|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
AMAN OVÇU, VURMA MƏNİ!

Çoxdan bəri bu qəbildən olan neçə nəğmə, neçə şer, neçə misra ürəyimdə fırlanır. Sözün həqiqi mənasında fırlanır, yer axtarır, qonmaq, nəfəs dərmək istəyir. Qorxuram. Qorxuram ki, özlərinə yer tapmayıb mürgüləyə, arxayınlaşalar. Mən də onların harayını unudub oturam, daha «Maral durduğu yerdə», «Gedirdim, güzarım düşdü bulağa, ovçu bərəsində maralı gördüm», «Ovçu, insaf elə keçmə bu düzdən», «Mən ovçu deyiləm, maral, ay maral» və nəhayət, «Ceyran azalıb, yaman azalıb» misralarını zümzümə eləməyəm. Suyu dəhnədən kəsəm, çayı dəhnədən sovam. «Balalı ceyrana, zahı marala tuşlanan gözlərə güllə tuşlayam» misralarını bilər-bilməz özümə tərəf çevirəm. Bundan ağır dəhşəti təsəvvür edə bilmirəm; qana-qana, bilə-bilə təbiətdə, cəmiyyətdə, ev-eşikdə, adi hərəkətdə, davranış tərzində özünü özünə qarşı çevirəsən! Bütün bunlar baş verdikdə istər-istəməz ətraf mühitə laqeydlik başlanır. «Aman ovçu, vurma məni» harayını eşitmirsən. Xalqın ürəyi bu faciəni duyandan sonra öz bayatısına, ağısına üz tutub gözünün qabağına gətirir ki, bütün professional, bütün naşı ovçular, ən müasir raketlərlə, ən təkmil pulemyotlarla silahlanıb, o da onlara  «bərəkallah» deyəcək. Çoxsuz «çoxluq» da çəngəl-bıçağını ovxarlayıb, ov ətini şişə çəkməyə hazır vəziyyətdə dayanıbg bu, mübaliğədirmi? – Bəlkə də. Ancaq qırmağın formasının o qədər də fərqi yoxdur. Bunun da fərqi yoxdur ki, ya tədricən qırasan, ya da birdən-birə, ya elmi-texnikanın gücü ilə, ya da primitiv üsulla; canlını hürkütməyin, qovmağın, təşvişə  salmağın, ekoloji pərakəndəliyin özü də cinayətdir, özü də silaha əl atmağa bərabərdir. Zalım  ovçu bu naləni, bu yalvarışı eşitməz, eşitmək istəməz də! Ancaq xalq eşidir, eşitdiyini sənətə, sənətkara deyir. Sənətkar qulağı onsuz da həssasdır. Onun eşitmək fəhmi, görmək fəhmi ayıqdır, çevikdir, həssasdır.
O deyəcək: «Maral durduğu yerdəg» Maral heç nə eləmədiyi halda, heç kəsin, heç nəyin dincliyini pozmadığı halda nə haqla onun duruşuna güllə  atır? «Boynun burduğu yerdəg» məlul-məlul baxırdı. Bəlkə dünən balasını vurmuşdular, bəlkə bu gün tayını itirib? Bəlkə hənir qonşusu hürküdülüb, didərgin salınıbg Təbiətin bu yaraşığını, gözəllik rəmzini, bir tərəfdən təbiətin yırtıcılarının hücumuna həmişə məruz qalan, digər tərəfdən ətinə, dərisinə, buynuzuna insanların yeriklədiyi yazıq canlını hansı haqla nişan aldın?
«Ovçu, əlin qurusun onu vurduğun yerdə».
Bu qarğış xalq qarğışıdır. Onun nəfəsi ağırdır. O, çox halda günahkara qənim olur. O, yüz dəfə, min dəfə məsləhət verir, haqq-ədalətə çağırır, insafa-mürvətə dəvət edir; qoldan, güllə qundağından, balta sapından yapışır. Elə ki gördü «yaşı kəsən başı kəsir», o, bütün müdafiə üsullarına, o cümlədən, son ayaqda qarğışa əl atır. Qarğış sənət dilində dil açanda yaman olur. Zalım oğlu ovçu, ehtiyatlı ol, sözün nəfəsi sənin gülləndən tez dəyir hədəfə. Görün, bu xalq sevənlər dilində necə gözəl, necə aydın, necə kövrək danışır:

Dağda ahu mələsə,
Bil ki, o mənəm sənsiz.

Ahu həmin maralsa, «yerdən ayağını quş kimi üzən, yay kimi dartınıb ox kimi süzən» ceyranla eyniləşir. Bəzi yerlərdə dağ keçilərinə, əliyə də ahu deyirlər. Xalq inamına görə ahunun ahı  tutan adam  ömürlük zarıncı  olasıdır. Onun gözünün yaşı tökülən çay quruyar, daş-qaya  parçalanar. Maralın, ceyranın-ahunun kütləvi pərakəndə düşməsi daha dözülməzdir. Otlaq yeri, qaçmağa düzən, gizlənməyə meşə ətəyi, insansız dağ yamacı yoxsag
BİR HAŞİYƏ
18-20 il bundan əvvəl Arazboyu Naxçıvana gedən qatardan çayın o tayında (xüsusən qışda) güney yamaclarda arın-arxayın otlayan, hürküb-diksinmədən su içməyə enən dağ keçiləri, deyirlər, indi az gözə dəyir. O tayda, zənnimcə, onları narahat eləyənlər çox azdır: Din qoruyur onları. Bu tayın hay-harayı, tikanlı çəpərlər boyunca tez-tez hərəkətdə olan çiyni tüfəngli əsgərlərin hənirimi küsdürür onları?
Yoxsa son vaxtlar çirklənən Arazdan iyrəniblər? Doğma yerlərə adlamaq imkanı da daşa  dirənib. Əslində gərək təbiətdə küləyə, yağışa qara sərhəd olmadığı kimi faunaya da sərhəd olmasın. İndi bunları kimə deyirəm, niyə deyirəm – özüm də cavabını tapmaqda çətinlik çəkirəm. Bir onu bilirəm ki, təbiət sərhəd xətti tanımır. Sərhədin də öz qanunu var, neyləmək olar? Necə deyərlər, kəsilmiş başın saçları üçün ağlamağa dəyməz. Gərək hər şeyi vaxtında görəsən, nəyi udmaqla nəyi uduzursan oyununu ibrət dərsi üçün təkrar-təkrar fikrində canlandırasan. Təbiətə, torpağa, sərhəd xətlərinə münasibətdə sərhədçi həmişə gərəkdir. Ancaq bunda təsəlli tapırsan ki, nə yaxşı sərhəd xətləri arasında çəmən-otlaq yerlərinə, kolluqlara, daşlıq-çınqıllıqlara, mərzlərə əl-ayaq dəymir, bu da zəhərli tarlalardan qaçan, insan təzyiqindən didərgin düşən quşların azad məskəni, yuvaqurma, balaartırma yeridir. Konkret olaraq Araz boyunda neytral sahələr, ümumən sərhəd zonası qırqovulun, turacın, digər xeyirli quşların, bir növ, canlı muzeyidir. Buraya bəzən sağsağan da, tülkü də soxulur. Təbiət bu hallara dözümlüdür. Ona yırtıcı da  lazımdır, təki şüurlu yırtıcı marıqda dayanmasıng
Aman ovçu, vurma mənig
Bu əhvalatı vaxtilə «ovçuluğa meyl salan», lakin həvəskarlıqdan  professionallığa keçməmiş qoca kişinin dilindən eşitmişəm.
g Günlərin bir günü altdan geyinib-üstdən qıfıllanıb, üstdən geyinib-altdan qıfıllanıb ova çıxmışdım. Küləyin çəhlimini tutub getdim. Sürünə-sürünə ovun mütləq keçəcəyi dar selabın aşağı tərəfinə endim. Selabın yamaca dirənən səmtində həmişə keşikçi boz daşın dibində səndirləyən dişi ceyranı gözüm aldı. Ceyranı nişana  götürüb tətiyi çəkmək istəyəndə elə bil barmağım tətikdə qurudu. Məni vahimə basdı. Əllərim tamamilə qurudu. Daşın dibində ceyran deyil, balasını qucağına basıb ağlayan yarıçılpaq bir qadın idi. Özümü ələ alıb qoşalülədən patronları çıxarıb harasa tulladım, tüfəngi yerə qoyub birtəhər ayağımı sürüyə-sürüyə qadına tərəf addımladım. Gördüm döşünün yarasından hələ də qan axan ceyran elə vəziyyətdə uzanıb gözlərini yummuşdu ki, balası onu əmə bilsin. Balasını yalaya-yalaya ölmüşdü. Dili körpə ceyranın üstündə qurumuşdu. Hansı «mahir ovçusa» məni qabaqlamışdı. Ağrı çəkən yaralı özünü birtəhər dalda yerə yetirib balasını dünyaya gətirmişdi. Tüfəngim elə o yaddan çıxıb qalan oldu. Körpə ceyranı qucağıma alıb evimə gətirdim. Böyüdüb bağ-bağatın ərköyün sakinlərindən biri etdim. Ovçuluqla belə vidalaşdım. Təbiətin möcüzəsi idi? İndi özüm də özümə inana bilmirəmg Sonra  bu «mənzərə»ni yüz dəfə ağır şəkildə Aşıq Ələsgər görmüşdü:
«Ananı baladan aralı gördümg»
Bilmirəm, Nizami dövründə dilimizdə «təbiət» sözu vardı, yoxsa yox? Təbiət özü bütün zənginlikləri ilə yəqin ki, vardı. Yoxsa Nizami  nəinki orta əsr, hətta 19-cu əsr təbii mənzərəsindən əsər-əlaməti qalmayan Bərdənin gözəlliyini  neçə yüz il əvvəl hərarətlə tərənnüm etməzdi.
Bilmirəm, Nizamidən Aşıq Ələsgərə qədər keçən dövrdə dilimizə (poetik dilimizə) «insaf» sözü nə vaxt daxil olub? İnsaf sözünü deyə bilmərəm, təbiətə münasibətdə insaf özü çoxdan bərqərar idi. «Din nəfəsi», «Allah zəhmi», «Allah qorxusu» vardı. Aşıq Ələsgərə, daha doğrusu, bir az sonra Səməd Vurğuna yaxınlaşanda bu təbii tərbiyə, tənbeh forması gülüş hədəfinə döndü. Bunu  çox kiçik cərimə və ya töhmət əvəz elədi. O da nə şəkildə? – Ov qadağan olduğu halda belə ov dərisinin alqı-satqısına fikir verən, qadağa qoyanlar sanki «yuxulu idilər», «mürgülü idilər». Lakin xalqın müdrik təbəqəsi bütün zamanlarda sözünü sənətdə deyirdi.
Bütün haray, bütün havar, bütün vurğu hədəfi buna görəydi: «Ananı baladan aralı gördüm». Bundan böyük faciəni təsəvvür eləmək mümkün deyil: bunu eşitməyən cəmiyyətin qulağı kardır, bu  «mənzərə»ni görməyən gözlər kordur.

Gedirdim, güzarım düşdü bulağa,
Ovçu bərəsində maralı gördüm.
Yatıb inildəyir, durub boylanır,
Bir neçə yerindən yaralı gördüm.

Zalım ovçu onu alıb nişana,
Dəlib ürəyini, boyayıb qana.
Yıxılıb, çevrilir o yan-bu yana,
Kəsilibdir səbri-qərarı gördüm.

Təbib olsam yaraların bağlaram,
Sinəm üstün düyünlərəm, dağlaram,
Ələsgərəm, çaylar kimi çağlaram,
Ananı baladan aralı gördüm.

Bəlkə də Ələsgərin ümumiləşmiş fəryadı bu ümumiləşmiş misranı aləmə eşitdirmək üçün idi? Belə bir faciəni törədən cəmiyyətin təbiətdə məskən salmağa haqqı varmı? Burada məsələ təkcə maral məsələsi deyil. Bu, ceyran da, cüyür də, əlik də, yaşıl palıd da, yüz illik sərv ağacı da ola bilərdi. Məsələ yuxarıda dediyim insafın varlığı, onun cəmiyyət və təbiətdə bərqərarıdır.
S. Vurğun dünən, lap dünən deməmişdimi: «Ovçu, insaf elə, keçmə bu düzdən!». O əl ki, o tamah ki ov düzünə çıxdı – cinayət eləməlidir. Bu vərdiş onun qanına hopub. Onun qarşısını düzə çıxmamışdan almaq lazımdır.  Ovçuluğa meyl salanların qulaqları «Aman ovçu, vurma məni» yalvarışına heç cür alışmamışdı, alışa da bilməzdi. Əslinə qalsa bu səs çox «qədim» səsdi. XX əsrin dar dərələrində çoxdan itib-batıb. Yalnız onu sənətkar ürəyi eşitməyə qadir idi.
Nəbi Xəzri bu səsi indi qoruqda yaşadan daşıyıcıları ilə gözlənilmədən üz-üzə gəlmişdi. Yalnız sözə gücü çatmışdı. Kövrək bir səmimiyyətlə onları inandırmağa çalışmışdı:
Mən ovçu deyiləm, maral, ay maral!
Bu yazılmalıları gördükcə, görünməliləri yazdıqca mənə elə gəldi ki, gündoğandan günbatana doğru ayağı yerlə sürünən, başı göyə dirənən bir qara tufan hərəkətə gəlir. Qədimlərdən, çox qədimlərdən bizim əsrin əvvəllərinə doğru böyük maral sürüsü irəliləyir. Bu sürüdən azca az olan insanəlli, insanayaqlı, canavar başlı adamlar əsl canavarlara qoşulub maralları qarşıda ağzını açmış bir dərəyə doğru qovurlar. Daş dibində, kol dibində, selab ağzında marığa yatmışlar isə bərədən keçənləri bir-bir dənləyirlər. İlahi, bu necə dəhşətdi, «kaş bu yuxu olaydı!» - deyirəm – əsrin  dərin yuxusuna  getmiş insafı qalmışları səslədim. «Çox yatmışıq - dedim, belə getsə yuxudan  ayıla bilməyəcəyik. «Görüm ayılmaya  gec ayılanlar». Mən özüm  də qundağa yatdım. Bu vəzifəni də öz üzərimə götürdüm:

Balalı ceyrana, zahı marala
Tuşlanan gözlərə güllə tuşlayam.

1989

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws