BAKININ GECƏSİ
Bakının gecəsi ağ varaq kimi, -- Elə bil Hələ bir qələm dəyməyib. Hələ bu varağa əlim dəyməyib. Nə qədər istəsən, şer yaz ona, Köçür sətir-sətir duyğularına. Bu xətkeş küçələr varaq gözləyir. Bu kitab binalar az oxunubdur. İnsanlar yatanda göz işığını Səpir küçələrə, Yanır küçələr. Yatmır küçələr. Bakının gecəsi işıq romanı... Dənizin qoynunda baş qəhrəmanı. Oxu səhərəcən, yetəsən ona. Yüyür səhərəcən dəniz qoynuna. Bakının gecəsi bir dağ gölüdür. Kəhkəşan qurşağı boyunbağısı, Xəzəri ay kimi döşündən asıb... Bakının gecəsi -- mürgülü qoca, Qayğı yüklü qoca, Söz yüklü qoca... Bakının gecəsi ağ varaq kimi... Onu kim götürə, ona nə yaza! Nə ötəri ola, nə də ki, asan. Bakının gecəsi ağ dəniz kimi, Uyudur qoynunda nə qədər gəmi, Nə qədər insan -- gəmi Sabah açılanda səfərə hazır. Gör, şair, ürəyin, əlin nə yazır -- Bakının gecəsi ağ varaq kimi. Gör, sözün varmıdır səpinə hazır...
Yanvar, 1973
|
|