QOLUZORLULARA NİFRƏTİM VAR
Bütün qoluzorlulara nifrətim var: Boylu olsun, alçaq olsun, Lətti olsun, qıvraq olsun, Çinli olsun, çinsiz olsun, Dinli olsun, dinsiz olsun...
Bütün qoluzorlulara nifrətim var, İnsan ölür, Yurd dağılır göz qabağında, Ölən niyə yaranmışdı? Bu yurd niyə qurulmuşdu? Körpə niyə doğulmuşdu? Deyəmmədik - sən də, mən də. Öldürənin böyründəcə sən də vardın, Mən də vardım şeytanla bir. Sözə baxın: şeytan insan öldürürdü insanla bir. Şeytanın da, insanın da Birgə təlim keçdiyini Özüm gördüm öz gözümlə. İnsanın başında şeytan papağı, Şeytanın başında insan papağı. Özləri beləcə dəyişmişdilər; Aylarla beləcə döyüşmüşdülər. İnnən belə deyin görüm: Öldürən kim, ölən kimdi? Deyin görüm: qıran kimdi? Quran kimdi? Bölən kimdi?
Bütün qoluzorlulara nifrətim var... Ürəyimdə bir içimlik məhəbbət qalıb, Ürəyimdə bir udumluq mərhəmət qalıb... Qoyun ölüm öz dərdimlə, siz Allah!
24 yanvar, 1995
|