|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
«İLAHİ, KARDIMI, KORDUMU DÜNYA?»

Teymur Mahmudlunun şairlə müsahibəsi

Bir vaxt dünyanın düzəlmədiyindən gileylənən Məmməd Araz bu gün dünyanın gərdişi barədə nə düşünür? Sizi nələr narahat edir?

- Dünyanın işləri pisdir. Ölüm çoxdur. Bəşəriyyət yeyir-didir bir-birini. Söz yox ki, mürəkkəb həyat yaşayırıq. Vəziyyətimiz ağırdır. Dünya bizə hay vermir. Müxtəlif yerlərdən gəlirlər, görürlər vəziyyətimizi, amma  xeyri yoxdur. O gün bulvarda gəzdiyim yerdə qabağıma bir uşaq çıxdı. Əl uzatdı ki, kömək eləyin, qaçqınıq. Belə şeylərə baxanda görürsən ki, şer vaxtı deyil. Amma həmin yerdə beynimə bir-neçə sətir gəldi: Sətirlər belədir: «İlahi, kardımı, kordumu dünya, Bu acı həqiqəti görmürmü dünya?» Azərbaycan gözümüzün qabağında böyük yalanlara, böhtanlara məruz qalır. Dünyanın taleyi böyük dövlətlərdən asılıdır. Onlarsa hadisələrin dərinliyinə getmirlər. Bilirsiniz, bu da şair  taleyidir. Bütün hallarda bir ağrı kimi şairin ürəyindən keçir. Amma mən inanıram ki, xalqımızın gələcəyi yaxşı olacaq. Ona görə ki, biz istəyirik belə olsun. Hərdən xalqıma xarici gözlə baxıram. Görürəm ki, bunun şeri, bayatısı, dastanı var və bu qədər zəngin mədəniyyət xəzinəsi dünyanın heç bir başqa xalqında yoxdur.

- İndi nə fikirləşirsiniz, bu xəzinəni XXI əsrə daşımağa  ehtiyac varmı? Axı bizlərə deyək ki, kompüter proqramlarını öyrənmək daha  vacibdirg Bu zəmində gələcəyi necə təsəvvür eləyirsiniz?

- Fikirləşirəm ki, şer bizim ədəbiyyatımız deməkdir. O elə xəzinədir ki, XXI əsrdə də ondan ayrılq çətin olacaq. Mən şerimizin nə vaxtsa itəcəyinə inanmıram. Əksinə, şer bizə zaman-zaman lazım olacaq. Gərək insan daş olsun, ağac olsun, desin ki, mən bu xəzinədən imtina edirəm. Ola bilərmi, elə bir zaman gəlsin ki, biz şeri basdıraq? Mən bunu təsəvvür eləyə bilmirəm. Ola bilsin ki, bu gələcəyin işidir. Mən gələcəyin işlərinə qarışmıram. Gələcək özü gələcək. Bir şüar var, onunla indi də razıyam ki, keçmişə tapança atsan, gələcək səni topa tutacaq. Mənə gələcəyi təsəvvür eləmək çətindir. Mən hələlik bu günün vətəndaşıyam.

- Bir çox  şairlərin siyasət biyabanında gəzişmələrinə normal baxmaq mümkündürmü, Məmməd müəllim?

- Siyasətdə mən həmişə barışan  tərəfdə durmuşam. Şair öz sözünü, harayını poeziyasının dili ilə deməlidir. Siyasətə qarışmamalıdır. Yalnız o zaman qarışa bilər ki, hadisələr xalqın xeyrinə işləsin. Bu, şerin, taleyin obyektiv qanunudur.
Məlumdur ki, artıq 6 ildir Məmməd Araz Nazirlər Kabinetinin qurtaracağında yerləşən elitar görkəmli binanın ikinci mərtəbəsindəki mənzildə yaşayır. Dördotaqlı mənzili ona Heydər Əliyev bağışlayıb. Ölkənin ən yüksək mükafatı «İstiqlal» ordeni ilə təltif edilən şair  indi ömür-gün sürdüyü binada yeganə İstiqlalçı deyil. Qonşu blokda yaşayan başqa İstiqlalçı şair – qələmdaşı Bəxtiyar Vahabzadə ilə hərdən hava xoş olanda, həyətə enəndə görüşürlər. Mənzili sadədir, hələ ən zəngini biz söhbət elədiyimiz otaqdır, - deyir şair. «Nəyimiz var, qızlarımıza vermişik», - deyir şairin həyat yoldaşı Gülxanım müəllimə. Əlavə edir: «Mal-dövlətə heç vaxt həvəsimiz  olmayıb». Niyə? Bu, ilk növbədə şairin könül toxluğunun təzahürüdür və

Məmməd Araz xarakteri

onu camaat arasında hörmətə mindirən diqqətəşayan keyfiyyətdir. Şairin titrək, fağır və əzəmətli üzü günümüzün çirkli, mürəkkəb reallıqları ilə uzlaşmasa da, bunun müqabilində bizi kəndə, torpağa, halallığa səsləyir. Bu qəribə insan ömründə rüşvət almayıb, oğurluq eləməyib. Hələ bu nədir ki? Belə söhbətlərə inanmaq da istəməyib.
«Hara gedir təmtərağı bu kəndin?»
Boşalmış kəndlər haqqında olan bu misra şairin son zamanlar qələmə aldığı şerdəndir. Hissiyyatdan xali olmayan oxucu üçün bu şeri həyəcansız oxumaq mümkün deyil. Onunla yanaşı, qələmə aldığı başqa bir şer isə səslər haqqındadır. Gərək ki, adı belədir: «Səslər çağırır məni». Özünün deməsinə görə, pis səslərə tez reaksiya verir. Şairin aləmində pis səslər heç də məişətdə alışdığımız tükürpədici, zəhlətökən, yazı yazmağa imkan verməyən səslər deyil. Paxıllıq və nifrət kimi keyfiyyətlər də pis səsdir. M.Araz bu şerləri hələlik heç bir mətbuat orqanında çap etdirmək fikrində deyil. Və yeri gəlmişkən,

Şair və redaktor

münasibətləri haqda bir neçə kəlmə söz açmağı, qəribə göründüyü üçün lazım bilirik. Məsələn, qəribə görünən budur ki, Məmməd Araz böyük şairdir, məşhur adamdır, hamı onu tanıyır və yəqin ki, onun heç bir redaktorla nəyisə çap etdirmək problemi yaranmaz. Amma gör dünyanın harasıdır  ki, «Panorama» qəzetinin baş redaktoru bir yazısını nəşr etdirmək istəyilə ona müraciət edən Məmməd Arazın səsini eşitcək, məharətlə telefon  dəstəyini yerinə atırmış. Fikirləşirsən ki, bu  sayaq insanlar həssas və sakit şair səsindən savayı, həyatda görəsən daha nələrdən cana yığılıblar? Bəs böylə məqamlarda şair neyləyir? «Səninki səndə, mənimki məndə» prinsipini əsas tutur. Şerlərini geri götürür və heç vədə həmin redaksiyaya üz tutmur. Bu biganəliyin fonunda fikirləşir ki, tərəflərin inciməyə əsası yoxdur. Təmiz ürəkli olduğu üçün həm də fikirləşir: bəlkə mən düz eləmirəm? Hər halda hissiyyatlı insanların həyatı həmişə məşəqqətə dönüb.
Məruz qaldığı «parkinson» xəstəliyi  şairin ətrafla fəal əlaqə saxlamasına çətinlik törədir. Bu səbəbdəndir ki, baş redaktoru olduğu «Azərbaycan təbiəti» jurnalının redaksiyasına həftədə yalnız iki-üç dəfə baş çəkə bilir. Xəstəliyin qismən müalicəsi ABŞ-da mümkündür. Deyir: «İstəsəm, prezident günü sabah məni müalicə üçün Amerikaya yollayar. Amma istəmirəm. Müalicə xərci üçün ərazisinin iyirmi faizi işğal edilmiş, əhalisi ağır vəziyyətdə yaşayan bir ölkənin prezidentindən xahiş etməyi özümə məsləhət bilmirəm».

«Heydər Əliyev diqqətcil insandır»

Ötən ilin payızında  Məmməd Arazın 65 yaşı  sakit və dəbdəbəsiz bir şəraitdə, necə deyərlər, ailə çərçivəsində qeyd olundu. Müvafiq  instansiyaların soyuq düşüncəli, şerə, sənətə hörmət qoymayan rəhbərlərinin yadına belə düşmədi ki, mamır olub Vətənin qayasında bitməyə hazır olan bir xəstə, vətənpərvər şairin quruca yubileyini keçirsinlər, məmmədsevərləri şer gecəsinə toplasınlar. Həm Yazıçılar Birliyində, həm də Mədəniyyət Nazirliyində susdular. Ölkə prezidenti Heydər Əliyev isə yubiley günü şairin evinə zəng çaldı, şairin 65 illiyini təbrik elədi. Siyasətçi ilə şair arasında mehriban və hərarətli söhbətləşmə oldu. «Heydər Əliyev diqqətcil insandır» - deyir Məmməd Araz.

«Şəhriyar Bakıya gəlməzdi»

Söhbət əsnasında Məmməd Arazdan soruşuram ki, nə fikirləşirsiniz, əgər Şəhriyar sağ olsaydı və prezident Şəhriyara yaşamaq üçün ev versəydi, Bakıya gələrdimi? Cavab verir ki, gəlməzdi. O, Təbrizi çox sevirdi. Ona birmərtəbəli yapalaq evi dünyanın bütün evlərindən əziz idi. Sonra mənə Naxçıvandan  keçməklə Təbrizə getməyindən danışır. Şəhriyarın kasıb və sadə evini, qəbrini ziyarət eləməyindən danışır. Təbriz küçələrində fars  şovinistlərinin qorxusundan adamların ona necə ehtiyatla yanaşmasından danışır.
Şairliklə yanaşı, həm də təbiətçi olan Məmməd Araz  yana-yana dillənir ki, kolxoz gərək belə sürətlə dağıdılmayaydı .
Torpaq kəndliyə verilsə də, əslində o, torpağın sahibi ola bilmir. Qonşu İrandan müqayisə gətirərək söyləyir ki, rayon-kənd yerlərində evlər dərələrdə-təpələrdə tikilməlidir. Bizdə əksinədir. Özü üçün ev inşa etmək istəyənin gözü münbit torpaqdan savayı ayrı yer görmür. Əkinə yararlı torpaqlar beləcə məhv olub gedir. Şairin söyləməsinə görə, əgər vətənin ümumi mənafeyini fikirləşiriksə, bircə neftdən yapışmayaq gərək.

M.Arazın bazarlıq etməkdən zəhləsi gedir.

Əksər ailə başçılarından fərqli olaraq həyatının sağlam fiziki çağlarında belə Məmməd Araz bazara getməyi yorucu iş sayıb. Düşünüb ki, bu mühüm ailə vəzifəsini Gülxanım müəllimə boynuna çəksə, lap yaxşı olar. Harda olursa-olsun, basırıqda, tünlükdə gəzməkdən xoşlanmayıb. Bazar da belə yerdir. Basırıq və tünlük.

«Nəvələrim bir gələndə sevinirəm, bir də gedəndə».

Bu cümlə qonşusu Bəxtiyar Vahabzadəyə məxsusdur. Məmməd Araz da öz nəvələrini çox istəsə də, xəstəliyi onlarla davamlı əylənməyə imkan vermir. Nəvələrindən Toğrul və Tuncay öz tanınmış babalarını günaşırı olmasa da, həftədə  bir-iki dəfə yada salmağı unutmurlar.

Ləyaqət və hörmət

Bizim dünyada saf hörmət qazanmaq üçün gözün görə-görə çox şeylərdən imtina eləmək gərəkdir. Və ya, heç olmasa, ləyaqətlə yaşamaq gərəkdir. Bəs ləyaqətlə yaşamaq üçün neyləməli? M.Araz cavab verir:

Ləyaqəti dərk eləmək lazımdır.

Əlbəttə, bu, ilk nəzərdə gəlişi sadə cümlə təsiri bağışlaya bilər. Görünür, taleyin gərdişi elə gətirib ki, Məmməd Araz ömrü boyu bu tərzdə düşünüb və həqiqi azərbaycanlı olmağın yolunu bu cür görüb. Ona görə də şairin XOŞLADIĞI günəşli  havalar və aydınlı günlərdir.
XOŞLAMADIĞI isə yalandır. Yalan gözümüzü açıb kənar dünyaya baxmağa qoymur. Bu gedişlə yalan bizi məhv eləyəcək, - deyən şair sözünü bitirib sakitcə üzümə baxır.

 yanvar, 1999

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws