|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Məmməd      RAHİM

İKİ  ŞER   KİTABI  HAQQINDA

Bu ilin yanvar ayıdır. Orta nəslə məxsus  istedadlı şairlərimizdən  Məmməd İbrahimin  “Anamdan yadigar nəğmələr” və Nəriman Həsənzadənin  “Yadına düşəcəyəm” adlı Azərbaycan Dövlət nəşriyyatı tərəfindən buraxılmış  yeni kitabları masamın üzərindədir.
Istər Məmməd İbrahimin , istərsə də Nəriman Həsənzadənin şerdə işlətdikləri çalarlar, boyalar mənə məlumdur. Mən onların inkişafını daim izləyirəm. Istedadlı şairdirlər. Sənətə münasibətləri də ciddidir. Bilirlər ki, özünə qarşı tələbkar olmayan sənətkar inkişaf edə bilməz.
Məmməd İbrahim ilk kitabını “Sevgi nəğməsi” adlandırmışdır. Burada ədəbiyyat aləminə yeni-yeni qədəm qoyan bir gəncin tələbəlik həyatı, doğma kəndlərini arzulaması, ilk məhəbbəti öz əksini tapmışdırsa, sonrakı “Üç oğul anası” kitabında şair Böyük Vətən müharibəsinin doğurduğu fəlakətləri ürək ağrısı ilə qələmə alır, oxucularla ünsiyyət yaradır. “Mən səni taparam” , “Araz axır”, “Anamdan yadigar nəğmələr” kitabları çıxdıqca,  onun yaradıcılığını izləyən hər bir oxucu hiss edir ki, Məmməd əsərdən-əsərə istedadlı bir şair kimi yetkinləşir. O, artıq yaddaqalan bir çox şerlərin və poemaların müəllifidir. Məmmədin yeni kitabı əvvəlkilərdən bir sıra yaxşı üstünlüklərinə görə fərqlənir. Hər şeydən əvvəl, burada sənətkar qələmi görünür. Ana silsiləsindən yazdığı şerlər, demək olar ki, şairin yaradıcılığında yeni və orijinaldır. Bu ana –kənd qadınıdır. Onun indi unudulmaz olan hər bir addımı, “qoz ağacı altındakı cəhrəsinin gözə dəyməməsi “, “Hörümçəyə satılan” yun darağı övladın qəlbini riqqətə gətirir. Dünyadan köçmüş anasından sonra oğlun gözündə bağça solmuş, nanə də, yarpız da öz ətrini itirmişdir. “Bacım Gülsümə məktub”, “Son anında”, “Cümə günləri” mənalı və səmimi yazılmış şerlərdir. “Ana yaşı” xüsusilə nəzəri cəlb edir:
            Daha gəlməyəcək anamın səsi,
            Mənə də taleyin yumruğu dəydi.
            Düzü, acığıma gəlir, bəzisi
            Soruşur, mərhumun yaşı neçəydi?

            Bilmirəm, düşmüşdü saçlarına dən,
            Dolanır sualla cavab başımda.
            Ana kədərini yaşmıdır ölçən,
            Ana itirmişəm ana yaşında.
Bu, orijinal şer nümunəsidir. “Bacım Gülsümə məktub” isə başqa bir təravəti ilə oxucunu ələ alır. Ayrı-ayrı misralardakı hüzn insanı yaşamağa, həyatdan kam almağa çağırır. Elə buradaca deyək ki, şerimizin gücü onun gələcəyə olan böyük inamında, nikbin ruhundadır. Bu əsərdə ana- övlad məhəbbəti elə incə ştrixlərlə verilir ki, hər övlad anasını, hər ana övladını xatırlamalı olur. Ana silsiləsi şairin yaradıcılıq nailiyyəti sayılmalıdır.
Məmməd İbrahim rübabi şairdir. Rübabi demək, dar çərçivədə qalmaq, yalnız sevgidən yazmaq demək deyildir. Şübhəsiz, Məmməd də belə düşünmür. Məhz buna görə də onun yeni kitabında gözəl lirik şer nümunələri vardır. O, haqlı olaraq bu qənaətə gəlmişdir ki, məhəbbət yaşa görə deyil, vəzifəyə görə də deyildir. “Fəlsəfə müəllimi” şeri bu fikri ifadə edir:
            Yüz il fəlsəfə de, dinlərəm yenə,
            Gözəl qız, can alır canım səsindən
            Elə ki, dərs bitdi, izin ver, sənə
            Dərs deyim məhəbbət fəlsəfəsindən.
Bununla belə kitabdakı sevgiyə aid şerlərin bəziləri bizim arzu etdiyimiz  təsiri bağışlamır. Məmməd İbrahimin təsvir etdiyi bu qadın surətlərində  Yesenin boyalarının çalarları vardır. Yesenin başqa tarixi mərhələdə və şəraitdə yaşamışdır. Ona görə də qadına olan münasibəti bu günkü şairlərdən təbii ki, fərqli idi. Məmmədin təsvir etdiyi lirik qəhrəman – ya gözü başqa bir kişiyə düşmüş ailəli qadındır, ya da yüngül və ağılsızdır. Buna görə də biz onlara rəğbət bəsləyə bilmirik. Müasirlərimizin nümunə ola biləcək  təmiz məhəbbətini, gəncliyin ürəkaçan, fərəhverici sevgisini, qurub-yaratmağa daha da həvəs oyadan eşqini tərənnüm etmək həm mənalı, həm də həyati olardı. Saf məhəbbət, gözəl ailə qurmaq arzusu lirikamızda mötəbər yerlərdən birini tutur və tutmalıdır. Məmməd İbrahim lirikamızın ən yaxşı nümunələrini  yarada bilər. “Anamdan yadigar nəğmələr” bu sözləri deməyə bizə haqq verir.

1967

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws