|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
ONUN İNAMI

Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram. Xatirə yazmaq istəyirəm, məqalə alınır.  İndi-indi inanmışam: xatirə «xüsusi növ» ədəbiyyatdır. Özümə deyirəm: ədəbiyyatda  bu «xüsusi növ» ədəbiyyata ömür sərf eləyən böyük istedad sahibləri olub, elə indi də var, yəqin ki, gələcəkdə də olacaq.
Mənim zənnimcə, burada ən çətin məsələ haradan başlamaqda deyil, necə başlamaqdır. Özümə deyirəm: xatirə  yazmaqda ən düzgün  yol hadisələrə  düzgün yanaşmaq, olanı olduğu kimi təqdim eləmək lazımdır.  Uzun müddət bu sənətin belini qıran  həyat hadisələrini  «hansı mövqedən»  yazmalısan! nidasına cavab verə  bilməməyimiz olub. Bu, həm  «böyük ədəbiyyat»a (nəsrə, poeziyaya, dramaturgiyaya – belə deyək), həm də «kiçik  ədəbiyyat»a  (qoy xatirə ədəbiyyatına belə deyək) münasibətdə öz işini görməyib.  Bu münasibətə münasibətinin  Ə.Vəliyev haqqında deyəcəyim sözə, danışacağım xatirəyə  bəlkə də az dəxli var, bəlkə də buna sonra diqqət yönəltməyim daha gərəkli idi.  Deyəcəyimg budur ki, o da inqilabı «qırmızı bayraqlı ədəbiyyatla»  qarşılayan yazıçılardan və inqilab  övladı kommunistlərdən idi. Uzun müddət onu inandırmaq  mümkün deyildi ki, inqilabdan kənar ədəbiyyat da var, onun varlığı insanlara  sosializm - realizm ədəbiyyatından  az xidmət eləməmiş deyil.  Onu qətiyyən inandırmaq mümkün deyildi ki,  partiya da səhv eləyə bilər. Onu heç cür inandırmaq olmazdı ki,  Leninin də bəzi müddəaları  köhnələ bilər. Siniflik, partiyalıq şüarı altında həyatımızı malalayıb oxucuya təqdim edən  yazıçılar əslində  heç bir cəmiyyətə xidmət  etməyən çiy ədəbiyyat istehsal edirlər.  Sonralar deyəcəyim  kimi, onunla  mənim aramda  böyük yaş fərqinin  olmasına baxmayaraq, Əli Vəliyevlə  çox görüşlərimiz,  müsahibə və müsahibələrimiz, ədəbi və siyasi  münaqişəyə bənzər höcətlərimiz  yaxşı yadımdadır.  Yaxşı yadımdadır ki,  1968-ci ildə Sovet qoşunlarının Çexoslovakiya «əks-inqilabını» boğmaq üçün suveren dövlətin ərazisinə daxil olduğu gün Ə.Vəliyevlə  bir şadlıq məclisində qonaq idik. Əli Vəliyev və onun inqilabçı  yaşıdları təbii ki, hadisəni  alqışlayır,  mənim yaşıdlarım isə – biri mən olmaqla bu işi təcavüz   adlandırırdıq.  Bunlar hamısı onun partiyaya inamından  irəli gəlirdi.  Bütün inamının mərkəzində  onun böyük inamı dururdu.
Sonralar Əfqan hadisələrinin  ən ağır  vaxtında bir  məclisdə mübahisə düşdü: Bu, o vaxtlar idi ki, Əfqanıstandan  dəhşətli xəbərlər  gəlirdi. Azərbaycan  xalqı tez-tez  sağ gedib şikəst  qayıdan  oğullarını qəbul edirdi.  Hələ ata və anaların  oğul yerinə tabut qarşıladıqlarını demirəm. Əli müəllim kimi getdiyi hər hansı  məclisi əlinə alan bir adam əli üzündə fikrə qərq olmuşdu. Handan-hana dilləndi: biz belə deməmişdik. Bunların birinin inqilaba  dəxli yoxdur. Kimsə  sual verdi: Əli müəllim, bütün pəstahlardan sonra sizin kommunizm  qurmağınıza azacıq da inamınız qalıbmı? Xeyli sükutdan sonra qətiyyətlə dedi:
- Yox, qalmayıb. - Amma  yenə də məsələlərə öz əlavəsini  bildirdi: - Mən qəti bu fikirdəyəm ki, bunlar ayrı-ayrı  kommunistlərin günahıdır.  Partiyanı əsas  mənfi qəhrəman  eləmək düzgün deyil. Bu inamla da köçdü dünyadan.
g Mən onu yazıçı,  ictimai xadim kimi tanışlığımdan  çox-çox əvvəl tanıyırdım.  Həm orta məktəbdə oxuduğum vaxtlarda babamdan eşitmişdim ki, «Bakıda onun qohumu Əli yaşayır», böyük adamdı, kitab yazır, qəzet yazır. Bağırovun yanına get-gəli var.  Zeyvəli əmim də demişdi ki,  o, «Nənəmin cəhrəsi», «Qarlı dağlar» kitablarını yazıb, bizim tərəflərdən danışır.
1950-ci  ilin iyul ayının axırlarında Bakıya gəldim. Sənədlərimi universitetin filologiya fakültəsinə verdim. Bütün fənlərdən «beş» qiymət aldım. Axırda rus dlindən  yazdığım inşadan kəsildim.  Mənim heç yuxuma da girməzdi ki,  iki-üç ayın  içində çoban dəyənəyini yerə atıb Bakıya gələcəyəm, «voda», «xleb» sözünün mənasını bilmədiyim halda rus dilində inşa yazacağam və bu da mənim ali məktəb taleyimi həll edəcək.  Nə isə, o vaxtlar imtahan vərəqi  imtahanlardan  sonra müəyyən  müddət  abituriyentin özündə  qalırdı. Yaxşı qiymətləri olan və birindən   kəsilən sənədlərini   başqa fakültələrə və hətta  başqa ali məktəblərə  verə bilərdi.  Beləliklə, imtahan vərəqini götürüb  babamın qohumunu – hələ yazıçı kimi  az tanıdığım Əli Vəliyevi  (o vaxt dediyim kimi Əli əmini) axtarmağa getdim. Çkalov küçəsi, 5 nömrəli ünvanı tapdım. Evdə dedilər ki, o, bağdadır.
Mərdəkandakı Əncirli stansiyasını, bağın səmtini, yolunu öyrənib, tez tapdım.  Məni görən kimi dedi: Məşədi İbrahim  törəməsi, xoş gəlmisən, kimin oğlusan, kimin nəvəsisən?  Qumru xanıma məni təqdim etdi:
- Gözündən tanıyıram. Əsli Ağdülü olan Məşədi İbrahim törəməsidir, düzmü deyirəm, qara oğlan?

Dedim: - İnfilin oğlu, Xudayarın nəvəsiyəm.

- Bəs bağı necə tapdın?

- Evə getmişdim, nişan verdilərg

Söhbəti yarımçıq kəsib, qab götürüb bağa çıxdı. Bir azdan sonra boşqab dolu ağ şanı gətirdi, ye - dedi, - Şahbuzda belə üzüm olmurg

Üzümə əl uzadıb, tez də çəkildim. Gülə-gülə dedi:

- Özünü mədəni  göstərmə, ye, sağır malı deyil.

Bu arada qonşu bağdan bir qadın Qumru xanımı səslədi. Qumru xanım getdi, təxminən 15 dəqiqədən sonra qayıtdı. Əli müəllim  onun gözündəki  qeyri-adi təlaşı  hiss elədi.

- Qumru, nə olub, tez de görümg

Qumru xanım: Əli, Heydər Hüseynovg Allah namərdin evini yıxsın.

Bu təfərrüat yaxşı yadımdadır, Əli müəllim güllə  kimi çıxdı otaqdan, özü də ayaqyalıng

Tez qayıtdı, xeyli vaysındı. Çox böyük alim idi, - dedi - heyf oldu, vaxtsız getdi.

Yemək yaddan çıxdı, çay soyudu.

Soruşdu: Tanıyırsanmı Heydər Hüseynovu?

Dedim: tanımıram, bu son aylar qəzetlərdə haqqında çox danışıblar, səhvlərindən yazırlar. Çox pərt olmuşdum, nə uğursuz gəliş və pis tanışlıq idi. Özüm özümə dedim: Qara dabanlı buna deyərlər? Həm də heç bir nüfuzlu adamla oturub-durmamış, utancaq, bir sadə kənd uşağı  üçün bu pərtlik ikiqatdı. Amma  mənim günahım vardımı? Mən gəlməsəm bu faciə baş verməyəcəkdimi? Əli müəllim vəziyyətimi, daxili həyəcanımı hiss eləmişdi. Söhbətin səmtini dəyişməyə çalışırdı. Baisin evi yıxılsın, - deyirdi,  olacağa çarə yox, oldu da. Həyat davam eləyir,  sən sıxılma, oğul!
Araya sükut çökəndə girəvə tapıb durmaq istədim. İşarə elədi ki, otur, oturdum. Gərginliyi aradan götürmək üçün el-obanı, qohum-əqrəbanı xəbər aldı. Gəlişimin  məqsədini soruşdu. İmtahan vərəqimi göstərdim. Alıb baxdı, hündürdən  oxudu: «otliçno», «otliçno», «otliçno», «neudvar.». Vay əlin qurusun. Bu üç əladan sonra «neudvar.» necə yazmısan.
Kağız-qələm götürüb  ərəb əlifbası ilə varağa  nəsə yazdı və dedi:
Aparıb verərsən dekana – Məmməd Cəfərə. Heç Mərkəzi Komitə katibinə də belə  məktub yazmamışam, nəticəsini mənə deyərsən.
Həmin günün səhəri məktubu gətirib dekana verdim. Oxudu və imtahan vərəqini məndən alıb baxdı: «Sən ki dağ rayonundan gəlmisən, üç «əla» bir yana, sənə güzəşt var», kimisə çağırıb (o vaxtdan qırx il keçib, hər təfərrüat yadımda deyil) tapşırdı ki, bu uşağı Aslan Aslanovun yanına apar, mənim adımdan de ki, rus dilində  təzədən imtahan  vərəqəsi  təşkil eləsin. Aslan (indi şair dostum Aslan Aslanov)  tapşırdı ki, «sabah filan saatda  gələrsən, məsələni danışıb həll edərik». Elə həmin gün universitetdən çıxanda bir nəfər «həmkarımla» üzləşdim. Dedi ki, APİ-də təzə fakültə - coğrafiya fakültəsi açıblar, qəbul komissiyasından verdiyin  imtahanlar haqqında arayış alarsan, fərq imtahanları da verərsən, vəssəlamg
Aldığım qiymətlər haqqında  arayışla oraya getdim. Sorğu-sual eləyib razı qaldılar. Rus dilindən imla yazdırıb «yaxşı» qiymət verdilər. Həmin vaxtdan  xeyli sonra deyəsən APİ-ni qurtaran ili, əhvalatı Əli Vəliyevə danışdım, uğunub getdi.
«Çox tez xəbər eləmisən» - dedi, - gərək on ildən sonra deyərdin.
Əllinci  illərin  əvvəlindən, şer yazdığım vaxtlardan mənimlə müntəzəm maraqlanardı. Məndən xəbərsiz bəzi  şairlərə, redaksiya işçilərinə  məni tapşırdığı – «üstündə gözünüz olsun» - xahişlərini həmişə minnətdarlıqla xatırlayıram. Ancaq heç vədə  onun köməyindən  sui-istifadə  eləməmişəm. Bu cəhətdən onun ruhu qarşısında vicdanım təmizdir.
Ə.Vəliyev şifahi xalq ədəbiyyatının – ümumən Azərbaycan folklorunun mahir bilicilərindən idi. Cəsarətlə demək olar, bu sahədə onunla müqayisə olunacaq yazıçı göstərmək çətindir.  Onun sinəsi ağı, bayatı, holavar, sayaçı  nəğmələri ilə dolu idi.  Bir bənd bayatı desən, 20-sini deyərdi. Bizim itib-batmaqda olan, az öyrənilmiş, bir   zamanlar yaxşı bildiyim  holavar və sayaçı nəğmələrimiz barədə  onunla bir neçə dəfə  söhbət eləmişdim. Deyirdi ki, vaxt tapıb bunların çoxunu lentə yazdıracam.
Həmişə olduğu kimi gecikdik, xeyli gecikdik, bu sahədəki ensiklopedik bilgisindən istifadə  eləyə bilmədik; O xəzinə ki, açarı yalnız onun əlindəydi və sinəsində torpağa apardı, onun qəbri üstündə ot göyərəcək; o xəzinə elə torpağa qarışıb itəcək, bizə isə bu əks-səda qalacaq: heyf, çox heyf!
Əli Vəliyev  çox qəribə, yalnız özünə bənzəyən bir yazıçı, bir insan idi.  Çox tez küsməyi, çox tez inciməyi vardı. Xoşu  gəlməyən  adamın üzünə baxmazdı, salam verməzdi.
60-70-ci illərin  ədəbi həyatında çox fəal iştirak edirdi. Roman, povest, hekayə, məqalə yazırdı.  «Budağın xatirələri» xatirə-romanı çap olunanda «Azərnəşr»də bədii ədəbiyyat redaksiyasının müdiri işləyirdim. «Budağın xatirələri»ni   həm Azərbaycan, həm də rus dilində çap elədik. Rus dilinə leninqradlı yazıçı Kostinski tərcümə edirdi. Rus dilinə sətri  tərcüməni Elxan İbrahimov eləmişdi. Tərcümə ilə  əlaqədar mübahisələrdə arabir mən də iştirak edirdim. Azərbaycan dilinin koloritini, onun obrazlı ifadə vasitələrini bəzən iki dilli mükəmməl bilən Elxan İbrahimov da rus dilində səsləndirməkdə  çox çətinlik çəkirdi. Bədii  tərcümə  müəllifi isə bəzən, necə deyərlər, daşa dirənirdi. «Budağın xatirələri»ndə  müəllif yorğa atı  təsvir edir: «g o yeridikcə buruq ip kimi açılırdı» və ya «bizim  yerin sazağı – rus kazakı» yüzlərlə belə obrazlı  deyimlər, xalq  ədəbiyyatından alınmış hibridlənmiş ifadələr, yuxarıda dediyim kimi, tərcüməçini həm çətinliyə salır,  həm də heyrətə gətirirdi.  Əli Vəliyev tərcüməni nöqtə-vergülünə qədər oxuyurdu.  Tərcümənin  «malalanmasına» heç cür imkan vermirdi və tərcüməçiyə deyirdi: «Rus dili zəngin dildi  deyirsən, zəhmət çək yazdığımı  olduğu kimi səsləndir».
Elə olurdu ki, bədii tərcümə və sətri tərcümə müəllifləri təsvir olunan bitki adlarını, əkinçiliklə, qoyunçuluqla, məişətlə bağlı söz və ya terminləri dəqiq  ifadə eləmək üçün müxtəlif  sahə lüğətlərinə müraciət etməli olurdular.
Əli Vəliyev  sözü qırmızı deyərdi, üzə deyərdi. Əli Vəliyevin iştirak elədiyi elə yığıncaq, elə müzakirə olmazdı ki, çıxış etməsin, qətiyyətli və ötkəm danışmasın. Əgər daxilən inanırdısa məsələnin məğzi nədədir, o, bu «həqiqət» deyilən zəncirdən danışıb son halqaya qədər təkidindən əl çəkməzdi.
O, doğruculluğu, düzgünlüyü, söz bütövlüyünü, açıq danışığı,  mərdlik, kişilik sifətlərini dəyişilməz normalar hesab edərdi. Onun üçün yalan və saxtakarlığın «böyüyü-kiçiyi» yoxdur. Yalanı, saxtakarlığı yumaq, təmizləmək mümkün deyil, onları dəfn eləmək lazımdı.
Söz gəzdirmək, ara vurmaq kimi sifətlər (əslində sifətsizlik) daha betər, daha ağır cinayətlərə məhkumdurg
Yadıma düşən bir əhvalatı danışmaq istəyirəm:
Süleyman Rüstəm «Ədəbiyyat» qəzetinin redaktoru idi. Onu heç cür tapa bilmirdim ki, təzə şerlərimi oxuyam. Bir dəfə «qoltuğu dolu» vaxtlarımda Yazıçılar İttifaqının ikinci mərtəbəsində sədrin kabinetinin qapısının ağzındaca onunla üzləşdik. Bir neçə  gənc şair xahiş elədi ki, bizi dinləsin. Sədrin otağını göstərdi, «buyurun içəri, - oxuyaq» - dedi. İçəridə on-on iki nəfər yazıçı vardı, söhbət eləyirdilər. Süleyman Rüstəm onlardan xahiş elədi ki, «bu cavanlara qulaq asaq». Hamısı bir ağızdan «buyursunlar» - dedilər. Əvvəlcədən heç bir hazırlıq olmadan, məruzə, çıxış təşkil eləmədən (onu deyim ki, 50-ci illərin axırlarında, 60-cı illərin əvvəllərində belə oxunuşlar, belə təşkillər çox olardı). Gənc şairləri dinlədilər, mən də o cümlədən yazılarımı oxudum. Xoş tərif də oldu, səmimi tənqid də. Mənim haqqımda söz gedəndə bir yazıçı (indi o, haqq dünyasındadır) – sən çox filosofluğa can atırsan, bu da səni sürüyüb filan şairin yoluna aparıb çıxarar.
Bu söhbəti olduğu kimi elə həmin günü aparıb həmin şairin ovcuna qoydular. Sabahısı «yoluna düşəcəyim» şair zəng edib mənə dərs verən şairin abrını alır.  Belə çıxır ki,  bu söhbəti, bu qeybəti ünvanına mən çatdırmışam. Qeybətin müəllifi də özlüyündə götür-qoy edir və qərara gəlir ki, bu  sözü mən demişəm. Götürüb Əli Vəliyevə zəng vurur ki, «sənin kəndlin», sənin həmişə təriflədiyin Məmməd İbrahim xəbərçilik eləyib.
İki gün sonra Yazıçılar İttifaqında Əli Vəliyevlə üz-üzə gəldim. Çox qəzəbli halda üzünü yana çevirdi.

- Salam, Əli müəllim.

- ?

- Əli müəllim, sizə  salam verirəm.

- Sənin salamına ehtiyacım yoxdur.

Birinci mərtəbədə rastlaşıb pillələrlə ikinci mərtəbəyə çıxırıq. Bizdən bir neçə pillə aşağıdan Mehdi Hüseyn çıxır. (O, Yazıçılar İttifaqının məsul katibi idi).
- Nə qədər mən burdayam, bu ittifaqa ayaq basma (səhv etmirəmsə, «Azərbaycan» jurnalının baş redaktoru idi).
- Deyin görüm, əvvəla mənim günahım nədir?
- Sən Məşədi İbrahim nəslinə layiq olmayan hərəkət eləmisən, xəbərçilik etmisən.
- Mən ömrümdə belə hərəkət eləməmişəm, bu işdə  səriştəm yoxdur da, eləmək istəsəm də bacarmaram.
- Eləmisən.
- Kimə kimdən?
- Dünən şer oxuduğun məclisdəg
- Məndən başqa orada on-on beş adam olub.
Bütün bu söhbətləri Mehdi Hüseyn eşidir və deyir:
- Əli, bu, yaxşı oğlandırg
- Daha mənim üçün yox. Qəhrimdən ağlayıram.
Mehdi Hüseyn:
- Əli Qaraoğlu, içəri gəl.
Dönüb mənə tərəf:
- Sən də bura gəl, - deyir.
Əli Qaraoğlu vəziyyəti ona danışır və otaqdan çıxır. Mən Mehdi Hüseynə and-aman edirəm ki, filankəsdən-filankəsə qeybətdən xəbərim yoxdur. Mən çıxandan sonra Mehdi Hüseyn danışılan adamla danışır. O and içir ki, mənə Məmməd İbrahim yox, filan oğlan deyib. Məsələ aydınlaşır. Əli Vəliyevə zəng eləyib deyir ki, bu məsələdə Məmməd İbrahimin günahı yoxdur. Ona  sözü çatdıran filan adam olub.
Hazırda bu adamlardan çoxu dünyadan köçüb, qalanları da qocalıb.
Bu əhvalatdan təxminən bir həftə sonra Əli Vəliyevlə yenə Yazıçılar İttifaqında görüşdük. Başımı sığallayır:
- Məsud sənə zəng eləmişdi? - soruşur.
- Yox, zəng eləməyib.
- Mənə zəng eləmişdi.
- Nə dedi?
- Sənin xoşuna gələn sözüg
Əli müəllimin ən çox hesablaşdığı, ən əsəbi, inadkar məqamlarda razılaşdığı yeganə adam  Məsud Əli oğlu (Ədibin böyük oğlu, filologiya elmləri doktoru) idi.
O deyəndə: - Dədə, bəsdig Əli Vəliyev hər hansı səviyyədə olursa-olsun söhbətin axarını dəyişərdi. Məsud  ikinci və ya üçüncü dəfə bu sözü təkrar edirdisə, Əli müəllim, demək olar, tərksilah olurdu. Bundan sonra mübahisəni davam etdirmirdi. Bu, ədəbiyyat üçün elə bir əhəmiyyəti olmayan əhvalatı niyə danışdım. Məqsədim odur deyəm ki, Əli Vəliyev üçün insanın bir üzü vardı: yaxşının yaxşı adı vardı, pisin də pis. Bunların yoldaşlığı tutmaz. Sənətində də  təxminən belə idi. Obrazlarını sanki yonub çəkirdi: müsbət bu ağırlıqda, mənfi bu ağırlıqda.
1937-ci ilin hadisələri o nəslin, inqilab nəslinin və həm də bu inqilabı görmüş nəslin təfəkkür tərzində və siyasi baxışında müəyyən ölçü, müəyyən qəlib yaratmışdı. Hər hansı bir kommunistin, xüsusən də o vaxtki partiya və dövlət rəhbərinin  (məs: tutaq ki, Molotovun və ya Kirovun) «itinə daş atan» obraz yaratmaq təşəbbüsün varsa, ona qarşı süni  surətdə elə müsbət obrazın  olmalıdır ki,  bu «müsbət»  qəhrəman mənfi yaramazları bütün hadisələr  gedişatında  ifşa eləməyi bacarsın. Yoxsa mənfi obraz nədi, onun ağlı-dərrakəsi nədi! Rayon Partiya Komitəsinin birinci katibi  nədir, mənfi obraz oldu nədir!
Tutaq ki, Əkrəm Əylisli insanların gözü qabağında dağılıb bərbad olan  bir kolxoz kəndini təsvir edirsə, «həmin sovet ədəbiyyatı keşiyində dayanan» əli çomaqlı tənqidçilər tünd qara  rənglər müəllifini  bizim kommunist əqidəmizə qarşı duran yazıçı kimi əzməli idilər və əzirdilər də. Belə tənqidçilərdən birinin – Cəlal Cabbaroğlunun təbirincə, qərbdə  bizim ideya düşmənlərimiz  məqam gözləyirlər ki, onlara «xidmət eləyən» bir sovet yazıçısı peyda olsun və bunlar da tezcənə hay salsınlar ki, «pəh-pəh», sosializmin tənəzzülü başlandı».
Dediyim illərdə qabaqcıl ziyalı təbəqə dilində qırmızı şüar, beynində isə qara qasırğa irəli, yalnız irəli baxmalı idi, geri dönüb baxanın  boynunu vururdular.   Sağa və ya  sola baxmaq istəyənlərin gözləri  tökülürdü. Az haşiyəyə çıxmağımın mətləbə  dəxli varmı?  Bəli, var!  Axı belə mühitdə yazıçı dünyagörüşü formalaşırdı.
40-50-ci illər ədəbiyyatının yükünü daşıyacaq yazıçıların çoxu təbii ki, (yuxarıda dediyim kimi)  bu qəlibə öyrəşmişdi və həm də bu qəlibin «mahir ustaları» olmuşdular. Gəl indi  hünərin varsa, «ideya düşmənlərimizə» material verəcək yeni  söz de görüm, necə deyirsən.
60-cı illərin əvvəllərindən belə şair və nasirlər bizdə də qələm götürmüşdü, Rusiyada da, digər respublikalarda da. Qələm götürmək bəlkə də asan işdir. Ancaq bu qələm nə deyir, necə deyir; ən mühümü də kimə deyir, -  məsələni həll edən əsas elə budur. Əli Vəliyev poeziya məsələlərinə  də qarışırdı.  Mətbuatda gedən, demək olar, bütün şerləri  oxuyurdu. Görüşlərimiz  zamanı özümüzdən asılı olmadan, mübahisəyə girişirdik.  Yeni poeziyaya  münasibətdə əksər hallarda mənimlə  razılaşırdı.  Bircə sərbəst şerə münasibət məsələsindən başqa.  Min adam min söz desin – fərqi yoxdu, o, sərbəst şeri qəbul eləmirdi, – hələm - deyirdi. Füzulidən başlayın, Vaqifi oxuyun, Sabirdə nəfəs dərin. Aşıq Ələsgər ucalığından Səməd Vurğun dünyasına  baxın, sonra ayrı cür danışarıq – şer bulaq suyu kimi şəffafdır və təmiz  olmalıdır.  O, heç cürə  çamırı-bulanığı götürməz. Ömrünün sonlarına yaxın mən də xəstələnmişdim,  görüşünə gedə bilmirdim.  Amma bir neçə dəfə «neytral zonada» Məsudun iştirakı ilə hal-əhval tutmağımız, yenə də sənət ətrafında  söhbətlərimizi xatırlayıram:
O deyirdi: Ədəbiyyatın yolu sovet ədəbiyyatından keçir.
Mən deyirdim: Həyat həqiqəti var, bədii həqiqət var.
O deyirdi: Sovet həqiqəti var, bədii həqiqət var.
Mən deyirdim: Ədəbiyyat var, realizm var.
O deyirdi: Sosialist realizm var, sovet ədəbiyyatı var.
Mən deyirdim: Ədəbiyyat əvvəlcə estetik zövqə xidmət edir,  sonra qalan məsələlər gəlir.
O deyirdi: Ədəbiyyat ilk növbədə siyasətə xidmət edir, çünki bizdə ədəbiyyat partiyalıdır.
O, mənə həmişə deyərdi: Çox sağ ol ki,  ədəbiyyata, adamlara münasibətin  mənim fikrimlə üst-üstə düşmür,  öz fikrin var.
Doğulduğu Sisyan  rayonunun Ağdü kəndini uşaq kimi sevərdi. Deyərdi, hələ də yuxumu  o kənddən görürəm.
Onun əsərlərində o kəndin əkin-biçin yerlərinin adları, dağ, oba, kövşən adları, bir sözlə, toponimlər  bir lüğət kimi öz əksini tapıb. Arpa təpəsi, Buğda təpəsi, İşıqlı, Pəri  çınqılı, Zor  bulaq, Yeddi novlu, Diş tökən, Mıx tökən, Ağdüz, Üçtəpə, Çalbayır və s. belə yerlərin adlarını misal gətirmək olar.
70-ci illərin əvvəllərində hiss elədim ki, bir qədər soyuq görüşür. Bir gün «Azərnəşr»də  məqam tapıb bu soyuqluğun səbəbini  soruşdum.  Əvvəlcə söhbəti ayrı səmtə yönəltdi:

- Xudayar baban neçə yaşında öldü?

- 120-ni keçmişdi.

- Zöhrə nənən neçə yaşında rəhmətə gedib?

- Məncə, yüzü adlamışdı.

- İnfilin neçə yaşı var?

- 90-nı adlamış olar.

- Niyə qoymadınız evlənə?

- Nə bilim, oğulları razıydı, bacılarım razılıq vermədi.

- Ağdünü çox xoşlayırsan, ya Nursu?

- Nə danışırsınız, Əli müəllim, Nurs mənim Parisimdir.

- Məşədi İbrahim adını niyə götürdün üstündən. Arazı hamı təxəllüs götürər, o, hamısınındı, ancaq Məşədi İbrahim sənin babandır. Bax, buna  görə də sənə Məmməd Araz demirəm.  Mənim üçün Məmməd İbrahimsən, vəssəlam.
Bundan sonra nə mən yeni təxəllüsümü təsdiq eləməyə çalışdım, nə də o, öz fikrindən əl çəkdi.
Ə.Vəliyev bir zaman «Kommunist» qəzetinin redaktoru olmuş, uzun müddət Azərbaycan Yazıçılar İttifaqının  məsul katibi işləmiş, fasilə  ilə bir neçə dəfə «Azərbaycan» jurnalına başçılıq eləmişdi. Ömrünün sonuna qədər o, Azərbaycan Yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvü idi. O, həmişə  ədəbi prosesin mərkəzində – disputlarda, müzakirələrdə, ədəbi müşavirələrdə, yubileylərdə fəal iştirak edərdi.
O vaxtlar bir tənqidçinin çox tez-tez  yeni kəşf kimi ifadə elədiyi ən humanist, ən  mütərəqqi ədəbiyyat olan bizim sovet ədəbiyyatının  gözündən yayınıb çapa yol tapan, (sözün  mənfi mənasında yuxarı təşkilatların da diqqətini cəlb eləmiş) yenə həmin tənqidçinin  təbirincə desək, ideya düşmənlərimizə «material verən» «Aran» romanı  haqqında söz-söhbət  gedirdi.  Yazıçılar İttifaqında əsasən geniş müzakirəsi gözlənilirdi. Mən də əsəri oxumuşdum. Ürəyimin  səsi ilə müəllifin  mövqeyində idim. İndiki açıq söz dövrünün  gözü ilə baxsaq, romana qarşı çıxış eləmək sadəcə  gülünc vəziyyət olardı.
İstəmirdim ki, Əli Vəliyev öz ağsaqqal vaxtında  bu işə qoşulsun. Onu da bilirdim ki,  çox güclü cavan ədəbiyyatçılar müəllifi müdafiə edəcəklər.  Haqq işi, çox güman ki,  onun tərəfində olacaq. Məsuda zəng elədim, vəziyyəti ona danışdım. Bir azdan Məsud   zəng vurub dedi ki,  dədəmlə söhbət elədim,  sabah axşam filan saatda  gedək evə,  bizi gözləyəcək.
Ə.Vəliyevi yaxından tanıyanlar yaxşı bilirlər ki,  onun inadı – onun inamı deməkdi.
Söhbətimiz çox mülayim ahənglə, Məsudun bəzi məşhur  adamları yamsılaması, Caviddən, Hadidən monoloqları ilə başladı. Konkret məsələ üzərinə gəldi. Məsud qızışdı,  neçə müasir nasiri ələyib tökdü, heç nə eləyənlərin hər şeyi qamarlamaq tamahına adlar qoydu. Niyə, nəyə görə sualları  verdi.   Cavab gözləmədi,  cavablarını da özü verməli  oldu. Axır sözü  bu oldu: qoyun, camaat əsər yazsın, bəsdi, dədə.
Əli müəllim əlini üzünə qoyub susmuşdu. Məsudun məntiqi  çox güclü idi, onunla razılaşmamaq mümkün deyildi.
Zaman keçdi; hadisələrin üstündən illər adladı. «Aran» romanı da çap olundu.  Heç bir ölkədən, heç bir oxucudan təşviş məktubu gəlmədi ki, «bizim ideya düşmənlərimiz» bayraq götürüb «bayram nümayişinə çıxalar». Sovet yazıçılarından  kimsə sosialist  realizm metodundan  bir addım kənara  çıxıb; bizimkilər  də cavab  nümayişinə  hazırlaşırlar ki, «ay  qoymayın, ədəbi  həqiqət kommunist həqiqətimizi əlimizdən almaqdadır».
Bir qədər geriyə qayıtmaq istəyirəm.  Bu görüşdən xeyli əvvəl, tarixi yadımdadır: 1965-ci ilin  mart ayında,  həftənin şənbə günü (ondan sonrakı həftənin  3-cü və 4-cü günü Mehdi  Hüseyn rəhmətə getdi) idi.  Məsudun  evində nə məqsədləsə  yığıncaq,  məclis qurulmuşdu.  İştirak edənlər yadımdadır. Mehdi Hüseyn, Əli Vəliyev, Mirzə İbrahimov,  Məmməd Cəfər, İsmayıl Şıxlı, Kamal Talıbzadə və bir də mən.  Mən bunların hamısından cavan idim.  O qədər də açılışa, danışa  bilmirdim.  Məsud mənim vəziyyətimi  hiss eləyir, ara-sıra qulağıma bir xoş söz deyir, məni darıxmağa qoymurdu.  Bu arada qapının zəngi çalındı. Məsud gələn qonağı məclisə təqdim elədi: - Mənim dostumdur. Yerevandan bu gün gəlib, özü də yaxşı qarmon çalandır, onun sağlığına və sözü ona verək: O, Yerevanda bizə qarşı aparılan  anti-tədbirlərdən danışdı və  dedi ki, açığı belədir, bizi Ermənistandan çıxarmağa hazırlaşırlar.  Burda hamı yatıbg  Mehdi  Hüseyn onun  sözünü kəsdi və dedi ki, işinlə məşğul ol, bizim xalqımız onlara oxşamır. Biz öz beynəlmiləlçiliyimizdə qalmalıyıq.  Onların yolu uçuruma getmək yoludur, biz onlara oxşaya bilmərik.
Qonaq pərt oldu və dedi ki,  mənim borcum sizi vəziyyətdən hali etməkdir.
Ə.Vəliyev məclisə xas olmayan  bir rəsmiyyətlə dedi: Mehdi, mən  bu yoldaşın deyib-deməməyindən asılı olmadan  demək istəyirəm ki, mənciyəz bundan sonra  nə gücüm, nə qabiliyyətim varsa, bizim markaryanlarımız  erməni yazıçılarına  oxşamağa  çalışacağam.  1905-ci il  davasından eşitdiklərimi, 1918-1920-ci illərdə isə  gördüklərimi bacardığım  qədər yazacam və mənəvi vəziyyəti  kamil cavanların  qulağına pıçıldayacam, bəlkə də qışqıracam.
Doğrudan da Əli Vəliyev ömrünün sonlarında  əsrin əvvəlindəki və eləcə də  1918-20-ci illərin siyasi  hadisələrini  bir tarixçi dəqiqliyi ilə  yazdı.  İndi bu  əsərlər onun mənəvi  vəsiyyəti kimi çox qiymətlidir.
O məclisdə  Mehdi Hüseynin  necə gözəl oynamağının, süfrə arxasında rəsmiyyətdən necə  uzaq olmağı  bacardığının şahidi  oldum.
Kamal Talıbzadə İsmayıl Şıxlının  şərəfinə  badə qaldırdı və dedi ki, Mehdi müəllim, siz bilirsinizmi, necə gözəl nəsil qoyub gedirsiniz?..
Mehdi müəllim qəfildən ayağa qalxdı və çox ciddi şəkildə  dedi:
- Ə, hara gedirik?
Kamal müəllim bir neçə saniyə tutuldu və dedi:
- Mehdi müəllim, bağışlayın,  bəlkə ürəyimdən keçəni  yaxşı ifadə eləyə bilmədim. Sözüm ondadır ki,  insan  tərki-dünyadır. Sizi əvəz edəcək nəsil çox qabil, çox istedadlı nəsildir.
Yuxarıda dediyim kimi, əhvalat həftənin şənbə günü baş verdi, üzə gələn həftə  Mehdi Hüseyn dünyadan köçdüg
Məsudla Mehdi Hüseynin dəfnində görüşdük, ilk sözü bu oldu:
- Ən böyüyümüzün, ən yaxşı  dostlarımızın  axırı budur. Yenə də yeyirik, didirik bir-birimizi.
Əli Vəliyev  fiziki cəhətdən çox güclü, çox sağlam, bütün çətinlikləri  təkidlə dəf edə  bilən bir adam idi. Çox yaşadı, həm də yaşaya bilmədi. Qumru xanımın ölümündən sonra, açığını desək, şuxluğunu, zarafat qılığını  xeyli itirmişdi.  Məsudun ölümündən qəddinin əyildiyi hiss olunurdu.  Məsuddan sonra  yenə də görüşməyimiz, toy və ya yas məclislərində üz-üzə, yanaşı oturmağımız var.  Ancaq söz-söhbətimiz hal-əhval tutmaqdan o yana getməyib. Bunu o da hiss eləyib, mən də.
Əli Vəliyevi  necə görmüşəm, necə münasibətdə olmuşam, eləcə də xatırladım.  Əvvəl dediyim sözü bir daha təkrar edirəm: mən xatirə danışmağı bacarmıram, xatirə yazıram məqalə alınırg Yazıya nöqtə  qoyduqdan sonra hiss elədim ki, istədiyim səviyyədə deyil. Ancaq nə yazdımsa, duyduğumu, gördüyümü yazdım; bu, təsəllidir.

                                                                             9 iyul, 1990

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws