|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Firidun HÜSEYNOV
ÜÇ    POEMA   HAQQINDA

 Məmməd İbrahim səmimi hisslər tərənnüm edən, həssas və istedadlı şairlərimizdəndir. Bu vaxtadək onun “Sevgi nəğməsi”, “Üç oğul anası”, “Mən səni taparam”, “Araz axır” kitabları çapdan çıxmışdır.
 “Araz axır” kitabına şairin “Üç oğul anası”, “Araz axır”, “Mən də insan oldum” poemaları daxil edilmişdir. Məmmədin şerlərində olduğu kimi, poemalarında da poetik mənalandırma, dəqiq müşahidə nəzəri cəlb edir.
“Üç oğul anası”  poemasında şair, Vətən müharibəsində xalqımızın ağır günlərini, analarımızın fəryadını, müqəddəs torpağımız üçün candan keçən  şanlı qəhrəmanlarımızı yada salır. Üç oğlunu cəbhəyə göndərmiş bir ananın iztirablarını, arzu və istəklərini təbii səhnələr fonunda təsvir edən şair, fərdi cizgilərə, kövrək qəlbə və incə xarakterə malik ana surətini yaradır.Vətən məhəbbətini, müharibəyə nifrəti, insanların sülh, əmin-amanlıq arzularını bu surət vasitəsilə ifadə edir. Müəllif haqlı olaraq əsərini müharibəyə, hərbin törətdiyi cinayətlərə qarşı bir nifrət ifadəsi sayır:
            Qəlbim söz içində qovruldu yenə,
             Elə bil sinəsi yanar dağam mən.
            Bu günkü dava – qan hərislərinə
            Bir nifrət dastanı yazacağam mən.
Əzab-əziyyətlə üç oğul böyüdüb Vətən uğrunda döyüş cəbhələrinə yola salmış ana, öz ciyərparələrinə qəhrəmancasına vuruşmağı, məğrur və əyilməz olmağı tövsiyə edir. Ananın simasında biz, dar ayaqda özünü itirməyən, qorxmaz, alnıaçıq Azərbaycan qadınını görürük.
Poemada ana bir insan kimi bütün mürəkkəbliyi, zəif və qüvvətli cəhətləri ilə verilmişdir. Şair ananın iztirabları, düşüncələri barədə qısa, lakin tutarlı misralar işlədir.
Ananın qələbəyə, övlad vüsalına inamı əsərdə çox təbii verilibdir. O, oğlanlarının qara kağızını alandan sonra xəstələnib ölüm yatağına düşəndə belə ümidini itirmir, özü ölüm ayağında ikən övladlarının ölümünə inanmır.
Poemanın bütün məzmunu, ideyası oxucuda müharibəyə nifrət duyğuları oyadır. Əsərin sonunda şair, ürəklərin qəzəbini, kinini belə ifadə edir:
            Hərbə lənət deyən ana səsində
            O ananın səsi duyulsun bu gün!
            Yel əssə, quş səksə sərhəddimizə,
            Dağlar da, daşlar da ayılsın bu gün!
            Ekvator xəttinə “sülh” yazsın ellər,
            Nidamız Marsa da yayılsın bu gün!
            Şimşəklər qanadım, sellər ilhamım,
            Küləklər nəfəsim qoy olsun bu gün.
            Qəlbimin bu sadə şeriyyətindən
            Bir ana heykəli qoyulsun bu gün!
“Üç oğul anası”, ümumiyyətlə, Vətən üçün namuslu oğullar yetirən qəhrəman analarımızın - o “layla  bəstəkarlarının” surətini təcəssüm etdirən maraqlı poemadır.
Müharibəyə nifrət və sülh mövzusu Məmməd İbrahimin “Araz axır” əsərində də ön plana çəkilmişdir. Şair əvvəlki poemasından fərqli olaraq, burada rəmzlərdən, ricətlərdən çox istifadə edir. Epik lövhələrdən çox lirik hisslərin tərənnümünə geniş yer verir. Ümumiyyətlə, Məmmədin yaradıcılığında, xüsusilə “Araz axır” poemasında həyatdan gələn romantika vardır. Bu romantika, onun həyat həqiqətini, varlığı düzgün əks etdirməyə əsaslanan realizmi ilə möhkəm bağlıdır.   “Araz axır”da müəllif başı bəlalar çəkmiş, Vətən yolunda dünyanın bəlkə yarısını qarış-qarış dolanıb qayıtmış  bir gəncin romantik düşüncələri əsasında sədaqəti, vəfanı tərənnüm edir. Vətən məhəbbəti ilə sevgini bütün poema boyu müvazi şəkildə davam etdirir.
Əsərin qəhrəmanı vüqarlı, həssas və sevən qəlbə malik bir gəncdir. Alman faşizminə qarşı döyüş cəbhələrində vuruşmuş, Təbrizdən Berlinədək addımlamış bu gəncin mübarizə yolu və eşq macərası poemanın süjetini təşkil edir.
 Əsərin qəhrəmanı cəbhədə adi bir əsgər kimi vuruşmur. O, qəlbindəki ilk məhəbbət odunu silahların alovuna qataraq, böyük gələcək naminə çarpışır, qalib gəlir.
Məmməd İbrahim üçün Araz adi bir çay deyil, bir xalqın, vətənin sevincinin, kədərinin tərcümanıdır. Arazın timsalında şair, bütöv bir xalqı, vətəni düşünür. Onu xatırladıqca  vətənin qədim və zəngin tarixi, xalqın qəhrəmanlıq salnamələri gözlərimiz önündə canlanır.
Poemada təsvir olunan məhəbbət xətti də qüvvətli çıxmışdır. Bu xətt Vətənin taleyi, faşizmə qarşı mübarizə, müharibəyə nifrət motivləri ilə əlaqədə tərənnüm olunmuşdur. Gənc mühəndisin tələbəlik illəri qayğısız deyildir, sevgilisinin taleyi onu daim narahat edir. O, öz hisslərini, qəlb yanğısını əlvan bədii boyalarla nəql edir:
            Oxudum, qulağıma
            O gəldi səda kimi;
            Yazdım, sətrin sonunda
            O durdu nida  kimi!
            Bir qız adı eşitcək,
            Yadıma düşdü adı;
            Qızlara məhəbbəti
            Qəlbimdən oğurladı.
Poemanın mərkəzində duran bu surət bütün əsər boyu öz sədaqəti, vəfası, təmiz qəlbi, pak vicdanı, insanpərvərliyi ilə elə müsbət təsir bağışlayır ki, ona qibtə edir, bir qəhrəman kimi sevirsən. O, öz məhəbbəti yolunda keçilməz maneələrlə qarşılaşır. Poemada Ayrıgülün satılması, təhqir olunması kimi təsirli lövhələr vardır. Biz Ayrıgülün dilindən həyəcanlı nidalar eşidirik:
            Bilmirəm vətən hanı,
            Olam vətən satqını.
            Daşı-dağı sevirəm,
            Varı çoxdan satılıb!
              Bağça-bağı sevirəm,
            Barı çoxdan satılıb!
            Bəs hanı, hanı vətən?
            Düşmən olub satam mən?!
Şair oxucunu belə bir qənaətə gətirir ki, bu gün qaranlıq zindanlardan xəyalən çıxan Ayrıgüllər çox kecmədən həqiqi azadlığa qovuşacaqlar.
Əsər sərhədsiz, müharibəsiz dünyanın insan üçün, bəşəriyyət üçün əsil səadət və xoşbəxtlik dünyası olacağı ideyasını ifadə edir
Kitabdakı poemalardan biri də “Mən də insan oldum” adlanır. Əsər böyük Sabirə həsr olunmuşdur. Müəllif, Sabirin qəhrəmanları olan fəhlələrin adından danışır, həmin fəhləni işıqlı dünyaya yol axtaran bulağa bənzədir, kürələrdə qızdırılıb polad çəkicə çevrilmiş bir qüvvə ilə müqayisə edir, tufanlara sinə gərib, maneələri dəf etmiş bağbana oxşadır. Bütün bu bədii vasitələrdən fəhlə sinfinin yenilməzliyini, əzmkarlığını, keçdiyi tarixi mübarizə yolunu daha qabarıq göstərmək üçün istifadə olunmuşdur. 
“Mən də insan oldum” ümumi səviyyəsinə görə M. İbrahimin o biri poemalarından fərqlənir. Əsərin bəzi parçaları zəif çıxmışdır. Prozaiklik, sözçülük poemanın ayrı-ayrı yerlərində açıq hiss olunur. Poemada ritorik, obrazlı təfəkkürdən məhrum misralara da təsadüf edilir.
Məmməd İbrahimin “Araz axır...” kitabı oxucuları sevindirməklə birlikdə şairin qarşısında daha böyük tələblər qoyur.
1965

 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws