|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Məstan    ƏLİYEV

ŞAİR    SƏMİMİLİYİ

Mənim doğulduğum kənddən bir çay axır, onun nə vaxt daşdığını bilmək olmur, çünki həmişə coşqundur. Istedadlı şairimiz Məmməd İbrahim də belədir. Mütəmadi olaraq çağlayır, ara vermədən, eyni hay-harayla özünə məxsus məcrada axır.
Biz təbii bir arxayınçılıqla hər vaxt ondan səviyyəli əsərlər gözləməyə adət etmişik. “İllərdən biri” kitabı da Məmməd İbrahimn öz pərəstişkarlarına təravətli töhfəsidir..
Məmməddən səviyyəli poeziya nümunələri gözləməyə, şairin daima daxili təkmilləşmə prosesi keçirməsi, ümumiyyətlə, yaradıcılığı əsas verir.
Belə isə ona üz tutub demək olar ki, şair, “Mən uzaq yaşarlıqdan qorxmuram”, “Çıxıb bu hissimdən, güc alıb hirsimdən”, “Fikrimin yazı geyimi”, “Həqiqəti xortumlayıb” misraları sənin şer dilinə doğma deyil, duru bulağına özgə yerdən su sızıb;
Yaxud , “Ayaqlı, əlli raketlər, gözlü, qaşlı, telli raketlər “, “Məni meymunların yanına göndər: ünsiyyət istəyim məhəbbət üçün”, “Damlaların yeri göz kimi çuxur”, “Arabir səhərlər beynimi qazan” kimi qeyri-təbii, qeyri-səmimi, dolam-dolaşıq misralar, ifadələr səndə əvvəllər yox idi, hardan törədi?
Və yaxud, demək olar ki, “Diqqətim” şerindəki “Yüz adam diqqətli diqqətcil olum”, “Mənim göz diqqətim, xəfif diqqətim”, “Tərifə bələyər tərif diqqətim”, “Ehtiras diqqətim ayıqdır yaman”, “Mənim yaş diqqətim ayıqdır yaman”, “Bu ütük diqqətim, zirək diqqətim” misraları nədir?! Niyə buna yol vermisən?!
Bunları demək olar və lazımdır da. Amma demək olmaz ki, ümumiyyətlə, kitabda axtarış yoxdur, poetik səviyyə, təzəlik hiss olunmur.
“İllərdən biri” kitabında iki şairlə qarşılaşırıq. Sanki bir çay iki qola ayrılır, hərəsi bir cür nəğmə oxuyur.
Birinci şair deyir:
            Bu səhər qatara ötürdü məni
            Öz ayaq izlərim, öz ayaq səsim.
            Yoxdu gül verənim, əl eləyənim,
            Alışar anamın qəbri, bilməsin!
Ikinci  şair deyir:
            Qızım – elə bil ki, nənəm,
            Oğlum – elə bil ki, mənəm.
            Mən atama oxşayıram,
            Atam babama,
            Amma
            Arzumun süfrəsini
                görən olsa,
            Fikrimizin bostanına
                girən olsa,
            Deyər ki, yaşayırıq
            Hərəmiz
                bir ayrı erada.
            Hardasa toqquşaraq
            Bir xəyanət karvanını
            əzibdir o xıncım-xıncım.
Birinci şairin nəğməsi daha çox xoşumuza gəlir, daha çox ürəyimizə yatır. Çünki birinci şairin daha çox ürəyi işləyir, ikinci şairin isə beyni. Birinci şairdə fikirlə emosiyanın vəhdəti var, biri digərini tamamlayır; ikinci şairdə isə sanki ağacı onun yarpaqları töküləndən sonra görürük, fikir çılpaqdır, qupquru təqdim olunur. Maksim Qorkinin müdrik bir kəlamını xatırlayaq: “Əsil şer ürək nəğməsidir”.
Şərti olaraq ayırdığımız ikinci qismə daxil olan şerlərin qiymətdə xal itirməsinin səbəblərini araşdırmağa calışaq. Müxtəsər, fikrimizi belə ifadə eləyə bilərik ki, Məmməd İbrahim şerdəki qeyri-adiliklərə, hətta mən deyərdim ki, rebuslara, toqquşdurmalara bəzi hallarda yenilik kimi baxır. Unudur ki, bütün bunlar əllaməçiliklə qonşudur. Əlbəttə, şer adi olmamalıdır, onu bizim başa düşdüyümüz yeni qanadlardan, təbii çırpıntılardan məhrum eləyə bilmərik.
Amma şair bədii təfəkkür axtarışlarına və ümumiyyətlə axtarışlara gedəndə ehtiyatlı olmalıdır. Şair ehtiyatı incə məsələdir. Fikir demək, öz yaradıcılıq xəzinənə  nə isə əlavə etmək istəyirsən, qələm götürüb poeziya aləminə kəşfiyyata çıxırsan. Hamılıqca sevinib deyirik: yaxşı yol! Şair sənə uğur olsun! Amma tələsmə, əvvəlcə bizə de görək ürəyi və lirizmi də özünlə aparırsanmı? Orda səmimiliyi mühazirəçiliyə, lirikanı quruluğa, emosionallığı soyub tövsiyyəçiliyə qurban verməyəcəksən ki?!
Səmimiyyətdən danışaq.
Səmimiyyət doğuluşdan, yaranışdan, başdan-binadan poeziyanın, ümumiyyətlə, sənətin ayrılmaz ünsürüdür, şairin, sənətkarın inandırma vasitəsidir. Sənin söhbətin səmimi deyilsə, ona başqaları necə qulaq assın? Bunu Məmməd İbrahim yaxşı başa düşür, demək olar ki, əksər hallarda qələmini səmimiyyətlə, səmimiyyət elementləri ilə ovxarlayır, ona görə də oxucunun ürəyini fəth eləməyi bacarır.
Məmməd İbrahimin yeni kitabında Azərbaycan nəğməsini tərənnüm edən bir şer var. Orada şair deyir ki, nəğmə xalqın mənəvi dünyasının bir parçası, keçmişi, gələcəyi, yaşamaq hüququ, onun tarixi və mübarizəsidir... Şair məlum fikri sanki yenidən kəşf edir. O, ona görə bizə belə görünür ki, şair ilhamla, böyük məhəbbət və səmimiliklə, əvvəllər bu mövzuda yazanlardan daha məharətlə danışır:
                            Sən ey ana südüm, ey ana nəğməm.
                            Mən hara gedirəm, hara gedirəm,
                            Səni aparıram pasportum kimi,
                            Nəğmə ordum kimi, söz ordum kimi.
                          Yaxud :
                           Çiləyin havama bir ovuc muğam,
                           Suyuma bir çimdik şirin bayatı.
                           Bir pərdə çahargah
                           Bir sim heyratı.
                           Bir ağız “Dilqəmi” gətirin mənə,
                           Sonra bu aləmi gətirin mənə.
Şairin qəzəbi, qırmancı, nifrəti arxasında da səmimiyyət dayanmalıdır.
“Günəşi ittiham edənlər” şerini nəzərdən keçirək. Burada şair qəzəblidir. Onun qəzəbi ucalığın əl-ayağını cırmaqlamaq istəyənlərə yönəlib; paxıllıq, xəbislik, dargözlük ittiham olunur. Günəş ola bilməyənlərin, daha doğrusu, buna qüdrəti, istedadı çatmayanların qara əlləri günəşə doğru uzanıb. Qışqırırlar, haray-həşir salır, böhtana, riyakarlığa başlayırlar:
                         Günəş haqqımızı tapdayır bizim!
                         Fəzada yeddi rəng, milyard nüsxəli –
                         Işıq xəbərləri günəşdi, bəli.
                        Tutulsun  günəşin işıq yolları,
                         Kəsilsin günəşin işıq qolları.
Şairin nə üçün qəzəbləndiyi məlumdur. Mənfur qüvvələr, öz güclərinə, istedadlarına o qədər də bel bağlamayanlar günəşə böhtan atırlar, onun haqqında ədalətsizlik edirlər. Şair buna dözmür. O, qəzəbində haqlıdır, demək – səmimidir.
Şer belə tamamlanır:
                          Yalançı natiqlər cıxıb kürsüyə;
                          Böhtanla, yalanla dönüb gürzəyə.
                          Günəşin qətlinə verirlər qərar.
                           Mənim qorxduğumu görüncə İkar
                           Söylədi: Yer oğlu, olası deyil!
                           Kainat günəşsiz qalası deyil.
                           Oğul, nankorların adəti budur:
                           Günəşin nurunu həmişə udub
                           Cazibə alırlar, sürət alırlar;
                           Sonra da beləcə “gözdən salırlar” –
                           “Onu əvəz edən bəs kim olacaq?” –
                            Burda duruxurlar günəşyıxanlar.
                            Bir də ki, nə qədər çalışır, ancaq
                            Onu gizlətməyə yer tapmır onlar...
Məmməd İbrahimin kitabında səmimi tərənnüm əsas yer tutur. Buna “İllərdən biri” kitabındakı şerlərdən kifayət qədər misal gətirə bilərik. Məmmədin vətənpərvərlik ruhunda yazılmış şerlərində səmimilik, təbii ürək çırpıntıları daha aydın nəzərə çarpır.
Şairin vətən məhəbbəti hardan süzülüb gəlir? Ana beşiyindən. Həm də bu məhəbbətin ifadəsi ənənəvi xarakter daşımır, indiyə kimi eşitməyə adət elədiyimiz qaydada səslənmir. “Dağlara qar düşdü” şeri buna yaxşı misaldır. Əgər şair ümumi sözlərlə, ümumi tərənnümlə kifayətlənsəydi, onun səmimiyyətinə azca da olsa şübhə yeri qalardı. Bu şerdə isə biz onun dağlara da, ana nəfəsinə də təpədən dırnağa kimi bağlı olduğunu görürük.
Şairin Vətən məhəbbəti sonra hardan süzülüb gəlir? Bunun şərhindən əvvəl bir şeyi deməliyik. Aylı Ryazan çölünü xatırlayanda Yesenin yada düşür; Don sənin xəyalına Şoloxovsuz gəlmir. Bəzən deyirlər: bu yaxşı məsəldir, şairin (yaxud yazıçının) daimi mövzusu olmalıdır... Bu, təkcə daimi mövzudurmu? Bəlkə Yesenini şair eləyən elə çovdarlı Ryazan çölü, Şoloxovu yazıçı eləyən isə Sakit Dondur? Bəlkə şair olduğu üçün bizim Məmməd İbrahim də Araza borcludur? Bəlkə təkcə sənətkar mövzunu gətirmir, həm də mövzu sənətkarı gətirir?!
Məmmədin şerlərini oxuyanda ürəyimdən Araz, mənim Xan Arazım axır. Məmməd əlinə qələm alan gündən Araza bağlıdır. Məmməd Vətənə bağlıdır. Vətən məhəbbəti çılpaq təqdim olunmur. Vətən məhəbbəti bəzən kükrəyib daşan, bəzən quzuya dönən Arazla, Araz üstdəki çinarla, Arazın işıqları ilə, sahilləri ayıran, sahilləri görüşdürən bu işıqlarla bir yerdə tərənnüm və təqdim olunur:
                             Araz üstə çinar gördüm.
                             Qoşa çinar.
                             Budaqları bir-birinə dolaşan çinar,
                             Yarpaqları bir-birilə öpüşən çinar.
                             Iki titrək, iki güləş, iki şən çinar.
Burda Vətən məhəbbətinin mənbəyi Araz oldu. Daha nə deyək? Vətən sevgisi, şübhəsiz ki, xalqımızın böyük idealları ilə qovuşanda yüksək vətənpərvərliyə çevrilir. Başqa yol yoxdur. Vətən sevgisi həqiqidirsə, realdırsa, hökmən xalqın yüksək məqsədi ilə bağlıdır.
Məmməd İbrahimin şair səmimiliyi “Bu yerlər, o yerlər” nəğməsində aydın görünür. Bir sıra görkəmli sənətkarları, məsələn, Qaysın Quliyevi, Rəsul Həmzətovu, Alim Keşekovu sevdirən təkcə poetik təfəkkürün büllurluğu, poetik manevrlərin təzəliyi yox, bir də doğma torpağa, doğma adamların xarakterinə, doğma ənənələrə bağlılıqdır. Bu şairlərin əsərlərində gəzdikləri cığırların, qoynunda böyüdükləri dağların, çayların – Terekin, Baksan vadisinin, Kazbekin, Çeqem zirvələrinin izləri var; ana laylasının sədası, ata xəncərinin parıltısı var. Doğmalığın, doğma torpaq ətrinin poeziyadakı izləri, poeziyadakı əks-sədası bilirsiniz nədir? Bu, şairin, onun ilhamının, koloritli, dadlı-duzlu duyğularının ünvanıdır – bu, şerin ünvanıdır. Bu, rənglərin seçilməsi, bu, sənətin coğrafi xəritəsidir.
Bu mənada hələ poetik yüksəkliyə can atmaqda olan Məmməd dostumuza qibtə eləyə bilərik. Sanki torpaq onun sətirlərinə hopub. Orda Kəlbəcər yolları, İstisu lövhələri var, orda Nursu bulağı şırıldayır. Nursu bulağı bizə haqqında söhbət açmaq istədiyimiz “Bu yerlər, o yerlər” şerindən tanışdır. Bu şerdən bizə başqa şeylər də tanışdır. Nə? “Talada oynaşan sarı əliklər”, “Ağ yoxuşlar”, “Dərə boyunca əyilə-əyilə keçən dumanlar”. Daha nə? Poetik səmimiyyət, yaxud səmimiyyətin poeziyası.    
Yol həmişə rahat olmur, bəzən yaxşı yolla yeriyəndə ayağın daşa da ilişir. Biz səviyyəli şairdən söhbət açmışıq. Onun müvəffəqiyyətlərini deyiriksə, qüsurlarına nə üçün göz yumaq? Qoy dəyək ki, “ Məndən ötdü, qardaşıma dəydi...” şerində səmimiyyət azdır.
Həmin şerdə qığılcımlı nəfəs, çevik ritm hakimdir, onu birnəfəsə oxuyursan, müəllifin həyəcanına, daxili qəzəbinə qarışıb çırpınırsan.
Lakin müəllif  “məndən ötdü, qardaşıma dəydi...” misalını xatırladır və “daşlaşan, torpaqlaşan” ulu babaları məzardan qaldırıb ittihama başlayır: nə üçün bu məsəli yaradıblar, nə üçün bu fəlsəfə ilə yaşayıblar?! Məsələnin bu cür ümumiləşdirilməsi xalqımızın böyük, mübarizə ilə dolu tarixinə yanlış bir münasibət deyilmi? Doğrudanmı, babalarımız belə yaşayıblar? Doğrudanmı onların əksəriyyəti belə düşünüb: “Daş məndən ötdü, qardaşıma dəydi, elə bil saman çuvalına dəydi?!” Bəlkə bu məsəl ciddi münasibətlərdən yox, yumordan yadigar qalıb?! Əgər belə deyil, ciddi münasibətlərin əks-sədasıdırsa, bəs yüzlərlə birliyə, yekdilliyə çağıran xalq məsəlləri?! Elə bunlardan birini, ən çox işlətdiyimiz məsəli yada salmaq kifayətdir: ”Tək əldən səs çıxmaz”.
Şair deyə bilər ki, məni qırmanclama, şerimdə yazdığım kimi, Qara Çoban, Dəli Domrul, Xan Eyvaz, Giziroğlu Mustafa bəy bu məsələ qol qoymayıblar... Düzdür, mən də elə bunu deyəcəkdim. Doğrudan da xalqı təmsil eləyən qüvvələr “məndən ötdü, qardaşıma dəydi, qoy dəysin” fikrinə şərik olmayıblar. Şair, bəs sən ulu babaları zorla niyə günahlandırırsan? Bəlkə sən, şerdən göründüyü kimi, bir vaxt torpağımızın xırda xanlıqlara bölündüyünə qəzəblənmisən?! Burda babaların nə günahı? Xırdalamaq, bölmək, “bir şəhərin, beş qardaşın xanlığına parçalanması” feodalizmin təbiəti ilə bağlıdır. Fətəlixanların, ibrahimxanların, kəlbəlixanların ayrıca təcrid edilmiş tarixi olmayıb, tarix xalqın tarixidir. Bəs bu feodalların üzüqaralığını, babaların ayağına niyə yazaq?! Xalqın təqsiri nədir?! Ərazi bölgüləri hələ xalqın parçalanması deyil! Coğrafi ayrılıq hələ mənəvi bütövlüyün sarsılması deyil! Xalq xalqdırsa, o, tarixən mənəvi bütövlüyünü qoruyubdur. Hətta onu da unutmayaq ki, bölünmüşlər də dar ayaqda bir-birinin köməyinə gəliblər. Bəs niyə deyiblər ki: “Yaxın qonşu uzuq qohumdan yaxşıdır!” Bəs niyə deyiblər ki, “Sənə gələn mənə gəlsin!”. Bəs niyə deyiblər ki, “Dağ dağa arxadır!” Niyə deyiblər?!
Bəlkə mən şair dostumun sevimli şeri haqqında “ədalətsizlik”elədim? Qələm dostum məndən inciyəcəkmi? Səmimiyyətimə inanacaqmı?
                                    Arabir beynimdə fikir yelkəni
                                    Səni xilas edir, məni qərq edir.
                                    Bəlkə sən özünlə apardın məni,
                                    Məndəsə qalmadın, nə qəribədir.
                                    Bəlkə də bundadır bəxtiyarlığın,
                                    Mənimlə dil tapmaq deyildir asan.
                                    Əgər yoxluğunda yoxsa varlığın,
                                    Demək varlığında sən elə yoxsan, - misralarının müəllifi yersiz gileylənməz. Bunun sənətə dəxli yoxdur, mən başqa şey deyirəm. Deyirəm ki, Məmməd iradlırımızı düzgün başa düşəcək, bəzi qüsurlarından yaxa qurtara biləcəkdir. Məmmədin poeziya şəlaləsi gür çağlayır, poeziya sütunları möhkəmdir. Bu möhkəmliyin kökləri bizim şer ənənələrimizdə, xalqın ideallarındadır.
Kitabdakı əksər şerlərin arxasında öz gücünə, istedadına, poetik sözünün reallığına inanan və səni də inandırmağı bacaran müəllif dayanıb. Yerində deyiblər ki, müəllifi görünməyən əsər yəhərində adam olmayan, yolda boş-boşuna çapan ata bənzəyir.
Məmməd İbrahimin patriotik şerlərində də, məhəbbət nəğmələrində də biz onun özünü görürük, güclü, ehtiraslı səsini eşidirik; qəzəblənən, döyüşən, tələsən varlığı ilə qarşılaşırıq:
          
                                   Günəşə sarı getdim,
                                    Günəşə sarı.
                                    Bütün qapılara
                                    Günəş açarı.
                                    Bütün ürəklərə
                                    Günəş açarı...
Şair ordadır, sanki misralar arasından bizə baxır, özünün xoşbəxtlik, səadət, firavanlıq, bəxtiyarlıq duyğuları haqqında səmimiyyət nəğməsi oxuyur. Təkcə öz gözəl, müqəddəs duyğuları, hissləri haqqındamı? Belə olsaydı deyərdik: ümumiləşdirə bilməyib. Başqalarının da əvəzindən oxuya bilməyib. Şairin səsi bizim səsimizə çevrilməyib... Deyərdik, indi isə bunu bacarmarıq. Şair mövzu seçəndə onun mənzilini, təsir dairəsini də, biz oxucuları düşündürən məsələləri də nəzərə alıb. Bizi – oxucularını unutmayıb. Sanki onun lirası həm də bizim əlimizdədir.
Burda o, sözün tam mənasında səmimidir. Oxucu ürəyinin bir açarı var:
- Doğru söz və səmimiyyət!
Gördüyünüz kimi, biz şair dostumuzun poeziyası, onun yeni kitabı haqqında müxtəlif fikirlərdə olduq. Gah onu yerinə düşməyən sözlər, misralar üstündə danladıq, gah quru mühakiməçilik meylinə görə pislədik; gah səmimiyyət nuruna görə təriflədik, gah yanlışlığa və səmimiyyətin qıtlığına görə tənbeh elədik. Bəs ümumi nəticə? Onun yaradıcılığında hansı cəhət üstün oldu?
Şair səmimiyyəti!

1970
 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws