|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
GÖY ÜZÜNDƏ DAŞ NƏ GƏZİR!

Elə kitablar var kig belə kitablarda elə ön sözlər, son sözlər var ki, əsəri açanda da, örtəndə  də az qalır  adamın gözünə təpilə. Səni zor-güclə özünə diqqətə çağırır. «Mənimlə görüş» - deyir, «mənimlə vidalaş» - deyir. Amma qulaq ardına vurursan; əslində qulağın qəbul eləmir. Hiss edirsən ki, bu səs eləcə səsdir; bəzən də çığırtı-bağırtıdır; sənət çağırışı, sənət harayı deyil. Gözünə dolmaq istəyən bu axın ay işığına, gün işığına bürünmüş işıqdır, işığın özü deyil. Bunlar bir yana, bu axının mayasında əsl söz qığılcımı, söz közərtisi yoxdur. «Vəkili olmaq istədiyi» kitab sahibi ilə birgə göydən yerə  «daş atsalar» da, yerdən göyə «baş atsalar» da bunlar hamısı boş təkiddir, təlaşdır. Lakin Kamil Vəliyevin «Göy üzü daş saxlamaz» kitabına yazdığı ön söz elə sözdür ki, oxuyursan, düşünürsən, «necədir»dən çox «necə olmalıdır» sualına cavab axtarırsan, tapırsan da. Çünki bu söz söz yolunda öz yükünü çəkən həm dözümlü, həm dözümsüz – haqqa yarğan olanın qolundan yapışıb uçuruma qulazlayan, poeziyanı şam kimi əlində tutub dünyanı işıqlandırmaq istəyən bir şair haqqındadır. O deyir: «Ramizin dünyası böyük dünyanın həm dostudur, həm düşməni, həm sevəndir, həm sevməyən, onlar həm uzaqdır, həm də  yaxın. Ancaq onlar doğmadırlar. Və hər bağlılıq da doğmalıqdandır».
Şair doğmalığı, şair yadlığı! Sənət zamanın haçaladığı bu təzadlar arasında yaşayır. Bəzən hansı doğmalarısa «üz-üzə gətirmək» lazım gəlir. Ağırlığa yaxşı bələd olan şair qüvvəsi bu işi öz üzərinə götürür, onları «iki yumurta kimi» toqquşdurur. Nəyisə qum kimi ələyib seçmək, nəyisə yamayıb qatını itirmək əsl qələm üçün adicə misgərliyə bənzər. Bəlkə də bu, adi, bəsit müqayisədir. Amma söz üçün hadisənin böyüyü-kiçiyi yoxdur. Lazım gələndə böyüyü kiçiltmək, kiçiyi böyütmək ustalığı onun  məramnaməsində «olarla olmazı» bir-birindən gözəyarı ayırmaq kimidir. Bu asanlığın dərininə varsan görərsən ki, çətinlik çoxdur. Adicə «daş hellətmək» də çətindir, müşküldür.

Bu dünya bir qaynar  qazanmış, demə;
Söndürməz odunu nə qar, nə yağış.
Dünyayla dalaşmaq asanmış, demə,
Çətini dünyayla barışmağımış.

Uşaq  heyrəti deyilmi? Yox! Şair heyrətidir. Dünyayla dalaşmaq üçün bir quyuya  daş atmaq bəs edər. Görüm indi bundan sonra üzün qalırmı, gücün qalırmı dünyaya «barışıq təklif edəsən». Bu adi şair eyhamı arxasında çox məna gizlənir. Bir də bu təzadlı dünya ilə əsl sənətkarın asan barışığı xeyrin şərə təslimi demək olardı. Bir də çox halda bu «danışıq-barışığa» şairin ömrü də çatmır. Vəkillik vəzifəsini dediyi söz yerinə yetirir. Axı Lermontov ömrünü, Müşfiq, Lorka ömrünü yaşayanlar var!

Sözündən qan iyi gələn şairin
Ağzından süd iyi gəlir, bilirəm.

Onda deyilən söz elə sıyrılmalı, elə yanmalı, elə əriməlidir kig Vaxt göz qırpımıdır. Vaxt sanki bir çapar əlindədir. Nəyin bahasına (ac, yuxusuz qalsan da, sağlam-sağlığından kəssən də) olursa-olsun vaxt adlı  köhlənin cilovunu ələ keçirməlisən. Vaxt adlanan məqam öz-özünə ələ düşmür, düşsə də  əldə qalmır. Lazım gəlsə, «gözünü də, üzünü də , ömrünün acısını-şirinini də, kədərini-sevincini də, hətta dostları da  çevir astar üzünə», təzə görün, təzəni gör. Bu da vaxtı yedəkləməkdir. Bu girəvə, deyildiyi kimi, həmişə olmur. Bir anda, bircə görünüşdə, bircə duruşda olur. Bunlar hamısı yaxşıdır. Ramiz Rövşən yaxşıdır. Amma mənim zənnimcə, hər şeyin ifratı pisdir. Hər bir qatışığı müəyyən həddə qədər qatılaşdırmaq olar. Sonra məlumdur ki, məhlul doyur. Əlavə tərkib istəmir. Ən güclü ağırlıqqaldıranın da gücü müəyyən həddə qədərdir. Bununla razılaşmamaq qeyri-ciddiliyə  aparıb çıxarır. Bəlkə bu, kobud  müqayisədir. Poetik müqayisənin də doyarlığı, artıq söz götürməzliyi olmamış deyil. Yuxarıda misal çəkdiyim «tərs üzünə çevirmələrdə» «paltarımı da çevirim tərs üzünə» ilməsi yaddır, kobuddur və bəlkə də çox pinti deyilib. Həmin şerlə qonşu olan başqa bir şerinə  diqqət yönəldirəm: «Addım» şerinə  – «Bir gün olar keçdiyim, keçmədiyim bütün yollar sıxılar, yığılar bir addıma», sözüm yoxdur, təbii başlanğıcdır. Davam eləyirsən: «Onda  bilərsən ki, bu dünya nədir, acıdı, dadlıdı, onda bilərsəng», onda dünyanı anlarsan, yəni dünyaya ağ olmaq istərsən; gücün çatar, ya çatmaz, bu ayrı məsələdir. Şair məntiqinin dünyanı danmağa da haqqı var, heç  nə demədən «heç nə əlavə etmədən» dünyanı olduğu kimi qəbul eləməyə də. Dünyanın da öz siyasi coğrafi qanunlarında təkid  etməyə haqqı var. Bu «qarşıdurma»da kimin məntiqi güclüdür, insana yaxındır, o da qalib gələcək. Mətləbdən uzaqlaşmayaq, şerə qayıdaq. Deyirsən, «gsıxılarsan, çəkilərsən özündən də o yana:

Evindən, eşiyindən,
Dünənindən, keçmişindən,
Bələyindən, beşiyindən,
Lap ananın bətnindən də o yana,
Lap atandan, babandan da o yanag

Altından qırmızı xətt çəkmək  istəmədiyim «pıtraqlı» misralar var. Belə  misralar bəzi şerlərdə gözə çarpır. Bəlkə deyərsən: «kimin haqlı olduğu mübahisəlidir». Məncə, burada mübahisə boş «öcəşmə» olardı. Demək lazımdırmı: «Bu dünyada Allah adlanan şeyin boyu bir addımdı?» Necə təkid eləyirsən  elə, «boyu bir addım» deyilişi yenə yanlış bir ilmədir.  Başqa bir ciddi iradım da var: görürsən, onbirliklə başlanan gözəl bir fikri «yəhərləyib düz yolda qovduğun yerdə» yedəyi çevirib «sıldırım yamaca» döndün – keçdin on üç hecalıya, sərbəstə, adi danışığa; bu dönmələr, bu qalxıb-enmələr çox təbii, çox ehmallı olmalıdır. Bunu hər adam  bacarmamalıdır.
Kitabı təkrar-təkrar varaqlayır, oxuyuram. Nə qədər gözəl, yetkin-bitkin şerlərlə, deyimlərlə, «işıqda yoğrulmuş» fikirlərlə üzləşirəm. Bunların çoxu ağılı-bayatılı, qoşmalı, gəraylılı, nağıllı-dastanlı el ədəbiyyatından dil almış, dünyanın çox yerində kürsüyə çıxmağa layiq  qələm məhsuludur; «ömrümü qab kimi saldım əlimdən» deyən şairin səmimi etiraflarıdır. «Kölgə» şerindən:

Kölgən dirsəklənib daşa-torpağa
Dikəlmək istəyir, qalxmaq istəyir.
Dayanıb  mənimlə qabaq-qabağa
Gözümün içinə baxmaq istəyir.
Tez-tez bu şəhərdə aldanır gözüm,
Sən donda görünür gözümə qızlar;
Bəlkə parça-parça doğrayıb kəsib
Kölgədən don tikib özünə qızlar;

Və ya:

Qəbrimi kölgəndə qazalar  sənin.

Nə qədər əla deyilib, - obrazlı və təzə deyilib,
Əhd-ilqar «şüarıdır», əhd-ilqar andıdır!
Şer nədir? - sualına  elə-belə, bir sözlə, beş-on sözlə cavab vermək olmaz. Bu suala silsilə  məqalələrlə də, qalın-qalın kitablarla da cavab vermək çətindir. Bəlkə heç bu sualın cavabı yoxdur?! Bəlkə heç bu sualı vermək naşılıqdır?! O, necə yazılıb, necə yazılır, necə yazılacaq  –  əsasnaməsimi var?!  Şer oxunursa – içilir. İçilirsə – demək yazılıb. Füzuli şeri, Sabir  şeri  niyə oxunur? Bir əsrin, beş əsrin cavabı da bizi təmin edə  bilməz.
«Köhnə məktublar» şeri ilə üz-üzə dayanıram. Xatirədir? Bəli! Etirafdır? Bəli! Məhəbbətdir? Bəli. Ancaq bütöv şer kimi  qəbul edə bilmirsən. İnkar eləməyə də ürəyin gəlmir. Bəlkə uzunluğu şerə xələl gətirir? Bu poetik  nümunədə  isə bəndlər belə ayrılıqda bütövlüyə zəmanət verir:

Göz  yaşları süzüldükcə
Adamın quru üzünə.
İçimizdə batan dərdlər
Bir-bir çıxar su üzünəg

Qazancımız birdi bizim:
Bu dünyanın dərdi bizim
Çevrilərik dərdimizin
O üzündən bu üzünə.

Fikirlər elə bil  yoğrulub, cilalanıb, hamarlanıb, sonra sözün hərarəti ilə bir-birinə qaynaq edilib. Şairlik, ilk növbədə, fikir söyləməkdir, sonra qalan şərtlər  – bütün rənglər, boyalar, qalın-çarpaz xətlər fikrə xidmət üçün gəlir, fikir isə özlüyündə özüldür, bünövrədir. O, bəzən ikinci, üçüncü yerdə dayanır, lakin bu da onun  birinciliyinin təsdiqinə xidmətdən ötrüdür.
«Demə şairinki dil davasıdır» misrasını – şerin adını götürək. Bunu əksər şerlərə başlıq kimi qəbul eləmək olar. «Nə yaxşı tapdım özümü, böyrümdən keçib getmədim», «Qumdan evcik  hörən uşaq sularda batana baxmaz», «Yazmaq olmur, söz qələmə, qələm sözə dirənəndə», «Üzməyi  öyrənmək gecdi, yol dənizə  dirənəndə» deyən  şairin davası doğrudan da dil davası, söz davası, hikmət davasıdır. Nə yaxşı ki, şair çox vaxt «bu davada» qalib çıxır, «bağla» «dağı» qafiyələndirməklə  papağını göyə atıb təzə şer yazdığını demir; o, yerdə «haqlı-haqsız» gedən bütün davaları görməyi şairin vəzifəsi sanır, bütün davalara harayçılıq eləməyi sənətinin borcu bilir; bütün davalarda onun təzə silahı dildir, sözdür, fikirdir. O, çox vaxt davada tək adamdır. Bu tək adamla «üz-üzə  oturanda» vəzifəsi daha böyüyür, ciddiləşir. Bu köhnə  dünyanı çəkib özüylə yanaşı oturdur.

Gedirəm, izim böyüyür,
Susuram, sözüm böyüyür,
Baxıram, gözüm böyüyür,
Dünya mənə tanış gəlir.

Şairin davası dil davasıdır. Dil dünyanı ovsunlamalı, onu özünə «əfi» olmaqdan çəkindirməlidir. Ona görə «bu adam» bu işi gördü:

Ürəyi sızladı dost yarasından,
Xəbəri olmadı öz yarasından,
Uçulan evinin xarabasında
Özgəyə  təzə ev tikdi bu adam.

Yaxşı təklikdir! Bu təklik tənhalıq deyil. Sağ ol, şair, belə davakarlığı, belə təkliyi təbliğ üçün sağ ol! Sən qətiyyən özünü tək-tənha divarlar dibində tək-tənha bitən ağaclara bənzətmə. Önündə varağın var, əlində qələmin. Divarın o üzündən baxan adam divarın bu  üzündə sənin göz yaşını deyil, «söz yaşını» görəcək.
Mən əvvəldən çox nahaq yerə sənə müraciət  elədim, səni söhbətə, mübahisəyə dəvət etdim. «Üz üzdən utanar» deyiblər. Bəlkə səninlə yanaşı oturub söhbət eləməsəm tərifi tənqidlə daha obyektiv tərəziyə qoya  bilərdim. Və onda deyə bilərdim ki, düzü, budur, mən səni çoxdandır toplu halda oxumaq istəyirdim. Yəqin bu kitab sənin çoxdan bəri yazdıqlarının az bir hissəsidir. Lakin yaxşı-pisi  təyin eləmək üçün bir neçə şer, hətta bircə şer də  kifayətdirg
Kamil Vəliyev: «Bu şerləri  fantastik hekayə kimi də oxuya bilərsən, yuxusunu danışmağa gücü çatmayan bir adamın əzabı kimi də», - deyir.

Mən də sevdim, bu dünyanın
Ən gözəl sözünü aldım,
g Yenə təptəzə qaldı söz,
Mən sözün tozunu aldım.

«Mən sözün tozunu aldım». Çox şaxəli, çox incə deyilib. Buna sözün fantastik sehrini duymaq deyərlər. Söz də  köhlən at kimidir; onu yedəkləyib, yalmanına yatmaq, dördnala çapmaq da var, döşünü sığallayıb tərini almaq da. Bütün bu hallarda ata yoldaş, «nəfəsdaş», həmdəm olmalısan, yoxsa o, hər qamçını götürməz; Qıratları, Bozatları şöhrətləndirən onların yəhərinə yatanlardır.
«Söz sığalı» sözə ehtiramdır, sözə hörmətdir, həm də sözü diqtəyə «tabe eləməkdir».
Kamil Vəliyev: «Bu  sözlərimin yozumu sənin gördüklərin, bildiklərin qədərdir». Amma söz hər yozuma düyününü açmır, hər yozum da eyni kəsərdə, eyni təpərdə olmur. Sözün sözlüyü də ondadır; əks halda deyərdik: Sözdür də deyilib, «daşdır da» qulazlanıb.
Ramiz Rövşən:
g İşıq düşür göz yaşıma,
 Göz yaşım işıqlanır.
g Daş atdım, qıra bilmədim
Şəhərin işıqlarını.
g İşıqlandım, işıqlandım,
Baxın, görünmürəm daha.

Şair özünü bu işıqlara qurban verir. «Kənd qaranlığı» axtarır. O qaranlıq çox işıqdan işıqlıdır, təmizdir, görünəndir. Neyləyəsən, bu işıqda əriməlisən. Sözü həddindən artıq obrazla yükləmək, bədii deyilişin kvadratını kəşf etməyə can atmaq bəzən onun səmimilik, təbiilik deyilən  keyfiyyətlərinə xələl gətirirmi? Əlbəttə, gətirir.

Bəs bu kimdi görən, Allah!
g İçimdə çapar atını.
İçimdə tapar suyunu,
İçimdə  tapar otunu,
İçimi-içalatımı
Dağıda-dağıda keçərg

Yuxarıdakı «nitqindən» sözün tozunu silən şair məncə, burada sözü tapdalayır, az qala hövkələyib qəssabxana həyətinə tullayır.
«Şairin davası dil davasıdır» deyən, özü də bu dildə divarlar uçura biləcək söz nümunəsi yaradan bir şairə hərdən belə tör-töküntüyə əl bulamağı məsləhət görmürəm.
Ramiz Rövşənin «Göy üzü daş saxlamaz» kitabını əvvəlcə varaqladım, adda-budda oxudum, gözdən keçirdim. Gördüm yox, poetik cazibədən qaça bilmirəm. Diqqətlə oxudum, təkrar oxudum. İnana bilmədim ki, bu, sənin ikinci kitabındır. Bunun heç bir fərqi yoxdur. Onuncu kitabın da olsa yenə tələbatla yanaşmalıydım. Ən kiçik qüsurunu deməliydim, ən böyük uğurunu hay-haraysız qarşılamalıydım. Çünki  səninlə istənilən səviyyədə danışmaq mümkündür. Bütün kitab boyu bir keyfiyyəti hiss elədim, sözündə, misranda, fikir tutumunda mənəmlik, əda yoxdur; zəif deyimlərin özünü belə təqdim edir: «Neynim, gücüm buna çatır». Tapıntıların təvazökarlıqla pıçıldayır: «Belə  deyə bilmişəm, yaxşı-pisliyini oxucu ayırd eləsin».
Poetik aləm filiz yatağı deyil ki, biri kəşf eləsin, digərləri kəfkirli, caynaqlı maşınları töküb onu didişdirsin. İnanıram ki, hələ qarşıda dişinlə-dırnağınla çox qranit qayalar yonmalı olacaqsan.
Nəhayət, poemalar barədə. Poema bölməsinə təkcə «Süd dişi» daxil edilib. Mən «Qapı»nı poema sayıram. Hər ikisində xoşagələn deyimlər, lövhələr, obrazlar vardır:

Ölüm, sənin balan yoxdu – sonsuzsan,
Ölüm, sənin anan yoxdu – yetimsən.

Və yaxud:
oğlunu  itirən anaya müraciətlə dedikləri:

Üzü yox səni çağıra,
Nəfəsini qısıb ölüm.
Ölümlərin ən fağırı
Yazıq ölüm, kasıb ölüm.

Nəyin var ki, nə apara
Bircə dərdindən savayı.
Qırış-qırış sifətindən,
Əyri qəddindən savayı.

Poemalar kitabın ümumi səviyyəsinə, ümumi ruhuna uyğundur. «Göy üzü daş saxlamaz» adını eyni adlı şer təsdiq edir.
g Göy üzü Yer üzündən durudu, insanlar! Göy üzünə daş atmayın, insanlar! Bu duruluq bulana bilər. Yerdən göyə atılan daşlar qarşısıalınmaz yağışa dönər.
Daha onda bu yağış «daş atıb başını tutanları» deyil, minləri, milyonları, gözə görünən nə varsa hamısını əzib, xışlayıb, yuyub aparacaq.
29 iyul, 1987

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws