|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
SİRUS

FİKİR   OLAN   YERDƏ

Məmməd Arazın “Həyatın və sözün rəngləri” kitabı ətrafındakı düşüncələrimizi son vaxtlar tez-tez eşitdiyimiz bir mülahizədən başlamaq istəyirik – “Şair publisistikası şirin olur” mülahizəsindən.
Şairin publisistikası. Çox qəribə səslənir. “Soyuq alov”, “Yumşaq qılınc”, “Yüngül qurğuşun” kimi məntiqsiz söz birləşmələrini xatırladır. Bildiyimiz kimi şirinliyin əsas xassəsi tez əriməkdir. “Mübariz janr” adlandırdığımız  publisistika isə əksinə möhkəm, davamlı və uzun ömürlüdür: M.F. Axundovun, Cəlil Məmmədquluzadənin, Üzeyir Hacıbəyovun, Mixail Kaltsovun, Yulius Fuçikin, İlya Erenburqun, Valentin Oveçkinin bu gün də yaşayan publisistikası kimi.
Şirin lay-lay olar. Onu da uşağı yatırmaq üçün çalarlar. Publisistikanın isə əsas məqsədi yatanları oyatmaq, oyaqları isə səfərbər etməkdir. Əlbəttə, bu işi bəzən Məmməd Araz kimi şirin, poetik dillə də görmək olar: “Ana Kürüm, nəfəsini azacıq dər. Başını qoy sahilinə, mürgülə bir. Qulağıma uzaq üfüq arxasından bir səs gəlir:
            Ceyranların ayağını yerdən üzüb,
            Bunu üçün cavabdehsən, Muğan düzü!
            Turacların yol üstünə çıxmır daha
            Bunun üçün cavabdehsən, Muğan düzü.
            Bildirçinlər nəğməsini yığıb getdi,
            Torağaylar yol üstündən çıxıb getdi”.
Burada əslində nəsrlə yazılan hissə də elə poeziyadır – publisistik poeziya. Şerlə deyilən fikir isə publisistikadır. Bizcə bu günün həyatla ayaqlaşmaq istəyən şairi də, nasiri də yaradıcılığının qapılarını publisistikanın üzünə hökmən açmalıdır; necə ki, şair Məmməd Araz açıb.
Amma şair də var  ki, öz poetik aləminə publisistikanı yaxın buraxmadığı halda publisistik yazılarına “poetiklik” gətirmək istəyir. Bax, “şirin publisistika” da əsasən bu zaman meydana çıxır.  Poetik bənzətmələr, təsvirlər, təşbeh və mübalığələrlə, hətta, cümlələr, sözlər arası qafiyələrlə bəzədilmiş belə yazılarda, əksər hallarda, ya qoyulan məsələ çox kiçik olur, ya da heç olmur. Bədii publisistikanın əsas tələbi isə həyatın müxtəlif sahələrinə dair problemlər qaldırmaq, cəmiyyətə, xalqa xeyirli, faydalı işləri təbliğ, zərərli, nöqsan cəhətləri tənqid etməkdir. Ən yaxşı sovet publisistləri həmişə əllərinə partiyalı, vətəndaş duyğulu iti qələmlər götürüblər. Ən adi həyat hadisəsini belə  mahiyyətini bilmədən onu nə tərifləmək olar, nə də pisləmək. Buna görə də toxunduğu məsələləri dərin, ətraflı öyrənmək, həmişə publisistin qarşısında duran ən başlıca vəzifədir.
Məmməd Araz “Masallının baharı” yazısında “ağıllı təsərrüfatçı”, “kəndin ağsaqqalı” İbrahim Səlimovgildə olmasını belə təsvir edir: “Bəzən həyət-bacası səliqəsiz olan təsərrüfat rəhbərləri bəhanə gətirirlər ki, vaxtları yoxdur. Xoruz banından gedib, axşam kənd yollarından əl-ayaq çəkiləndə qayıdırlar. Belə iş çoxluğu ola bilər. Ancaq yaxşı təsərrüfat rəhbəri, eyni zamanda öz həyətində də, öz ailəsində də nümunədir. Onun tələbi, zövqü, işgüzarlığı, səliqə-sahmanı ailəsində, övladlarının hərəkət və davranışlarında, iş bacarığında ilk dayaq tapır. Hiss edirsən ki, bu adam istər öz həyətində, istər sovxoz tarlasında üstündə gəzdiyi, ona qulluq elədiyi torpağı güzgü sayır. Bu güzgü onun zövqünü, bacarıq və istedadını əks etdirir”.
Yaxşı bənzətmədir, inandırıcıdır. Kiçicik bir parçada insanın xarakteri, rəhbərlik elədiyi təsərrüfata, ona tapşırılan işə münasibəti açılır. Müəllif belə insanların dili ilə yazanda ki, “mehmanxanalarımız Azərbaycan xalqının mehmansevərlik səviyyəsindən çox aşağıdır” biz bu düzgün fikrin elə-belə, sözgəlişi yox, əsil narahatçılıqla deyildiyinə inanırıq. Çünki qonaqlarımız xalqımızın, respublikamızın nailiyyətlərini, həyatını ilk dəfə “mehmanxana güzgülərində” görürlər.
Məmməd Araz bir çox müəlliflər kimi poetik bənzətmələri yerli-yersiz publisistikaya gətirmir. Onları “xəsisliklə” işlədir. Çünki publisistikada məsələnin mahiyyətinin açılması əsasdır, zahiri forma gözəlliyi yox.
M.F. Axundov özünün “Kəmalüddövlə məktubları”nda göstərir ki, tarixçi Mirzə Mehdi Əstərəbadi Nadir şahın tarixdə tutduğu mövqeyini düzgün açmaqdansa, onun haqqında belə dəbdəbəli sözlər yazmaqla kifayətlənir: “Elə bir padşah ki, əgər döyüş meydanında onun iradə sərkərdəsi dənizin sükutuna işarə edərsə, dalğa tufanın ləngərçisi olar və əgər ağır dağın hərəkətinə fərman verərsə, sıldırım qayalar narın qum kimi axışıb gedər. Əgər qaranlıq gecədə od yandırmağı qadağan edərsə, ildırım şimşək çaxmağını vurmağa cəsarət etməz və əgər səhər-səhər susmaq əmrini verərsə, sübh nəfəs çəkməyə cəsarət edə bilməz”.
M.F. Axundov tarixçinin cəfəngiyyatlarından qəzəblənərək yazır: “Yalançının evi yıxılsın! Deyən ola ki, ay axmaq tarixçi, sən ki, zəhmət çəkib bu qədər sözü  yazırsan,  barı bu zəhməti elə bir mətləb üçün sərf et ki, içindən bir xeyir çıxsın. Nə üçün ancaq cəfəngiyyat yazırsan?”.
Heç şübhəsiz ki, tarixçi Nadir haqqında geniş məlumat toplasaydı, bu söz yığınına ehtiyac qalmazdı.
Publisistik yazıda sözçülük, artıq təşbehlər, bənzətmələr əsasən  məlumatsızlıqdan yaranır. Bir də görürsən ki, müəllif qabaqcıl inşaatçının iş yerini belə təsvir edir: “Respublikamızda tanınmış, görkəmli inşaatçı Filankəsov Filankəsin briqadasının işlədiyi inşaat meydançası güllü-çiçəkli bağçanı xatırladır... Briqadanın üzvlərindən iki cavan gülə-gülə divar hörürlər”. (Əgər bu həqiqətən belədirsə, demək onların tikdikləri ev də gülməli çıxacaq – S)  Kimə və nəyə lazımdır bu sünilik?!
Biz çox gözəl bilirik ki, iyirminci, otuzuncu illərdə ölkəmizdə ilk quruculuq beşilliklərini həyata keçirənlərin əmək şəraiti həddindən artıq ağır olub. Məgər buna görə biz onlara pis gözləmi baxırıq? Əksinə, o insanların rəşadəti nəinki bizim üçün örnəkdir, hətta gələcək nəsillər üçün də nümunə olaraq qalacaqdır. O illərin insanlarının əmək rəşadətinin hifz olunmasında sözsüz ki, publisistikanın rolu da böyükdür. Dövrün mürəkkəbliyi, çətinlikləri ona görə narahatlıqla yazılıb ki, vaxtında həll olunsun, gələcək nəsillərin – bizim işimiz yüngülləşsin. Bizim də bu günkü problemlərimizi sabahkı nəsillərə saxlamağa haqqımız yoxdur. Ona görə də həll olunası məsələlər məhz publisistikada öz əksini tapmalıdır. Düzdür, biz həyat problemlərinə milçəyi filə çevirmək qəsdi ilə yanaşmamalıyıq. Amma o kiçik milçək varsa, diqqətimizdən yayınmamalıdır. Necə ki, Məmməd Arazın diqqətindən yayınmır. Onun “Kür qovuşur Salyana...” publisistik yazısında belə bir epizod var: epizod çobanla bağlı olduğu üçün biz şairin bu qədim və şərəfli peşə sahiblərinə həsr elədiyi şerlərindən birini xatırlatmaq istəyirik – “Çoban çörəyi, çoban ürəyi” şerini.
Ilk misralarda şair çoban arvadının necə çörək bişirməsini poetik detallarla, özü də təfsilatı ilə verir və deyir:
            Bu minvalla çörək bişib,
                                               çoban çörəyi,
                  Halaldır bu çörək!
            Baldı bu çörək!
Insafən, yaxşı deyilib. Şairanə bir məhəbbətlə, ehtiramla deyilib. Indi də bayaq haqqında danışdığımız epizoda qayıdaq. Müəllif yazır: “Yadıma bir əhvalat düşür, uzaq dağ rayonlarından birinə qonaq getmişdim. Yaylağa çıxdım. Bir çobanla tanış oldum. Çox mehribanlıqla alaçığa dəvət elədi. Getdim. Çay-çörək, xoş üz süfrəni bəzədi. Süfrəyə qaymaq da gəldi. Gördüm ki, qaymağa milçək düşüb. Bıçağın ucu ilə milçəyi çıxarıb atdım. Tərslikdən bir başqası da qaymaq gölündə üzürdü. Kişi mənim müşahidəmi hiss eləmişdi. Amma fikir vermədən qaymaqdan tikələyirdi. Mən istədim balaca bir süfrə “mühazirəsi” oxuyum. Oxudum: milçəyin zərəri, xəstəlik yaymasi, yoluxucu mikrobların əsas daşıyıcısı olması və s. Kişi əlini saxlayıb başını tərpədir, tez-tez “hə, hə” -  deyirdi. Sevindim ki, mənim mikroblara qarşı mübarizə “mühazirəm” ev sahibinə təsir eləyib. Sözümü qurtarandan sonra kişi söhbəti ekunlaşdırdı:
- Rəhmətliyin oğlu, fikir vermə, ye getsin...”.
Bəzi oxucu bəlkə də buna etiraz eləyər, müəllifə deyə bilər ki, bu qədər yolu gedib, təbiətin elə səfalı güşəsinə çıxmısan ki, orada qaymağa düşən milçəyi görəsən?  Görmək bir yana, hələ bu barədə yazasan da. Bizcə Məmməd Araz bu hadisəni görüb yazmasaydı, o, çoban çörəyinə xəyanət etmiş olardı. Özü də  təkcə qonağı olduğu o bircə çobanın yox, yuxarıda misal gətirdiyimiz şerdəki bütün Azərbaycan çobanlarının ümumiləşdirilmiş obrazı olan çoban qarşısında. Epizodu yazmamaq vəziyyətlə barışmaq, çörəyini yediyi adam barədə “çobandır da” fikirləşmək demək idi. Bu isə nə yaşadığımız quruluşun ictimai qanunları, nə də ki, müasir həyatın tələbləri ilə uyuşur.
Bu günün çobanı dövlətimizin ali məclislərində fəhlə ilə, alimlə, yazıçı ilə, dövlət xadimi ilə yanaşı əyləşir və çox mühüm məsələlərin həllində iştirak edir. Buna görə də lazım gələrsə, mətbuat səhifəsində ona adi gigiyena barədə mühazirə oxumağa dəyər. Belə “mühazirələr”in nəticəsidir ki, təsvir edilən çobanların sayı illər ötdükcə azalmış və gündən-günə azalmaqdadır..
Məmməd Arazın “İkinci yer...ikinci adam” məqaləsi kitabdakı publisist yazıların ən yaxşılarındandır. Bu yazı sosioloji oçerkdir. Müəllif sanki respublikamızın müxtəlif yerlərindən yazdığı oçerkləri burada ümumiləşdirir. Hər kəsin öz yerində olub-olmaması məsələsinin qazandığımız nailiyyətlərdə və buraxdığımız nöqsanlarda nə kimi böyük əhəmiyyətə malik olmasından danışır. Özü də ətraflı, səriştəli və həyati misallarla.     
Bizcə, müəllif bu yazısı ilə publisistikanın yeni mərhələsinə - tədqiqata, sosioloji oçerkə adlayır. Düz də edir. Çünki onun belə yazılardakı mülahizələrinin əsaslanacağı zəngin həyat materialı, geniş müşahidə dairəsi var. Müəllifin etirafına görə kitabdakı başqa yazılara nisbətən “İkinci yer...ikinci adam” məqaləsini mətbuat səhifəsinə çətinliklə çıxara bilib. Bununla əlaqədar biz bir məsələdən, müasir publisistikamızın inkişafında müxtəlif mətbuat orqanlarının, radio-televiziyanın, nəşriyyatlarımızın tutduğu mövqeyindən danışmaq istəyirik. Çünki partiyamızın xalqın qarşısında  qoyduğu vəzifələri həll etmək üçün həyatla bağlı ciddi, xeyirli yazıların meydana çıxmasında onların rolu çox böyükdür. Əgər bu gün respublikamızda yaxşı publisistik yazılar az yaranırsa, demək bunun əsas günahkarlarından biri də mətbuat, nəşriyyat, radio və televiziya işçiləridir. Gəlin belə bir fakta fikir verək. Uzun müddət respublikamızda yazıb-yaradan bir jurnalist mərkəzi mətbuat orqanlarının hansınınsa Azərbaycan üzrə xüsusi müxbiri olduqdan sonra onun həmin qəzetdə çıxan yazılarında böyük bir irəliləyiş nəzərə çarpır. Bizcə, bu inkişaf bir tərəfdən müəllifin özündən, onun istedadından, digər tərəfdən də çıxış elədiyi qəzetin tələblərindən irəli gəlir. Publisistin əsas istehlakçısı mətbuat, radio-televiziya, nəşriyyatlardır. Onlar müəllifdən necə material tələb edirlərsə, o da elə yazacaq. Çox təəssüf ki, hələ də bizim mətbuat işçiləri arasında yaxşını pisdən ayırd eləyə bilməyən və yaxud yazılara “tüstüsü düz çıxsın” prinsipi ilə yanaşan işçilər də az deyil. Tüstü düz çıxdı, ya əyri çıxdı, tüstülüyündə qalır. O, insanların beynini dumanlandırmaqdan başqa, heç nəyə gərək deyil. Həqiqi publisistikanın nəfəsi həmişə atəşli, alovlu olub. Bu atəşin, alovun şöləsi insanların xeyirxah əməllərini isidir, onların yollarını işıqlandırır, nanəcibləri, yaramazları isə yandırır. Respublikamızın bu günkü qaynar həyatına məhz belə publisistika gərəkdir. Və sözsüz ki, bu işin ən birinci təşkilatçıları redaksiyalarda oturanlar olmalıdır. Nümunə isə göz  qabağındadır.“Pravda”, “İzvestiya”, “Komsomolskaya pravda”, “Literaturnaya qazeta”, “Sovetskaya kultura” kimi qəzetlər, mərkəzi radio və televiziyanın verilişləri.
Əslində biz qələm sahiblərindən məhz oxucuları bu və ya digər həyat hadisəsi ətrafında dərindən düşündürən “İkinci yer, ikinci adam” kimi yazılar tələb etməliyik.
Əgər bir idarədə bir nəfər özünü ikinci adam hesab eləyib var qüvvəsi ilə işləmirsə, bu, həmin idarəyə zərərdir. Əgər on idarədə belə adam varsa, onuna, yüzündə varsa, yüzünə də  zərərdir. Əgər belələrinin sayı minlərlədir, onda bu, bütün ölkəyə, xalqa zərərdir. Həyat göstərir ki, belə problemə girişən, onu ətraflı tədqiq eləyən publisistin zəhməti hədər getmir. Təəssüf ki, hələ redaksiyalarımızda bu qəbil yazıların qarşısında yaşıl işığı ehtiyatla yandırırlar. Vaxtı ilə görkəmli sovet yazıçısı,  publisisti Valentin Oveçkinə mötəbər jurnallardan birinə göndərdiyi povesti barədə redaksiyadan yazırlar ki, povestə əl gəzdirsin, xüsusilə “işıq və kölgə” nisbətinə fikir versin. Bununla əlaqədar V. Oveçkin redaksiyaya göndərdiyi etiraz məktubunu bu sözlərlə bitirir: “Əgər məktubum sizin əsərdəki “işıq və kölgə” nisbəti barəsindəki rəyinizi dəyişməzsə... onda xahiş edirəm onu geri qaytarın... Çalışacağam ki, povesti olduğu kimi, bütün “sərtliyi ilə” çap etdirim. Məsələnin canı bundadır... Elə yazmaq lazımdır ki, ədəbiyyat ölkənin həyatında real qurucu bir qüvvə kimi hiss olunsun. Həyatımıza lazımsız bər-bəzək vurmaqdan nə partiyaya, nə də xalqa xeyir var...” (“Voprosı literaturı”, 1974 say. 6)  
“Həyatın və sözün rəngləri” kitabının müəllifi də qələmə aldığı həyat məsələlərinə məhz bu mövqedən yanaşmışdır. Buna görə də sözün köməyi ilə həyat lövhələrini real rənglərlə göstərməyə nail olmuşdur. Əminik ki, Məmməd Araz publisistikanın geniş imkanlarından istifadə edərək gələcəkdə coşqun, mürəkkəb həyatımızın daha geniş panoramlarını yaradacaqdır.

1976
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws