Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, toxtaqlıq, arxayınlıq ölümə bərabər olardı.
****həyəcan işarəsi vermirdi. Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki, toxtaqlıq, arxayınlıq ölümə bərabər olardı. Küləklərin səsində «qarayel» vahiməsi yoxdusa, keşikçi quşlar meşə sakinlərinə «təhlükə yaxındır» demirsə, arxayınlıq mümkündü. Gələn qaraltı nöqtəlikdən çıxdı, böyüdü: kareta gömgöy, dumduru dağ havasında gah dəniz dibinə baş vurub itən üzgüçüyə döndü (dərəyə düşdü), gah da şahə qalxan dalğanın belində göründü (gədiyə çıxdı), hiss eləmək mümkün idi ki, karetada gələn adam nabələddir. Amma onun ətrafı müşahidəsində «Ona demişdilər vəhşidi Qafqaz» misrasının işarə vurduğu qorxu hissi qətiyyən hiss olunmurdu. Yalnız uşaq sevinci, uşaq aludəliyi onu bütün aləmdən ayırmışdı. Heyrət, gözəllik qarşısında şair heyrəti bütün hisslərə, gündəlik qayğılara qalib gəlmişdi. Bəlkə də «vəhşilik budursa, var olsun vəhşilik» nidaları təkrar-təkrar qəlbindən dilinə, dilindən qəlbinə köçürdü. Ölkənin ən böyük adamı ölkədən uzaqlaşmışdı. Ölkənin ən ağıllı adamı «ağıllanmağa gedirdi». Tale onu yaz günündə, oyanış fəslində bu yerlərə gətirmişdi. Bəlkə buna görə də oyanmış təzə fikirlər burulğanı onun diqqətini bir səmtə cəmləməyə imkan vermirdi. Hələ deyəsən fikrini bir yerə cəmləmək istəmirdi. Bütün ruhunu gözəllik ağuşuna almışdı.