|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
ƏYİL, KÜRÜM!.. YOX, ƏYİLMƏ!..

Əhməd Cavad haqqında söz demək, onun böyük sənət aləminə nüfuz eləmək, ən başlıcası, şairin kimin, nəyin «düşməni» olduğunu, hansı mərama xidmət etdiyini  açıb-aşkarlamaq çətindir, ürəkağrısız mümkün deyil. Ancaq məsələləri  asanlaşdıran çox aydın «maddi sübut» mövcuddur – şairin əsərləri. Bu əsərlər çox şeydir, bəlkə də hər şeydir; görünür, o vaxtın «həbs edilsin» hökmləri gözüyumulu verilirmiş, yoxsa gərək nə dərəcədə kor olasan ki, bu əsərlərin məna və mündərəcəsindən ayrı bir nəticə çıxarasan. Onları oxuduqca gözünün qarşısında təpədən dırnağa qədər, Vətən eşqilə, torpaq, millət eşqi ilə yanan bir sənət fədaisi dayanır. Onun şair əzəməti, şair ziyası, sənət işığı çox aydın görünür.
Biz təxminən altı-yeddi yaşında ikən ömür çıraqları sönən sənət adamları – Əhməd Cavadlar haqqında nə bilirdik? O vaxt orta məktəblərdə bizə öyrədirdilər ki, 1937-ci ildə  ifşa olunan yazıçıların günahı bu idi ki, onlar pantürkizmə meyl ediblər. Nəydi bu pantürkizm? Niyə ona meyl edirdilər? Nə olarmış meyl edəndə? – Bilmirdik. Guya bu meylçilərin müəllimi Cavid idi. Guya Cavid deyib ki, «şerin, sənətin zirvəsi dağ başıdır», «Sənət sənət üçündür». Cavid bunları harada demişdi? Niyə demişdi? Nə olarmış belə deyəndə? Bu ki vəhşilik deyil, yırtıcılıq deyil – Bilmirdik. Bu mövqelərə qarşı sosialist realizmi tənqidçiləri hansı mövqeyi qoyurdular? Şübhəsiz ki, «Ədəbiyyat partiyalıdır» şüarını! «Var olsun proletar ədəbiyyatı!» (çünki Lenin belə deyib). Bu ölçülər, bu meyarlar ədəbiyyatı yalnız həmin baxışdan tərəziyə qoyur, yazını bir gözə, malakeşi o biri gözə çəkirdilər – malaçı qoyulan göz ağır gəlirdi. Dodaqaltı pıçıldayanlar olurdu: çəkənə bərəkallah! Deməli, bir vicdan ədəbiyyatı vardı, bir də diqtələr ədəbiyyatı. Sosialist realizm metodu sonuncunu qəbul edirdi. Onda təbii ki, bu ədəbiyyatın böyük nümayəndəsi də belə deməliydi:

Mən nə Sanılıyam, nə də Cavadam,
Onlara düşmənəm, onlara yadam!

Əhməd Cavad şərqin və qərbin yüksək mədəniyyətini mənimsəmiş bir ziyalı idi. Belə bir ziyalı çox  təbii olaraq Azərbaycan Demokratik Respublikasını alqışlayanlardan biri idi  və belə də olmalıydı.
Azərbaycan ziyalısı və xüsusilə də şair üçün bundan fərəhli nə ola bilərdi? – Onun xalqı müstəqil, azad bir dövlətin bünövrə daşını  qoyurdu və o da bu təntənədə iştirak edirdi.
Əhməd Cavadın bütün gücü, bütün istedadı özünü bu yeni  quruculuğun çiçəklənməsinə, bəhrələr verməsinə yönəltmişdi.
Çox doğru deyirlər ki, tarix təkrar olunur. Bu baxımdan 1918-ci il inqilabının da öz qurbanları, öz şəhidləri olub. Ə.Cavad o zaman, daha dəqiq desək, 10 may 1919-cu ildə istiqlalımızın bir illiyi münasibətilə yazdığı «Şəhidlərə» adlı şerində deyir:

Qalx, qalx! Sarmaşıqlı məzar altından
Gəlmiş ziyarətə qızlar, gəlinlər.
Ey karvan keçidi yollar üstündə
Hər gələn yolçuya yol soran əsgər;
Sənin qanındanmı düzlərdə böylə
Qüdrət bitirmişdir sayılmaz lalə!
Dost elində qopdu bir yanıq nalə,
Yoxsa o nalənin ruhumu söylər?!

Həssas şair qələmi şəhidlərin önündə məyus olub kədərlənirsə, respublikanın bayrağına qürurla baxır, sanki zamanın onun üzərində qoyduğu tarixi vəzifəni yerinə yetirir. «Al bayrağa» adlı şerində yazır:

Gül rəngində bir yarpağın
Ortasında bir hilal,
Ey al bayraq, sənin rəngin
Söylə neyçün böylə al?!
Ey sevimli bayrağımın
O dalğalı duruşu:
Sandım salam rəsmi sənə
Buludların yürüşün!

Bakı, iyul, 1919

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws