|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
 Maarifə HACIYEVA
                                   
 DÖZÜMLÜ  POEZİYA

            Ocaq oldum, ocaq daşı olmadım,
            Hər çalaya axan naşı olmadım.
            Arazımla yol yoldaşı olmadım,
            Bu da belə bir ömürdü yaşadım.
Bu günlərdə Azərbaycan SSR Dövlət mükafatına təqdim olunmuş əsərlərinin birində Məmməd Araz belə deyir. M. Araz sözün əsl mənasında elə, müqəddəs torpağa bağlı vətəndaş şairdir.
            Azərbaycan -  mayası nur, qayəsi nur ki,
            Hər daşından alov dilli ox ola bilər.
            “Azərbaycan!” deyiləndə ayağa dur ki,
            Füzulinin ürəyinə toxuna bilər.
Bunu deyən şairin poeziyası Azərbaycan adlı ananın halal südündən, müqəddəs nəfəsindən  yoğrulmuş  poeziyadır.
Insana məslək və amal gətirən, sevgilərin ən ulusu olan Vətən sevgisi M. Arazın şerlərində özünəməxsus poetik boyalarla əks etdirilir. Onun Vətən adlı poetik dünyası olduqca genişdir. “Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı” – deyən şair Vətənin adicə sal qayasını qızıl qayadan üstün tutur.
Vətəndaşlıq borcu şairi heç vaxt rahat buraxmır. Sənətkarın narahat ürəyi dünyanın üstündən azalmayan fitnələrə və fəlakətlərə qarşı amansız –“Quruyun dünyanı” şerində “bir ağlın barıdır, bəzən bir ölkə”- yazan şair qan-qan deyib ağlını itirmiş, bəzi həris dövlət başçılarının nələr törədə biləcəyini öz poetik düşüncələri ilə belə yekunlaşdırır:
            Ağıllı ağlını at kimi qovur,
            Ağlın mənzilində dağ-dərə keçdi.
            Qəfil bir döngədə ağlın cilovu,
            Vay odu, ağılsız əlinə keçdi.
M. Arazın şerlərində siyasi lirikaya meyl qüvvətlidir. Əsrin siyasi və ictimai hadisələri ilə səsləşən əsərlərində bəşər övladlarını ağlara, qaralara, varlılara, yoxsullara bölən riyakar qanunlara şairin etiraz səsi poeziyasının hər guşəsindən eşidilir:
       
                     Hər yerdə harınlar kef atındadı,
            Dərdlini yedəklə qəm sürüyürdü.
            Harda qara gördüm, yük altındadı.
            Harda qara gördüm, yer süpürürdü.
Müasir dünyamızın gözəlliyini məhv etmək istəyən, bəşər övladlarını müharibə hədəsi ilə qorxuya salıb onu narahat qoyanlar şairin qələmində dünyaya nahaqdan gələnlərdir. Şairin xalqları əmin-amanlığa səsləyən şerlərində dünyanın sülhsevər xalqlarını düşündürən ən müasir duyğu və fikirlər öz əksini tapmışdır.
            Əridib silahları,
            Biz Marten sobasında
            Körpü yarada billik,
            Yerlə Mars arasında –
            Müharibə olmasa!

            Bəşərin qapısından
            Vaxtsız ölüm gen düşər.
            Insanın saçlarına
            Yüz yaşında dən düşər –
            Müharibə olmasa!
Bəşərin ictimai-siyasi taleyindən danışan bir sıra şerlərində şair xalqların azadlıq və mübarizə tarixini təqdir edir. Xalqların oyanıb öz hüquqlarını tələb etməsi onun “Araz” dərdini təzələyir.:
            Bəlalı başında nə dövlət, nə quş...
            Təbriz nə istəyir? Təbriz qurtuluş.
            Bax, indi pətəyi suya tutulmuş,
            Arı topasından köynəyəm, bala!
Məmməd Araz ikiyə parçalanmış iki taleli bir xalqın şairi olduğundan, onun poetik dünyasında Araz mövzusu, Araz dərdi, Araz bəlalı bir kədərin adı tez-tez çəkilir.
Məmməd Arazın təkrar olunmayan yazı tərzi, özünəməxsus üslubu, öz movzuları var. O, müasir həyatdan, ömrü zinətləndirən əməkdən, müasirlərimizin duyğu və düşüncələrindən, beynəlxalq  hadisələrdən yazır. Adını özünə təxəllüs seçdiyi Arazdan yazır. Onun şair xəyalı doğma yurdu Azərbaycanı aşaraq Sovetlər İttifaqını, bütün dünyanı gəzir, sovet adamlarının gözəl mənəviyyatı, zəhmət adamlarının qəlbindəki çırpıntı və hərarət şairə ilham verir.     
Şairin mükafata təqdim olunmuş əsərlərindən biri “Qayalara yazılan səs” poemasıdır. Poema bu gün bəşər övladlarını düşündürən ən vacib məsələlərdən birinə - təbiəti mühafizə məsələlərinə həsr olunub. Poemanın qəhrəmanı Səməd Vurğundur. Ömrünün hər anı bir poema mövzusuna çevrilən, adı əl çatmaz qayaların zirvəsinə həkk olunan xalqımızın ölməz S.Vurğunu. Qayalıqda (güman ki, İstisu, Sarı yer təsvir olunur) çobanla görüşən Səməd Vurğun kəkliyə cuman qaraquşu nişan alır. Sonra peşman olur ki, təbiət ölüvayları sevmir, qoçaqları, məğrurları sevir. Beləcə, bizim əməlimizdən dağlarda qartal qıyyaları kəsilir, təbiəti yetim qoyuruq. Engelsin təbirincə, desək, insan təbiətə qəsd etdikcə, təbiət ondan öz intiqamını alır.
Məmməd Arazın şerlərinin özünəməxsus təşbehləri, bənzətmələri, ifadə tərzi, üslubu var.
            Hər quru insanı quru saxlamır.
            Hər baş da ağlını duru saxlamır –
deyən şairin şerləri oxucunu təntitmir. Şerlərinin ruhu da, misraları da rəvandır. Bu rəvanlıq və səlislik onun xalq mənəviyyatı ilə bağlılığında, canlı xalq dilinin incəliklərini, imkan və calarlarını bilməsində və bunlardan poetik ustalıqla istifadə etməsindədir. Azərbaycan dilinin az sözlə böyük fikir ifadə edən toxtamış, püxtə, şirin ifadələri, obrazlı təşbehləri Məmmədin şerləri üçün çox xarakterikdir.
            Zarımağa ömür deyib ağlama,
            Hər ölümə ölüm deyib ağlama.
            Tale döyüb, - haqlı döyüb ağlama,
            Bu da belə bir ömürdü, yaşadım.

            Aldatmaq da aldanılmaq deyilmi?
            Zəhər satmaq zəhər almaq deyilmi?
            Dərin quyu düz badalaq  deyilmi?
            Elə birdi: yıxılıb get, yıxıb get.
Məmməd Araz xalqın alqışını qazanan şairdir. O, istedadını zəhmətlə qovuşduran, söz sənətinə, yaradıcılığa əsil sənətkar kimi yanaşan, onun qarşısında duran vəzifələri köklü dərk edən şairdir. Məmmədin poeziyası Vətənin hər qarış torpağını böyük ehtiramla vəsf edən, xalqının dünənini duyub, bu günkü fərəhli günləri ilə yaşayan ayıq poeziyadır, gündən-günə yeni zirvələr fəth edən xalqımıza gərək olan poeziyadır.      

1982


 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws