|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
ULU ŞAİR, ULU TÜRK

Xəlil bütün mübarizə dolu çıxışlarından, xalqımızı müstəqilliyə, açıq-aydın demokratiyaya çağıran  nitqlərindən əvvəl ulu şairdir, böyük söz ustasıdır, poeziya quludur, sənət fədaisidir, söz sərkərdəsidir. Xəlil cəngavərliyi, mətinliyi, səbri və dözümü ilə həqiqətən ulu Türkdür, Türk oğludur. Mübaliğəsiz demək olar ki, çətin məqamlarda, ən çıxılmaz  vəziyyətlərdə belə onun harayına birinci çatan yenə də onun sənəti olub, sözü olub, poeziyası olub. Bütün müdafiə şərtlərini qoyuram kənara, əgər onun dünya ədəbiyyatı limanlarına çıxışı olmasaydı, o, öz qınına yapışıb qalar və təbii ki, öz-özünə quruyub gedərdi. İndi istər-istəməz illəri vərəqləyib 40 il əvvələ getmək istəyirsən. Dərnəklər, birliklər, kitabxanalardakı ədəbi görüşləri xatırlayırsan. O illərdə də Xəlilin şerlərindən milli  azadlıq, milli istiqlal məsələləri yavaş-yavaş cücərirdi. 60-cı  illərin əvvəllərindən isə bu cücərtilər onun həm yazılarında, həm də məclis və xitabət kürsülərindəki  çıxışlarında geniş səslənməkdə idi.
Bu misralar təxminən 30 il əvvəl deyilmişdi:

Doğransam da qıyma-qıyma, rizə-rizə,
Mübarizə deyəcəyəm, mübarizə!

O vaxtlar Təhlükəsizlik Komitəsi və «yuxarı» təşkilatlar da öz növbəsində əks-hücuma başlamışdılar; nəşriyyatlar, qəzet və jurnallar onun hər hansı yazısına zərrəbinlə baxır, bizim qərbdə olan «ideya düşmənlərimizə» «material verən» bir şairi sülh yolu ilə «düz yola» qaytarmağa da çalışırdılar: Yazıçılar İttifaqı vasitəsilə «onun başına» ağıl qoymaq məsələsi də istisna olunmurdu.
Yazıçılar İttifaqındakı mübarizələrdə pambıqdan istifadə edənlər də olurdu, «asmaq» tərəfdarları da. İttifaq katibləri ilə ikili-üçlü görüşlər də keçirilirdi.
Xəlilin siyasi məntiqi o qədər güclü idi ki, belə görüşlərdə müqabil tərəf çox vaxt mat vəziyyətində qalırdı. Açığını desək, son 5-6 ilə qədər Xəlil Rzanın çıxış elədiyi məclislərə bəzi vəzifə sahibi olan qələm adamları  getmirdilər,  ya da yığıncaq başlananda sürüşüb aradan çıxırdılar. Hakimiyyət orqanlarının Xəlilə qarşı növbəti əks-hücumları baş tutmadıqda «növbəti vasitələr» axtarır, maddi maraq prinsipinə də əl atırdılar. Ona ev vədi verir, növbədənkənar çap eləmək öhdəlikləri götürürdülər və s. Bu vədlərin çoxusu Xəlil üçün milçək vızıltısından başqa bir şey deyildi. Onun əsas istəyi nə idi? – Azadlıq! Bu barədə imperiya qulları susur, dillənənləri də bacardıqca susdururdular. Xəlil belə məqamlarda imperiyanın azadlıqsevər şairlərindən R.Rojdestvenski, Y.Yevtuşenko, B.Axmadulina və s. kimi N.Xruşşov  demokratiyasının imkanlarından bəhrələnib meydana çıxan şairləri tərcümə edib mətbuata çıxarır, Rusiyadakı oyanışa diqqət yönəldir, yerli hakimiyyət orqanlarını yenə də çıxılmaz vəziyyətdə qoyurdu.
Adama elə gəlirdi ki, Xəlil Rzanın daxili həyəcanı, daxili fırtınası vulkanik bir prosesdir və onun sözünə baxmır. Bu proses hələ başlanğıc mərhələsində idi. Görün hələ bu hərəkətin yönü hansı tərəfədir; görün hələ bu yürüşün qabağını almaq, ümumiyyətlə, bu axının qarşısını almaq mümkün olacaqmı?
Bir məqamı burada açıq etiraf eləmək lazımdır: Xəlilin dostları, onunla birlikdə ədəbiyyata gələnlər, onunla çörək kəsənlər bu sahədə hansı mövqedə dururdular? Doğrusunu etiraf etsəm, deməliyəm ki, bizim çoxumuz Xəlilin bu dərin burulğanda batacağından qorxurduq, ona nəsihət verənimiz ona qoşulanlardan çox idi. Onun isə yuxarıda dediyim kimi, daxili təlatümü yüyənsiz at kimi idi. Həmin qaynar illərdə kiçik bir şeri, sənətin qüdrətinə bax, onun qələmindən doğulub bütöv bir xalqın məramnaməsinə döndü:

Azadlığı istəmirəm,
Zərrə-zərrə, qram-qram,
Qolumdakı zəncirləri
İstəyirəm qıram, qıram!

Son vaxtlar vəziyyət elə gətirib ki, hamı siyasətlə məşğul olur. Bu yazının əvvəlində dediyim kimi, Xəlil qüdrətli  söz ustası, söz sərkərdəsidir. Onun azad söz uğrunda mübarizəsi həm də insan azadlığı uğrunda  mübarizədir. Söz azad olmayan yerdə insan, insan azad olmayan yerdə  isə söz azad olmayacaq. Bu iki mövcudluq da yalnız demokratik cəmiyyətdə mümkündür.
Xəlil Rzanın kapital kitablarından biri «Məndən başlanır Vətən» adlanır. Kitabın hər bir misrası, hər sözü, hər ifadəsi mənə tanışdır: mübaliğəsiz demək olar ki, hər şeydən Vətən başlanır. Bu Vətən yurdumuzun hər qarış torpağı, hər daşı, hər çayı, hər dərəsidir. «Apardı sellər Saranı», 32 il bundan əvvəl oxunanda bomba kimi partlayış qoparmışdı bu şer:

Yox, bunu görməyin Araz çayından,
Kim deyir Saranı sellər apardı:
Şahənşah bağından, qış sarayından
Yurduma uzanan əllər apardı.

Yaxşı yadımdadır, o vaxt bu şerə «yuxarı» qəzəbi, «aşağı» məhəbbəti.

Ürək dustaq, Vətən məhbəs
Hanı Babək, Cavanşir bəs!
Həyat bu cür qala bilməz
O sahildə, bu sahildəg

«Mənim mükafatım» şerindən:

Bu hərc-mərc, basabas, ələk-vələk mühitdə
Bir-birinə qarışıb ağciyər də, igid də.

Bu şer də 1984-cü ildə yazılıb. Bu şerlər arasında vaxt məsafəsi yoxdur, baxış məsafəsi isə çox azdır.
Yazır:

Mən sevirəm yolunu birnəfəsə gedənləri,
Baş mənzilə büdrəmədən dümdüz, kəsə gedənləri.

Və ya:

Harda pisləsələr Xəlil Rzanı
Harda tapılarsa bir nakəs, ya kəm,
Sən bircə söz söylə, təmkinlə, möhkəm,
Söylə – Xəlil Rza Azərbaycandır!
Bütün nakəsləri, nadürüstləri
Xəlil Rza adlı tonqalda yandır!

Bəli, bu nida, bu etiraf Xəlil kimi şairlərə məxsus ola bilər, doğrudan da onundur. Bu ərki Xəlil Rza kimi şairlər eləyə bilər, Xəlil Rza kimi şairlərin «Mən Azərbaycanam» deməyə haqqı var. Bu haqq təltif deyil, bu haqq töhfə deyil, bəxşiş deyil. Bu haqq canla-qanla qazanılır, bütün mənəvi gücünü xərcləməklə qazanılır. Mən son 40-50 ildə bu güclə, bu zəhmətlə, bu bəhrəli enerji ilə işləyən, Azərbaycan torpağı, Azərbaycan ədəbiyyatı, mədəniyyəti üçün nəhəng işlər görən ikinci ulu şair, ikinci qüdrətli söz ustası  tanımıram. Bu barədə o özü çox səmimi deyir:

Bəşəriyyət qarşısında əla verdim imtahanı,
Bəs o mənə vəd olunan üfüq hanı, hanı, hanı?!

Dünya ədəbiyyatından, «keçmiş qardaş xalqlar» ədəbiyyatından tərcümələr etməyin, saysız şerlər, məqalələr, dissertasiyalar, monoqrafiyalar və s. yaradıcılıq zəhmətinin öhdəsindən yalnız Xəlil Rza istedadı gələ bilərdi.
Əziz oxucu, bir anlığa sən onun yaradıcılıq aləminin bütün məhsullarının açıqlandığını təsəvvür elə, onda görəcəksən yaradıcı əmək nə deməkdir, onda görəcəksən istedad deyilən İlahi qüvvə nədir? Onda görəcəksən dahilik deyilən böyük əməl ən adi işlər görəndən başlanır. Onda yenə də şairin özunə qulaq asacaqsan. O, belə deyəcək:

Vaxt əlimdə zər qutusu,
Saniyəni qızıl kimi xərcləyirəm,
Misraları  sünbül kimi dənləyirəm.

Bəli, bu misraları sünbül kimi dənləyən igid özü də rəncbərdir, yer şumlayan, toxum səpən, yer suvaran, biçən, döyən, dən üyüdən rəncbər! Bu işlərin hamısını o, təmənnasız görür, heç bir haqq ummadan görür, özünü azadlıq yolunda qurban verməyə hazır olanda da heç nə  istəmirdi və yalnız belə deyirdi və belə də deməli idi: yox, ayrı cür addım onu Xəlil Rza eləmirdi. Xəlil Rza belə də yazmalıydı:

Mən Allaham, mən Tanrıyam,
Qəlbim dolu, əlim boşdur,
Xoşbəxt olsun təki xalqım,
Mənə elə bu da xoşdur.

Təbii ki, şair aqronom deyil, torpaqşünas deyil. O, torpağı yazıçı kimi görür, ona vətəndaş gözü ilə baxır. Onun Türkan  bağları haqqında yazdığı şerlərini bir nümunə kimi götürmək olar. O, Türkan bağlarının tənəyindən, üzüm bağlarının şehli yarpaqlarından, qarışqasından tutmuş qızıl  xalı, ağ xalı şanılarına qədər bütün varlığını təsvir etmişdir, desək, yanılmarıq. Xəlil Rza Ulutürkün çoxumuza məlum bir cəhətini təkrar-təkrar deməyi bir daha vacib bilirəm. Bunsuz Xəlil Xəlil  olmazdı. Bu da onun əlinə qələm alandan sərbəstliyidir. Dili ilə düşüncəsi düz mütənasib olub həmişə. Doğrudur, bu hal ona çox bəlalar gətirib. O, bu maneələrin üstündən adlayıb keçib. Amma çox zaman sağlamlığı hesabına, gizli zərbələr hesabına.
Ömründə tək bircə dəfə qəlbindən gəlməyəni dilinə gətirsəydi, tək bircə dəfə dilindən eşitdiyinə inanmasaydı, iki Xəlil yaranardı, bu iki Xəlil bir Xəlilin işini görə bilməzdi və beləliklə, Allah eləməsin, Xəlil Ulutürk olmazdı. Yox, belə heç cür ola bilməzdi, onda tale yazısı  bəs hara gedərdi? Əslində, daxilini, qəlbinin səsini  yazmayan şair yoxdu, o, elə beləcə zorla eşidilən səsdir. Səs deyil, hənirdir. Hənir də deyil, boğazda ilişib qalan xırıltıdır. Xəlilin bütün hay-harayının, bütün nərəsinin müəllifi onun ürəyidir. Bu qədər rəngarəng yaradıcılıq məhsulunu gözdən keçirəndən, oxuyub beyninə həkk eləyəndən sonra qərara gəlirsən ki, Xəlil ilahiyyatdan və ya ürəyindən gələn səsin sadəcə bir yazarıdır, yoxsa bu qədər işin öhdəsindən necə gəlmək olardı? Hərdən məqam tapıb bu səsə «qoşulub» şairi geriyə çağıran «səslər» də var idi. Xəlil bircə dəfə, tək bircə dəfə bu səsin diqtəsinə getsəydi, Ulutürklüyünü çoxdan itirmiş olardı.
Əziz Xəlil, poeziyanı, xalqımızı ucalığa, yenilməzliyə çağıran səsin var olsun!

3 noyabr, 1992

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws