|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Vəliyəddin  ƏLİYEV

 DÜŞÜNƏN, DÜŞÜNDÜRƏN POEZİYA

Gözəl şerləri ilə oxucuların qəlbini ehtizaza gətirən, doğma yurdun füsunkar təbiətinə, əməksevər adamlarına, mübarizələr və qəhrəmanlıqlarla dolu tarixinə və bu gününə məhəbbət aşılayan Məmməd Araz poeziyamızda özünəməxsus yer tutan sənətkardır. O, həyatın fəlsəfi dərkini poetik dillə ifadə edən, öz poetik kəşfləri ilə həyata nikbin münasibət aşılayan söz ustadıdır.
Mövzu seçmə, janr axtarışı, ən ümdəsi obrazlı təfəkkürün təsvir və tərənnüm vasitələri olan məcazlardan məharətlə istifadə ilə fərdi üslubi keyfiyyətlər yaratmaq onun sənətkarlıq xüsusiyyətlərini müəyyənləşdirən əsas amillərdəndir.
Şair “Azərbaycan – dünyam mənim” silsiləsindən olan şerlərində doğma diyara, onun təbiətinə, bərəkətli torpaqlarına, açıq ürəkli zəhmətkeş adamlarına sonsuz məhəbbətini ustalıqla mənalandırır.
            Azərbaycan – qayalarda bitən bir çiçək,
            Azərbaycan – çiçəklərin içində qaya.
            Mənim könlüm bu torpağı vəsf eləyərək,
            Azərbaycan dünyasından baxır dünyaya.
Burada vətənə sonsuz məhəbbət, gözəl epitet və məcazlar silsiləsində obrazlı ifadə tərzi oxucunu heyran edir və düşündürür.
Məmməd Arazın poetik kəşfləri, fərdi üslubi keyfiyyətləri, bədii obrazları dövr və zamanla bağlı təzahür edir. O, XX əsrin zəngin, rəngarəng əhvalatlarını təsvir edərək yer üzündə müstəmləkəçilik zəncirinin parçalanmasını, sovet adamının həyata baxışını bədii obrazlarla ümumiləşdirir.
Yaşadığımız dövr şəxsiyyətdən tarixi-sosial funksiya və fəal həyat mövqeyi tələb edir. Demək vətənpərvərlik, beynəlmiləlçilik, kollektivçilik, mənəvi və vicdani saflıq, insanpərvərlik kimi sosial-əxlaqi problemlərin həllində dövrün şairi də yaxından iştirak etməlidir. M, Araz şerinin bu cəhəti də diqqətəlayiqdir. Şair şerlərinin birində yazır:
            Dünya mənə neçə-neçə xəzinənin
                           açarını bağışladı.
            ...Kosmik qaçış, raket, qələm bağışladı.
            Insanları səadətə haraylamaq,
            Hüququnu verdi mənə.
            Sabahlara bel bağlamaq
            Ümidini verdi mənə...
 Insanları səadətə çağırmaq hüququ olan şair təbiəti, onun nadir gözəlliklərini, estetik zövq aşılayan əzəmətini qorumağı ən vacib bəşəri vəzifə kimi mənalandırır:
            Bu düzləri düz keçin,
            Haraysız, səssiz keçin.
            Muğanda ov gəzməyin,
            Mili tüfəngsiz keçin.
            Ceyran azalıb
            Yaman azalıb!
Şairin həzin layla kimi təsirli olan “Əlvida, dağlar” şeri doğma yurdun, ana təbiətin tərənnümüdür.
            Bəlkə bu yerlərə bir də gəlmədim,
            Duman salamat qal, dağ salamat qal...
            Dalımca su səpir yoxsa buludlar,
            Leysan salamat qal,yağ, salamat qal.
Şair təbiətə ülvi məhəbbətini həyatla, cəmiyyətlə vəhdətdə göstərməklə bədii lövhələr yaradır. Moskvada təhsil aldığı illərdə qələmə aldığı “Şimal qışı” şerində şairin fərdi üslubu və obrazlı təfəkkürü, poetik vüsəti oxucunu düşündürür və məftun edir.
        
                 Burda məhəbbətlə isindi sinəm,
            Öpüşdü qışımla baharım mənim.
            Burda üşümürəm, yox, üşümərəm,
            Buzdan biçilsə də paltarım mənim.
            Burdan işıq gedir səyyarələrə,
            Moskva dünyaya alov yayıbdır.
            Təbiət burada şaxtanı yerə,
            Odu ürəklərə bağışlayıbdır...
“Məhəbbətlə isindi sinəm”, “Öpüşdü qışımla baharım mənim”, “Şaxtanı yerə,odu ürəklərə bağışlayıbdır”, “Buzdan biçilən paltar”, “Dünyaya alov yayan Moskva”, “işıq gedir səyyarələrə” kimi ifadələr Məmməd Araz poeziyasının sənətkarlıq üfüqlərini göstərir. Onun  “Araz yadıma düşür”, “Kəklik”, “Göy göl”, “İstisu lövhələri” kimi şerləri çoxsahəli poeziyanın nadir inciləri kimi oxucular tərəfindən oxunub əzbərlənən, bəstəkarlar tərəfindən musiqiyə salınan sənət nümunələridir.
M. Arazın “Eşqimin fəsilləri” başlığı altında toplanan şerləri də öz poetik axarı, fəlsəfi mənası, effekt və emosionallığı ilə diqqəti cəlb edən əsərlərdir.
“Biz deyirik” başlığı altındakı şerində imperialistlərin zorakılığına, xalq azadlıq hərəkatını boğan Çili faşist xuntasına dərin kin ifadə olunur. “Viktor Xara oxuyur”, “Nifrət aktı”, “Biz deyirik”, “Vətənsiz məhəbbət” kimi şerlər maraqla oxunan, fərdi üslubi təsvir vasitələri ilə sözün təsir gücünü nümayiş etdirən əsərlər kimi diqqəti cəlb edir.
Onun şair təfəkkürünün və həyat müşahidələrinin məhsulu olan lirik-epik süjetli “Üç oğul anası”, “Araz axır”, “Paslı qılınc” “Əsgər qəbri” və xüsusən “Atamın kitabı” poeması diqqəti cəlb edir. “Atamın kitabı”nda poemanın proloqu kimi verilmiş birinci və ikinci etirafda beş milyon yaşlı əyilməz dağların babalara vüqar, çayların Bethoven, Üzeyirbəy kimi sənətkarlara simfoniya, nəğmə verdiyini təsvir edir.
            Dərdi də uludur hər ulu dağın,
            Dağlar da gülümsər xoş günlər kimi.
            Zirvələr əl çatmaz, zirvələr yaxın,
            Homerlər, Dantelər, Puşkinlər kimi.
Belə ifadələrlə şair bir ulu dağ ətəyində, çay kənarında yüz yaşı tamam olmuş bir qocanın özünü, öz yaşını unudaraq bağ-bağça saldığını, pöhrələr becərdiyini tərənnüm edir. Bir kəlmə duzlu sözə, bir qəfil salama möhtac, tək süfrə üstə, palçıq daxmasında yaşayan bu qocanın ürəyində nə təltif umu, nə pay tamahı vardır.
  Əlləri palıddan yonulmuş şanaya bənzəyən, axşamlar corablardan ovduğu torpaqları yığsan bir təpə düzələn atanın ilk görüşü səhər mehi, ilk sevinci səhər şehi kimi vəsf edilir. Şair 70-80 il torpaqda gecə çoban, gündüz əkinçi olan bu əmək bahdırlarının əlləri “ilk əlifbam oldu” deyir.
Inqilabın qələbəsi ilə Sovet hakimiyyətini bayramla qarşılamaq üçün yollara çıxan, qohum-əqrabası ilə kolxozçu olan ata 40-cı illərə dolu düşəndə neçə qardaş, qardaşoğlu, doğma oğul yola salır. Şair əkinçiliklə məşğul olan atanın əmək prosesini tərənnüm edir, əkinçi mahnısı holavarı dilləndirir.
M. Araz doğma yurdun hər daşına, torpağına bələd olduğu kimi, canlı xalq dilinin bütün zənginliklərini, adət-ənənələrimizi, etika və etnoqrafiyamızı dərindən bilən şairdir. Şair şerlərinin birində təzadlı şəkildə yupyumruca qız nəvəsi olan babanın sevincini, ömür-gün yoldaşına, kürəyində həyatın qara günlər şələsini daşıyan həyat yoldaşına məhəbbətini ifadə edir. Bütün bunları qəlbinin telləri ilə ehtizaza gətirən şair müdriklərdən, aqillərdən anaya “ölüb” demə, anaya “sönüb” demə sədaları eşitməklə təsəlli tapmağa çalışır.
Nəhayət, “Atamın yüz yaşı”, “Su üstündə bayatı”, “Camal kişi”, “Kolxoz sədrinin gileyi”, “O yerlər”, “İntervü” şerlərində həyat naminə, insanların xoş güzəranı üçün gecə-gündüz, gözdən yuxunu qova-qova bağ salan, pöhrə becərən zəhmətkeş ata vəsf olunur.
M. Arazın şerlərini dillər əzbərinə çevirən onun poetik tapıntıları, söz seçmə məharəti, fəlsəfi-rəmzi fikirləri öz tutumunda yaratması, doğma xalqına yaxınlığı və məhəbbətidir.
“Ulduz” jurnalının 1983-cü ildə çıxan birinci nömrəsində o, özünə, insanlara, zamana və həyata inamı fəlsəfi-rəmzi eyhamlarla belə vəsf edir:
            Baxma bu dənizə düzü düz kimi,
            Çölünü içinə bükən nəhəngdir.
            Mən də ilk baxışda o nəhəng kimi,
            Hamarım, tumarım görünəcəkdir.
Bəli,Məmməd Arazın sənətkarlığı indi də öz coşqunluğu ilə görünür, o, şerlərinin birində yazır.
            Bu ömürdü, öz baharı, öz qışı,
            Gələn yazda, gedən qışda nə günah.
            Xirtdəyəcən günahlara batmışı
            Yuya bilməz qar, yağışda nə günah.
            Bəlkə əlli misrası yox əllimin,
            Bu titrəyiş günahıdır əlimin.
            Qollarımda dost əli var əlli min.
            Məmməd Araz, əlli yaşda nə günah.
Özünün dediyi kimi qollarında əlli min dost əli hiss edən, 50 yaşı tamam olan istedadlı nəğməkara cansağlığı, yeni-yeni alovlu şerlər yazıb-yaratmaq arzulayırıq.

1983






 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws