|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
RƏSSAM ANA
                                                      Nazim Hikmətə

Danışır, kükrəyirsən-
Dəniz nədir, ümman nədir...
Nəşən mənə nəşə verir,
Qəmin mənə qəm gətirir.
Dolur bəzən mavi gözün
Elə bil qəm dəryasıdır.
Qalxıb-enən sinən sanki
Anadolu yaylasıdır.

Danışırsan, üzərinə
Sual üstdən sual yağır.
Ancaq məni dinləyəndək
Başından od-alov qalxır.
Bir anlığa lal olursan,
Bulud kimi tutulursan.
Belə bilsəm lal olardım,
Belə bilsəm danışmazdım.
"Anan varmı"- soruşmazdım.
Mübarizə şairisən,
Yaddır sənə qüssə, ələm.
Fəqət ana adı gəlcək
Sevincini apardı qəm.

Susdun, susdun, ey sənətkar,
Alnındakı bu qırışlar,
Ağrı dağın ətəyində gördüyüm
Pillə-pillə cığırlara oxşadı.
Susdun, bir ana xəyalım,
Saçlarını oxşadı.
Xeyli susdun, susdu sinəndə ilham,
Yavaşca dedin: "rəssam idi anam,
Rəssam idi, sonra gözü tutuldu".
Daha danışmadın, söz mənim oldu.
Gör mən nələr eşitdim, nələr yazdım
Gözlərim çıxsa belə sarsılmazdım.

Sarsıldım, yandı sinəm
Sinəsi vulkan
                   bir dağ kimi.
Sarsıldım çiçək kimi,
Qaraldım torpaq kimi.
O yalnız ana deyil,
O həm də sənətkardı.
Analıq eşqi qədər
Sənət eşqi də vardı
Nur aşiqi bir rəssamın
Gözünə zülmət çökdü.
Zaman onun gözünə
Göz dağı çəkdi.

Çökdü, çökdü qəlbinə qəm,
Gözünə zülmət bir aləm.
Artıq, artıq uğrunda
Həyatını verdiyi
Bir həyatı görmədi.
Dibində boy atdığı,
Hüsnündən neçə-neçə
Tablolar yaratdığı
Bir elatı görmədi.
Bəlkə verdi,
Gözlərinin nurunu
                       Oğlu yatan
Zülmət zindan
                    işıqlana.
Nələr duydum ana, sənətkar ana.
Necə qıydı sənə
kor təbiət.
Qıydı anaya-
                 Qıydı rəssama.
Qıydı sənətə,
Qıydı ilhama,
                 Nankor təbiət.
Bəlkə də yanılıram,
Bəlkə belə deyildi.
O ananın gözünü
Təbiət bir səma bildi.
Səmanın buludları
Endi mavi gözünə.
O bəlkə buludları
Bir pərdə eləyərək,
Öz səmavi gözünə.
Günəşdən də bir yeni,
Rəng alım deyirdi.
Bəlkə, bəlkə Günəşi
Öz doğma Vətəninə
Endirmək istəyirdi.

Çökdü, çökdü qəlbinə qəm
Gözünə zülmət bir aləm...
Bahar aşiqi rəssam
İlk baharı görmədi.
Tablosunda can verdiyi
Canlıları görmədi.
Görmədi yeriş verib,
Dil verib, gülüş verib
Böyütdüyü oğlunu.
Ancaq fırça götürdü
Yenə də çəkdi onu.
Çəkdi, axşam çəkdi
Səhər çəkdi.
İndi əl deyil,
İndi göz deyil,
Duyğular, hisslər
                        çəkdi.
Çəkdi, çəkir yenə də...
Yeri, göyü-ərşi çəkir...
Yurdunun göylərində
Doğacaq Günəşi çəkir...

1956.

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws