deyil, həyatın seyrinə çıxıb gəzməklə, düşünməklə və axtarmaqla keçirir. Şair nə axtarır? Bunu görmək və bilmək üçün onun Azərnəşr  tərəfindən buraxılan “Mən səni taparam” adlı kitabını vərəqləmək lazımdır.
Şair, dərədə bir bulağı axtarır, gürşadın qurbanı olan bulağı əvvəlki kimi görə bilmir, kədərlənir, hətta qəzəblənir. Niyə vaxtilə ətrafına fırlanan, kabab çəkən, nəşələnən adamlar indi bulağın qayğısına qalmır, yeri qazıb onu yenidən üzə çıxarmırlar?  M. İbrahim əvvəlki təmiz, şəffaf bulağı axtarır və onu tapacağına oxucuda inam hissi yaradır.
Daim axtarış aparan şair qəbristana gedib-gələn bir gəlini görür, onun həyatdan, cəmiyyətdən, gənclikdən uzaqlaşdığını duyur. Gəlinin kədərinə şərik olsa da, onu həmişə yas paltarında görmək istəmir. Nə üçün vaxtsız ölmüş ərinə yas tutan bu gəlin bütün həyatını ələm içində keçirsin, qızını da gülüşə, şənliyə, əyləncəyə həsrət qoysun? Yox, gəlin həyatın da, ölümün də yerini bilməlidir. Ərinin xatirəsini əziz tutmaqla yanaşı həyatını da qurmalı, insan kimi yaşamalıdır. Bu düşüncələr şerə çevrilir və sonda, gəlinə müraciətlə, şair çox haqlı olaraq yazır:
            Get bir daş qoy daş üstünə,
            Çıx dünyanın seyrinə bir.
            Axı həyat öz evindən
            Qəbristana yol deyildir.
Qaranlıq içində qalmış, ot, çayır basmış, yiyəsiz bir həyətin qəmli görkəmi müəllifin qəhrəmanı mantyoru çox düşündürür, həyəti bu vəziyyətə müharibə salmışdır, buradan bir oğul davaya gedib qayıtmamış, ana da evin açarını qonşuya tapşırıb, həyatdan köçmüşdür. Beləliklə, həyət yiyəsiz qalmışdır. Mantyor buna dözmür, dirəklər vurub buranı işığa qərq edir. Şair bu şerində də sülh, əmin-amanlıq, dinclik, səadət eşqilə yaşayır və müharibə tərəfdarlarına nifrət oyadır. Onun qəhrəmanının düşüncələri nə qədər mənalıdır.
            Dedi məşəl edim ürəyimi də
            Bu evi dünyaya göstərmək üçün.
Müəllif Leninqradda bir almanla tanış olur və yaralı bir şir heykəli görür. Onun burada keçirdiyi duyğular da şerə çevrilir. Ürəyindən sevinci oğurlanmış alman bu qədim, gözəl şəhərə iki dəfə gəlmişdir; birinci dəfə düşmən kimi, yıxıb dağıdan, məhv edən cani kimi; ikinci dəfə isə səyyah kimi, qonaq kimi. O, küçələrdən ötməyə utanır, keçmiş qanlı əməlləri göz önündə dayanır, daxilən əzab çəkir. Şair, onun mənəvi sarsıntılarını, əzablarını, həyəcanla, ehtirasla verir. Ikinci şerdə isə düşmənin mərmisindən yaralanmış şir heykəli vasitəsilə yeni müharibə qızışdıranlara qarşı xalqın qəzəb və nifrətini ifadə edir:
            Şir danışmaq istəyir,
            Şir soruşmaq istəyir:
            “Hər küçəsi bir tarix,
            Hər evi bir abidə
            Bir şəhəri dağıdan
            Əllər sağmı yenə də?!
            Verin didim onları
            Pəncəmdə mən yun kimi.
            Öz ovcumda əridib,
            Töküm boğazlarına
            Mən qurğuşun kimi..”
Şair, axtarışlarını davam etdirir; uşaq vaxtı yuvasını uçurduğu qaranquşa xitabən dediyi səmimi etiraflar, subay kosmonavt haqqında qızların həyəcanları, binalar ucaldan bənnanın əməyi, zəhməti ilə şöhrət tapan Bakı fəhləsinin böyük əməlləri “Mən səni taparam” kitabında hərarətlə, səmimiyyətlə tərənnüm olunur. Şair özünü göy işığa bənzədir, nəcib, təmiz duyğulara, həyat eşqi ilə yaşayan insanlara yol verir, onlara məhəbbət bəsləyir; lakin silahla yüklənən maşınların qarşısında qırmızı işığa dönür, “qəlbinin qanıyla boyanır”, hərbə gedən yolları kəsir.
Cəmiyyətimizdəki bəzi mənfi cəhətlər də şairin nəzərindən yayınmır. Qadınları hələ də müti sayan, onlara hər cür iş gördürən, özü isə əli qoynunda gəzən bir nəfər, həyatda insan kimi yaşamayan, dost-tanış bilməyən, prinsipsiz, ikiüzlü bir şəxs onun şerlərində tənqid olunur.
M. İbrahim axtardığını tapa bilmişmi, istədiyinə nail olmuşmu? Bu suala müsbət cavab vermək olar. O, özünəməxsus poetik ifadə tərzi, sadə və aydın üslubu ilə  maraqlı, diqqəti cəlb edən, yaxşı şerlər yarada bilmişdir. M. İbrahimin şerlərində oxucuya qaranlıq qalan, aydın olmayan misra tapmaq çətindir. Onlar, əsasən, canlı, təbii və mənalıdır.
 Şair təsadüfi, ötəri mövzularda az yazır; günün, həyatın vacib məsələlərinə toxunur, lazımlı hadisələri qələmə alır. O, quru bir şəkildə nəql etmir; aydın, parlaq boyalarla lövhə çəkir, poetik fikir deməyə diqqət yetirir, sözçülüyə yol vermir. O, öz səsinə, öz yoluna çox zaman sadiq qalır.
Bunun nəticəsidir ki, “Mən səni taparam” kitabında “Mən Araz şairiyəm”, “İnsan ürəyi”, “Deyirlər ki...” və “Nobel mükafatı” kimi müvəffəqiyyətli şerlər vardır. M. İbrahim Araza bəslədiyi məhəbbətini məhdudlaşdırmır, geniş və yüksək mənada götürür. Araz deyəndə şair, tək çay haqqında deyil, Vətəni, xalqı, onun gözəl ənənələri haqqında düşünür.
Sənət eşqini isə müəllif, böyük aktyor Ə. Ələkbərova həsr etdiyi şerində yaxşı mənalandırır. Aşağıdakı beyt sənətlə yaşayan, həyatını ancaq bunda görən bir insanın mənəvi aləmini açmaq üçün çox gözəldir:
            Bəlkə də bircə gün Otello olmaq
            Onunçün əlli il yaşamaq idi.
“Mən səni taparam” müəllifinin ciddi axtarışlar zamanı büdrədiyini də görmək olar. “Tunc atlı”, “Moskva, noyabr”, “Yeni il ucaltdı” kimi şerlər M. İbrahimin yaradıcılıq imkanlarından aşağı səviyyədə yazılmışdır. “Oyat məni”, “Bir oxucuya məktub”, “Mənim ünvanım”, “Ay müdir”, “Şair ömrü”, “Bəzi şairlərə” şerlərindəki duyğular, hisslər, motivlər bir-birinə çox yaxındır və bu, bəzən təkrar kimi səslənir. Kitabda dəqiq olmayan ifadələr, misralar da vardır.
“Mən səni taparam” M. İbrahimin üçüncü kitabıdır və bu, onun irəliyə doğru getdiyini açıq-aydın göstərir. Ümid etmək olar ki, o, axtarışlarını yenə əvvəlki inamla davam etdirəcək, yeni mövzular, yeni duyğular tapıb oxucularını sevindirəcəkdir.

1963


 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws