Əsl sənət «söz oxuna meylli» deyil.
Əsl sənət «söz oxuna meylli» deyil. Doğrudur, o da Yer kürəsi kimi fırlanır. Zamanın başına, zamanların başına fırlanır. Ancaq rəngini itirmir, mövsümi küləklərə məhəl qoymur. Öz əsrinin, öz zamanının geyimində gələcəyə qonaq gedir; hətta bəzən çox yeni dəblərə «dərzilik» də eləyir.
Sözün yaşı, ilk dəfə ətraf mühitin daş-qayasına yazılan el sözünün yaşı çox qədimdir. Yəqin ki, çayların səsini duymağa başlayandan, quşların nəğməsindən zövq almağa başlayandan insan qəlbində oxumağa başlayıb. Elə də bizim el ədəbiyyatı.