ƏGƏR MƏN ÖZÜMLƏ ÜZ-ÜZƏ GƏLSƏM...
Bu dünyada, o dünyada, hardasa bir gün İkiləşir, özü ilə üzləşir insan. Bir yaxşı bax: nəyi çatmır bütövlüyünün? Gərək özün öz qarşında utanmayasan.
Günü sabah mən özümlə üz-üzə gəlsəm, Məni mənlə üzləşdirən qüvvədir - haqdan. İkiliyə bir tel olsa ikicə kəlməm Qorxum yoxdu bu sınaqdan, bu olacaqdan.
İlk baxışdan tanımasaq bir-birimizi, Ortalıqda at oynadar vicdanı yanan! Biz əkməsək, biz dərməsək birliyimizi Yalanımız doğru olar, Doğrumuz yalan.
Bir səs deyir: Ayıq ol ki, sürüşkəndir əsrin aşrımı, Hər ağrı da, hər ləzzət də sənindi, ancaq Bu əməllə əlin bircə düyün açdımı… Udsan, quru səs udarsan quru ədanla.
Bu günündən sabahına nə dartır gəmin, Bircə bellik su açdınmı qurumuş arxa? Qafasına çətin sığa ağıldan kəmin: Bəd əməldən uçrum qalır, ağıldan arxa.
Qəbahəti eynilərdi çox üzləşənlər, Nadanları tutaşdırıb zövq alan azmı? Bir ayının məşqi ilə qalib çıxsa şər, Bunu yalnız şərəfsizlər alqışlamazmı?
Etirafdır etibarın bünövrə daşı, İçimizdə beçə verən güvədi, qurddu, Bir yalançı heykəli var hər addımbaşı, Topdağıtmaz qalaları yalan uçurtdu.
Bu - vəsiyyət! Bu, özündən özünə məktub! Varlığı yox, "var" - desə də beləsi, vallah. İkiləşsək "mənin" - biri ölümə məhkum, O biri də öz-özünə öləsi, vallah!..
6 sentyabr, 1991
|