|     |     |  
 
         
   
 

MƏMMƏD ARAZLI GÜNLƏRİM
GÜLXANIM FƏTƏLİ QIZI

SƏNƏTDƏ SON MƏNZİL OLMUR
PUBLİSİSTİK YAZILAR VƏ MÜSAHİBƏLƏR

MƏN ÖZÜM BİLİRƏM NƏÇİYƏM NƏYƏM
HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR
 
Sabir   RÜSTƏMXANLI

ULU  SÖZÜN   İŞIĞI

Şair də bağbandır. Bağ-bağçası – oxucuların, xalqın yaddaşı, əkdiyi fikir! Sözünün bitəni də olur, itəni də; şeri ürəyimizə kök atıb həmişəlik yaşaya da bilər, ilk bürküdən yanıb-quruya, saralıb-tökülə də bilər.
Şair də əkinçidir. Söz toxumunu ana dilinin münbit tarlasına səpir.
Fikrə xidmət torpağa qulluq kimidir. Torpağın sirrini, mövsümdən-mövsümə dəyişilən xüsusiyyətlərini bilməsən, toxumu vaxtında səpib, vaxtında becərməsən, vaxtında alaqdan təmizləyib qurd-quşdan qorumasan zəhmətin hədər gedəcək, xırmana buğdadan çox, qatqarışıq ot-ələf toxumu yığılacaq.
Müasir poeziyamızın sevilən və seçilən yaradıcılarından şair Məmməd Araz haqqında söhbətimizi bağban, əkinçi sözləri ilə başlamağımız təsadüfi olsa da, bu təsadüfdə bir qanunauyğunluq da var. Çünki Məmməd Araz bu günkü şerimizin əməkçisi, gecəsi-gündüzü torpaqla bağlı olan əkinçisi və bağbanıdır. Həm də o, nə becərdiyini, nə səpdiyini, ümumiyyətlə, torpağın dilini bilən, ona bütövlükdə hakim olan şairdir.
Torpaq deyir: öldür məni, dirildim səni. Məmməd Arazın ilham kotanı ana dilimizin çox dərin qatlarına işləyir: o, ana dilinin hakimidir, ustasıdır. Dəmir dəmirçi əlində yumşaldığı kimi söz də Məmməd Araz ilhamında əriyir, muma dönür, istənilən şəklə düşməkdən ötrü odlu misra şırnaqları ilə axıb gedir:
            Vətən mənə oğul desə nə dərdim,
            Mamır olub qayasında bitərdim.
            Bu torpaqsız harda, nə vaxt, nə dərdim
            Xəzanımdır, xəzanımdır, xəzanım.

            Dünənimi döşdən asan deyiləm,
            Dünənimə qəbir qazan deyiləm.
            Ürəyimsiz kəlmə yazan deyiləm,
            Nə qədər ki, öz əlimdi yazanım.
Söz əbədi möcüzədir. Eyni paltarı iki adam geyir, birinə yaraşır, birinə yaraşmır. Söz də belədir. Sənətkarın boyuna biçilir, naşı adamın əynində özgə paltarı kimi asılıb qalır. Məmməd Araz şerinə Azərbaycan dili taleyin əli ilə ölçülüb, biçilib. Ana dili onun şerində diridir, canlıdır, qanadlıdır, qalxır qabarır, şəlalə kimi çağlayır, ümman kimi ləngər vurur.
            Duyğulara səhər yeli –
            Bahar gəlib.
            Səhərlərə duyğu seli –
            Bahar gəlib.
            Zirvələrin ağ donunda
            Saplarını çəkən bahar
            Buludların ətəyini
            Üfüqlərin dağ çiyninə
            tikən bahar.
            Quzulamış ömürləri
            Mehvərindən sökən bahar.
            Yer üzünə yaşıl toxum   
                    əkən bahar.
Məmməd Araz şeri ilk oxucu imtahanından üzü bəri – gənclik illərindən əlli yaşın astanasınadək həmişə gur, nikbin, güclü, inamlı səslənmişdir. Bunun səbəbini cürbəcür izah etmək olar. Şair inamının, şair cəsarəti və ərkinin kökü – ilk növbədə onun nədən danışdığını, nə uğrunda çarpışdığını bilməsindən. Yurda, Vətən torpağına bağlılıqdan irəli gəlir. Öz xalqının keçmişindən, bu günündən, gələcəyindən danışmaq və bu uğurda mübarizə aparmaqdan ötrü gərək onu dərindən tanıyasan. Tanımaq sevginin də , inamın da köküdür. Təsadüfi deyil ki, öz tarixini, mənəvi sərvətlərini yaxşı öyrənməyən, öz ana dilinin imkanlarını lazımınca qiymətləndirə bilməyən qələm sahibləri adətən mövzularını uzaqlarda axtarırlar; kənar mövzularla, kənar hadisələrlə gözə kül üfürmək olar: amma öz xalqının taleyindən əsil sənət əsəri yaratmaq, ədəbiyyat tarixinin faktına çevrilə bilmək üçün gərək ilk növbədə - özünü tanıyasan və sevəsən. Məhz buna görə də Vətəndaşlıq anlayışı ilə tanımaq anlayışı adətən paralel yaşayır. Vətəni tanıdıqca daha çox sevirsən. Kosmopolitizm, özünə laqeydlik, mücərrəd ümumbəşərilik, konkret ünvana və koloritə bağlanmayan əsərlər adətən naşılıqdan, özünü tanımamaqdan və deməli, özünü sevməməkdən irəli gəlir.
Məmməd Araz şeri Azərbaycan torpağı ilə nəfəs alır. Ona görə ki, onun lirik qəhrəmanı bu torpağın bir parçasıdır: otunun, çiçəklərinin dilini, keçmişini, gələcəyini bildiyi kimi, bu gün Yurda şöhrət gətirən əməkçi adamlarının ürəklərini də duyur, onların sevinci və kədərinə şərik olmağı da bacarır.
Məmməd Araz vətəndaşlığı bu mənada mücərrəd anlayış deyil – illər uzunu gərgin şair əməyi ilə bişib yoğrulmuş, möhkəm özül üzərində dayanan, müəllifin böyük həyat təcrübəsindən, işıqlı ideallarımıza möhkəm bağlılığından, cəmiyyətin inkişafını fəlsəfi müdrikliklə duya bilməsindən irəli gələn bir inam, bir yol, bir amaldır.
Məmməd Araz poeziyasına güc, cəsarət verən bir cəhət də onun həqiqətə arxalanmasıdır. Hər bir qələm sahibinin yaradıcılıq taleyi ilk növbədə, həqiqətə münasibəti, həqiqətə sədaqəti ilə şərtlənir.
Məmməd Araz ilk şerlərindən üzü bəri həmişə öz ürəyinin hisslərini – öz sevgisi, nifrəti və arzularını pərdəsiz, doğru, çəkinmədən deməyə, öz sözünü konkret ünvanlara yönəltməyə, yaxşını yaxşı, pisi pis kimi qiymətləndirməyə çalışıb. Bu mənada, “Naməlum qadına məktublar”, “Anamdan yadigar nəğmələr”, “Atamın kitabı”, “Qayalara yazılan səs” – şairin neçə-neçə şer silsiləsi və poeması ümumi bir poetik həqiqət ölçüsü ilə birləşir.
Şair həqiqətə arxalandığından həmişə cəsarətlə və böyük səmimiyyətlə danışır.
Nəhayət, Məmməd Araz poeziyasındakı gücün ən başlıca qaynaqlarından biri təbii ilham və istedaddır. Məmməd Araz öz evinə ilhamı su kimi nasosla çəkmir; onun ilhamı təbii bir axarla, gur dağ çayı kimi axıb gəlir, yüzlərlə, minlərlə saf duyğu çeşməsinə bağlı olduğuna görə bu çay qurumazdır, susmazdır.
Bu gün ana dilini ən yaxşı təbliğat – bu dildə yaxşı yazmaq, bu dildə böyük mövzular qaldırmaq, böyük mətləblərə toxunmaqdır. Böyük insanlıq problemləri qaldıran əsər hansı dildə yaranır-yaransın dünyanın uzaq guşələrində də oxucusunu tapacaq. Məmməd Araz poeziyası oxucu diqqətini bu günün mühüm mənəvi problemlərinə çəkən poeziyadır: obrazlar sisteminə, ifadə tərzinə görə müasir, təzə, yenilikçi poeziyadır. Məhz buna görədir ki, onun şeri belə geniş yayılır, oxucular arasında belə güclü əks-səda doğurur və sevilir.
Bir insan kimi, dost kimi, ədəbiyyatımızın əsl təəssübkeşi və təbliğçisi kimi, bütün varlığını şerimizin inkişafına vermiş qələm sahibi kimi ürəkdən sevdiyimiz Məmməd Arazın salonları titrədən gur səsi 25-30 yaşın cavanlığında qala-qala o özü gəlib əlli yaşı haqlayıb.
Ömrün bu mərhələsində istər-istəməz dönüb keçilən yola nəzər salırsan: onunla bağlı xatirələr yada düşür və sevinirsən. Sevinirsən ki, hörmətli şairimizin, ömür, yaradıcılıq yolu həmişə üzü yuxarı, sənətin yüksəkliklərinə doğru olub; heç bir mərhələdə, heç bir çətin məqamda o, yoruldum deyə yolundan, amalından əl çəkməyib.
Dillər əzbəri olan, az qala hər şer məclisində xatırlanan onlarca gözəl şerin, hər biri şerimizdə hadisəyə çevrilən poemaların müəllifi olan Məmməd Araz həm də  gözəl publisistdir. Onun əmək adamlarından bəhs edən oçerk və publisist yazılarında qaldırılan problemlər həmişə şeri ilə ahəngdar səslənmişdir.
Məmməd Araz gözəl tərcüməçidir. Rus və qardaş xalqlar ədəbiyyatının bir sıra poetik nümunəsini məharətlə dilimizə çevirmişdir.
Məmməd Araz bacarıqli jurnalistdir. “Azərbaycan təbiəti” jurnalı yaranan gündən onun məsul redaktorudur.
Məmməd Arazla tanışlığımızın uzun bir tarixi var, öz əli ilə yazıb bağışladığı ikinci kitabı bu tanışlığın ilk günündən nişanədir. O vaxtdan iyirmi il keçir. Bu illərdə mən bir oxucu kimi, şer həvəskarı kimi, sonralar iş yoldaşı kimi müxtəlif şəraitlərdə həmişə Məmməd Arazı elə ilk görüşümüzdəki kimi sadə, müdrik, adamı yarım sözdən başa düşən, xeyirxah, nəcib görmüşəm. Onun üzündə həmişə ürəyinin işığı var; əlli yaşa da kövrək, şairanə bir uşaq səmimiyyəti ilə gəlib. Onun bu gün bizimlə danışığı ilə iyirmi il əvvəlki, kənddən yenicə gəlmiş təcrübəsiz bir uşaqla danışığı arasında heç bir fərq görmürəm.
            Nə düz deməmisən, düzünü de ki...
            Bu torpaq ağartsın üzünü, de ki...
            Dünyaya sonuncu sözünü de ki
            Ey qardaş qələmim, desəm-deməsəm
            Mən səni özümlə aparasıyam.
“Dünyaya sonuncu sözünü demək” nə qədər gözəl arzu olsa da, nə yaxşı ki, bu daha mümkün deyil. Çünki şerləri minlərlə oxucu dilinin əzbəri olan şair üçün “sonuncu söz” anlayışı qalmır. Onun sözü oxucu ürəyində həmişə “ulu söz” kimi, Yurdun taleyinə qarışmış “ölməz söz” kimi yaşadığına görə “ilk”, “son” kəlmələri unudulur.
El yaddaşı kəhkəşan genişliyinə bənzəyir. Orada bizim öyrəşdiyimiz qısa vaxt, məsafə hüdudları sıradan çıxır. Min il əvvəl deyilmiş sözlə, bu gün deyilmiş söz bir sırada, bir hüquqda, bir canlılıqla yaşayır. Orada əlli il ölçüləri yoxdur, işıq ölçüləri, işıq ünvanları, işıqlı “nöqtələr” var. Azərbaycan oxucusunun yaddaşında ulularımızla bir sırada yaşayan, həmişə işığına boylandığımız o ünvanlardan biri də  əlli yaşlı Məmməd Arazdır.

1983
                                                 


 
 
Bizim Nizami yaşlı ağsaqqal, müdrik poeziyamız, eyni zamanda, həmişə gənclik həvəsli, gənclik ehtiraslı olub.
Əsl sənət «söz oxuna meylli» deyil
Başqa cür desək,  sənətkar insan  da dağlar kimidir.
Şair doğmalığı, şair yadlığı!
Təbiət arxayın idi, toxtaq idi. Ancaq zaman elə zaman idi ki,
Uzun müddət xatirə yazmağı xoşlamamışam. Elə indi də xoşlamıram.
Niyyətimiz haradır, Mənzilimiz?...
Ucalıq, mərdlik və dostluq poeziyası



free counters
Copyright© 2009 Saytı hazırladılar:
İdeya: İradə Tuncay
Dizayner: Nizami Allahyarov
Operatorlar: Mehriban Cəfərova, Gülər İsmayılova, Vüsalə Babayeva
Korrektor: Şamxal Şəbiyev
Site by: azDesign.ws