NİYYƏTİMİZ HARADI, MƏNZİLİMİZ?..
Bu ilin dekabr ayında «Azərbaycan təbiəti» jurnalının 15 yaşı tamam olur. Məncə, bununla çox qürrələnməyə dəyməz. Bir neçə yüz yaşı olan mətbuat orqanları, nəşrlər mövcuddur. Ancaq təbiətə münasibət zəruriliyindən doğan, bütünlüklə ətraf mühitdən, təbiətlə insanın qarşılıqlı əlaqəsindən, bir qədər dəqiq desək, ekoloji qarşıdurmadan, bu qarşıdurmanın bəşəriyyəti uçuruma aparmaq qorxusundan yazan, insanı bu fəlakətin nəticələrini görməyə, duymağa yönəldən, «təbiətə baxmaq özünə baxmaqdır» şüarından vəcdə gəlib var səsiylə qışqıran, haray çəkən yeganə mətbuat orqanı «Azərbaycan təbiəti» jurnalı idi.
Biz son beş-altı ilə qədər meşələrimizin kütləvi şəkildə qırılmasından, Bakının, Sumqayıtın və digər şəhərlərimizin ekoloji vəziyyətindən kəskin yaza bilmirdik. Bu, «dövlət sirrini açmaq» hesab olunurdu. Həmçinin, böyük yanğınlardan, zəlzələlərdən, böyük daşqınlardan, sel hadisələrindən yazmağa da icazə vermirdilər. Bu da «dövlət sirri» hesab olunurdu.
Bir vaxt bu yazıq dövlət ayılıb gördü ki, sirr qoruya-qoruya artıq özünü də qoruya bilmir. Qarışqadan tutmuş filə qədər, yarpaqdan tutmuş Sultanbud, Kür boyunca tənəzzülə gedən Tuqay meşələrinə qədər bütün fauna və floramız «Qırmızı Kitab»lıqdır.
Onu da gördük ki, qurdun talançılığından şikayətə gedən sürülər, naxırlar, ilxılar Qurd nəzarəti altında Qurd körpüsündən keçməlidir. Tülkülər, çaqqallar isə «sınanmış» müfəttiş rolunda çoxdan öz vəzifələrini yerinə yetirir. Qəfil gürşad qəfil selə meydan verəndə, bunun qabağına çıxan insan təbii qüvvələrdən çox-çox gücsüz olanda peşmançılıq daha heç nəyə qadir deyildir. Onda insan əvvəldən, xeyli əvvəldən deməliydi: «Niyyətin hara, mənzilin dəg»
Neçə illərdir ki, bütün ölkə miqyasında müzakirə adı altında münaqişə aləmi başına götürüb. Bu yola düşən daşı kimsə götürməlidir. Neyləyək, daşı atan adam gözdən itib. Daşı götürməyi heç kəs öz vəzifəsi hesab etmir. Cəsarətin yoluna kimsə birinci qədəm qoyur. Sonra ikincilər, üçüncülər yolu asan keçir. Bəli, cəsarət elə-belə başlanmır. Kimsə onun ilk müəllifi olmalıdır. Tilsimi qırıb cəsarət sözünü dilinə gətirməyən əsl xalqdır. Xalq heç vaxt «qadirəm» sözünü də dilinə gətirməz. Bu, ona bənzər ki, toxum səpən «haray sala». Baxın, görün, insanlar, mən nə ilə məşğulam! Əvvəllər elə bilirdik ki, sosializmin hətta ən kiçik qüsurlarını demək «bizim əqidə-məslək düşmənlərimizə» çox böyük material ola bilər. Sonra ayılıb gördük ki, ideya düşmənlərimiz bizi yaddan çıxarıblar. Onlar başlarını aşağı salıb əkmək, biçmək, məhsul istehsal etməklə elə məşğuldurlar ki, özümüz hay-haray qoparmasaq, min il bu minvalla qonşuluq eləsək belə, bizi eşitməzlər, görməzlər.
Təbiətə, torpağa münasibətdə də çox şeyi öyrənməmişik. Görünür, ədamıza, qürurumuza sığışdırmamışıq. Amma çox nahaqg Ekoloji münasibətdə «sənin, mənim» yoxdur. Var: bizim! Var: hamımızın! İşığı, küləyi, qarı, yağışı necə bölmək olar?!
- Meşələrimiz boldur, nə qədər qırsaq, qurtaran deyil. Bulaqlarımızın özünü təmizləmə gücü böyükdür. Nə qədərg
- Bu münasibət Azərbaycanda da olub. İndi də var.
Nəticə? Təbiətimiz uçurum qarşısında dayanıb! Biz ilk nömrəmizdən başlamış bu günə qədər əksər yazılarımızda alimlərimizdən sərt danışmışıq. H.Əliyev, İ.Səfərov, B.Budaqov, Ə.Qasımov, Ə.Əyyubov, T.Mustafayev, A.Əsgərov, Z.Səmədov, M.Qasımov, O.İbadov, mərhum S.Salayev, yazıçılarımızdan B.Bayramov, xüsusilə Q.Xəlilli, M.Aslan və başqaları ekoloji mövzularda çıxış etmiş, çox ciddi məsələlərə toxunmuşlar. Biz uzun müddət təbiətə bazar, özü də ucuz bazar gözü ilə baxmışıq. Ağına-bozuna baxmadan hər şeyi silib-süpürüb gödənimizə ötürmüşük. Arıçılar yaxşı bilir, arı pətəyini açan kəs arının ruzi payını saxladıqdan sonra qalanını kəsir. Ancaq biz arının «son tikəsi»nə də göz dikmişik.
Əlbəttə, təbiət quru lövhə və şəkil deyil. Onun vəzifəsi həm də insana xidmət etmək olmalıdır. Lakin insan hər şeyi onun nizamına, onun gücünə və yaşamasına uyğun qaydada, əndazədə, onun qanunları ilə ölçü-biçimlə qurmalıdır.
Biz uzun müddət elə bilmişik ki, kommunizmə gedirik və deməli, orada hər şey bol olacaq. Bəs bolluğu kim yaradacaq? Sonra məlum olub ki, yox, daha kommunizmə getmirik. Yığıncaqlardan birində deyilib ki, biz indi inkişaf etmiş sosializmə doğru inamla irəliləyirik. Bu da məlum olub ki, sosializmin yolu çox daşlı-kəsəklidir.
Yığıncaqların birində deyiblər ki, bazar iqtisadiyyatına tərəf gedirik.
Hara gedirik gedək, bircə təbiəti dağıtmağa doğru getməyək. O zaman ağacı kökündən kəsərik. Yolumuza elə maneələr çıxar ki, öz evimizə də gedib çıxa bilmərik.
Biz indi nə yaza biliriksə, yazırıq, necə yazmalı olduğumuz səviyyəsində yaza bilmirik. «Çox halda qulluq mütiliyindən, boyunduruğa girmək vərdişindən çıxmağa yol tapmırıq». «Belə öyrənmişik, belə deyiblər, belə eşitmişik». Üfüqün o biri üzünə boylanıb baxmağa çalışmamışıq, baxmışıqsa da öz daxilimizin imkanı ilə deyil, xarici mühitin, əlavə qüvvənin redaktəsi ilə bu vəzifəni yerinə yetirmişik. Qeyri-təvazökarlıq olsa da deməliyik ki, jurnalın yarandığı gündən Sultanbud meşəliyinin, Eldar şamı qoruğunun, Abşeron bağlarının taleyindən, bütün yaşıllıq dünyamızdan dəfələrlə yazmışıq, yazırıq, yenə də yazacağıq. Ancaq bu məsələlərə cavabdeh adamlarda sanki immunitet yaranıb, eşidirlər – dinmirlər, baxırlar – görmürlər.
«Xəzərə qardaş» olan görkəmli alim vardır – professor Gül. Ömrünü bütünlükdə Xəzərin dərdinə, probleminə həsr eləmişdi. Bu özünü həsretmə hardasa dənizdə neft istehsalı ilə üz-üzə gəlirdi. Ölümündən 5-6 gün əvvəl Dənizkənarı bulvarda görüşdük. Dedi: - Dünən məni yuxarıdan bir nəfər çağırmışdı. Hələ dialoqa başlamamış dedi ki, yoldaş professor, gəl inadından əl çək! Mətbuatda az çıxış elə, bizə dərs demə. Biz neçə milyon ton nefti dənizdən çıxarmalıyıq. Mən dedim və dediyimi o, başa düşmədi ki, «nefti çıxarmanıza sözüm yox, ancaq bizim bu köhnə, çoxdan çıxdaş olunmalı texnologiyamızla dənizdən neft çıxarmaq yaramaz. Nə isə, o, öz dediyində qaldı, mən öz dediyimdə. Söhbətimiz beləcə baş tutmadı. Gözgörəti məni dəfn eləməyə hazırlaşırlar. Ancaq mətbuat demək olar, çox böyük təkidlə Gülü müdafiə edirdi. Neyləmək olar, hakimiyyət güclü idi. Çox keçmədi ki, professor Gül Xəzərin indiki ölü vəziyyətini görmədi. Yaxşı ki, görmədig
Eləcə də Abşeron bağlarının canlı xəritəsini çox gözəl bilən, dəfələrlə bizim jurnalda çıxış edən, elə böyük iddiası olmayan qələm sahibi – Əsgər Heybət. Az yazırdı, az tanınırdı. O da Abşeron bağlarının dərdini sinəsində apardı. Təbiətimiz uçurum qarşısında, iqtisadiyyatımız tənəzzüldə, mənəvi dünyamız qasırğa yedəyindədir. Sabaha nə üzlə və nə aparırıq? Qocalıq dəmlərimizdə açıq danışsaq, qəbirlərimizi gələcək nəslə tapşırmağa haqqımız varmı? Uçurub dağıtdığımız dünyanı əməlli-başlı «təmir eləyib», onlara verib getməyə gücümüz qalırmı? Mürəkkəb vəziyyətdir. Bir müdrik xalq məsəlini bir də təkrar etmək istəyirəm: «Niyyətin hara, mənzilin də ora».
Yaxşı ki, uzun müddət mənzilimizin dalınca yüyürmüşük. Yenə də yetə bilməmişik. Sonsuz səhrada ilğıma aldanan kimi, aldanmışıq. Günəşin, ayın hansı tərəfdən doğub hansı tərəfə getdiyini özümüz təyin etməmişik. Uzun müddət nəyi qorumağı bəyan edənlərə gözümüzü dikmişik. Onlar da bizə niyyətimizin dayaq nöqtəsini yanlış göstərən kompas satıblar.
Mənzilimiz əsas niyyətimizin dalınca getməli idi, yoxsa əksinə? Bu məlum vurma cədvəlini, bu adi hesabı həll etməyi bizə məsləhət bilməyiblər. Biz də ağzımıza su alıb durmuşuq. Nə əkməyimizi, əkdiyimizi nə vaxt biçəcəyimizi yuxarıdan həll eləyiblər. Nəticədə torpaqlarımızın başında dəlləklik eləyiblər. Bu il üzüm əkməyi əmr ediblər, üzüm bara mindiyi ildə Baş İmzaçının qələmi əlindən duşub. Tezcənə üzümü sökmək günahını kiminsə üstünə yıxmaq üçün cinayət maddəsinə də əl atıblar.
Başqa bir misalg Mənim yaşıdlarımın yaxşı yadında olar: 60-cı illərin ortalarına qədər indiki «Gənclik» nəşriyyatı başqa adla – «Uşaq və gənclər ədəbiyyatı» nəşriyyatı adı ilə fəaliyyət göstərirdi. Moskvada qəfildən «zərərlə işləyən» nəşriyyatları bağlamaq həvəsinə düşdülər. Biz də irəliyə-geriyə baxmadan onlara səs verdik. Elə həmin günün səhərisi ayılıb gördük ki, gec ayılmışıq. Sonradan o nəşriyyatı bərpa eləmək necə çətinliklə başa gəldi. Allah bilir.
Başlayırıq qızmağa yay gəlməmiş,
Çırmanırıq keçməyə çay gəlməmiş.
İşin, gücün bu vaxtında doğruya bənzər şayiələr gəzir, filan qəzet müflisləşməyə, filan jurnal bağlanmağa, filan nəşriyyat hərraca qoyulmağa doğru gedir. Bilmirəm, hara doğru gedir-getsin, amma doğruya doğru getməsi bizimçün əsas şərtdir.
İndiki məqamda yeni nəşrlər üçün, köhnə və ya köhnəlmiş qəzet və jurnallar üçün ölçü vahidi Moskvadır. Və əgər Moskvadırsa, onda Moskvada az qala hər gün göyərən nəşrləri özümüz üçün nümunə etməməliyik? Onda qabağa düşüb tələm-tələsik «Molla Nəsrəddin»i «Allahsıza» dəyişməliyik! Belə hallar çox olub. Çoxunda da uduzmuşuq.
Burada yerinə düşər, deyək: doğrudan da niyyətimiz haradır? Vaxt gəlib çatıb, bu o vaxtdır ki, bazar siyasətinə keçid olacaq. Hələlik mətbuatın idarə mexanizmi heç kəsin əlində deyil. Əsl idarəetmə naşir və oxucudursa, onda filan qəzet və ya jurnalın haranın orqanı olmasının əhəmiyyəti varmı? Bu icraçı-tənzimçi təşkilat vəzifəsini yerinə yetirə biləcəkmi? Oxucu – abunəçi onunla hesablaşacaqmı? Mətbuatı yayan idarə təkid edir ki, mətbuatın qazancının 50 faizdən artığını o götürəcək. Bunu görən mətbəə də kağızın, rəngin və bir sıra başqa şeylərin qiymətini 200 faiz artıracağı barədə bəyanat verir. Bunları görən redaksiyalar da abunə haqqını artırmaq fikrindədir. Belə çıxır ki, «güc doğana düşəcək, yüz mamaça olsa da».
Deməli, son ayaqda vəziyyət oxucudan – abunəçidən asılıdır. O, hansı mətbuata abunəçi olacağını özü təyin edir. Mənim zənnimcə, bütün mətbuatı ucdantutma özünü maliyyələşdirmə qanununa tabe etmək qətiyyən yaramaz. 1-2 il bəzi əliaşağı vacib mətbuat orqanlarına az da olsa dotasiya vermək vacibdir. 1-2 ildən sonra bunların «orucu batil olar», hər şey öz qaydasına düşər. Səmimi etiraf edim ki, «Azərbaycan təbiəti»nin – bütünlükdə təbiətdən, onun ekoloji vəziyyətindən yazan bir jurnalın qiymətini artırmağa heç cür əlimiz gəlmir. Vəziyyətdən başqa çıxış yolu yoxdur. Biz də tərəddüddən çıxa bilmirik. Məsələnin mürəkkəbliyi bir də ondadır ki, bazar iqtisadiyyatı layihəsi müəlliflərinin özləri belə bir layihənin tamam həyata keçəcəyinə inanmırlar. Bəs onda biz kimə inanaq? Biz bütün ölkə miqyasında donub qalmışıq bir adada. İrəli getmək? İrəli bataqlıqdır. Geriyə dönmək? Geri uçurumdur. Bir yerdə nə qədər durmaq olar?
Uzun müddət inanmışıq və inandırmışıq ki, kapitalizm quruluşu təbiətin düşmənidir. O, vəhşi kimi təbiəti didib dağıdır. Bizdə isə filan ildə Leninin dekreti ilə filan qoruq yaranıbg Belə ehkamlar olmasa, dünyaya açıq gözlə baxsaydıq, məlum olardı ki, uzaq yerə getmək lazım deyil, qonşularımız Finlandiya, İsveç və Norveçə açıq gözlə baxsaq, çox şey görərik. Görmək çətin olardı, bəlkə belə ölkələrin qorxulu buynuzları var, gözümüzə batar. Ona görə də gözlərimizi qorumağı daha üstün tuturuq. Baxa bilsək, görərik ki, dünyanın ən böyük milli parkları, qoruqları və s. xarici ölkələrdədir. Bu sahədə onlardan az öyrənmişik, lüzumsuz şüarlar əzbərləmişik. Təbiəti qırıb dağıda-dağıda nəğmə demişik. «Təbiət anamızdır», «Təbiət əbədi güvəncimiz, Vətənimizdir» və s. Jurnalın abunəsi ilə əlaqədar rayon katiblərinə, idarə və müəssisə rəhbərlərinə məktub yazırıq, bəzi hallarda onların çoxu ilə görüşürük. Bizə güləni, təbiətdən söhbət açmağı lazımsız sayanları da olur. «Camaat yeməyə pendir, kolbasa tapmır, düyü-yarma, qənd qəhətə çıxıb, belə məqamda «bizim dağda kəklik oxumur, düzdə ceyran mələmir» kimi məsələlərə baş qatmağa vaxtımız qalmır. Biz ölkə qarşısında cavabdehlik hiss edirik, qayğılarımız, planlarımız var.
Nə deyəsən, duruxub mat-məəttəl qalırsan yerində. Belə sözləri kimdən eşidirik, hərəsi dövlətin bir sütunu olan adamlardan! Ziyalı belə düşünürsə, gör onda «ziyasız» necə düşünür? Kim haqlıdır?
Mən heç bir Amerika açmadan məlum həqiqəti bir də təkrar etmək istəyirəm: iqtisadiyyatımızın qəddi əyilibsə, təsərrüfat mexanizminin açarını itirmişiksə, bunların hamısı təbiətin nizamını pozmaqdan, torpağa qarşı açıq-aşkar cinayət işlətməkdən irəli gəlir. Torpaq xəzinədirsə, (daha doğrusu, xəzinə idisə), indi bu xəzinəni özümüz öldürüb ölü torpağı ölü torpaqda dəfn edirik.
Beləliklə, torpaq üstündə meşə öz müvazinətini itirir. Elə bir «münbit şərait» yaradırıq ki, atmosferin Günəşlə, Yerin Göylə əlaqə və münasibəti pozulur. Deməli, ekoloji böhran başlanır. Bu böhran elə məqamda başlanır, elə yerdə «dayanacaq» tapır ki, bu, öz geniş yerini tapana qədər onu adi gözlə görmək olmur. Niyyətimizin harada, hansı mühitdə necə qərar tutduğunu tam dəqiqliyi ilə demək çətindir. Sanki kompasımız cəhətləri dolaşıq salıb. Belə olan halda bir o qalır ki, doğru fikrimizə yadırğamayaq, doğru danışmaqdan yorulmayaq.
Hərdən məndən soruşanlar olur: «Azərbaycan təbiəti» jurnalını yeni ildə yeni şəraitə uyğunlaşdıra biləcəksinizmi?
Cavab verirəm: İndiki şəraitdə, indidən belə təbiətdən daha geniş, daha ətraflı, daha sərt yazmamaq cinayət olardı. Deyim ki, biz təhlükəsizlik komitələrinin zirzəmilərinə girmək, Stalinin, Xruşşovun və ya Brejnevin həyatından naməlum nöqtələr tapmaq fikrində deyilik, hərənin «öz xörəyi var». Necə deyərlər, yeniliklərimiz bu əbədi «köhnə» və əbədi «tər» təbiət ətrafında fırlanacaq. Aşkar elədiyimiz konkret ünvanda kimin nə günahı var, kimin nə pəstahı varsa, ifşa edəcəyik. Tənbeh edəcəyik, qanun qarşısında, vicdan qarşısında cavab verməsini tələb edəcəyik. Mən bununla kiminsə bostanına daş atmaq istəmirəm. Hər sahə mətbuatı birinci növbədə «öz sahəsinin» relyefinə və iqliminə yaxşı bələd olmalıdır. Yoxsa, bizim hamımız siyasətlə məşğul olsaq, qarışqadan tutmuş filə, sərçədən tutmuş qartala, bulaqdan tutmuş dənizə qədər olan dərdlərimizi, qayğılarımızı kim görəcək, kim yazacaq?
Bizim əsas vəzifəmiz təbiətə, onun gözəlliklərinə daha yaxın olmaq, nəyi nədən qorumağı ayırd etmək, günün günorta çağında nankorluq edənləri elə günün günorta çağında da qulaqlayıb cütə-kotana qoşmaq və s.-dir.
Yuxarıda dediyim kimi, niyyətimiz hara – mənzilimiz də ora.
14 oktyabr, 1990