|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
SÖZÜN YAŞI, SAZIN YAŞI

Aşıq Şəmşirin səksən yaşı tamam olur. Ömrünü  saza-sözə həsr eləmiş  bir sənətkar qocalır. Qocalır, dedim. Mənə elə gəlir ki, əsl  sənətkarın qocalığa gedən yolu  ucalığa doğru gedən yoldur. Bu yol dərələr, düzlər adlayır, özünü qayalara həkk eləyə-eləyə dağlara, dünyanın  çox yerindən  görünən dağlara yol alır... Orada işıqlara qarışır, təzədən  üzüaşağı axıb gələn çaylara dönür, dərələrin qulağında əbədi  səslənən əks-sədaya dönür...
Yaz fəsli kimi saralıb gedir: özü ilə xəfif bir kədər aparır.
Yaz fəsli kimi yenidən gəlir: gülü-çiçəyi, yağışı-gürşadı ilə.
Əsl sənət «söz oxuna meylli» deyil. Doğrudur, o da Yer kürəsi kimi fırlanır. Zamanın başına, zamanların başına  fırlanır. Ancaq  rəngini itirmir, mövsümi  küləklərə məhəl  qoymur. Öz əsrinin,  öz zamanının geyimində gələcəyə  qonaq gedir;  hətta bəzən çox yeni  dəblərə «dərzilik» də eləyir.
Sözün yaşı, ilk  dəfə ətraf mühitin daş-qayasına yazılan  el sözünün yaşı çox qədimdir. Yəqin ki, çayların səsini  duymağa başlayandan, quşların nəğməsindən  zövq almağa  başlayandan insan qəlbində oxumağa başlayıb. Elə də bizim el ədəbiyyatı.
 Çaylar qayalı sahillərə  söykənib oxuyub, quşlar ağaclara... Bəlkə çayları götürüb çalmaq istəyənlər, ağacları döşünə basmaq  istəyənlər də tapılıb?  Beləliklə söz tapılıb?.. Sözün yaşı qədimdir. Qədimdən qədim. Sözün əsl sənət yaşını bizə gətirən sazın yaşı isə həmişə onu götürüb çalanın qüdrətindən asılı olub.
Dədə Qorqud sazı, Koroğlu sazı, Qurbani sazı, Aşıq Qərib sazı, Ələsgər sazı... bu sazların hamısında zaman yaşayır. Bu sazların, daha doğrusu, bu sazların tellərinə mizrab vuran barmaqların sədası necə də bir-birinə oxşar, necə də bir-birinə bənzəməzdir.
Bizim dağlardan nərildəyib axan, qulaqla görünən, ürəklə görünən söz çayları da var.  Aşıq Şəmşir bu  çaylardan  birinin sahilində – Aşıq Qurban çayının Ələsgər dağından baş götürdüyü  yerdə dünyaya göz açıb.
Bu, Aşıq Şəmşirin birinci xoşbəxtliyidir. Gözünü açandan saz səsi eşidib, saz nərəsindən  qeyzə gəlib, saz  hönkürtüsündən  kövrəlib incəlmək, söz silahı götürüb saz  üsyanına qoşulmaq  öyrənib.  Əbədi ayıq, əbədi haqq-ədalət  keşikçisi  bu sazın  ənənəvi sədası  ona barmağı mizraba yatandan ətrafa ayıq baxmaq, zülmət mühitə  nifrət yağdırmaq, doğrunu-düzlüyü müdafiə eləmək bacarığı öyrədib.
Bu  misralar inqilab havasının duyulduğu  zamanlar  yazılıb.

Zəhmətlə bağ saldım, bağça düzəltdim,
Qismət olmur nədən barım özümə?
Yolları piyada gedib-gəlməkdən
Düşmən olub ayaqlarım özümə.

Ustad aşıq inqilabdan əvvəl yaradıcılığa başlayıb. Bu illərdə yazılan şerlərdə aşığın təkcə giley və şikayəti ifadə olunmur. O, sözün kəsərinə, sazın  cəsarətinə söykənib zəmanəsinin haqsızlığına ağ olur, sanki xalqı oyadan «küləklərə» bələdçilik eləyir:

Bəy deyir: «Yaradan mənəm insanı,
İşləsin qapımda çıxınca canı».
Bəs mənim torpağım, əkinim hanı?
Niyə çatmır ixtiyarım özümə?

Şəmşirin bu dövr şerləri həm mövzuca, həm də formaca hələ tamamilə öz məcrasını tapmamışdı. «Bu çərxi- gərdişin nərdivanı var» kimi misralar, «düşdü, nə düşdü», «baxtım», «getdi» və s.  rədiflər aşığın bələd olduğu mənbələrdən gəlib onun ümumi axtarış meylində təbii  səslənsə də, sənətkar  müstəqilliyi bu doğma təsirdən qurtarmalı idi. Aşıq Şəmşirin ikinci, əsas xoşbəxtliyi bunda idi ki, təbiət ona istedadlı şair qəlbi, ustad aşıq barmaqları vermişdi. Bu istedad ona əbədi mənbələrə yaxın  bir müstəqil duyğu qələmi yondu. Özünün olası bir suayrıcı relyefi yaratdı.
Ağdaban kəndində, Şəmşirin evinin yanında  balaca bir dağ çayı axır.  Şəmşir saatlarla bu ağ suyun  qırağında oturub xəyala dalmağı sevir, fikrini uzaq dağ zirvəsinə, buludlar ətəyinə  «səyahətə göndərir».  Axı, bu doğma ocağa Ələsgər  nəfəsi qonaq gəlib, kitablar oxudub qulaq asıb, dünyanın çox tarixi hadisələrini yaddaşına yazıb aparıb.
O müdrik gözlərdən, o İlahi barmaqlardan Aşıq Şəmşirin  ürəyində belə bir  dağ çayı məcra  açıb yaşayır. Aşıq qəlbinin  çayını bu dağ çayına qatır. Yoxsa bu çay çoxdan qurumuşdu...
İllərin, əsrlərin uzaq dərəsindən nə qədər saz havası  havalanıb gedib, nə qədər söz xəzinəsi  itib batıb. Bu sel  kimi axan, yel kimi çapıb keçən el xəzinəsinin qabağına bu  qəbil sənətkarlar, Aşıq Şəmşir kimi böyük söz ustadları «bənd atıb»  saxlayıb, «münbit şüurlara» yönəldiblər.
Səndən əvvəl yazılmış  yüzlərlə dastanı, minlərlə ölçülü-biçili şeri öz rəngi, öz forması ilə; yüzə  qədər saz  havasını  öz ahəngi  ilə yaddaşına  köçürüb bu günə gətirəsən, üstəlik, özünün yeni nəğmələrini  də qüdrətlə oxuyasan... Aşıq  Şəmşirin sözü, sazı bu böyuk  vəzifənin öhdəsindən hünərlə  gəlmiş, qoca sənətkarı öz  sağlığında  sənətin əbədiyyətinə  qovuşdurmuşdur.
Aşığın onlarla gəraylısı,  qoşma, ustadnamə, təcnis, müxəmməs, deyişmə, cığalı müxəmməs, divanisi klassik aşıq ədəbiyyatı ilə müasir şer arası çox  gözəl körpüdür. «Dünənin formasında» yazılmış Şəmşir poeziyası həmişə bu günlə danışan, bu günü  danışdıran sənətdir.
Ümumən «çətin formalı» təcnislərdə belə Aşıq Şəmşir keçib gəldiyi yolun ətrafına baxır, ətraf mühitin havasından, daş qayasından mövzu götürür:
Qəza qılınc çaldı, qədər də balta,
Hər biri mən üçün yüz yaraq aldı.
Yoxsulluq çəkmişəm keçən zamanda,
Onlardan sinəmdə yüz yara qaldı.

Və ya:

Göy göyərçin qonub bağda budağa,
Muğan düzü bəzənibdi, budu, ağa,
Bu işrətə, bu arana, bu dağa,
Şəmşir, bu təcnisi gülə-gülə yaz!

Aşıq Şəmşirin səksən yaşı tamam olur. Bu ömrün xatirə dəftərində, Şəmşir sazının tellərində Səməd Vurğun çağırışı həmişə aydın  oxunacaq, həmişə xüsusi  bir ahənglə səslənəcək:

Aşıq Şəmşir, Dəlidağdan keçəndə
Kəklikli daşlardan xəbər al məni...

Bu müqəddəs sədanı sinəsinin gözündə  yaşadan bir sənətkar qocalır. Yox, qələm dayananda, mizrab barmaqdan, saz həvəsdən düşəndə sənətkar qocalır. Şəmşir sazı Şəmşir  sözü ilə baş-başa verib öz  ustadını ilhama səsləyir.

1973

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws