|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Əhəd  MUXTAR

“HƏYATIN  VƏ   SÖZÜN   RƏNGLƏRİ “
                                       
“Gənclik” nəşriyyatının son illərdə buraxdığı ən yaxşı publisist kitablardan biri belə adlanır. Onun müəllifi gözəl şerləri ilə oxucuların rəğbətini qazanmış şair Məmməd Arazdır.
Qanadlı poeziyası ilə coşqun publisistikası arasında möhkəm bir vəhdət olan M. Araz həyatın və sözün rəng çalarlarını oxucuya poetik sözün qüdrəti ilə çatdırır. Onu maraqlandıran dövrümüzün mürəkkəb hadisələri, zəhmət adamlarımızın zəngin mənəvi aləmi qabaqcıl müasirimizin şəxsi və ictimai duyğularıdır. Şair sadə insanlarla ünsiyyətdə bir doğmalıq hiss edir. Onun bir vətəndaş kimi həyata fəal münasibəti, insanların gözəl keyfiyyətlərini görə bilməsi, bəziləri kimi seyrçiliklə kifayətlənməyib, hadisələrin mahiyyətinə dərindən nüfuz etməyə çalışması da bu doğmalıq hissindən irəli gəlir. Müəllif haqlı olaraq yazıçı qələminin həyatdan dərs almasını “əbədi ehtiyac, sənət ünvanına yazılmış əbədi qanun” hesab edir. 
 Məmməd Arazın qəhrəmanları kimdir? Bütün ömrünü namuslu zəhmətə sərf etmiş əməkçi insanlar! Onlar həyatımızın müxtəlif sahələrində çalışırlar: toxucu, daşyonan, pambıqçı, çaybecərən, kolxoz sədri, briqadir... O, bu adamlarla tez-tez görüşür, onların əmək qələbələrinə ürəkdən sevinir, mənəvi kamilliyi ilə fəxr edir, uğursuzluqlarına kədərlənir.
Budur, şair yenə də qəhrəmanları arasındadır. Bu dəfə o, Muğana gəlmişdir. Gördüyü obalar, kəndlər, eşitdiyi rəqəmlər ürəyini açır. “İndi torpaq müasir texnikanın bütün imkanlarını əlinə almış insanların ixtiyarındadır”.  Bəs insanlar bu texnikadan lazımınca istifadə edə bilirlərmi? Publisist Məmməd Araz  bu məsələ ətrafında düşünür. Axı, doğrudan da, babalarımız “torpaq dərsi” keçməmişlər, lakin onlar həmişə bol məhsul götürürdülər... Müəllif kənd təsərrüfatında çalışan kadrlardan məsuliyyət və vətəndaşlıq hissi tələb edir. O istəmir ki, “dərman səpən təyyarə sovkalı pambıq sahəsinə “baş vurub” qalxanacan ətraf qarğıdalı sahəsinə də “payını” əsirgəməsin”. O, istəyir ki, əmək insanın sağlamlığını qoruyan, onun fiziki kamilliyini daha da gözəlləşdirən, gəncliyin boylu-buxunlu, babalarımızın dediyi kimi, “sümüklü böyüməsinə” vasitə olsun. O istəmir ki, “sədr planı yerinə yetirməyib, çox arxayınca vəzifəsini büroda qoyub” getsin.
Doğrudan da, bəzən rəhbərlik etdikləri təsərrüfatları acınacaqlı hala salan müdirlər öz əməlləri üçün məsuliyyət daşımırlar. Kiçik cəzalarla canını qurtaran belə mənsəbpərəstlərin cinayət məsuliyyətindən kənarda qalması publisisti daxilən narahat edir.
...Kürün səviyyəsindən bir-iki metr aşağıda həyəti olan bir nəfərlə söhbət:
“ – Niyə həyətiniz belə səhrayi-kəbirdir?
- Su çəkmirlər, qardaş! Su çəkmirlər!
- Kürdən neçə addımlıqda yaşayırsınız?
- Olar, belə 40-50  metr...
- Əgər quyu qazsanız neçə metrdən su çıxa bilər?
- Yəqin ki, 5-6 , uzağı on metrdən...”
Bundan sonra şair müsahibini Kürlə üz-üzə oturtmalı olur. Qoy işləkliyi, fəallığı Kürdən öyrənsin. Özü ilə, ətaləti ilə mübarizə aparsın. Əgər qapı-bacasından ətaləti qova bilməsə, Kür qapısını açacaqdır...
“Həyatın və sözün rəngləri”ndə əsil vətəndaş narahatlığı və məsuliyyəti ilə qoyulan aktual ictimai mətləblər çoxdur. Bunlardan “ Yer üzünün Qarabağ düzü”, “Naxçıvan albomu”, “Kür qovuşur Səlyana”, “Qarabağ simfoniyası” və “İkinci yer, ikinci adam”ı  xüsusilə qeyd etmək lazımdır. Əlbəttə, burada kitabın bütün  məziyyətlərindən söhbət açmaq çətindir. Ancaq ciddi problem qoyan, insanın həyatda öz əsil yerini tapmaq kimi çox mühüm məsələyə toxunan sonuncu yazıdan ayrıca danışmağa dəyər.
Vəzifə haqqında, insanın vəzifəyə və vəzifənin insana layiq olub-olmaması haqqında çox yazılıb. Lakin M. Araz bu məsələyə orijinal bir mövqedən yanaşır.
...Fərzalı mehtərdir. Balacaboy, dolu-tökmə bir kişi. Vaxtilə yaxşı at minən, toylarda birinci “papaq aparan” olmuşdur. Bu, onun zahiri əlamətləri barədə ilk məlumatımız. Bəs mənən necə adamdır bu Fərzalı? Hansı əqidəyə qulluq edib, idealı nədir? Fərzalı Qızıl Ordu hissələri Naxçıvana gələndə bir dəstə atlı ilə bələdçilik etmişdir.
İndi qocalıb, əvvəlki təpəri qalmayıb, lakin söz düşəndə deyir: “Mən at saxlamıram, qartal saxlayıram!”. Sədrin ona soyuq münasibəti, biganəliyi Fərzalını çox sevdiyi bir peşədən ayrılmağa məcbur edir: “Əgər bir mehtərliyin sərbəstliyini də saxlaya bilmirəmsə, onda heç insan kimi bu dünyaya gəlməyə haqqım yox imiş” Bundan sonra kotanın dəstəyindən yapışır.
Vəzifəcə bəlkə də Fərzalı ikinci, ücüncü yox, lap sonuncu idi. Lakin nə qədər ki, o, atlara baxırdı, birinci idi. Və bir soyuq münasibət, bir qədirbilməzlik onun “birinciliyini” əlindən aldı, onu ömürlük bağlandığı bir işdən – mehtərlikdən ayırdı. Fərzalı atsız, tövləsiz qaldı. Bu onun üçün böyük dərddir, lakin faciə deyil. Çünki Fərzalı kimilər kotanın dəstəyindən yapışanda da yenə “birinci” olmağı bacarırlar. Təsəlli budur. Müəllifin gəldiyi nəticə və müdafiə etdiyi fikir budur!
İndi görək bu cazibə sahəsinin “o biri qütbündə” vəziyyət necədir: “ Bir-iki il bundan əvvəl böyük bir mədəni müəssisənin rəhbəri vəzifədən getdi. Vaxtı ilə yaxşı işləmiş, öz sahəsini yaxşı bilən bir mütəxəssis yavaş-yavaş “mənləşdi”, bütləşdi, harınlaşdı və aşdı. Birinin işini görəndə, ikisinin “işini görüb”, hüququnu əlindən alanda mütilik göstərdilər, ikincilər, üçüncülər dalda-bucaqda gileyləndilər, qolundan tutub gözünün içinə baxmadılar...”
     Müəllifin fikrincə,səhvin böyüyü “harınlaşıb aşan”ın özündədir. Lakin həmin şəxsin həyat səhnəsini tərk etməsində başqaları da günahkardır. Bu “başqaları”  onu əhatə edənlər, sağında-solunda əyləşənlər, əli altında işləyənlərdir – kollektivdir. Ona görə kollektivin səhvi daha da böyük və bağışlanmazdır. Axı bu kollektiv sovet idarəsində, sovet müəssisəsində çalışır. Bu kollektivin bütün üzvləri quruluşumuzun hər bir sovet vətəndaşına verdiyi söz və vicdan azadlığına malikdir. Bu adamlar müstəqildirlər, sərbəstdirlər, yüksək təhsil və mədəniyyət sahibidirlər. Nə üçün onlar başda oturana vaxtında öz iradlarını demirlər, təkliflərini irəli sürmürlər, fikirlərini açıq deməkdən çəkinib “dalda-bucaqda gileylənirlər?” Axı, “o, özünə gələ bilərdi. Əvvəlki keyfiyyətlərinin tozunu silib doğmalaşdıra bilərdi. Liberallıq əhatəsində ona elə gəldi ki, hər şeyi tək həll edə bilər, bir nəfər hər şeyə qadirdir. Nəhayət, hər şeyə qadirlik onun əl-ayağına kələf oldu. Müvazinət itdi. Məncə, onun özündən çox onu əhatə edənlər, ikinciliklə barışanlar günahkar idilər...”.
Məmməd Arazın “Həyatın və sözün rəngləri” kitabı gənc nəslin vətənpərvərlik, düzlük və əməksevərlik ruhunda tərbiyələnməsi üçün qiymətlidlr. Arzu edərdik ki, şair bu silsilədən olan yazılarını davam etdirsin. O öz kitabında buna söz vermişdir: “Həzin uşaq nəğməsi, Araz nəğməsini oxuyacağına” söz vermişdir. “Nə qədər günəş var, insan var oxuyacağam. Babaların dünəni barədə, bizim bu günümüz barədə...”. Belə bir nəğməyə bu gün ehtiyac var.

1976
 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws