|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Çingiz  ƏLİOĞLU

YENİ  YOLLARIN KƏŞFİ – YENİ  AXTARIŞLARIN  BAŞLANĞICI DEMƏKDİR
                                                 
 On doqquz yaşlı Məmməd Arazın ilk şeri 1952-ci ildə “İnqilab və mədəniyyət” – indiki  “Azərbaycan” – jurnalının səhifələrində dünya üzü görüb.
O vaxtlar, gənc şairi birinci kitabından – “Sevgi nəğməsi” (1959) – tam yeddi il ayırsa da, Məmmədin imzası oxucuların, ədəbi tənqidin diqqətini cəlb etmiş, haqqında danışmağa, mübahisə etməyə başlamışdılar. Mübahisəni, yəqin ona görə edirdilər ki, əsil həqiqi istedadın özünəməxsus, xarakterik cəhətlərini doğru-dürüst təyin etmək asan iş deyil.
Diqqətinizə təqdim etdiyimiz bu yazıda mən, Məmməd Araz yaradıcılığının ən dəqiq, doğru təhlilini vermək iddiasında deyiləm, eləcə, bu şairin şerləri haqqında öz oxucu təəssüratımı sizinlə bölüşmək istəyirəm.
Məmməd Araz poeziyası haqqında danışmağa başlamazdan əvvəl, mən onun nə vaxtsa oxuduğum – bəlkə də elə şairin dilindən eşitdiyim bir şerini xatırlamaq istəyirəm:
            Gecənin ən uzaq dərinliyində
            Bir işıq görünür,
                Mayakdı, nədi?!
            Ondan gözlərimi çəkdim, yenə də
            Fikrimdən, yuxumdan o çəkilmədi.
            Elə hey yol getdim bütün gecəni, -
            Gözümdə o işıq,
            Gözümdə o şam.
            Belə çox işıqlar çağırıb məni,
            Belə az gecələr uduzmamışam.
            Bəlkə də o işıq, o çağırış yenə
            Taleyin növbəti ümid payıdır:
            Ümid nə yaxşıdır,
                ümidlə sönən
            Məhəbbət qayıdır, sevgi qayıdır.
Xatırımdadır ki, “İşıq” adlı bu şer o vaxt xatirimdə çox dərin bir iz salmış, yaddaşın hər an, hər dəqiqə mənimlə yaşayan qəribə bir sirrinə çevrilmişdi.
O vaxtdan çox illər keçsə də, indinin özündə belə ayırd edə bilmədiyim o sirr nədə idi? “Gecənin dərinliyində” qəfil parlayan işıq – mayakdımı?  Yoxsa ömrün yeni üfüqünə, gündoğanına çağıran “ümid payında”mı? Bəlkə, o vaxtkı mənə - özünün “uğursuz ilk məhəbbətini” yaşamış cavana – “Ümidlə - sönən ilk məhəbbətin, sevginin qayıtması” bu sirri bağışlamışdı – deyə bilmərəm. Ancaq onu bilirəm ki, ədəbi müşahidədən çox, tərcümeyi-hal faktı kimi gətirdiyim bu misal o vaxt məni heyrətləndirmiş, diqqətimi bu şairin sirli axtarışlar dünyasına yönəltmişdi.
Poeziya – heyrətdir deyirlər, heyrətdən yaranır – deyirlər. Məmməd Araz heyrətləndirən şairdir.
Poeziya – sirlə kəşf arasında bir addımdır. Məmməd Araz hər addımında kəşfləriylə heyrətləndirən, bizim hər an, hər dəqiqə görüb-duyduğumuz, ancaq fərqinə varmadığımız incə mətləblərə toxunan şairdir.
Və nəhayət, Məmməd xəfif çalarlar, yarımtonlarla manumental lövhə yaradan şair-rəssamdır.
        Azərbaycan – qayalarda
            bitən bir çiçək,
        Azərbaycan – çiçəklərin içində qaya.
                  Mənim könlüm bu torpağı vəsf eləyərək,
        Azərbaycan dünyasından baxar dünyaya...
Ancaq  Məmməd Arazı təkcə heyrətlənən, heyrətə gətirən şair adlandırsaq, bu fikir tam olmaz, naqis olardı. O, mahiyyəti ən gözlənilməz dönümlərdə görməyi bacarır, şair fikri öz ifadəsini daim hərəkətdə, hərəkəti dinamik inkişafda tapır. Elə bil, şair üçün hadisə və predmetlərin elə bir mahiyyət dərinliyi var ki, o, oradan istədiyi vaxt, bizi heyrətləndirən gözəl məna və mətləblər çıxara bilər. Bəlkə də buna görə Məmməd:   
            Adamlar sevindi, elə bil qarı
            Geydilər bir isti yun köynək kimi,
            Gördüm qar üstündə gül uşaqları
            Çəmənə dağılan kəpənək kimi.
                                                              (“Şimal qışı”)
- deyəndə, biz şair intonasiyasının səmimiliyinə inanır, əgər dostla görüşürsənsə, əynindəki paltarın hətta “buzdan biçilsə də” səni üşütməyəcəyi fikriylə razılaşırıq.
Məmməd Araz poeziyası dinamikliyi, qıvraq və çevikliyi ilə bərabər dolğun və tutumludur.
Dahi Tolstoy deyirdi ki, poeziya ürəklə düşünməyi öyrənir, öyrədir.
Sizə təqdim etdiyimiz bu kitabdakı şerlər, ürəklə düşünən bir şairin qələmindən çıxmaqla bərabər, həm də bir şair yaddaşının tərcümeyi-halıdır.
Şair tez-tez öz uşaqlıq dövrünə, ölkəmizin ən  gözəl çağlarına müraciət edir və bu mövzudakı şerlərində ötən vaxtın böyüklüyünü, qüdrətini, həyatımızda baş verən dəyişikliklərin əhəmiyyətini, sambalını çox dəqiq həssaslıqla duyur. Bu qəbildən olan şerlərinin, zənnimcə ən uğurlu cəhəti – müəllif intonasiyasının, pafosunun olduqca təbii və inandırıcılığıdır.
60-cı illərdə və 70-ci  illərin əvvəllərində - şerimizdə müxtəlif ədəbi üslubların bir-birilə bəhsəbəhs, cürbəcür eksperiment və axtarışlar apardığı dövrdə poeziya nəhrimizin Məmməd Araz qolu, sakit və ləngər axarlı Məmməd Araz dalğası əlahiddə olaraq öz lirik məqsəd və axtarışları istiqamətində inkişaf edirdi. Şairin bir-birinin ardınca çıxan “Üç oğul anası” (1961), “Mən səni taparam” (1963), “Araz axır” (1964), “Anamdan yadigar nəğmələr” (1966), “Poyu Araks” (1966, Moskva), “Ömür karvanı” (1967), “İllərdən biri” (1969), “Qanadlı qayalar” (1973), “Atamın kitabı” (1974), “Həyatın və sözün rəngləri” (1975, publisistika) kitabları fikrimizə yaxşı sübutdur.
Bayaq biz dedik ki, bu kitabdakı şerlər bir şair yaddaşının tərcümeyi-halıdır. İndi onu da əlavə edək ki, bu yaddaşın əhatə etdiyi vaxtın özü də olduqca geniş və böyükdür. Bu,bizim -   hadisələrlə zəngin  XX əsrin əhatə etdiyi vaxtdır. Bu, iki dünya müharibəsi, Böyük Oktyabr inqilabının cahanşümul qələbəsinin baş verdiyi vaxtdır. Və nəhayət, bu, dünyanın müxtəlif cəhətlərində köləlik zəncirini qıran ölkə və xalqların təntənəsi vaxtıdır. Bütün bu canlı tarix şairin yaradıcılığında öz inikasını tapır.
Məmməd Araz poeziyasının tarixi – coğrafi konturları genişləndikcə, şeri forma və məna  etibarilə keyfiyyətcə yeni xüsusiyyətlər kəsb edir. Bu mənada şairin  “Viktor Hüqo qitəsi”, “Nazimə Türkiyə sovqatı” və s. əsərləri fikrimizə tutarlı illüstrasiyalardır.
Şair öz yaradıcılığında yeni yollar kəşf edir.
Yeni yolların kəşfi – yeni axtarışların başlanğıcı deməkdir.

1978         
 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws