|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
«BƏLİ» DEMƏKDƏN QORXURAM

R.Əzizin şairlə müsahibəsi

- Özünüz haqqında nə deyərdiniz?

- Özüm haqqında məlumatım çox azdır. Onu deyiblər ki, 1933-cü ildə doğulmuşam. Nə vaxt öləcəyim haqda hələ taleyimin xəbərçiləri elə bir məlumat almayıblar.
Özüm haqda əsaslı məlumatım budur ki, hamıya, hər şeyə tez inanıram. Qələbəm də, tənəzzülüm də çox halda bundan başlanır.

- İlk şeriniz nə vaxt yaranıb? Biz «İnqilab və mədəniyyət» jurnalında  çap olunmuş «Yanın, işıqlarım» şerini nəzərdə tutmuruq.

- Həmin şeri nəzərə almırsınızsa, dəqiqlik üçün arxivimi varaqlamaq lazımdır. Buna da hələlik vaxtım və imkanım yoxdur. İndilikdə bunu dəqiqləşdirməyin elə bir əhəmiyyəti varmı?

- «Vətən mənə oğul desəg» misranız uşaqdan böyüyə kimi hamının dilində bir himn tək əzbərdir. Şair üçün bundan artıq  xoşbəxtlik ola bilməz. Ömrünüzün daha  hansı anlarında özünüzü xoşbəxt hesab etmisiniz?

- «Vətən mənə oğul desəg» yarımmisrası ürəyimin səmimi səsidir. Bu səs xalqımın qəlbində əks-səda veribsə və verirsə müəllif üçün bundan böyük xoşbəxtlik nə ola bilər?

- Xalqın sizi sevdiyini bilirsinizmi?

- «Bəli» deməkdən qorxuram. Bilmirəm -deməyə də ürəyim gəlmir. Bu sevgini qazanmaq nə qədər çətindirsə, itirmək bir o qədər asandır. Bu yolda  xumarlanıb məst olmağı və büdrəyib yıxılmağı Allah heç bir qələm sahibinə qismət eləməsin.

- Özünü gözə soxan, cibində deputat mandatı gəzdirən, televiziya ekranından düşməyən, gündə yüz sifətə girən şairlərə nə deyərdiniz?

- Məncə, belələri azdır. Doğrusu, belələrini heç görmürəm, görəndə də üzümü yana çevirirəm. Bir də çoxluq içində bu azlığın olması təbii haldır.
Dünya, insan dünyası, insan təbiəti əksliklər, ziddiyyətlər üzərində qurulub. Pis yaxşının tərs üzüdür, yaxşı da pisin.

- Neçə övladınız var? Onlardan poeziyaya maraq göstərən varmı?

- Mənim övladım çoxdur. Onlar onminlər, yüzminlərdir. Xalqımızın milli, qeyrətli oğul və qızları mənim övladlarımdır. Onların içində iki nəvəm var – Toğrul və Tuncay.

- Məmməd müəllim, Sizi təbiətən sakit  bir insan kimi tanıyırıq. Amma kürəkəniniz və bizim dostumuz Aqil Abbas xasiyyətcə tamamilə Sizə əksdir. Yəni emosionaldır, daim hərəkətdədir. Bir-birinizlə necə yola gedirsiniz?

- Əgər bu sual zarafatdırsa, ciddi deyirəm: Aqilin günləri ezamiyyətlərdə keçir, mənim günlərimsə işdə və evdə. Odur ki,  yola getmək üçün birgə yola çıxmaq, yəni görüşmək gərəkdir. Və əgər bu sual ciddi sualdırsa, deməliyəm ki,  mənim zarafatdan xoşum gəlmir. Bu cavabı necə istəyirsinizsə, elə də qəbul edin: indi sözü yarızarafat, yarıciddi demək lazımdır.

- Məmməd müəllim, sözsüz ki, bu, yarızarafat sualdır. Ən çox sevdiyiniz şair?

 - Ən çox sevdiyim şair Nizamidir.

- Ən çox sevdiyiniz şer?

- Ən çox sevdiyim şer Füzulinin «Gördüm» rədifli şeridir (Kimi kim bivəfa dünyada gördüm, bivəfa gördüm).

- Bu gün xalqın ziyalılara inamı itib. Bunların səbəbləri Sizcə nədir?

- Məsələnin bu cür qoyuluşu ilə mən qətiyyən razılaşa bilmərəm. Necə yəni, xalqın ziyalısına inamı itib. Onda məsələni bu təhər qoymaq olar. Ziyalıların xalqa inamı itib. Bu, artıq son sözdür. Buradan o tərəfə «zaman və məkan yoxdur». Xalq məndən, səndən və ya onlardan inciyə, küsə bilər: konkret olaraq filan ziyalıya inamı itir və itib də. Təkrar edirəm: bu cür ümumiləşdirmə aparmağın xalqa da xeyri yoxdur, onun ziyalısına da. Bir də elə ziyalı da xalq deyilmi? Belə qənaətə geniş sorğu apardıqdan, nəticəsini aydınlaşdırdıqdan sonra gəlmək olar.

- «7 gün»ün oxucularına sözünüzg

- Arzulardım ki, «7 gün»ün oxucuları heç olmasa bu 7 günün yarısını səksəkələrdən, qəfil bəd xəbərlərdən, «neyləyim, necə eləyim»lərdən uzaq olsunlar, bir də hamısına könül xoşluğug

                                                            1992

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws