|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
 Tofiq   MÜTƏLLİBOV

BƏNZƏRSİZLİK  POEZİYASI

            Qələm mənim yol yoldaşım,
            Qələm mənim oxum, nizəm.
            Qələm mənim söz qardaşım,
            Qələm mənim mübarizəm.
Bu misralar Məmməd Arazın yaradıcılıq tezisinə çevrilib. “Qələm ucu – top gülləsi”, “Ölüm qorxur qələmdən” deyən şairin qələmindən qopan odlu-alovlu şerlərini oxuduqca gözlərimiz önündə onun poetik aləmi, poetik “mən”i – poeziya dünyası rəsm edilib. Elə bir dünya ki, onun günləri, ayları, illəri neçə-neçə kitaba çevrilib. Elə bir dünya ki, dilə gəlib deyir:
            Zirvədəki əl çatmayan qala mən,
            Ətəkdəki sinə-cığır tala mən.
            Xudafərin harayından qalan mən...
            Bu da belə bir ömürdü yaşadım.
“Gündoğandan günbatana mənzilim” var deyən şairin son dövr yaradıcılığı onun poeziya yollarında daha uğurlu addımlar atdığını, qarşısına çıxan hər kiçik lövhəyə belə fəlsəfi məna vermək qüdrətinə malik olduğunu, kövrək, lirik duyğulara daha çox meyl etdiyini göstərir. Adı çəkilən poema və şerlər silsiləsi bunu aydın sübut edir.
“Qayalara yazılan səs” poemasını oxuduqca aydın hiss olunur ki, Məmməd Arazda şairliklə yanaşı, rəssamlıq istedadı da var. Poemada təsvir olunan hadisələr, lövhələr şair tərəfindən poetik sözün qüvvəsi ilə rəssam dəqiqliyi ilə rəsm edilib. Əsəri oxuduqca özümüzü şairin təsvir etdiyi dağlarda hiss edirik, bulaq başında qara daşın üstündə  “iri, köntöy hərflərlə” həkk olunmuş “Səməd Vurğun su içibdir bu bulaqdan” sözlərini oxuyuruq. Bu bulağın sərin suyundan içirik. Gözlərimizdə böyük şairin qar kimi ağarmış saçları, mehriban çöhrəsi canlanır. “Burda mənim muzeyim var” deyən şair təbiətli çobanla tanış oluruq. Onun şairlə söhbətini dinləyirik.
Şair göstərir ki, vüqarlı dağlarda adamı ilk qarşılayan “dağ məskənli, dağ arxalı qartallar olur”.
            Bir qayanın şiş ucuna qonmuşdu qartal –
            Bir az sivri vəziyyətdə;
                        top gülləsitək.
            Elə bil ki, caynağında qayanı dartıb
            Bu saatca üstümüzə hücum edəcək.
Poemada verilən lövhələr, xüsusən dağ mənzərələri şair qələminin qüdrəti ilə təzə obrazlarla, təzə bənzətmələrlə zənginləşib.
            Dumanı da bərəkətdi bu dağın-daşın,
            Həzincə bir bayatıdı çiskin, yağışı.
        Yaxud:
            Insan öləndə də dağlarda ölə,        
            Dönə bir zirvənin dönər qarına.
            Bir qarış yüksəliş gətirə bilə
            Bu dağ duruşuna,
            Dağ vüqarına –
kimi poetik misralar vasitəsilə bu dağları qarış-qarış dolaşırıq. Şairin:
            Dağ kimi sərt olur dağ adamları ,
            Çörəkli,  mərd olur dağ adamları –
kəlamının doğruluğuna inanırıq.
“Vurğun səsi, Vurğun sözü, Vurğun bulağı” misrası “Qayalara yazılan səs” poemasının leytmotivini təşkil edir. Bu əsərdə çobanın qürurla “Bu da mənim əsərimdir” dediyi “Vurğun bulağı”nın coşqunluğu duyulur. Bu coşqunluğu biz şairin son illərdə yazdığı şerlərində də görürük.
Bu coşqunluq içindən şairin “Qoruyaq dünyanı” nidasını eşidirik. “Vüqarı əyilməz, özülü möhkəm olan” “Qızıl qaya” ilə görüşürük.  Bu qayaya:
            Qızıldır vətənsiz gələn dünyaya,
            Qızıldır hər üzə irişən qadın,
            Nə qədər xoşbəxtsən, a Qızıl qaya,
            Bu boyda daş oldun,
            Qızıl olmadın, -
deyə müraciət edən şair Vətən torpağının kiçik daşını belə qızıldan üstün tutur. “Vətən küləkləri”nin müqəddəsliyindən söz açır, “Kür üstündə tək ağac” onu düşündürür, həyəcanlandırır.
Şairin son dövr yaradıcılığında onun “Yaşadım” adlı şeri xüsusi yer tutur. Sanki bu şer Məmməd Arazın həyat salnaməsidir:
            Ocaq oldum, ocaq daşı olmadım,
            Hər çalaya axan naşı olmadım.
            Arazımla yol yoldaşı olmadım,
            Bu da belə bir ömürdü yaşadım.
Bu fikir şairin bir çox şerlərinin əsasını təşkil edir.
Məmməd Arazın son dövr şerlərinin böyük bir qismi Qara dənizin sahilində, Pitsundada yazılıb. Bu şerlərin əsasını kövrək, lirik duyğular təşkil edir. Ilk baxışda adi görünən bu duyğulara şair fəlsəfi məna verir. “Kəndim, balacasan, çox balacasan”, “Dəniz o dənizdir, sahil o sahil”, “Qayıdarsan” və s. şerlərdə olduğu kimi.
Hər kiçik detala belə böyük poetik ümumiləşdirmələr tapan  M. Araz üçün adı heç bir xəritədə olmayan öz kiçik kəndi böyük şəhərlərdən müqəddəsdir.
            Kəndim, balacasan, çox balacasan,
            Adın yox dünyanın xəritəsində.
            Atılıb qalmısan gözlərdən uzaq,
            Çaylı, baldırğanlı dağ dərəsində.
deyən şairi öz kiçik kəndlərinin böyük dərdləri, qayğıları düşündürür. O, şerinin sonunda haqlı olaraq belə bir qənaətə gəlir:
            Bu, oğul səsidir! Götür dəftəri,
            Danışmaq da yükdür,
            Susmaq da yükdür.
            Böyük dünyamızın kicik dərdləri
            Böyük dərdlərindən daha böyükdür.
            Kəndim, -balacasan!
            Çox balacasan!..
Təklik – sənətkar üçün böyük dərddir. Bu dərd şairin kövrək nəğməsinə çevrilir:
            Təklikdə - çaylaq daşıyam,
            Məni qoymayın təklənəm!
            Əl dəydi –çaxmaq daşıyam!
             Məni qoymayın təklənəm.
“Qayıdarsan”, “O gözlərə baxmaram”, “Olarmış”, “Telefon” və s. şerlər bu kövrək nəğmələrin davamı kimi səslənir.
Məmməd Araz üçün söz müqəddəsdir. O, öz qələm dostlarını da sözün müqəddəsliyini qorumağa çağırır. Özü isə sevimli və tələbkar oxucularına təzə söz demək sevdası ilə qanadlanır.
            Ağ kağızda söz ucalır, söz enir,
            Közərtili könüllərdə söz yeni...
            Hara çəkdi söz qədəmi, söz yönü –
            Enişinə, yoxuşuna tələsdim.
Məmməd Arazın “Qayalara yazılan səs” poemasının və silsilə şerlərinin respublika Dövlət mükafatına təqdim edilməsi hamımızın ürəyindəndir. Biz “zirvələrin görüşünə tələsdim” deyən sevimli şairimizə təzə yaradıcılıq zirvələri arzulayırıq.

 1981 

 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws