|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
«TƏBİƏTİN İŞİ  DOLAŞIQDI»

Abdul Qəninin şairlə müsahibəsi

Məmməd müəllim, rəva görsəniz Sizinlə söhbətə şair Məmməd Araz kimi yox, naşir Məmməd Araz kimi başlaram.

- Etirazım yoxdur. Çünki məni şairliyə də jurnalistlik cığırları gətirib çıxarmışdır. Mən indi elə proses keçirirəm ki, yalnız ürəyim şerin yanındadır (o da bəlkə məndən xəbərsiz), əllərim, gözlərim, bütün hərəkət-fəaliyyətim təbiətlə, ətraf mühitlə üz-üzədir. Ədəbiyyatımızın ənənəsi,  həmçinin, bu günü  qorxu altında deyil, ancaq təbiətimiz hazırda milyon-milyon əllərə möhtacdır. Bu əllər nə yollasa birləşməlidir. Təbiəti bu gün yalnız ağıl xilas edə bilər.

- «Azərbaycan təbiəti»nin redaktoru olmaq kövrək qəlbli şair üçün daha çətindir . Təbiətin, torpağın harayı ürəkləri göynədirg

- Gələn il jurnalımızın 15 yaşı tamam olur. Bu 15 ildə elə nömrə olmayıb ki,  varaqlananda bütün halda «ekoloji gərginlik azalıb» - deyə rahat nəfəs alım. İndi mənim üçün  bütün ədəbi  sənət növlərindən  daha vacib olan sənət təbiəti duymaq, ondan yazmaq, nə yollasa onu xilas etmək sənətidir. Belə bir sənəti, belə kitabları, belə ağılları axtarıram.
Yurdumuzun təbiəti çox gözəl və rəngarəngdir. Əslində elə indi deməliyik: «belə idi». Axı çox şeylər, çox gözəlliklər, xatirələrdə, toponiumlarda qalıb. Təbii landşaft son 50-60 ildə tərs-avand  olub. Əllinci illərin əvvəllərində Batabatdan baş alıb Araza tökülən Şahbuz çayında çilləkan qurar, qızıl balığı əllə tutardıq. İndi Şahbuz çayı Araza çatmır, daha hansı çay balığından danışa bilərik? Belə çaylar respublikada onlarcadır. Bu da nümunədir.  Pis nümunə. Əslində indi ekoloji vəziyyət sahəsində qürrələnməli nümunə yoxdur. Bunu açıq deməliyik.
Dövlət dəfələrlə sanballı, ətalətli qərarlar çıxarıb. Bu qərarların çoxu elə mətbuat səhifələrində qalıb, bunlara cavab verəcək cavabdehlər yan-yörəsinə baxır, «bu səs hardan gəlir», - deyə diksinirlər, sonra rahatlanıb dəyirmanlarını işə salırlar: «söhbət təbiətdən, ekoloji mühitdən gedir, bu ki köhnə bayatıdır». Ekoloji fəlakətin yaxınlığında ekoloji məsuliyyət durmursa, vicdan qarşısında, vətən qarşısında, bir sözlə, insanlıq qarşısında məsuliyyət hissi dayanmırsa, heç bir qorumadan, qorunmaqdan söhbət açmağın mənası yoxdur. Ekoloji məsuliyyət yoxsa, deməli, ekoloji təhlükəsizlikdən danışmağa dəyməz. Tarix üçün dünən olan, bəlkə dünəndən  xeyli yaxın olan məsafədə – Kür çayının Azərbaycan hissəsində əməllərimizə ötəri diqqət yetirək; diqqət yetirək və görək bu «günün günorta çağında» elədiyimiz qəbahətdən dərs almışıqmı? Yox, əlbəttə, yox! Bu «günün günorta çağı» Mingəçevir bəndini tikdik. Nə qədər ekoloji təhlükənin bünövrəsini qoyduq. Gələcək hadisələrin əlifbasını da öyrənmədən, Şamxor tikintisinin müəllifləri ilə törənə biləcək qəbahətləri çəkib ortaya atan alimlərin dialoqunu ikinci tərəfin zərərinə həll elədikg Sonra Varvara tikintisi, sonra - daha sonra yox, indilikdə Kürün belinə neçə yerdən «palan qoymağa» hazırlaşırıq. Əslində hazırlaşmırıq. Azərbaycan  torpağını ələk-vələk eləməyə həmişə hazırıq. Çox təəssüf! Halbuki onu göz bəbəyi kimi qorumalı, yaralı yerinə təcili qaydada elə məlhəm qoyub sağaltmalıyıq ki, sızıltı belə duymasın.

- Yanılmıramsa, o vaxt (durğunluq dövrü də olsa) torpağımızın qeyrətini çəkən oğullar «Azərbaycan təbiəti»ni  məhz bu məqsədlə yaratdılar.

- Yox, yanılmırsınız. Dünya yaxşı adamlardan xali deyil. «Azərbaycan təbiəti»nin yaranma tarixi  çox da hamar  yolla olmayıb. İndi pis özüldə – fəlakətin qapı ağzında dayandığı bir vaxtda, göz görə-görə ki, sərvaxt  atılmayan bir addım  uçuruma gedən yoldur, yenə də «Ziyankar Ziyankarov» öz bəd əməlində davam edir. On beş il əvvəl də, ondan xeyli əvvəl də məlum idi ki,  bir kibrit dənəsini yerə atmaq, bir papiros kötüyünü eyvandan aşağı tullamaq, həyətə tökülən kağız-kuğuzu qalaqlayıb odlamaq «ekoloji dildə» baş verən təhlükə yanğısına benzin tökməyə bərabərdir.  «Bizdən iraq olsun». Yaponiyanın paytaxtı Tokionun zibil problemini həll eləmək üçün bir neçə institut bu məsələ ilə məşğul olub. İndi bu şəhərdə zibil tullantısını «gördüm deyən» yoxdur. Zibilin sintetik torbalarda qapıdan çıxması ilə müəyyən qutulara avtomatik toplanması bir olur. Yaxşı təcrübə də hava kimi, qar kimi, yağış kimi sərhəd bilməsin gərək. Bizdə isə bu və ya bu kimi problemlərin həlli üçün «aşağı» «yuxarı» baxır, «yuxarı» «aşağı». Buna görə də «aşağı»dan başlanan əmr-göstəriş isə «Allahdan buyruq, ağzıma quyruq» şəklində öz «həllini» tapır. Ümumiyyətlə, problemləri növbə  ilə həll eləmək prinsipi ekoloji məntiqə çətin sığışır. Tikilən elektrik stansiyası da, qurulan bənd də, salınan bir qəsəbə də özündən sonraya problem qoymamalıdır. Bu işlər hamısı ekoloji problemlərin «həlli üzərində» qurulmalıdır.

- Mümkünsə, qısaca da  olsa deyin görək, xeyirxah niyyətlə yaranmış jurnal bu vaxtadək hansı xeyirxah işləri görüb?

- «Azərbaycan təbiəti» jurnalı respublikada yeganə mətbuat orqanıdır ki, əvvəldən axıra qədər ekoloji məsələdən yazır; yazır, tənqid eləyir, diqqət yönəldir, haray salır, çıxış yolu göstərir və s. Hələ yetmişinci illərin axırlarında Bakı bağlarının bərbad  vəziyyətindən yazmışdıq. Sultanbud  meşəsindən, Ağ gölün, Bəndəvan qoruğunun, Şuşa ətrafında meşələrin, Cıdır düzünün, abidə qayaların ekoloji təhlükəyə məruz qalmasından və s. söz açmışıq, müxtəlif vaxtlarda kəskin yazılar vermişik. Bakı və onun «içi-çölü» barədə də təkrar-təkrar ittihamedici yazılar çap eləmişik. Bu, indinin özündə də davam edir. Xəzərin  taleyinə, Kürün, Kürə-Araza tökülən kiçik çayların, tuqay meşələrinin faciəsinə münasibət də eləcə. Bir qədər çox, bir qədər də azg
Bu yaxınlarda Sumqayıt şəhərində ştatdankənar müxbir postu yaratmışıq. Məqsədimiz yaxın vaxtlarda «ölü  zona» deyilən zonanın dirilməsi üçün əlimizdən gələn hər vasitədən yapışmaq, Sumqayıtda təzəcə təşkil olunmuş  Ekoloji Cəmiyyətin fəaliyyətini, eləcə də bəzi təşkilatların təşəbbüskarlığını, ekoloji düşüncəyə, praktikaya yiyələnən ayrı-ayrı kollektivlərin xeyirxah işini işıqlandırmaqdır. Belə postlardan respublikanın bir sıra böyük şəhərlərində və rayon mərkəzlərində də yaratmaq fikrindəyik.

- Bilmək olarmı ki, redaksiyanın gələn ilki qovluğunda hansı yazılar vardır? İndi qəzet və jurnallara abunə yazılışı gedir və yəqin bu sualım oxucuları da düşündürür.

- Sizi maraqlandırır ki, biz indi təbiətlə bağlı hansı məsələni ön planda işıqlandırırıq. Mən yuxarıda da qeyd etmişdim ki, ekoloji vəziyyətə münasibətdə birinci və ya ikinci dərəcəli problem yoxdur. Bu ona bənzəyir ki, deyək: «qarışqanı daha çox qorumaq lazımdır, yoxsa fili?» Bir fil milyonlarla qarışqanı çəkə bilər. Amma təbiətdə qarışqanın xeyri heç də fildən az deyil. Belə sual da var: böyük şəhərləri birinci növbədə təmiz saxlamaq lazımdır, yoxsa kiçik şəhərləri? Ammag Amma budur ki, nədən başlamağı məndən soruşsalar deyərdim: birinci, atmosfer havasına atılan tullantıdan, ikinci, çirkab suları «yumaqdan». Yox, insanın daxilini təmizləmək birinci şərt olmalıdır. Yox, hər şeydən və hamıdan başlamaqg
«Azərbaycan təbiəti»nin yaxın nömrələrində görəcəksiniz ki, Kür çayının xilas edilməsi və ya ölümə doğru sürüklənməsində nisbət «şər qüvvələr»in xeyrinədir. Bu «günün günorta çağı»  hamıya aydındır ki, adi bir dəyirman tikəndə də inkişaf etmiş ölkələrdə ekoloji təhlükəsizlik, ətraf mühiti çirklənməkdən qorumaq məsələləri birinci şərt kimi göz qarşısına çəkilir. Bütün qazanclar, gəlir-çıxarlar ondan sonra hesablanır. Bütün bunlardan öyrənmək, düzü və əyrini üz-üzə qoyub hansının «qələbəsi insanın xeyrinədir» məsələsinə açıq gözlə baxmaq çox böyük dərsdir. Bunun məsuliyyətini hamı dərk etməlidir;  birbaşa cavabdeh də, dolayı yolla cavabdeh də. Bu yaxınlarda Sumqayıtın faciəsi  respublikamızın, belə demək olarsa, «yarım faciəsi» olan «Ölü zona» filminə televiziya ekranında baxanların yuxusu neçə gün dara çəkildi. Bu filmə baxandan sonra adamların qəlbində belə bir həyəcanın baş qaldırması çox təbiidir. Biz belə bir vəziyyətdə hansı sivilizasiyadan, hansı humanizmdən, hansı yeni quruculuqdan danışa bilərik? Bəlkə beyinləri daşlaşmış adamlar üçün bu bir əyləncə filmidir, bəlkə adicə «multfilmdir». Ola bilsin belələri var, təki onların kirpiyinə alüminium tozu qonmasın, təki onların vəzifəsinə «güvə düşməsin». «Ölü zona» filminə əlavə ad da qoşmaq olar:  «Ölü zona və ya ölümə sürüklənən dünya». Bir şəhərdə, bir yurdda, bir obada doğulan körpələrin 50 faizdən artığı dünyaya zəhərlənmiş, yarım şikəst, şikəst, gələcək əlillərin sayını artırmaq üçün gəlirsə, bu filmi, doğrudan da, «Ölümə gedən dünya» adlandırmağa haqqımız var. Bu faktların təhlilinə varmayanlar biganələrdir, qəlbidaşlardır. Vətənin, xalqın yoluna daş  yumalayan, çölündə, düzündə yarğan açdıranlardır. Təbiətə vurulan yaralar çox vaxt kiçik zərbələrdən, soyuq baxışlardan başlanır. «Azərbaycan təbiəti» bu barədə dəfələrlə yazıb – Bakıda səhər-səhər maşınların, zavodların tüstüsünə, qazına çox mütəşəkkil əlavə olunur zibil yandırma! Gecə-gündüz az-çox təmizlənib durulan havanı, küçələri, həyət-bacaları süpürgəçilər asanca korlayır. Burada mənzil-istismar kontoru rəhbərlərinin bircə sözü lazımdıg Biz sağlam mühit uğrunda, insanı ekoloji bəladan qurtarmaq uğrunda, ekoloji təhlükəsizliyi gündəlik işə çevirmək uğrunda hər cür mübarizəyə hazır olmalıyıq. Yoxsa SSRİ-də havası daha çox çirklənmiş 68 şəhərin siyahısına Sumqayıtı yenə də
sala  bilmərik. «Ölü zona» təhlükəsi böyrümüzdə hələ də ölülüyündə qalmaqdadır. Respublikamızın başqa regionlarında bu və ya buna bənzər təhlükələrə çevik münasibətimizi həmişə çevik və ovxarlı saxlamalıyıq.
Jurnalımızın növbəti nömrələr qovluğunda alimlərimizin, publisistlərimizin, sadə oxucularımızın ekoloji tərbiyə, ekoloji mədəniyyət, ekoloji təhlükə, ekoloji məsuliyyət və s. dair məqalə-qeydləri, məktub və sorğuları, müsahibələri əsas yer tutur. Adları, mövzuları sadalamaq istəmirəm.
Abunə yazılışına gəlincəg bu bizim çox yaralı yerimizdir. Bu sahədə «doğma» və «ögey» münasibəti bütün məsuliyyəti ilə qeyd eləmək istəyirəm. Biz bir sıra təşkilatlarda, idarə və müəssisələrdə sorğu aparmışıq. Məlum olub ki, idarə və müəssisələrə rəsmi və qeyri-rəsmi abunə bölgüsü təqdim edərkən «Azərbaycan təbiəti» bu siyahılara daxil edilmir. Abunə yazılan təşkilatların rəhbərləri də bu «azad abunə kampaniyası»nda «vacib» ədəbiyyatları birinci növbədə yazdırır, «qeyri-vacib» ədəbiyyatlar siyahısında biz «oyundan kənar» vəziyyətə düşürük. Biz, demək olar, bütün rayon rəhbərlərinə, ali məktəblərin rektorlarına xahiş məktubu
yazmışıq. Əvvəllər yaxşı qayda var idi: hər ay abunənin vəziyyəti barədə məlumat alırdıq. Hər bir redaksiya hansı regionda «təbliğat işi» aparmağı götür-qoy edirdi. Qəribə vəziyyətdirg

- Məmməd müəllim, mənə elə gəlir ki, şair Məmməd Araz kimi söhbətə başlamaq məqamı yetişib. Bədii yaradıcılığınızdan danışmasam pərəstişkarlarınız məni qınayar. Təbii ki, son vaxtları nəzərdə tuturam. Əvvəlki şerləriniz artıq kitablardan dillərə, ürəklərə köçübdürg

- Son vaxtlar şerlərimdə və digər yazılarımda işi dolaşıq təbiət, ipi dolaşıq cəmiyyət haqqında söz deməyə çalışıram. Təzə söz demək çətindir, çox çətin. Təzə söz olmayanda hətərən-pətərən danışmaqdansa, susmaq yaxşıdır. Gərək oxucunu inandırasan, səmimi söz deyəsən, nəyisə etiraf eləyəsən. Bu il yazdığım, böyük Mirzə Cəlilə həsr etdiyim şerdə bu misralar var:

Ömür də tükənir, söz də  tükənir,
Başımın altından yastıq da qaçır.
Əllərdir uçuran əllər tikəni,
Çölümdən yaz qaçır, yazdıq da qaçır.
Dünya düzəlmir ki, düzəlmir, baba!

Təzə yazılarım çoxdur. Onları başqa vaxt oxucu mühakiməsinə təqdim edərəm.

                                                   oktyabr, 1989

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws