|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Şamil  TEYMUROĞLU  

POEZİYA  ÇİÇƏKLƏRİ

Müasir poeziyamızdan və onun yaradıcılarından söhbət düşəndə M. İbrahimin adı hörmətlə çəkilir. O, bir çox şer və poemaları ilə oxucuların hörmətini qazanmış, ədəbi ictimaiyyətimiz tərəfindən yüksək qiymətləndirilmişdir.
Azərbaycan Dövlət Nəşriyyatı bu yaxınlarda şairin “Ömür karvanı” adlı şerlər kitabını nəfis şəkildə çapdan buraxmışdır. Həmin şerlər formasına, məzmununa və dəyərinə görə diqqətəlayiqdir. Şair doğma Vətəninə, xalqına olan sonsuz məhəbbətini zərif poeziya dili ilə şer sətirlərinə  doldurmuş, müasir oxucuların yüksək zövqünü nəzərə almış, bu əsərləri ilə get-gedə yüksəldiyini, sənət etibarı ilə inkişafda olduğunu göstərmişdir.
Şairin lirik qəhrəmanı müasir insandır. Müəllif onu iş sahəsində, məişətdə və məhəbbət səhnələrində təsvir edir. Şairə görə insan öz zəhməti ilə zirvədən-zirvəyə ucalmalı, bütün maneələr və çətinliklər qarşısında inamla dayanıb daim irəliyə baxmalıdır.
                            Asan keçidləri al əllərimdən,
                            Yürüşlər güc versin şair qoluna.
                            Önümdə uçrumlar, dərələr aç sən.
                            Yolum bənzəyirsə dəmir yoluna.              
      Şair bu sözlərlə özünə tələbkar olduğunu göstərir, ilhamını böyük işlərə çağıraraq, sənətin çətin və şərəfli yolunda müvəffəqiyyətlə irəliləmək istəyir.
M. İbrahimin yeni kitabında insanın humanist duyğularını, mənəvi böyüklüyünü, müqəddəs arzularını və əməllərini əks etdirən şerlər çoxdur. Şair dövrün gözəlliklərini, həyatımızın bəxtiyarlığını təsvir etməklə bərabər, günün hamını düşündürən hadisələrinə diqqətlə nəzər salır, insanları sülhə, birliyə və yüksəliş uğrunda mübarizəyə səsləyir. O, “İnsan monoloqu” adlı şerində dünyada baş verən hadisələrə nəzər saldıqdan sonra deyir:
                           ...Ölkələr var əlində
                              Kədər qaşığı görürəm.
                              Xalqlar var tikəsində
                              Sevinc bulaşığı görürəm.
                              Qoyun bunları duyum,
                              Bunları yazım.
                              Hakimi Hitlər vəsiqəli
                              Oyunları yazım.
Göründüyü kimi şairi düşündürən bütün dünyanın taleyidir. O, yeni dünya müharibəsi qızışdıran ağaların çirkin əməllərinə bütün xalqların nifrəti ilə baxaraq insanları ayıq olmağa, mübarizə aparmağa səsləyir.
“Yaralı şir”, “Bir almanla tanış oldum”, “Kölgələr” adlı şerlərdə də sülh və dinclik uğrunda mübarizə motivləri əsas yer tutur. Şairin fikrincə, bütün xalqlar arasında sarsılmaz dostluq və qardaşlıq əlaqələri olmalıdır. İnsanlar arasında nifaq salan dünyada ağalıq etmək iddiasında olanlardır. Yalnız milyonerlər,  xalqları çapıb-talamağa çalışan ağalar dünya üçün təhlükə yaradırlar. Onlar öz iştahları naminə hər cür cinayət etməyə hazır olmaqla insanların birliyinə və qardaşlığına əngəl törətməyə çalışırlar.
                               Buluddan buluda kölgələr gəlir,
                               Qorxun kölgələrin ikiliyindən.
                               Sərnişin kölgəli, atom kölgəli
                               Qanadlar seçilmir biri-birindən.
Bu sətirlərdə dərin bir həqiqət vardır. Şair qanadlarında ölüm silahı – atom bombaları gəzdirən təyyarələrin havaya qalxmasına, insanları hədələməsinə yeni müharibə təhlükəsi kimi baxır.
“Ömür karvanı” kitabında lirik şerlər də çoxdur. “Poeziya, poeziya” şerində ədəbiyyatımıza dərin hörmət hissindən doğan duyğular əks etdirilmişdir. M. İbrahimə görə poeziya yalnız xalqın arzu və əməllərini, ən yüksək bəşəri duyğuları və nəcib əməlləri əks etdirməlidir. Poeziya “başsız ürəklərdən, ürəksiz başlardan” qorunmalıdır. Poeziya buludlardan gilə-gilə süzülmüş ayna sular kimi şəffaf, dənizlər qədər əngin, şəlalələr qədər coşqun, vulkanlar kimi atəşli olmalıdır. Poeziya ilk baharın zərif çiçəkləri kimi öz təravəti ilə insanları böyük həyat eşqinə çağırmalı və gündən-günə yüksəlməlidir.
“Özümlə söhbət”,  “S.Vurğunla söhbət”, “Bir ömrün qonaqları”,  “Mövzularım tükənəndə”, “Özümdən şikayət məktubu” və sair şerlərdə də dərin fəlsəfi-estetik fikirlər əks etdirilmişdir. Şair şöhrət azarına tutulanları, xalq üçün heç bir iş görməyib öz nəfsini güdənləri qəzəblə qarşılayaraq deyir:
                             Çox adlar itirib söz meydanları,
                             İzini-tozunu xəyal da bilmir.
                             Şöhrət azarına tutulanları,
                             Şöhrətin özü də sağalda bilmir.
M. İbrahimin ən yaxşı cəhəti klassik şerimizin ən yüksək keyfiyyətlərindən bacarıqla istifadə etməsidir. Onun sətirlərində bir axıcılıq, rəvanlıq və fikir  aydınlığı vardır. Şairin “Professor Gülə məktub” adlı şerində dərin ictimai fikirlər əks etdirildiyi kimi, gözəl təsvir vasitələri, bədii ümumiləşdirmə, günün vacib məsələlərinə nüfuz etmək cəhdi, səmimi duyğular vardır.
M. İbrahim yaradıcılığına vicdanla və məsuliyyət hissi ilə yanaşan şairdir. O, şerinin oxucular qarşısında imtahandan çıxması üçün çox düşünür və öz-özündən həmişə narazı qaldığını bildirir:
                                Şerim imtahandan necə çıxacaq,
                                Əsrin küləkləri çox möhkəm əsir.
                                Özünü ittiham,
                                İttiham ancaq
                                Şairin ədalət məhkəməsidir.         
“Ömür karvanı” kitabında nöqsanlara da rast gəlirik.  “Duman”, “Elə bilirsən ki”, “Necə unudum səni” adlı şerlər şairin yaradıcılıq imkanlarından aşağı səviyyədə yazılmışdır. “Yaxşılıq”, “Qayğılar”, “Adi günlər eşqinə” adlı şerlərdə fikir məhdudluğuna, zəif sətirlərə, bədii təsvir vasitələrinin solğun olmasına rast gəlirik.
Kiçik qüsurlara baxmayaraq “Ömür karvanı”  kitabı şairin yaradıcılıq müvəffəqiyyətidir. Şübhə yoxdur ki, M. İbrahim bundan sonra da oxucuları yaxşı əsərlərlə  sevindirəcəkdir.

1968
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws