|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
ŞAİR HAQQINDA DÜŞÜNCƏLƏR

Nə qədər çalışıram, Səməd Vurğunu gördüyümdən ayrı cür təsəvvür edə bilmirəm. Mənə elə gəlir ki, o, heç vaxt yorğun, düşgün qoca olmazdı. Yetmiş yaşında da eləcə: 1950-55-ci illərdə gördüyüm kimi, səsi xitabət kürsülərini titrədən, odlu-alovlu, məntiqi aydın,  qeyri-adi  təfəkkür tərzi ilə ədəbiyyatda toxunulmamış səhifələri açır, fiziki cəhətdən bir ordunu yürüşə aparmağa qadir görkəmdədir.
Bəzən özümü məcbur edib taleyin belə bir xoşbəxtliyinə  nəsib olmaq istəyirəm. Səməd Vurğunun qocalığını  təsəvvürümə gətirirəm: qeyri-adi  xarici görkəm yalnız iki işıqlı planeti xatırladan – daha heç bir şeylə müqayisə edə bilmədiyim gözlər!  Bircə o gözlərə baxmaq bəsdir ki, deyəsən: bu insan bir xalqın müdrik cəhətlərini özündə cəmləşdirən ağsaqqaldır. Onun yerişi yer titrədir, onun duruşu  daima yanan vulkan dağını  xatırladır.  O, şer oxuyur, çaylar, bulaqlar, quşlar, ağaclar nəfəsini içinə çəkib, ildırımlar qəzəbsiz, buludlar hikkəsiz, dənizlər fırtınasız.  Bir neçə dəfə yaxından görmüşəm, çıxışlarını dinləmişəm. Xüsusilə,  1952-1955-ci illərdə Yazıçılar İttifaqının  «Natəvan» adına klubunda  odlu-alovlu çıxışlarını dinləmək mənə də  nəsib olub. Mərhum alim Cəfər Xəndan  məruzə elədi, məruzə ətrafında qızğın  mübahisə başladı. Səməd Vurğun şerimizin ümumittifaq miqyasında yerindən, çəkisindən və bəzi qüsurlarından danışdı. Bəzi çıxış eləyənlərə  üzünü tutub dedi ki,  balam, aladağdan-qaradağdan misallar gətirirsiniz, bizim poeziyamızın  uğurlu addımları azmı, niyə bunlardan bizim cavan yazıçılar öyrənməsin? (Bir neçə qələm dostumun adını çəkdi və sonra dedi: qoy bir dəfə qeyri-təvazökarlıq edim). Axı bu poeziyanın Səməd Vurğunu da var, «Vaqif»i o yazıb. O vaxt nəynən əlaqədarsa bu aforizm dilindən qopdu. İndiki kimi yadımdadır:
«Kiçik xalqın böyük şairi olunca, böyük xalqın kiçik şairi olasan». Bəli, Səməd Vurğun bunu dedi.
1954-cü ilin iyun ayında V.İ.Lenin adına APİ-də olan bir görüş də tam dəqiqliyi ilə  yadımdadır. Mən o vaxt APİ-nin coğrafiya fakültəsini bitirmişdim. Dövlət imtahanlarını vermişdik. Diplomun yazılıb verilməsini  gözləyirdik.  İnstitut S.Vurğunu  görüşə çağırmışdı. Mehdi Hüseynlə ikisi gəlmişdi. Akt salonu ağzınacan dolu idi. Cərgələr arasında tələbələr ayaq üstə durmuşdular. Salonun qapısını bağlamaq mümkün deyildi. Dəhlizdə bəlkə salondakından çox  tələbə var idi.  Bütün institut axıb gəlmişdi.  Hamı böyük sənətkarı görmək,  səsini eşitmək istəyirdi.  Milis nəfərlərinin gəlişi də içəri girmək istəyən axının qarşısını  ala bilmədi, nəhayət, deyim ki, qapını birtəhər bağladılar.  Lakin dəhliz və pilləkənlərdən  içəri gəlmək istəyənlərin zərbindən nəhəng  qoşa qapı   çərçivəsindən çıxdı. Bundan sonra Rəyasət Heyətində oturan  institut rəhbərlərinin  narahatlığına baxmayaraq, hamı sakitləşdi. «Günahkarlar» yığıncağın  sonuna qədər  dəhlizdə ayaq üstə dayanıb salonu dinləyir, içəridə olan xoşbəxtlərlə birlikdə əl  çalırdılar.  Müxtəlif çıxışlar, hətta uzun-uzadı məruzələr də oldu. Məncə, bu uzun gecə heç kəsi yormamışdı.  Gecəni institutun  ilk partiya təşkilatının  katibi, görkəmli alim, mərhum  Tələt Əfəndiyev  idarə edirdi.  Axırda, Səməd Vurğundan əvvəl Mehdi Hüseynə söz verildi.  Onun bir sözü indiyə qədər beynimdə həkk olunub qalır.  Altmışıncı illərdə (daha dəqiq 1961-ci ildə)  Mehdi müəllimə APİ-dəki hamin çıxışını xatırlatdım. Dedi ki, «Görüş yadımdadır. Nə dediyim yox». Mehdi Hüseyn demişdi:  hər bir xalqın ədəbiyyatında elə yazıçılar var ki, birdən onların bir neçəsini ədəbiyyatdan götürsən, qətiyyən yeri görünməz. Lakin elə tək-tük sənətkarlar var ki, onların birinin yoxluğu ilə bir xalqın ədəbiyyatında uçurum əmələ gələr. Bizim müasir Azərbaycan ədəbiyyatı üçün Səməd Vurğun belə sənətkar, belə şəxsiyyətdir. Onsuz bizim ədəbiyyatdan danışmaq mümkün olmazdı. Çıxışının bir yerində dedi: «Mən dostumun sənət yolunda ağarmış saçlarına baxıb fəxr eləyirəm». S.Vurğun söz atdı: Ayə, mənim saçıma baxıb özünün qara saçınla fəxr eləmə. Məndən ikicə yaş kiçiksən.
Şair «Avropa xatirələri»ndən oxudu. Mənim zənnimcə, heç bir aktyor Səməd Vurğun şerlərini onun özü qədər gözəl  oxuya bilməz. Böyük sənətkarın gözəl kişi görkəmi, nurani  siması, heç kəsə bənzəməyən səsi də şeri doğmalaşdırırdı. Ona çoxlu suallar verilmişdi. Sualın biri üzərində ətraflı dayandı. Bir həvəskar gənc şair üçün bunlar bir müəllim söhbəti idi.  Şübhəsiz, yaddaşıma yazılmalı idi.
Sual belə  idi: Siz niyə müasir mövzuda pyeslər yazmırsınız? Ustad sualı oxuyub üzünü salona tutdu: Siz  müasir mövzu nəyə deyirsiniz? İşıq yandı-söndü, səhnə açıldı. Təzə bir mədəniyyət evinin tikilişi göründü, budurmu müasirlik? S.Vurğun üçün böyük hadisələrsiz, böyük xarakterlər toqquşmalarından kənar mövzu yoxdur.  «Vaqif» niyə güclü çıxıb? Və indi də müasir deyilmi? Çünki buradakı hadisələr  böyük mübarizə meydanında baş verir. İki briqadirin  səhnədə şerləşməsindən də pyes yazmaq olar. Ancaq hünər lazımdır. Mövzunun təzəsi, köhnəsi yoxdur. Yazıçı  münasibətinin  təzə-köhnəliyi var.
Axşam saat 12-yə işləyirdi. Heç kəs görüşün qurtarmasını  istəmirdi. Şairin tələbələrə müraciətlə deyilən ata məsləhətindən təkrar-təkrar dinləməkg Heyif ki, o zaman  maqnitofonum yox idi. Nə qədər müdrik kəlam yazılmamış qaldı.
Sənətkarın şəxsiyyəti ilə yaradıcılığının vəhdətindən çox yazılıb. Bunlar ayrılıqda bir körpünün  bu və o biri  sahilə birləşən uclarıdır. Əslində, elə körpü bu birləşmə deməkdir.  İki sahili birləşdirən keçid körpüdür. Bu, şəxsiyyətlə  istedadın vəhdətinə  tətbiq edildikdə sənətkarın yaradıcılıq həyatıdır.  Böyük sənətkarda  (o cümlədən Səməd Vurğunda) bunların arasında suayrıcı çəkmək çətindir.  Şəxsiyyət dağdır – ondan çaylar baş götürür. Dağ çayı dağın fiziki-kimyəvi  əlamətlərini götürüb gedir. İnsan cavanlığa qayıtmır, dağ çayı da dağa.
Çay uzanıb gedir. Şəxsiyyət zaman keçdikcə qocalıb ömrünü tapşırır. Artıq yeriyən, danışan-gülən fiziki varlıq-sənətkar yoxdur. İkinci, əsl ömür, yaradıcılıq ömrü başlayır. Burada yada duşur: «Məni yelkən kimi qərq etsə dəryada zaman, Vurğun öldü deməying» Onun  bütün şerlərini, poema və pyeslərini, adi çıxış və müsahibələrini  bir də gözdən keçirin.  Onun çəkinə-çəkinə, qorxa-qorxa dediyi söz yoxdur. Onun    sənətinin bünövrə daşı inam və cəsarətdən ibarətdir.  Poeziya, ümumən sənət çox mətin bir  varlığın övladıdır. Burada fiziki güc və cəsarətdən söhbət getmir. Çox div gövdəlilərin  özləri  ağırlığında zəif əsərlər yazdığına misallar gətirmək mümkündür. Söhbət sənətkar cəsarətindən, sənətkar şəxsiyyətindən gedir.
S.Vurğunun bircə çıxışını dinləmək  bəs idi ki, deyəsən: O, dünyanın xitabət kürsüsündən danışır.  O, çiyinlərini Yer kürəsinin məhvərinə söykəyib. Poeziyası şəxsiyyətini, şəxsiyyəti poeziyasını hafizəsində saxlayırdı. Övlad ata-ananı necə təqlid edə-edə böyüyür, bu təsir altında formalaşır və  müstəqilləşirsə, təzəcə qələm götürən gənc yazıçı da elə gəlir, elə addımlayır. Səndən əvvəl açılmış yolla getməlisən. Hər kəs bu yolla «hansı» yüklə çıxır, əsas məsələ budur. İlk cızma-qaralarımda çox şairdən təsirlənmişəm. Ancaq doqquzuncu sinifdə «İstiqbal təranəsi» kitabı əlimə düşdü. Bunun təsiri daha böyük oldu. Xatirimdədir, kitabı necə açdımsa, ilk qarşılaşdığım şer «Dilican dərəsi» oldu.
Yenə səni gördüm, Dilican dərəsig Bundan  sonra hiss elədim ki, insanı əhatə edən  ətraf mühit poeziya  materialı ilə dolu imiş. Mən onu kitablarda axtarırdım.
10-cu sinfi bitirəndə S.Vurğunun çap olunmuş əsərlərinin, demək olar, hamısını oxumuşdum. Çoxunu da bir oxudan sonra heç bir xüsusi cəhd göstərmədən əzbərləmişdim. Ona məhəbbətimi şairin əlli illiyi ərəfəsində, daha doğrusu, 1956-cı ilin may ayında çap olunan «Sən tələsmədin» adlı şerimdə ifadə etmişəm. O vaxt S.Vurğunun dostu, hörmətli xalq şairimiz S.Rüstəm qəzet redaktoru idi. Şeri  oxuyub bəyəndi və dedi ki, yubiley nömrəsi üçün toplanan şerlərin sayı-hesabı yoxdur. Böyük müsabiqə var. Zənn edirəm ki, müsabiqədən keçərsəg
Hamıya məlumdur ki, şair ağır vəziyyətdə yatırdı. Yəqin ki, yubiley nömrələrinin heç birini oxuya bilməzdi. O vaxt ürəyimdən bircə hiss keçirdi: kaş Səməd Vurğun mənim şerimi oxumuş olaydıg
Şairin ölümünə bir neçə şer həsr eləmişəm. Bunlar mənim «Sevgi nəğməsi» adlı (1959) ilk kitabımda çap olunub.  Bəzən ədəbiyyata təzən gələn gənc şairlər sual verirlər: S.Vurğundan nəyi öyrənməyi məsləhət görərdin?  Bu bir az çətin məsləhətdir. Böyük sənətin coğrafiyası da böyük olur. Kimə nəyi necə sevdirmək məsələsində  heç bir vahid dərs  kitabı ola bilməz. Burada fərdi yanaşma, fərdi öyrənmə əsasdır. Lakin bu «fərdi sevgidə» Vətən sevgisi ilə üzləşmirikmi? Bəs Səməd Vurğun yaradıcılığı, bu sevginin rəngləri göz-könül oxşamırmı?

Baxın səhərlərin yaqut rənginəg

Bəzən təbiətə, ictimai mühitə, bu günə, dünənə, sabaha şirin sətirləri arasından baxın. Bir zümzümə daxili bir təkan  yaradacaq: nifrət, məhəbbət, heyrət təkanı. Misra çaylar gözünüzə görünəcək:

Özüm də bilmirəm bu axşam nədən
Şerdən sənətdən uzaq kimiyəmg

Çünki Vaqif-heykəl baş əymir. Buna görə də bu heykəli «uçurmaq»  istəyirlər. Çünki komsomolçular güllə qabağına gedir. Və bəlkə də təzəcə bir misra boy atır:

Onun gözlərində dünya bir rəngdir,
Elə bil hər şeydən süd əməcəkdir.

«Mən havanı sevirəm, suyu sevirəm», «günəşli gündüzü, ulduzlu gecələri sevirəm» deyən adama hamı dəli kimi baxardı, elə deyilmi? Xalqın övladı pasportu almış  sənətkarların yaradıcılığı da hava, su kimi bütün adamlar üçündür.  Deyə bilərsiniz, ulduzlu gecədən heyrətlənməyən, dağ çayı ilə bulanıq arx suyuna fərq qoymayan, bulağa  sadəcə su kimi baxanlar azmı? Çoxdur, siz gördüyünüzdən çoxdur. Taxıl zəmilərində də alaq çox olur. Becərilən, biçilən, döyülən taxıldır. Yer kürəsinin bütün əhalisi şer oxumaqla məşğul olsaydı, onda sənətin kütləvilik keyfiyyətinə «hamılıq» deyərdilər.  Bu da, məncə, sənəti  qiymətdən salardı. Mətləbdən uzaqlaşdım deyəsən. Mən Səməd Vurğunu təkrar-təkrar oxumağı məsləhət görərdim. Ondan nəyi öyrənməyi o özü  daha dəqiq deyəcəkdir.
Səməd Vurğun haqqında  çox yazılıb. Yazılanlar təbiidir ki, ayrı-ayrılıqda onun böyüklüyünü göstərməyə qadir deyil: Lakin indiyədək yazılanları götürüb «nisbilik tərəzisi»ndə çəksək, kəmiyyətcə narazı qalmağa dəyməz. Bəs keyfiyyətcə? Əlbəttə, yaxşı əsərlərlə yanaşı, «şair demişdir», «yazmışdır», «qələmə almışdır» təhlilli yazılar  da çoxdur. S.Vurğun yaradıcılığı  çox dərin tədqiqat, bədii-estetik təhlil üçün  material verir.  Bu da böyük istedad, dərin fəlsəfi  bilik tələb edir. Bəlkə heç narahat olmağa dəyməz. Səməd Vurğunşünaslıq indi yaranır. Bu səbrli zaman üçün 50 il nədir ki? Hələ neçə qələm sahibi bütün bu yazılanlara təzədən baxacaq, bəzilərini  kənara qoyacaq, bəzilərinə «yeni nüfuz nişanı» verəcək. Bir tarix, bir Səməd Vurğun, bir də tədqiqatçı üz-üzə dayanacaqg Kimlərə, nələrə münasibət məsələsində obyektivlik, dürüstlük öz həqiqi təhlilini  tapacaq. Bu, tarixin görəcəyi işdir. Bizsiz də bu işi  görəcəkdir. Ancaq mən istərdim: bizim gözümüzün qabağında, nə qədər ki, Səməd Vurğunla sənət yolu  keçmiş  yazıçılarımız sağdır, nə qədər  ki,  Səməd Vurğunun səsini  eşitmiş nəslin  yadındadır onun insani keyfiyyətlərindən, torpağa, xalqa bağlılığından, vətəndaş qayəsindən daha çox yazılsın. «Vaqif»i yüz ildən sonra da təhlil edəcəklər. Ancaq yüz ildən sonra Səmədin Muğanda kimə qonaq olması, Talıstana neçə dəfə  getməsi və s. səfərləri, yazılmamış çıxışları ali riyaziyyat  kimi bir şey olacaq. İndilikdə Səməd Vurğunun ayaq basdığı hər hansı bir guşə öyrənilməsə, bu barədə yazılmasa, sonrası məlumdurg Səməd Vurğun haqqında xatirələr kitabında, mənim  zənnimcə, xalqın səsi azdır. Bu kitabı çox yaxın vaxtlarda təzələmək, ona əlavə kimi, ikinci kitab kimi yenidən nəşr eləmək mümkündür və lazımdır.
Mən deyərdim: gəlin həcm məhdudiyyəti qoymadan «El bilir ki, sən mənimsən» başlığı altında 5-6 şairin ürək sözündən ibarət bir kitab buraxaq.  Şərt qoyaq ki, S.Vurğunun  bircə misrasının da məzmununu danışmadan bu misraya münasibətini  bildir. Gəlin elə bir jurnalist tapaq ki,  qoy, o, ovçu S.Vurğunun həyatından yeni səhifələr açsın.
Eləcə də deputat Vurğun, eləcə də akademik, prezident müavini Vurğun. Sizi inandırıram: burada elə naməlum nöqtələr var kig Bu mövzularda yazılıb da. Ancaq hələ də gözəl mövzular yaranmamış qalır.  Şairin öz misraları  neçə belə kitaba  başlıq olur: «ovçuluğa meyl saldım».
Gözünü yum-aç, budur, bəşəriyyət Səməd Vurğunun anadan olmasının  yüz illiyini qeyd edir. İndikindən daha geniş, daha təntənəli.  Yeni nəsil gözünü ekrana tikib, 40-cı, 50-ci illəri, bu günü görmək istəyir. Mənə elə gəlir ki, o gün üçün hazırlaşmalıyıq və təntənə üçün  müəyyən qədər cavabdehik. S.Vurğundan uzaqlaşdıqca onun yaradıcılığından danışmaq bəlkə də asanlaşacaq.  Çox məsələlərin şərhində isə təbiidir ki, çətinlik yaranacaq.  İllər arxasından baxan nəsil Muğanda-Mildə, İstisu yaylaqlarında, London, Bratislava  kürsülərində «Səməd Vurğunu görmüşəm» deyənləri görə bilməyəcək. Bu, hələ o zamankı çətinliyin  bir hissəsidir.
Səməd Vurğunla bağlı nə varsa bu gün  mümkün qədər genişliklə ekrana keçməlidirg Burada mən  özümə belə bir sual verərdim: Poeziyanın ömrü nə qədərdir? Sonra duruxar, belə bir sualı verib-verməməyin  mümkünlüyünə dair sualla üz-üzə durmaq istərdim. Məndən asılı olmadan  qələmim belə bir sual verdi. Bu sual məni  qəribə suallar qarşısında qoydu: Buludun ömrü nə qədərdir? İşığın ömrü nə qədərdir? Gecənin, gündüzün, yağışın, küləyin?.. Bunlar da elə veriləsi, cavab axtarılası suallardır. Nizami kəlamını xatırladım:

Kainatda hər şey cəzbə bağlıdır,
Filosoflar bunu eşq adlandırır.

Yəqin ki,  bəşəri cazibəsində yaşadan amillərdən biri də  yaşamaq, yaratmaq, sevmək, ucalmaq duyğusudur. Bunun da ən yaxşı ifadəsini  insan poeziyada tapmırmı? Bəşərdən nəğməni almaq ondan səsi almaq deməkdir. Deməli, poeziyanın ömrü səsin ömrü qədərdir.  Əgər gələcəkdə insan  ünsiyyətində söz-danışıq gərəksiz olacaqsa, onda poeziya da gərəksizdir.  Ancaq xatirimə  Xaqaninin də beyti düşdü:

Yerin dairəsi əyridir bir az,
Bu əyridən düz iş gözləmək  olmaz.

Bəşər yerüstü həyat üçün «bu əyriliyə», Yerin öz oxuna  meylli olmasına minnətdardır. Bunsuz fəsil  təsəvvüründən danışmaq qeyri-mümkündür. Görünür, Xaqani dövründə  ictimai haqsızlıq, bərabərsizlik o qədər ağır idi ki, bunu heç bir «tərəziyə» qoymaq mümkün deyildi. Əlbəttə, zamanın əyri tərəzisini Yerin öz oxuna əyriliyi yaratmışdı. Xaqani təfəkkürü zamanın əyriliyinə balta vurmuşdu, qeyz-qəzəb zərbəsi daha dərinə getmişdi.  Səbəbi görmədən nəticə  çıxarmışdı.  Ancaq o zaman bu əyriliyi görüb elmi-fəlsəfi izahını vermək çox böyük addım idi.  İndi kainatın  yeganə yaşıl planetində – Yer kürəsində bu əyriliyin yaratdığı  çox düzgün iqlim  relyef şəraitini saxlamaq çox ciddi siyasi, ictimai-ekoloji problemdir. Poeziyanın ömrü nə qədərdir? – sualına cavab axtararkən bu problemi  çözələməyə dəyərmi? – Dəyər, bəli, dəyər! Bir anlığa gözünüzü yumub açın, hansı  qüvvəsə sizi  xəyali orbitə  çıxarmışdır.  Oradan Yer kürəsinin  «hər iki üzünü» çox aydın görürsünüz. Birdən sizə elə gəlir ki, meşələr  gözünüzün qabağındaca  seyrəlir, seyrəlir və yox  olur.  Dağların əbədi  qarı-buzlağı əriyib itir.  Çayların yerində quru yataq qalır.  Təbiət latın dilindən – külək nəğməsindən məhrum olur. Bəşər artıq keçmişə qayıda  bilməz.  Ancaq təbiətin keçmişini saxlamaq bu günü saxlamaq deməkdir.  Bütün bu problemlərin həllində  və ya izahında  poeziyanın da üzərinə  məsul vəzifələr düşür.  Poeziyanın ömrü təbiətin, onun övladı olan insanın ömrünə bağlıdır. Bu mənada S.Vurğun poeziyası bir kərpicini təbiətdən, bir kərpicini cəmiyyətdən götürmüş sənətkarın möhtəşəm qalasıdır. Bu qaladan baxıram:

Zümrüd qayaların döşündə meşə,
Qayalar yüksəkdən baxır keçmişə.

misrası ilə başlanan bir nəğmə oxuyuram. Önümdə uca dağlar,  dərin dərələr, geniş düzənlər açılır. Uca zirvələrin  birində dayanıb fikrə dalmış şairin  səsi  diqqətimi  bir daha yüksəklərə  çəkir:

Bir də sizi hansı şair yazacaqg

                                                                                   iyul, 1976

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws